Modern.az

Əbülfəs Qarayev Rusiya nümayəndə heyəti ilə görüşdü

Əbülfəs Qarayev Rusiya nümayəndə heyəti ilə görüşdü

11 Oktyabr 2019, 14:58

Oktyabrın 11-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev  ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Modern.az xəbər verir ki, görüşdə Rusiya Federasiyasının Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Yuliya Adqamova, Dağıstan Respublikası Xalq Yaradıcılıq Evinin direktoru Mariyan Muqatova və Başqırdıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Nataliya Lapşına iştirak edib.

 

Əbülfəs Qarayev qonaqları salamlayaraq Azərbaycanın Rusiya Federasiyası ilə mədəniyyət sahəsində əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, Azərbaycan dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində uğurla əməkdaşlıq edir, teatr, musiqi, rəssamlıq və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir.

 

Nazir ölkəmizin zəngin mədəniyyəti, mədəni irs nümunələri haqqında qonaqlara məlumat verib. Bildirib ki, mədəni irsin qorunması və təbliğində beynəlxalq əlaqələrə və mütərəqqi təcrübəyə xüsusi önəm verilir.

 

Əbülfəs Qarayev bu ilin yayında UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirildiyini xatırladıb. Vurğulayıb ki, bu sessiyada Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan sarayının təşkilatın Dünya irs siyahısına salınması ölkəmizin zəngin mədəni irsə sahib olmasının daha bir əyani sübutu oldu.

 

Rusiya Federasiyası Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakin səmimi qəbula görə nazirə minnətdarlığını bildirib. O, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd edib, əlaqələrin genişlənməsindən məmnunluğunu dilə gətirib. Qonaq Azərbaycanla mədəniyyət sahəsində daha sıx münasibətlərin qurulmasında, mədəniyyət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Bu istiqamətdə Azərbaycanla mədəni əlaqələrin genişlənməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

 

Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir