Modern.az

Allahşükür Paşazadə gürcü Patriarxına hansı mesajları göndərdi?

Allahşükür Paşazadə gürcü Patriarxına hansı mesajları göndərdi?

14 Oktyabr 2019, 10:46

Ötən həftə Gürcüstan Patriarxı İlyanın Keşikçidağla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə ünvanladığı məktub rezonans yaratdı.

Gürcü patriarxı Azərbaycan tərəfini  zəvvarların  orada yerləşən monastırlara baş çəkmələrinin qarşısını kəsməkdə ittiham edərək,  status-kvonu bərpa etməyə və dindarların, zəvvarların və turistlərin ziyarət yerinə  girişini qaytarmağa çağırmışdı.

Bir qədər təəccüblü görünən bu açıqlama Patriarxın may ayında verdiyi bəyanatının tam əksini təşkil edirdi. 

Məntiqlə QMİ sədri bu bəyanata publik cavab verməli və İlyanın qaldırdığı məsələlərə bağlı öz mövqeyini açıqlamalı idi.


Amma Şeyxülislam İlyanın məktubundan 3 gün sonra Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzeni qəbul etdi.


QMİ sədri görüş zamanı Azərbaycan ərazisində yerləşən Keşikçidağ kompleksinə dair məsələnin dövlətlərarası xarakter daşıdığını vurğuladı və müvafiq hökumətlərarası komissiyalar tərəfindən mehriban qonşuluq prinsipləri əsasında həllini tapacağına ümidvar olduğunu dedi.


Səfir də Keşikçidağ ilə bağlı məsələnin həlli üzərində iş getdiyini, irəliləyiş olduğunu, danışıqlar vasitəsilə məsələnin addımbaaddım yoluna qoyulacağını vurğuladı. Yekdil qənaətə görə, bu kimi məsələləri qızışdıran kənar qüvvələrin məkrli niyyətlərə xidmət etdiyi vurğulandı.


Səfirlə görüşdə diqqətçəkən amil nə oldu?


QMİ sədri gürcü səfirini dəvət etməklə müdrik gediş etdi.


Şeyxulislam Ilk olaraq gürcü dini rəhbəri ilə çoxillik dostluq münasibətlərini,  İlyanın Bakıda noybarda keçiriləcək dini liderlərin sammitnə dəvətini, həmin vaxt Gürcüstan Baş nazirinin Bakıya gözlənilən  səfərini qeyd etməklə iki ölkə arasında olan möhkəm münasibətlərin fonunda hər hansı digər məsələnin həlledilməz olmadığına və dövlətlərarası siyasi münasibətlərin burada vacib nöqtə olmasına işarə etdi.  


QMİ sədri bu dəvətlə  məsələnin dini yox,  iki dövlət arasında sərhəd məsələsi olması  mesajını verdi.  A.Paşazadə  cavab bəyanatı vermədi, əvəzində səfir vasitəsilə nümayiş etdirdi ki, sərhədlə bağlı müzakirələrə dini rəng vermək cəhdi heç də doğru deyil.


Azərbaycanın bununla bağlı tarixi yaddaşı da var: Qarabağ münaqişəsini  zaman-zaman “müqəddəs müharibə”yə çevirməyə çalışıblar.  Münaqişənin ilk illərində Ermənistan problemi müsəlman-xristan qarşıdurması kimi qələməyə verməyə cəhd edir, Avropa ölkələrinə “xristian qardaşların” xilası üçün yalvarırdı.
Lakin bu məkrli məqsəd baş tutmadı. Məhz ruhani liderlərin mövqeyi bu münaqişəyə dini don geyindirilməsinin qarşısını almaqda mühüm rol oynayaraq,  problemin dinc yolla həllində vacib rıçaqa çevrilə bildi.


Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Allahşükür Paşazadənin ötən illərdə apardığı iş münaqişəyə dini rəng verməyə cəhd edənlərin planları üçün əngəl oldu. QMİ sədrinin ciddi və ardıcıl fəaliyyəti son nəticədə Vatikandan tutmuş Rusiya Pravoslav Kilsəsinə qədər dünyanın nüfuzlu din xadimlərinin Qarabağ münaqişəsinin dini mahiyyət daşımadığı barədə rəsmən bəyan etməsi ilə nəticələndi.


Müşahidəçilərin qənaətincə,  Şeyxülislam Patriarx İlyanın məktubuna cavab olaraq incə gedişi - gürcü səfirini qəbul etməsi,  məsələnin iki dövlət arasında olan sərhəd müzakirəsi olmasını xatırlatması  gürcü Patriarxına bu təhlükəli iddianın bir addımlığna çatması barədə xəbərdarlıq kimi də sayıla bilər. 


QMİ sədrinin bu mövqeyi din xadiminin missiyasını bir daha xatırladır. Bu missiya münaqişə və qarşıdurmaya deyil, barış və əmin-amanlığa xidmət etməkdir. Burada isə dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir.


Qəribədir ki, İlyanın bu bəyanatı Gürcüstanın yeni Baş Nazirinin Azərbaycana səfəri vaxtı təsadüf etmişdi. İki ölkə arasında onsuz da kifayət qədər gərgin və əhatəli aparılan danışıqların fonunda belə bəyanat xarici maraqlı qüvvələr üçün göydəndüşmə sayıla bilərdi.


QMİ sədri səfirlə görüşdə İlyaya may ayında Keşkiçidağla bağlı verdiyi bəyanatını da xatırladıb. Həmin bəyantda İlya qeyd edirdi ki,  “təəssüflər olsun ki, baş verənləri analiz edərkən, Azərbaycan və Gürcüstan arasında ciddi problemlər yaratmaq istəyən başqa qüvvənin öz hədəflərinə çatmaq üçün kilsə məsələsindən istifadə etməsi təəssüratı yaranır… Lakin təxribatlara asanlıqla uymaq lazım deyil”.


Həmin sözləri xatırladan A. Paşazdə səfirlə söhbət zamanı Ümümgürcüstan Patriarx-Katolikosu II İliya həzrətlərini 40 il ərzində tanıdığını, onun müdrikliyinin və üzagörənliyinin hər zaman şahidi olduğunu bildirib. Dost və qardaş adlandırdığı Patriarxa sonsuz ehtiramı və böyük etimadı olduğunu vurğulayan Şeyxülislam, Qafqaz ağsaqqalı kimi Patriarxın bölgə üçün ən çətin zamanlarda nümayiş etdirdiyi müdrikliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə verdiyi töhfələri, Qafqaz dini liderlərinin sülhməramlı danışıqlarında vasitəçi kimi çıxış etdiyini yüksək dəyərləndirdiyini vurğulayıb.


Gürcüstan-Azərbaycan münasibətləri tarixən həmişə yaxşı olub.  Hər iki dövlət ərazi separatizimindən əziyyət çəkir və bununla bağlı  beynəlxalq platformada daim bir-birinə dəstək verirlər.


Bu illər ərzində gürcü kilsəsi ilə QMİ arasında isti əlaqələr yaranıb və bu təmaslar Qafqazda tolerantlıq və birgəyaşayış prinsiplərinin gözəl nümunəsi sayılır.  Keşikçidağla bağlı məsələnin son aylarda süni şəkildə qızışdırlması uzağa gedən niyyətləri  ortaya çıxarır. “Din kartı” üzərində oynamaqla  maraqlı qüvvələr hər iki dövlət üçün həssas olan nöqtələrin reaksiyasını yoxlayır. Bu baxımdan Keşikçidağdakı kilsələrə girişi əldə bəhanə edib  Azərbaycanı ittiham etmək  təhlükəli bir çığırın açılmasına rəvac verə bilər. Patriarx İlyanın bu bəyanatı bu qüvvələr üçün çox gözəl şansdır.  Bu qüvvələr İlyaya cavabı da səbirsizliklə gözləyirdilər.


QMİ sədrinin müdrik çevikliyi bu fürsətcillərin arzusunu ürəyində qoydu. A.Paşazadə bununla İlyaya məsələnin dini deyil, iki dövlət arasında adi dünya işi olduğu mesajını verdi.  


Rasim Abdullayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır