Modern.az

“Bələdiyyələrdən mühüm gözləntilərimiz var” - Qarşıdakı seçki nə vəd edir?..

“Bələdiyyələrdən mühüm gözləntilərimiz var” - Qarşıdakı seçki nə vəd edir?..

Parlament

9 Oktyabr 2019, 12:34

Azərbaycan 2019-cu ilin bələdiyyə seçkilərinə hazırlaşır. Yerli özünüidarəetmə orqanlarına seçkilər dekabrın 27-də keçiriləcək

Milli Məclisin üç deputatı bu dəfə Modern.az-a təxminən iki aydan sonra baş tutacaq bələdiyyə seçkilərindən danışıblar.

 

Deputat Rüstəm Xəlilov bildirib ki, Azərbaycanda hər beş ildən bir keçirilən  bələdiyyə seçkiləri yerli özünüidarəetmə qurumlarının fəaliyyətində bəzi dəyişikliklərə gətirib çıxarır:

 

“Əlbəttə ki, bələdiyyələrin fəaliyyəti əvvəlki illərə nisbətən yaxşılaşıb. Sonuncu seçkidə bələdiyyəyə üzv seçilən ali təhsillilərin, gənclərin, qadınların sayı daha yüksək oldu. Bu da o deməkdir ki, bələdiyyə qurumları fəallaşır, fəaliyyəti genişlənir. Şübhəsiz ki, bu ilki bələdiyyə seçkilərində də yeni üzvlər görə biləcəyik”.

 

Rüstəm Xəlilov xatırladıb ki, ölkədə 14 minə yaxın bələdiyyə üzvü var.

 

“Mən düşünürəm ki, bələdiyyə üzvlərinin keyfiyyəti daha da yaxşılığa doğru gedəcək. Bu da gələcəkdə keçirilən seçki proseslərinin fəallığına öz təsirini göstərəcək”.

 

Deputat Tahir Rzayev bildirib ki, bələdiyyə seçkiləri ictimaiyyətin həyatında çox mühüm hadisədir:

 

“Çünki seçkilərdən seçkilərə bələdiyyələrin tərkibi dəyişir və hər seçkidən sonra müəyyən dəyişikliklər baş verir. Bələdiyyələrin tərkibləri mütəxəssislərin, gənclərin, qadınların hesabına güclənir. Artıq dördüncü seçki keçiriləcək ki, hər seçkidən sonra böyük dəyişikliklərin şahidi oluruq”.

 

Tahir Rzayevin sözlərinə görə, bu ilin dekabr ayında keçiriləcək seçkilərin demokratik və şəffaf olacağı şübhə doğurmamalıdır:

 

“Digər tərəfdən mən istəyirəm ki, ən yaxşı adamların bələdiyyəyə gəlməsi təmin  olunsun. Bələdiyyələrdən bizim mühüm gözləntilərimiz var. Onlara aid əsasnamələr var, artıq beynəlxalq aləmə çıxış edirlər. Milli Məclisin elə bir plenar iclası olmur ki, orda bələdiyyələrin vəzifələri haqqında müzakirələr aparılmasın. İstər təhsil, istər mənzil tikintisi, istərsə də ekoloji tarazlıq və digər sosial məsələlər olsun, bunlarla bağlı bələdiyyələrə mühüm səlahiyyətlər verilib”.

 

Deputat Kamran Bayramov bildirib ki, 2014-cü ildən bu yana bələdiyyə korpusları yaradılıb.

 

“Qanunvericiliyimizə əsasən, bələdiyyələr beş illik müddətə seçilir. Builki bələdiyyə seçkilərinin nəticələri ilə bağlı qabaqcadan nəsə söyləmək düzgün deyil. Təbii ki, bu Azərbaycan xalqının, seçicilərin ixtiyarında olan bir məsələdir”.

 

Kamran Bayramov bildirib ki, Azərbaycanda bələdiyyə korpusu formalaşdıqca, keyfiyyət yaxşılaşır.

 

“Ötən seçkilərdə ali təhsillilərin sayı xeyli artmışdı. Bələdiyyəyə seçilənlərin 89%-dən çoxunu ali təhsillilər təşkil etdi. Onlardan 35%-i qadın, 36%-i isə gənclər olmuşdu. Bu o deməkdir ki, artıq bələdiyyə qurumuna əhali tərəfindən xeyli maraq var. Mən əminəm ki, vətəndaşlarımız bu seçkilərdə də yetəri qədər fəal olacaqlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub