Modern.az

Yorulmuşlar güllələnir

Yorulmuşlar güllələnir

15 Oktyabr 2019, 16:29

Rafiq Həsənov,
veteran jurnalist

Son vaxtlar ona daha öz adı-soyadı ilə deyil, “ağsaqqal” deyib müraciət edirdilər. Əvvəllər belə münasibəti üzə vurmasa da bir qədər incik qarşılayırdı. Sonradan qulaqları bu deyimə adətkar oldu. Həm də gördü ki, həqiqətən ahıllaşıb, saçı-saqqalı ağarıb, doğrudan da ağsaqqallı olub. Elə yaşa dolduğundan on illərlə fasiləsiz çalışdığı iş yerindən onu təqaüdə yola saldılar. Amma əvvəllərdəki ənənəvi qaydada deyil, yəni yaşına, qüsursuz əməyinə ehtiramla, vida mərasimi ilə yox. Elə-belə, səssiz-təbriklərsiz. İsti-səmimi münasibət izhar etmədən. Təşəkkür, mehr-məhəbbət bildirmədən. Gələcək həyatına xoş diləklər dilə gətirmədən xudahafisləşdilər onunla. Bu tərzdə qədirsiz münasibət ona ağır gəldi, qəlbini yaraladı. “Qarnım üçün deyiləm, qədrim üçünəm”- deyimi daxilində güllə sədası qaydasında gurladı. Neyləyə bilərdi? Abrına sığındı... Hər gün həvəslə açdığı qapını birdəfəlik qapayıb doğma bildiyi iş yerindən həmişəlik ayrıldı...

Ancaq canı hələ suludur, işsiz qala bilmir, ora-bura vurnuxur. Nə iləsə məşğul olmaq həvəsindədir. Bir gün eşitdi ki, gözətçi işləməyə adam axtarırlar. Özünü qabağa verdi. Evdə boş-bekar oturmaqdan yaxşıdır ki, – dedi ÖZÜnə. Eşidəcəyi eyhamlara, qınaqlara da məhəl qoymadı. Nədir? İşdir də. Nə olsun ki, həmişə rəsmi dairədə, məsul vəzifədə çalışmışam. İndi vəziyyət belə gətirib, – düşündü. Gedib gözətçilik eləyərəm. Burda eyib, pis iş nə var ki?

Artıq təzə iş yerində, növbədədir. Darvaza yaxınlığında, kətildə oturub ətrafı seyr edir. Yaxşı xatırlayır; köhnə vaxtlar buraya “qaraj” deyirdilər. Bu söz əsasən sürücülərin işlətdikləri ifadədir. Yuxarı mərtəbədəki müdirlər, rəislər, direktorlar, hələ ayrı-ayrı idarə işçiləri isə hazırda haqqında bəhs olunan həmin bu məkanı avtopark adlandırırdılar. İşləri düşəndə, yaxud da bir təcili-vacib tapşırıq dalınca harasa getmək lazım gələndə tabeliklərində olan əməkçilərə hökmlə buyururdular: Avtoparka zəng vur, xəbər göndər mənim maşınım gəlsin, tələsik işim var. Gündüzlər dayanmadan oraya-buraya şütüyən, qovulan cürbəcür avtomobillər gecələr, əl-ayaq şəhərdən çəkilən vaxtlarda buraya toplaşardı. Bəziləri ağır işdən yorulduğu üçün, bəziləri nazlı gəlin sayaq növbəti səhərdə əzizlənmək istəyilə özünü yığışdırıb dincini alar, yuxuya gedərdi. Elələri də vardı ki, qocalar sayaq qayğıya möhtacdı. Belələrinə xidmət göstərilərdi. Elə başa düşülməsin ki, onlara canlı məxluq kimi iynə vurular, həb-dərman verilər, yaraları sarılardı. Yox, onlara texniki xidmət göstərilərdi. Əslində belə xidmət də maşınlara tibbi xidmət göstərilməsi timsalındaydı. Nasaz mühərriklər müayinə olunub müəyyənləşdirilirdi ki, hansı səbəbdən “öskürüb-asqırır”. Xəstə yerlər tapılıb ona əncam çəkilərdi, ağrılı-axsaq yerlər qaydasınca sazlanar-yağlanardı. Fərq eləməzdi böyük və ya kiçikdir, lazımi maşınların sınıq, əzilmiş hissələrinə çəkiclə, qaynaq alətiylə əl gəzdirilər, ya da onlar ehtiyat hissələrlə, təzəsiylə əvəzlənərdi. Təkərlər qaydaya salınıb tarazlandırılardı. Maşınlar çimizdirilər, qapı-pəncərələri silinib təmizlənərdi. Avtobuslara xüsusi diqqət vardı: təkcə nasazlıqlarının aradan qaldırılması işləri deyil, salonlarının yuyulub-süpürülməsi, sanitariya qaydasında təmizlənməsi, dezinfeksiya olunması amillərinə müntəzəm əməl edilərdi. Yemlə, yəni yanacaqla-suyla lazımınca təchiz olunardı. Yəni bura “qaraj” və ya avtopark adlandırılmasından asılı olmayaraq bir növ avtomobillərin sağlamlıq mərkəzi – həm yataqxanası, həm müayinə-müalicə olunası, həm də qorunub mühafizə ediləsi məkan idi.

İllər ötdü, zaman dəyişdi. Əvvəlki əyyam çox uzaqda qaldı. Buraya üz tutan maşınlar getdikcə azaldı. Təkcə əldən düşmüş “təkərli at”ları gətirib buraya topladılar, onları da unutmağa başladılar. Burada yorulmuş “İkarus”la qocalmış “Jiquli” çiyin-çiyinə qonşu idi. Gözləri hey yoldaydı, ümid edirdilər ki, kimsə gəlib onlara sahiblik, dərdlərinə əlac eləyəcək: könüllərini açıb, mühərriklərini işə salacaq. Gələnsə yox idi, bu taqətsiz mexanizmlərin arzu-istəkləri gerçəkləşmirdi. Əksinə, gün-yağış onların əhvalını daha da korlayırdı. Hey şikayətlənir, zarıyır, inləyirdilər. Axı onlar işləməyə adətkardılar. Boş-bekar dayanmaq onlar üçün ölüm kimi bir işdir. İndi buraya daha nə “qaraj” deyirlər, nə də avtopark. Gecələmək, müayinə-müalicə olunmaq üçün əvvəlki qaydada təzə, qorunub-“bəslənən” maşınlar da gəlmir. Ora-bura adlayan, əllərindən çəkic, açar, dilək-dəstək düşməyən, üst-başları salyarkaya, sürtgü yağına bulaşmış dəmirçilər, çilingərlər, qaynaqçılar da gözə görünmür. Xidmət əməkçilərinin də, gəlib-gedənlərin də ayaqları bu yerlərdən kəsilib. Deyəsən hamı ağız-ağıza verib bu məkanı tərk eləyib. Təkcə köhnəlmiş, işləyib yorulmuş, sahiblərinin üz döndərdikləri maşınlardır indi bu yerlərin sakinləri. Bəzilərinin diliylə desək, indi bura unudulmuş maşınların zibilxanasına, tullantı məkanına, “maşın qəbiristanı” na çevrilib ...

Deyirlər maşınların dincliyi-istirahəti olmaz. Daim işləkdilər. Elə ki, bir balaca işsizləşdilər, yaxud da fasilə deyilən azca vaxt boşluğu qismətləri oldu, öz sahibləri, yəni sürücüləri kimi qonşularıyla tez dil tapıb, söhbətə girişirlər. Buradakı “İkarus”la “Jiquli” də səhər-axşam hey söhbətləşir, dərdləşirdilər. Daha onların danışmağa, bəhs etməyə mövzuları da qalmamışdı. Lal-dinməz durub xəyala dalmışdılar, hərə öz aləmindəydi. Bu dəm haradansa bərli-bəzəkli, onların öz diliylə desək ”yağ içində” bir qərib gözəlçə maşın nazlana-nazlana, həm də saymazyana, özündən razı halda qarşıda peyda oldu. Onların qənşərindəki əvvəllər toxunulmaz hesab edilən, yəni adamların da, maşınların da girişi qadağan olunan sahəni basıb keçdi, gəlib “yorğun”la “qoca”nın bir-iki addımlığında tormozlayıb “yerə mıxlandı”.

Vəzifə borcuna sadiq olan, məsuliyyətlə yanaşan “Ağsaqqal gözətçi” hər işə diqqət yetirirdi. Gördü ki, naz-qəmzəylə gələn təzə “qonağ”ın sürücüsü maşından cəld düşüb sağ tərəfə tələsdi, arxa qapını açdı, oturacaqdan tosqun bir kimsə çıxdı, maraqla ətrafı nəzərdən keçirdi. Baxışıyla sağı-solu ölçdü, ərazinin eni-uzununa diqqət yetirdi. Deyəsən “qaraj”a-“avtopark”a müştəri gözüylə, tamah-iştahla baxırdı. Sonra addımlayıb xeyli aralandı, sürücü onu yalqız buraxmırdı, ondan bir addım da kənarda qalmamağa çalışırdı. Ola bilər ki, tosqun şəxs qonşu əraziləri nəzərdən keçirəcəkdi, irəliləyirdi. Sürücüyə nəsə dedi, sürücü geriyə, maşının yanına qayıtdı. Maşının damına saralmış yarpaq düşmüşdü, əl atıb onu yerə salmaq istədi, əli çatmadı, ayaq barmaqlarının ucu üstə qalxıb yarpaq istiqamətə üfürdü, yarpaq əmələ gəlmiş süni yelin təsirindən sürüşüb o biri tərəfə düşdü. Sürücü deyəsən gətirdiyi şəxsi tək qoymaq istəmədi, yenidən onun yanına tələsdi.

Yorğun “İkarus” gənclik, qüvvətli vədələrində uzaq-uzaq səfərlərə turistlər aparanda ayrı-ayrı ölkələrdə, elə özünün dünyaya göz açdığı kiminin Venqriya, bəzilərinin Hunqari, bir başqalarının Madyarı adlandırdığı Macarıstan məmləkətində də qarşısındakı həmin bu təzə gələn bərli-bəzəkli “gözəlçə” kimilərlə çox rastlaşmışdı, belələrinin görməmişi deyildi. Odur ki, ona heç əhəmiyyət də vermədi. “Jiquli” qoca olsa da hər şeylə maraqlanandı, həm də qarşıdakı “gözəlçə” kimisini birinci dəfəydi görürdü. Odur ki, təzə gələn, yağ içində olan özündənrazı maşına üz tutdu:

– Sən kimsən? – soruşdu.

Bu dəm “Ağsaqqal gözətçidə” fəhmən maşınların danışığını anlamaq qabiliyyəti yarandı. O, dinləməyə başladı. “Jiquli” davam edirdi:

– Mən səni heç görməmişəm. Adın nədir? Gəl tanış olaq. Qarşı tərəfdən cavab gəlmədi.

“Jiquli” bir də soruşdu:

– Hardan gəlmisən? Görürəm, hələ lap təzəsən, yağ içindəsən. Bir vaxt mən də beləydim, yağ içində olanda məni də çox istəyirdilər, üstümə kəpənəyin də qonmasına razı olmurdular. Elə indi sənin damına düşmüş yarpağı sürücün üfürüb yelə verdiyi kimi məni də zədələnməkdən, çirklənməkdən, xoş olmayan hər şeydən qoruyurdular...

Təzə gələn nazlı-qəmzəli maşın həm də qəzəbli, acıdil imiş. Ona tuşlanan sözlərdən hiddətlənib sərt qaydada dilləndi:

– Ey, həddini bil! Sən kimsən ki, özünü mənə tay eləyirsən. Sözlərin bulaq başında yaralı marala daş altından boylanan qurbağanın “sən maralla, mən marala” deməsindən da acı təsir eləyir. Kiri, otur yerində, artıq-əskik danışma. Buna bax, paslı-köhnə, cır-cındırından camaat iyrənir, üzünə də baxmaq istəmirəm. Adım bütün dünyada məşhurdur, “Mersedes”dir. Sən bunu bilmirsənsə deməli, dünyadan bixəbərsən, çox geridə qalmısan. Bu gün sənin zəmanən deyil, – söyləyib üzünü bir az da kənara çevirdi. Sanki demək istəyirdi ki, səninlə danışmaq belə istəmirəm, əl çək yaxamdan.

“Jiquli” dilini dinc qoymadı:

– Sənin gətirdiyin o yekəqarın, tosqun sərnişin var ha, mən onu ayağım yer tutandan tanıyıram, bilirəm hansı işlərin yiyəsidir. Onu heç oturacağıma buraxmazdım. Bilirsən niyə? Çünki o nadanın biridir. Bəlkə ömründə əlinə bir kitab alıb, axıracan oxumayıb. Amma neyləyəsən ki, indi böyük bir şirkətin başçısıdır. Nə olsun? Hələ də yerişindən, oturub-durmağından öz mədəniyyətini büruzə verir. Ona diqqətlə baxsan görəcəksən, heç qalstukunu da düz-əməlli bağlaya bilmir. Mənim sahibim müəllimdir. Hamı onun xatirini istəyir, sözünü eşidirdi. Bir vaxtlar sənin həmin o sərnişinini çox dilə tutdu ki, ay oğul, məktəbə gəl, dərs oxu, girişdiyin al-verin, əliəyriliyin axırı yoxdur. Amma, gərdişin üzü qara olsun, zəmanə dəyişdi, hər şey tərsinə gəldi, müəllim hörmətdən düşdü, kasıbladı. Bax, həmin bu Qulu kimiləri, təhsil görməyənlər əyri, haram yollarla sərvətə yiyələndi. İndi mənim müəllim sahibim nə özünü lazımınca dolandırır, nə də məni bu naçarlıqdan xilas eləyə bilir. Eh, nə deyin, nə danışım. Sən üstümü tozlu-hisli görüb məni köhnə bilmə, mənim hələ lazımi qədər qüvvəm var, işə yarayıram. Bu vəziyyətə düşməyimin də baisi həmin o Quludur, sənin tuluqqarın sərnişinin. Qulaq as söyləyim necə oldu. 30-35 gün bundan qabaq sahibim yolun kənarında məni saxlayıb, yerə düşdü. Kimisə gözləyirdi. Yan tərəfdən gözləmədiyimiz halda sənin həmin bugünkü sərnişininin maşını çıxdı. Qulu özü maşındaydı. Day maşını özü sürmürdü, sürücü saxlayır. Gəlib mənim burnumun altında maşından düşdü. Sahibimə nə desə yaxşıdı? Güya müəlliminə qayğı göstərir.

Dedi, – Ay müəllim, hey deyirdin məktəbə gəl, dərs oxu, nə bilim elmə yiyələn. Bax oxusaydım, elmə yiyələnsəydim, indi sənin gününə düşərdim, – belə deyib arsız-arsız hırıldadı. Sonra bildirdi: Müəllim, görürəm dolanışığın ağırlaşıb, gəl sənə pul buraxım, arenda haqqı da istəmirəm, dükan verim işlət, çax-çuk elə, özünü tutandan sonra haqq verərsən, borcunu ödəyərsən. Müəllim buna dözərdimi? Qarşısındakına heç nə demədən qayıdıb mənim sükan arxasındakı oturacağıma çökdü, elə bil ona güllə vurmuşdular. Elə o vaxtdan xəstəxanalıq oldu. Məni də gətirib bu viran edilmiş xarabalığa atdılar. A gidi dünya... İndi bilmirəm mənim sınıq-salxağıma əlac tapmayan binəva sahibim öz dərdinə necə tab gətirir. 

“Jiquli” zavallı-zavallı danışmaqdaydı:

– Adını mersedes deyirsən, nə deyirsən özün bilərsən. Özünü dartıb mənə ağız büzmə. Heç bilirsən mən sən yaşda olanda günüm-güzəranım necəydi? Sahibim məni satış yerindən alanda, həyətinə gətirəndə bütün məhəllə uşaqları mənim tamaşama yığışmışdı. Qonum-qonşu bilmirəm bilirdi, ya yox, sahibimin ailə üzvləri 8-9 il gözləmişdi ki, maşın almaq növbəsi çatsın ki, onlar da bax həmin bu məni, “Jiquli” deyib dil boğaza qoymadıqları maşını almaq imkanı qazansınlar.

Dərdli “Jiquli” deyingənliyindən yoruldu. Həm də nazlı-qəmzəli qonaq maşının onun danışığına məhəl qoymadığını görüb susdu, ətrafın seyrinə daldı. Oralarda nə gördüsə yenidən “Mersedes” xanıma müraciətlə dilləndi: – Sözlərimdən acığın gəlsə də bir məsələni də yada salım. Ora bax, yox sən durduğun yerdən görünmür, bir az dala dur sən də gör. Bax o sağ tərəfdəki hasarın dibində otlayan heyvanın adı uzunqulaqdır. Gətirdiyin sərnişinin adı isə Quludur. Tutumlu ad qoyublar ona. Axı o pulun quludur. Sonradan ona bir başqa ad da veriblər. Bir çox adam Qulu adı boş, yavan olmasın deyə əvvəl o uzunqulağın adını, sonra fasilə vermədən Qulunun adıyla qoşa söyləyir. 

Qulağının dibindəki söyləmələrdən qəzəblənən gözəlçə “Mersedes” cır səslə bağırdı:

– Bəsdir də, baş-qulağımı aparıb zəhləmi tökdün. Sən nə yaman heyvərə imişsən...

Ərköyün “gözəlçə” hələ bir qonşusuna sərt qaydada kərəzləndi də. Bayaqdan dinib-danışmayan, mürgülüyə-mürgülüyə “Jiquli”nin “Mersedes”ə söylədiklərinə qulaq asan, qarşı tərəfinsə “Jiquli”yə laqeyd, saymazyana münasibətinə, yuxarıdan baxmasına getdikcə hiddətlənən “İkarus” bu dəfə dözmədi. Köhnə qonşusuna qahmar durdu. Hiddətlə dilləndi:

– Bura bax a, yola çıxanda sürətin çox olur deyə burda da qazlı-qazlı danışırsan, deyəsən tormozun tutmur, ağzına gələni söyləyirsən. Yığışdır özünü!


Özünə arxayın, kiməsə güvənən “Mersedes” çəkinmədən, hikkəylə bu taqətsiz maşına da çımxırdı:

– Sən kimsən? Otur yerində. Hay-hayın gedib, vay-vayın qalıb. İndi qəbirdən durub mənimlə qoz-qoz oynamaq eşqinə düşübsən? Başına bir oyun açdıraram...

Əsəbləri gərilmiş “İkarus” arxa təkərləri üstə at sayaq şahə qalxaraq par-par parıldayan “Mersedes”i təpikləmək, ya da onu iri gövdəsinin altına alıb əzişdirmək istəyinə düşdü. Amma bacarmadı... Taqəti yoxdu... Nərildədi, silkələndi, yerində titrədi. Ancaq, əlindən heç nə gəlmədi. Sinəsindən güllələnmiş döyüşçü kimi çökdü. Mühərrikinin suyumu, yanacağımı, nə idisə bir bulanıq maye gövdəsinin altına şırıltıyla axmağa başladı. Yoxsa yaralanmış könlü qan verdi? Kim bilir, bəlkə də bu dağ cüssəli, amma işləməkdən əldən düşmüş iri maşının böyük dərdə dözə bilmədiyindən göz yaşı axıtmasıydı… Axı həmin bu köhnəlib qocalmış “İkarus” da bir vaxtlar yağ içində, qüvvətli olub. İndi qarşısındakı tumarlanıb bəslənən, harın köhlən tərzində dırnağıynan yer eşən “Mersedes” kimi öz gücünə, yerişinə, sürətinə və rahatlığına görə qürrələnirdi. Mühərriki, hərəkət hissələri sazlanmış saat mexanizmi kimiydi. Geniş, işıqlı salonunda xumarlanıb mürgüləyən sıra-sıra sərnişinləri yarı yolda qoymurdu. Təkərləri, yastıqlı oturacaqları cağbacağ idi. Neçə-neçə məntəqədə sərnişinlər onun gəlişini, yola düşməsini həsrətlə gözləyirdilər. Hər kəsi də mənzil başına dəqiq vədəsində çatdırırdı. Bu günsə dövrandan, gözdən, həm də istəkdən irağa düşüb, onu unudub, tərk ediblər. Gərəksiz olub...


“Ağsaqqal gözətçi” qarşısındakı halları seyr edib fikrə daldı. Nədənsə bir zamanlar həvəslə baxdığı ”Yorulmuş atları güllələyirlər” filmini xatırladı. Düşündü: Niyə atların insanlara son nəfəsə qədər vəfalı olduğu unudulur? Nə səbəbə insanlar qarşılıqlı olaraq atlara elə köhlənlərin özləri qədər vəfalı deyillər? Bu yorğun, qoca, “təkərli atlar” – “İkarus” və “Jiquli”nin indiki həyatı da elə güllələnmək kimidir, – deyib “Ağsaqqal gözətçi” dərin fikrə daldı. Öz məsul vəzifə borcunu illərlə sədaqətlə yerinə yetirmiş, indisə bu köhnə “maşın qəbiristanına” gözətçilik eləyən nurani qoca da özünü güllələnənlər cərgəsində duydu... Yaxşı ki, küçə lövhəsində oxuduğu “Sahibsiz itləri güllələməyin” hökmlü elan yadına düşdü, bir qədər təsəlli tapdı...


2008-ci il.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?