Modern.az

Sizə bir “SÖZ” deyəcəm...

Sizə bir “SÖZ” deyəcəm...

13 Oktyabr 2019, 10:49

Nigar Həsənzadənin  ədəbi layihəsi olan  “Söz” sözümüzü hər dildə, hər ağızda şirin edib.  Təsadüfi deyil ki, İmadəddin Nəsimin 650 illik yubiley tədbirləri çərçivəsində  Nəsimi  SÖZünü də  çox fərqli platformalarda, fərqli səhnələrdə, fərqli üslubda təqdim etdi. Nigar Həsənzadənin “SÖZ”ü  sözə dəyər verən, “SÖZ”ü deyə bilməyə imkanı olmayanların yanındadır.  Cəmiyyətdə sağlam, əlli-ayaqlı insanlarımız olduğu kimi,  hərəkət məhdudiyyəti, müxtəlif dərəcədə əllilliyi olan insanlar var ki, onlar sevdikləri sözlərini  danışmaq üçün, söyləmək üçün sıxılar, kompleksə girərlər.

Bax,  o Nigar , həmin onların yanındadır. Söz içərisindən söz seçərək, sözə aşiqləri bir məkana toplayıb, hər kəsi SÖZ-ün sehrinə salmağı bacarır Nigar.

Laməkan Nəsiminin yurdu Şamaxıda  Nəsimi sözünün başına pərvanə kimi dolandıq. Dünyanın müxtəlif ölkələrindən  Nəsimi sözünün sehrinə gələn qonaqlara Müqəddəs Şamaxıda sözün necə yaranmasını göstərdi “SÖZ”-çülər.

İmaddədin Nəsimi ili ölkəmizdə kitaba, kəlama, sözə, yazıçıya olan münasibəti dəyişdi.  Kitab festivalında  gənc yazarlarımızın  könül bağlamalarını Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “SÖZ”ün rəhbəri Nigar Həsənzadə fərqli formatda təqdim etdi.  Şəhriyar Del Gerani  yenə sözə biət etməyi, sözün qarşısında əyilib ibadət etməyi sübut etdi. Mehman Rəsulov  çoxlarının unutduğu Nüsrət Kəsəmənlinin nəfəsini gətirdi SÖZ süfrəsinə... Və bu seçimlərin, bu quruluşların hər birinin arxasında o göyçək və incə məxluq—Nigar Həsənzadə var idi.

Nəsimi ruhunun hakimliyindən idi ki, dünyanı son illərdə mat qoyan, Qızıl medallı  Varis Yolçuyevin  uğuru olan   IV Beynəlxalq   Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalı Vətənimizdə keçirildi. Dünyanın 52 ölkəsindən 150 yazarın qatıldığı festivalda müxtəlif nomonasiyalarda mükafatlanan 30 azərbaycanlı yazar arasında SÖZ-ün də üzvləri var idi.

Nigar Həsənzadənin layihələri çərçivəsində  dünən gecə Bakı Kitab Mərkəzində “Sevginin dili yoxdur” adlı eşitmə məhdudiyyətli oxucularla tanınmış şairlərin görüşü keçirildi.

Siz heç ömrünüzdə bir dəfə eşitmə, görmə məhdudiyyəti olan insanlardan şer haqqında soruşmusunuz?  Yəqin  yox.

Lakin “SÖZ” ədəbi layihəsinə həyat verdiyi gündən Nigar Həsənzadə hər zaman  məhdudiyyətli istedadların yanında oldu.  Onlar üçün təşkil etdiyi gecələrdə Heydər Əliyev Fondunun vitse prezidenti, şairə Leyla xanım Əliyevanı da məclislərin başına gətirdi. Cəmiyyətdə özlərinə komfort tapa bilməyən məhdudiyyətli yazarlarımız  Nigar xanımın və Leyla xanımın  şer və söz məclislərində özlərini çox rahat hiss etdilər. Könüllərindəki SÖZ-lərini Tanrı yüksəkliyinə  qaldırdılar.

Dünən axşam da belə oldu. Eşitmə məhdudiyyətli gənclərə jest dili ilə Nəsiminin, Nəriman Həsənzadənin, Fikrət Qocanın, Leyla Əliyevanın şerlərini oxudu gənclər. Eşitmə və danışma məhdudiyyəti olan yazarlarımız,  söz demək istəyənlərimiz özləri də fürsətdən yaralanıb  jest dili ilə şer söylədilər.

 Eşitmə  və danışma məhdudiyyəti olan gənclərin şer göstərməsindən təsirlənən  Fikrət Qoca onlara dəstək olmaq üçün dedi ki, “ay mənim balalarım, mənim də səsim çıxmır. Çoxdan batıb.  Əslində hər sözü danışmaqdansa danışmamaq daha yaxşıdır.  Əslində nə yaxşı ki, pis sözləri, pis fikirləri siz eşitmirsiniz. Sizin qəlbiniz o pis sözlərdən çirklənməyib”. Nəriman Həsənzadə  qayğıya və sevgiyə daha çox ehtiyacı olan gənclərə göstərilən bu qayğıdan duyğulandığını söylədi.

Nigar Həsənzadənin  könlünün “SÖZ”ü olan “Sevginin dili yoxdur” poeziya gecəsi neçə-neçə  bizdən ayrı yaşayan gənci bizə qaytardı. Onlara güvən verdi, onları SÖZ-ün sehrinə saldı. 

Sevgi gecəsinin sonunda  Nigar xanım bir söz də dedi:  “ Hazırda Azərbaycanda heç bir universitetdə "Jest dili" mütəxəssisləri yetişdirən fakültələr yoxdur. Belə bir ixtisasın mövcud olmaması jest dilinin ölkəmizdə təbliğatının, inkişafının qarşısını alır. Məhdudiyyətli dostlarımızın da təhsil almasında ciddi problemlər var. Çox az hallarda təhsil alanlar da iş tapa bilmirlər. Biz cəmiyyət olaraq onların  sosiallaşmasına dəstək olmalıyıq”.


Aida Eyvazlı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir