Modern.az

Polis deputatın ittihamına CAVAB VERDİ: “Dünyada belə təcrübə yoxdur...”

Polis deputatın ittihamına CAVAB VERDİ: “Dünyada belə təcrübə yoxdur...”

10 Oktyabr 2019, 10:37

Milli Məclisin son plenar iclasında  deputat Aytən Mustafazadə Binəqədi rayonundakı “Avtovağzal” metrostansiyası yaxınlığında qeydə alınan cinayəti pisləyib. Deputat bildirib ki, uşağın gözü önündə ərin arvadını qətlə yetirməsi qəddarlıqdır.

“Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun, cinayətdən çəkindirsin?!”,-deyə A.Mustafazadə əlavə edib.

Xanım deputat həmçinin metroda yoxlamaların ciddi aparılmadığına da münasibət bildirib:

“Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.

Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Modern.az saytımıza açıqlamasında deputata cavab verib. Bildirib ki, hər sərnişini saxlayıb üzərini yoxlamaq qeyri-mümkündür:


“Metro polisi Bakı şəhər Baş Polis İdarəsinə tabedir, bir sözlə, DİN-ə. Sadəcə, bir sərnişin və bir metropolitençi kimi onu deyə bilərəm ki, metro polisi işini yüksək peşəkarlıqla qurub. Ümumiyyətlə, metroda istər polis, istər metropoliten tərəfindən mümkün nnəzarət ən yüksək səviyyədə təmin edilib. Metro polisinin və metropolitenin qarşılıqlı əməkdaşlığı da nümunəvidir. Hər sərnişini saxlayıb üzərini yoxlamaq qeyri-mümkündür. Gün ərzində orta hesabla 600 mindən çox metro istifadəçisi var. Tədris ilində iş günlərində bu rəqəm 700-800 mindən də yuxarı olur. Haqqında danışılan sərnişinin metroya necə daxil olmasını obyektiv qiymətləndirmək lazımdır. Bununla bağlı, müvafiq qurumların ictimaiyyətə obyektivliyi və şəffaflığı əsla şübhə doğurmur. Həm də bu, metro polisinin qeyri-peşəkarlığını göstərməyə əsas ola bilməz. Çünki hər gün və 24 saat ərzində çalışır, təhlükəsizliyin təmin edilməsində həlledici rol oynayır”.


Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  də saytımıza açıqlamasında qeyd edib ki, metrodan istifadə edən hər bir sərnişin bir neçə vizual, biometrik yoxlamadan keçir:


“Elektron mühafizə  şəbəkəsi vasitəsilə sərnişinlər  həm  eskalatorlarda, həm  platformalarda, həm də metro vaqonlarında  nəzarət altındadır. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı metroda tətbiq edilən qabaqcıl metod, üsul və vasitələrin verdiyi imkanlar şübhəli şəxslərin aşkarlanması kimi hərəkətlər dərhal qeydə alınır və müvafiq tədbirlər görülür”.


Polis mayoru metroda ciddi yoxlamaların aparılmaması iddiasına da cavab verib:


“Metroya sərnişinlərin  pik vaxtlarda daxil olması zamanı hər bir şəxsin çantasının yoxlanılmasına xüsusi vaxt ayrılsa, yəqin ki, necə bir sıxlığın yaranmasının şahidi olarsız. Dünyada da belə təcrübə yoxdur ki, biz onu tətbiq edək. Yalnız şübhə doğuran hallar olduqda dərhal sərnişinlərin üzərinə baxış keçirilir”.


Bir neçə gün öncə Bakıda ər arvadını qətlə yetirib. Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib. Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər