Modern.az

Yeni üslub və fəlsəfi düşüncə axtarışında - Akif Cabbarlı “İtbaşı”dan YAZDI

Yeni üslub və fəlsəfi düşüncə axtarışında - Akif Cabbarlı “İtbaşı”dan YAZDI

Ədəbi̇yyat

8 Oktyabr 2019, 11:08

Akif Cabbarlı


Mahir Qabiloğlu ilə tanışlığımın tarixi təxminən 20 il əvvəl AzTV-nin “Xəbərlər” proqramında birgə fəaliyyətimiz dövrünə təsadüf edir. Aramızdakı yaş fərqinə baxmayaraq, söhbətimiz yaxşı tuturdu. Onun zarafatlarına, atmacalarına səbrlə dözür, yeri gəldikcə dədə-baba qaydasında cavabını da verirdik. İşgüzar münasibətlərimiz də daim qarşılıqlı anlaşma şəraitində nizamlanırdı. Çünki “Xəbərlər”in öz daxili davranış qaydaları vardı, bu prinsipləri isə bacaran yerə qədər heç kim pozmazdı. Mahir “şəhər uşağı” kimi Xalq şairi Qabilin ocağından çıxsa da, heç vaxt xüsusi imtiyazlar arzusunda deyildi və hər birimizə qarşı doğmalıq, yaxınlıq etməyi bacarırdı.


O illərdə telejurnalistlərin bəziləri yalnız video-süjetlərlə, müsahibələrlə kifayətlənmir, bədii yazılara da meyl edirdi. Şeir və hekayələri respublika qəzetlərində çap olunan, az tirajla da olsa kitabları çıxan əməkdaşlarımız vardı. Mahir isə o vaxtlar yalnız bacarıqlı, səriştəli xəbər jurnalisti kimi yetişməkdə idi. Onun imzasını uzaqbaşı bir səhifəlik informasiya mətnlərinin sonunda “M.İmamverdiyev” şəklində görmək olardı. Diribaşlığı, ciddiliyi və riskli olması rəhbərliyi də, iş yoldaşlarını da valeh edirdi. Ən “çətin”, “xətalı” obyektlərdən elə maraqlı süjetlər hazırlayırdı ki, sözün əsl mənasında məəttəl qalırdıq. Əgər hansısa obyektə, çəkiliş yerinə yoldaşlı yollanırdısa da, əsas yükü öz çiyninə götürməyi bacarırdı. Çoxumuzdan yaşca kiçik olsa da, operativlik, intizamlılıq baxımından fərqlənirdi. Mətni elə yolboyu maşındaca “qaralayır”, iş yerinə çatan kimi dərhal montaj otağına qaçırdı. Bəzən proqram efirə gedə-gedə materialı tamamlayır, rejissora təhvil verirdi. Sonra da sakitcə, dinməz-söyləməz sifətindəki daimi məsumluq hissi ilə rəhbərliyə məlumat verir, rastlaşdığı məqamlarla bağlı təəssüratını çatdırırdı. Bəzən tənqidi süjetləri ilə bağlı eşitdiyi narazılıqları, eyhamları elə rahatlıqla, diplomatik tərzdə yoluna qoyurdu ki, heyran qalırdıq.


Sonralar iş elə gətirdi ki, çoxumuz iş yerimizi bu və ya başqa səbəblərdən tərk edəsi olduq. Mahir də AzTV-dən getdi. Əlbəttə, onu yaxşı tanıyırdılar, işsiz qalası deyildi ki... “Space” kanalında, sonra da bir müddət “Xalq qəzeti” redaksiyasında məsul vəzifələrdə işlədi. Bunlar öz yerində, amma başqa bir məqamın üzərində dayanmaq istərdim. Yazımın əvvəlində vurğulamışdım ki, Mahir bizimlə birgə çalışdığı illərdə yalnız rəsmi, quru və lakonik informasiya mətnlərinin müəllifi kimi tanınırdı. “Xəbərlər”də işləmək bunu tələb edirdi və heç kim ondan, eləcə də bizdən publisistik nümunələr, romantik duyğulu, pafoslu yazılar tələb eləmirdi. Amma istedadı, həvəsi olanlar bu mətnlərdən sıyrılıb qəlbindən keçənləri misralamağa da macal tapırdı. Mahir isə bu yola - ədəbiyyat yoluna yalnız bizdən ayrılandan sonra çıxdı. Özü də necə çıxdı...


Ona həyat verən, əlini çörəyə çatdıran, boyundan çox-çox uzaqlarda görünən Qabilin necə deyərlər, əlindən su içən, leksikonundakıları səbrlə söz çinədanına yığan Mahir günlərin birində açıq səmada şimşək effektinə bənzəyən bir ilkə imza atdı. 2011-ci ildə “Atam Qabilin qəribə əhvalatları” adlı kitabı ilə xırda informasiya mətnləri yazan cavan oğlan kimi professional yazıçılıq iddiasında olduğunu bəyan etdi.


Sonra bu addımların sayı artdı, daha inamlı şəkil aldı. “Ərmən Şuşanikin sevgisi”, “Cəncəhim”, “Alim-hakim”, “Qurd yağı”, “Sandıq”, “Əlli yaşında mən”, Leyla xanım Əliyevanın tərcümələrindən ibarət “Poeziya” toplusu, “Tanınmış tanışlar” əsərləri. Mahir atasının “o dünyadan” müxtəlif ranqlı insanlara, şair və yazıçı dostlarına “məktubları”nı sahmana saldı, şairin 7 cildlik əsərlərinin tərtibçiliyini, redaktorluğunu və naşirliyini öhdəsinə götürdü. Bütün bunlar isə Mahirin yalnız atasının deyil, ümumən çağdaş ədəbiyyatın qarşısındakı vicdan borcundan üzüağ çıxması kimi dəyərləndirilməlidir.

 

Və nəhayət, 2019-cu ildə işıq üzü görən “İtbaşı” romanı. Ədəbiyyat tənqidçisi olmadığımdan bu əsərin bədii-estetik məziyyətləri, ideya xətti, üslub xüsusiyyətləri barədə geniş və hərtərəfli danışmaq fikrindən uzağam. Bu missiya professional tənqidçilərin üzərinə düşür. Amma demək istərdim ki, kitabın redaktoru Eldəniz Elgünün “... “İtbaşı” romanı əslində acı reallığı olduğu kimi oxucuya çatdıran bir konsepsiyadır. Bu konsepsiyada dünyanın idarə olunması, dövlətlərin formalaşması, xalqla hakimiyyətlərin münasibətləri öz əksini tapıb” fikri ilə tam şərikəm. Orta əsrlər Şərqində məchul bir ölkədə baş verən hadisələri izlədikcə belə bir qənaətə gəlmək olur ki, elə bəzi Qərb ölkələrində də bir çox dövlətlər, krallıqlar hansısa arzuolunmaz prinsip və qaydalarla araya-ərsəyə gəlib. Şəhər meydanlarında qurulan dar ağaclarını, gilyotina və çarmıx üsullarını, inkviziasiyanın doğurduğu acı təəssüratları yada salaq.


Mahir Qabiloğlu yeni romanında qədim dövrlərin saray qayda-qanunlarına və ənənələrinə yalnız yazıçı gözüylə baxmır, həm də keçmiş zamanların mənəvi-psixoloji sarsıntılarını, insanların əzab-əziyyət dolu həyatını dərindən öyrənmiş bir tarixçi müşahidəsi də sərgiləyir. Şah saraylarının yarımqaranlıq, sirli dəhlizlərində amansız qətl üsulları ilə, tökülən nahaq qanla müşayiət olunan hadisələrə geniş spektrdə işıq salan müəllif oxucunun qolundan tutub orta əsrlərə vizual səyahətə aparır. Hökmdarların fitnə-fəsadlarla, ədalətsiz davranışlarla dolu həyatından, heç bir günahı olmayan insanların acı taleyindən Əlahəzarət Sözün tükənməz energetikası, gücü hesabına söhbət açan yazıçı nə vaxtsa haqq-ədalətin, saflığın, dürüstlüyün zəfər çalmasına inamını çatdırır. Həqqi şahın, baş vəzir Qurbanın, onun sələfi Qüdrətin, şahənşah Göyverənin, nəqqaş Təbərxanın, hakim Abdullanın, Barəngahın-İtbaşının, şair Meyxoşun, baş hərəm Karinenin və başqalarının həyat tərzinin müxtəlif məqamları, yalnız qır-qızıla, var-dövlətə hədəflənən saray həyatının gizlinləri bütün parlaqlığı ilə oxucuya təqdim olunur. Onun təhkiyəsi olduqca sadə, dili rəvan, obrazlara münasibəti tam aydındır. Orta əsrlərin leksikonu, danışıq tərzi, düşüncə və əməl mədəniyyəti romana elə bacarıqla, məharətlə gətirilib ki, özünü istər-istəməz o uzaq əsrlərdəki personajların yanında, saray dəhlizlərində hiss edirsən. Obrazların bir-birinə münasibəti, hətta ürəklərindən keçən duyğular təbii boyalarla işlənib. Cənnəti də, cəhənnəmi də saray divarları arasında yaradan, eyş-işrətlə həyat sürən, hərəmlərinin arasında mənasız yerə kişilənən, insanlıqlarını itirən üzdəniraqların mənasız həyat tərzini qələmə alan yazıçı hər kəsi saf duyğulara səsləyir, zülmün, nankorluğun, səfalətin insanlığa üz ağlığı gətirməyəcəyini təbii və inandırıcı priyomlarla oxucu diqqətinə çatdırır.


Mahir Qabiloğlunun yeni romanı konkret faktlara, hadisələrə əsaslanmasa da, daha çox varlanmaq, qonşu ölkələrin işğalı hesabına sərvət toplamaq, ərazisini genişləndirmək eşqində olanların insanlığa, bəşəriyyətə düşmən kəsilənlərin, onların havadarlarının ifşasına yönəlik və yüksək ədəbi-bədii meyarlarla süslənmiş bir əsər kimi olduqca qiymətlidir. Sözsüz ki, əsəri oxuyanların hər birinin qoyulan mövzuya fərqli yanaşması olacaq və Mahir Qabiloğlunun düşüncələrinə, intəhasız duyğularına və fantaziyasına qiyməti də qədirbilən oxucuların özləri verəcək. Müəllif bu romanı ilə müasir ədəbi prosesdə yeni üslub və fəlsəfi düşüncə axtarışında olduğunu təsdiqləyə bilmişdir. Mənim söylədiklərim isə yalnız qələm dostuma təbrik əvəzi kimi yozulmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir