Modern.az

Millətə və dilə sevgi nümunəsi

Millətə və dilə sevgi nümunəsi

Ədəbi̇yyat

16 Oktyabr 2019, 10:23

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Millətinə, dilinə bağlı dilçi alimlər dillə əlaqəli gör­dükləri hər işi böyük sevgi və məhəbbət hissi ilə ye­rinə yetirirlər. İnamla və inadla yorulmadan, usan­ma­dan millət, dil naminə gördüklərindən həzz alırlar. Millətinin və dilinin qayğısına qalanları millətin özü də ucaldır. Doğrudan-doğruya millətinə və dilinə xidmət edənlərin xidmətinin müqabili millətin onları ucaltmasıdır. Böyük və uca olmağın ən vacib yolla­rın­dan biri millətə və dilə olan diqqətdən, qayğıdan ke­çir. Belə bir qayğını göstərənlərdən biri də Mustafa Kamal Atatürk olmuşdur. O, inamla millətinə və mil­lə­tinin dilinə qayğı göstərmişdir. Türk dilində özü­nün­küləşdirmə işini aparmış, bu istiqamətdə olan ax­ta­rışlarını qətiyyətlə həyata keçirmişdir. Dildə olan is­lahatları həyata keçirmək üçün “Günəş Dil Nə­zə­riy­yəsi”nə bağlanmışdır. “Günəş Dil Nəzəriyyəsi” 1936-1938-ci illərdə Türk Dil Qurumunun sevdiyi və inandığı nəzəriyyələrdən biri olmuşdur. Türk Dil Qurumu “Günəş Dil Nəzəriyyəsi”ni türk dili mə­sə­lə­lə­rinin həllində ən işıqlı yollardan biri hesab etmişdir. Bu nəzəriyyə türk dilinin ən qədim dillərdən biri olması fikrində olmaqla yanaşı, ən qədim dövrlərdən bəri başqa dillərə söz vermək imkanında olduğu qə­na­ətinə gəlmişdir. Hətta başqa-başqa dillərə verdiyi söz­ləri bir müddətdən sonra həmin dillərdən götü­rə­rək yenidən istifadə etdiyi qənaətini də qəbul et­miş­dir. Bu nəzəriyyəyə görə, türkləşmiş hər bir söz (türk dilinə daxil olmuş, türk dilinin qayda-qanununa uy­ğun­laşmış hər bir söz) türkcədir, türk dilinə aiddir. “Gü­nəş Dil Nəzəriyyəsi”nin əsas məqsədi türk dilini qorumaq və inkişaf etdirmək olmuşdur. Bundan baş­qa, türk dilinin lüğət tərkibindəki ərəb, fars, fransız və digər dillərə məxsus sözlərin türkcə olduğunu sü­bu­ta yetirmək missiyasını daşımışdır. Mustafa Kamal Atatürk bununla da türk dilini “təbii yolu”na gətir­mək istəyində bulunmuşdur. Onu da qeyd edək ki, onun apardığı dil inqilabını alimlər, ziyalılar eyni şə­kil­də başa düşməmişlər. Bəziləri anlaqlı yanaşsalar da, bəziləri isə pozucu mövqedən yanaşmışlar. Bu mövqelərin hamısını Mustafa Kamal Atatürk dərin­dən başa düşmüş, ona görə də millətin ruhunu, ina­mı­nı zədələmədən türk dilini qorumağa, inkişaf etdir­mə­yə çalışmışdır. Mustafa Kamal Atatürk yaxşı bilir­di ki, türk dilində oyunbazlıq edənlər, daha doğrusu, türk dilini təbii yolundan çaşdıranlar az deyildir. Ona görə də o, türk dilinin yaxasını bu oyunlardan qurtar­maq üçün bütün gücünü səfərbər edirdi. Hətta dil alimləri ilə müzakirələr aparırdı. Bu müzakirələrdən biri barədə Yəhya Kamal danışırmış ki, Atatürkün süfrəsinin başında əyləşmiş Rum ləhçəsi ilə danışan bir dil alimi özünü göstərmək üçün ayağa durub, yük­sək bir səslə danışmağa başlamışdır. Və Atatürkə demişdir ki, paşam, bu türkcə yaman bir dildir, bu dil­də nə söz axtarsan tapmaq olur. Atatürk isə onun de­diklərini bir də dilə gətirməsi üçün soruşur ki, necə? Həmin dil alimi dediyini bir də təkrar edir ki, bu türkcə yaman bir dildir, bu dildə nə söz axtarsan tap­maq olur. Atatürk yenə də deyir ki, necə?, necə? Dil alimi dediklərini bir də təkrarlayır. Beləliklə, Ata­türk dil aliminin fikirlərini bir neçə dəfə təkrar etdirdikdən sonra yumruğunu stola vurur və zara­fat­cıl hiddətlə “bunu sübut edin!” deyərək qışqırır: De­yir ki, sözlə gəmi idarə etməyin. Onu da deyir ki, “Sizə görə bir söz tapacam deyə mənim göbəyim çat­la­yır!”.  Beləliklə, Mustafa Kamal Ata­türk “Dil İnqilabı”nı həyata keçirmək üçün dil alim­lərinin, ziyalıların fikirlərini dinləməyə və müzakirə etməyə ehtiyac hiss etmişdir. Hətta o, məclislərin birinə Yəhya Kamalın dəvət olunmasını istəmişdir. Məqsədi ondan ibarət olmuşdur ki, Yəhya Kamal türk dilində yazan və türk dilindən yaxşı istifadə edən şair kimi dil savaşında müəyyən bir vəzifəni, mis­si­ya­nı yerinə yetirsin. Ancaq Yəhya Kamal bu dəvətin mü­qabilində öz təşəkkürünü bildirərək demişdir: “Mənim dildə elmim yoxdur, yalnız belə bir təsəv­vü­rüm vardır. Mən bu təsəvvür ilə baş-başa qalmaq is­tə­yirəm. Məni bağışlasınlar.” Əslində Mus­ta­fa Kamal Atatürk də, Yəhya Kamal da bilirdi ki, dil qondarmaçıları bir-biri ilə yarışa girir, sözləri türkcə deyildir deyə dildən çıxarmağa çalışır, təbii türkcəni yolundan azdırırdılar. Ona görə də özlərini gözə so­xur, türkləşmiş sözlərin başına oyun açır, həmin söz­lə­ri türk dilindən çıxarırdılar. Təsadüfi deyildir ki, günlərin birində Mustafa Kamal Atatürk yenə bir iclas çağırır. İclasda onun çox yaxınında əyləşmiş şairə, yəni Yəhya Kamala şeirlərini oxumaq üçün söz verir. Bunun səbəbini hiss edən Yəhya Kamal yeni şerlərini və bir neçə qəzəlini oxuyur. Onun şeirlərini və qəzəllərini Mustafa Kamal Atatürk böyük bir zövq­lə dinləyir. Sonra isə məclisdəkilərə deyir:


– Bəylər! Baxın, həqiqi və gözəl Türkcə budur!


Mustafa Kamal Atatürk eyni tonda fikrini davam etdirir:


–Yəhya Kamal bəy! Xatırlayırsınız? Sizi dil iş­lə­ri­nə dəvət etdiyim vaxt mənə “Mənim dildə elmim yox, sadəcə təsəvvürüm vardır, icazə verin mən bu tə­səvvürüm ilə baş-başa qalım, demişdiniz”. İndi ha­mımız birlikdə başa düşürük ki, dil davasında siz haqlı çıxdınız. Bu zaman Yəhya Kamal deyir:


–Paşam! Sizə qarşı haqlı çıxmaq çox təhlükəli de­yilmi?


Mustafa Kamal Atatürk Yəhya Kamalın fikrin­dəki incə məqamı çox yaxşı başa düşmüşdür. Ona görə demişdir ki, sizin (yəni Yəhya Kamalın) o za­mankı düşüncəsi bizi bu gün sevindirir. Doğurdan da Yəhya Kamal “qondarma” islahatçılardan fərqləndi, türk dilindəki islahatlara müdaxilə etmədi. Ancaq türk dilində öz şeirlərini yazdı və sübut etdi ki, türk dilində gözəl yazmaq mümkündür. Bu incə məqamı duyan Mustafa Kamal Atatürk çağırdığı iclasda “qondarma” dil islahatçılarına üzünü tutaraq deyir ki, görürsünüz, bəylər, Yəhya Kamal bəyin təsəvvürü sizin elminizi məğlub etdi. Deməli, Yəhya Kamal “qondarma” dil alimi kimi özünü aparmadı, şeir­lərini türk dilinin imkanları çərçivəsində yazdı və bu dilin gözəlliklərini təqdim etdi. O bu işi ilə “qon­darma” dil islahatçılarına dərs verdi. Və beləliklə, Yəhya Kamalın tutduğu mövqe düzgün bir yol olaraq “qondarma” dil islahatçılarının elmini məğlub etdi. Axı “qondarma” dil islahatçıları özlərini göstərmək, gözə soxmaq naminə türk dilini təbii yolundan dön­dər­mək missiyasında bulunurdular. Bir sözlə, dil ali­mi­nin, ziyalının, şairin, yazıçının ruhu təmiz olmalı­dır. Onların hər biri yazdıqları dildə mükəmməl yaz­ma­ğı bacarmalıdırlar. Mükəmməl yazmaq dilin mü­kəm­məlliyini təqdim etməkdir. Bəzən elə olur ki, bə­zi ziyalılar mükəmməl yazmaq əvəzinə dildə “qon­dar­­ma” islahat aparmağın tərəfində olurlar. Nəticədə, di­lin təbii inkişafına maneçilik törədirlər. Bu zaman dil­də yerində olmayan, mənası qüsurlu görünən söz­lər artır. “Qondarma” dil islahatı dilə heç bir fayda verə bilməz. Dildəki hər bir alınma sözün qarşılığını tapmaq, onu qarşılığı ilə əvəz etmək haqsız iddiadan başqa bir şey deyildir. Təbii ki, elm adamları, dil alimləri (dilçilər), ziyalılar dil islahatını “qondarma” bir islahat səviyyəsinə gətirməməlidir. Dilin mövcud imkanlarını qorumalı və inkişaf etdirməlidirlər. Bu mə­nada Mustafa Kamal Atatürkün “Günəş Dil Nəzə­riy­yəsi”ni anladan səlahiyyətli elm adamı professor Abdulkadir İnan yazırdı ki, Mustafa Kamal Atatürk kitab, katib, məktub sözlərinin və bu qəbildən olan söz­lərin türkcə sayılmasını təqdirəlayiq hesab et­miş­dir. Bu mövqe Mustafa Kamal Atatürkün “Günəş Dil Nəzəriyyəsi”ndən qaynaqlanma ilə bağlı olmuşdur. Dildəki alınma, əcnəbi sözlərin, xüsusilə də vətəndaşlıq hüququ qazanmış sözlərin dildən çı­xa­rılması istiqamətində olan cəhdlər və işlər dilin itti­ham olunmasından başqa bir şey deyildir. Bütün zamanlarda “qondarma” dil alimləri, ziyalılar, şair və yazıçılar dili bu cür ittiham etməklə dilə xidmət göstərmək istəmişlər. Ancaq onlar hər dəfə dilin təbii im­kanlarını və ruhunu incitmişlər. Belələri bəzən təm­təraqlı elmi-nəzəri fikirlərlə dilin praktik im­kan­larını üz-üzə qoymuşlar. Dilin praktik imkanı vətən­daş­lıq hüququ qazanmış sözlərin işlənməsinə ehtiyac hiss edirsə, belə sözləri dildən necə çıxarmaq olar? Klassik Azərbaycan ədəbiyyatında dərin kök salmış ərəb mənşəli ab (“su”; “ərimiş, əzgin”; “göz yaşı”; “şə­rab” mənalarında), aba  (“atalar, ata-baba” məna­la­rında), abid (“ibadətlə məşğul olan, ibadət edən” mənalarında), adəm (“adam, insan” mənalarında), adət (“ənənə, üsul, vərdiş” mənalarında), adil  (“əda­lə­tli, insaflı” mənalarında), aləm (“kainat, dünya, yer kürəsi”; “sadə”; “çoxlu”; “xalq, camaat, cəmiyyət” mənalarında) və s. sözləri dilimizin lüğət tərkibindən necə çıxarmaq olar? Yaxud fars mənşəli agah (“xə­bər­dar, vaqif”; “oyaq, ayıq”; “gözüaçıq, ayıq-sayıq” mənalarında), ah-nalə (“ah çəkib ağlama, sızlama” mənalarında), arzu (“istək” mənasında) və s. sözləri di­li­mizin lüğət tərkibindən necə çıxaraq? Bu mə­qam­da Rəsul Rzanın bir fikrini qeyd etməmək mümkün de­yildir. Rəsul Rza 1939-cu ildə Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri olduğu zaman İttifaq tərə­fin­dən çağırılmış dil müşavirəsində “Azərbaycan di­li­nin bugünkü vəziyyəti və gələcək vəzifələri haq­qında” adlı məruzəsində demişdir: “Bəzi adamlar ərəb və fars dillərinin təsiri ilə mübarizə pərdəsi altın­da dilimizi anlaşılmaz sözlərlə doldururlar. Mən so­ruşuram: kasıb, ağıllı, sovqat, fəhlə, fabrik, vaqon, xoruz, dilxor, məktəb, adam, dünya, kolxoz, dəsmal, sovet və yüzlərlə belə sözləri işlədəndə kim  bu sözlərin Azərbaycan sözü olmadığı barədə düşünür? Kim bu sözləri anlamır? Dilin qüdrəti də orasındadır ki, on illər sürən ərəb istilası, fars təzyiqi, osmanlı təsirləri altında öz ruhunu saxlamışdır. Xalqımızın ərəblərdən, farslardan, osmanlılardan və başqa mil­lət­lərdən aldığı sözləri özünün dil süzgəcindən ke­çi­rə­rək, onları Azərbaycan dilinin ahənginə, qanun­la­rı­na uyğunlaşdıraraq elə bir hala salmışdır ki, indi çox çətinliklə o sözlərin ibtidai halını axtarıb tapmaq olar.” Bəzən sözlər o qədər dilin ruhu­na, təbiətinə uyğunlaşır ki, hətta onların mənşəyi barədə düzgün olmayan fikirlər yaranır. Məsələn, al sözü türk mənşəli olduğu halda, onun “hiylə, fırıl­daq”, “yüksək, hündür” mənaları ərəb mənşəli hesab olunur. Halbuki, al sözü türk mənşəli söz­dür. Bu söz ərəb dilində o qədər dərin kök salıbdır ki, onun mənşəyi barədə fikir fərqliliyi yaranıbdır. De­məli, vətəndaşlıq hüququ qazanmış sözlərin taleyi ilə oynamaq olmaz. Hətta bəzi vətəndaşlıq hüququ qa­zan­mış sözlərin dildə qarşılığı varsa, onu işlətmək və bu yolla da dili zənginləşdirmək olar. Məsələn, vax­ti­lə rus dilindən və rus dili vasitəsilə dilimizə keçmiş natura, uçastok, mexanizator, mobilizasiya, sort, po­zi­siya, transport, spekulyasiya, ekipaj, reys, pro­duk­siya, korpus, uçot, xormeyster, avariya, prosent, prostoy, komissariat, masştab, realizə etmək, rezümə, maşinist, laryok, struktura, instruksiya, populyar, buksir, avariya və s sözlər dildə vətəndaşlıq hüququ qazansa da, onların dilimizdə qarşılığı da olmuşdur. Bir neçəsinə diqqət yetirək. Buksir – yedək, avariya – qəza, rezümə – xülasə və s. Azərbaycan dilinin ahən­ginə, qayda-qanunlarına uyğunlaşmış sözlərin ərəb, fars və eləcə də digər dillərə məxsus olmasını əsas gö­türərək onların dildən çıxarılması barədə hökm ver­mək dilin ruhuna, təbiətinə yersiz müdaxilə etmək deməkdir. Bu mənada Hun xaqanı İşbaranın Çin im­pe­ratoru Ka-o-tsuya məktubunda maraqlı bir məqam var. Hun xaqanı məktubunda qeyd edir ki, ataları­mız­dan bizə qalan dilimizi və adət-ənənəmizi dəyişdir­mə­yə cəhd etməyin. Bir zaman çinlilərin hakimiy­yə­tini tanımağa məcbur qalan Hun xaqanı İşbara xan dilinə, adətinə bağlılığını, bunların vazgeçilməz ol­du­ğunu söyləmişdir. Bir Türk xaqanı olaraq Çin im­pe­ra­toru Ka-o-tsuya yazdığı kiçik məktubunda adət-ənənə və milli kimliklərinin dəyişməməsini istəmiş­dir. Həmin məktub belədir:


Oğlumu sizə göndərirəm, sarayında qalacaq. Hər il də ilahi soydan gələn atlar göndəriləcək. Hər gün sabahdan axşama qədər əmrinizdə olacam. Fə­qət, istədiyiniz kimi geyimlərimizin önünü kəsməyə, çiyinlərimizdə dalğalanan hörükləri açmağa, ata­la­rı­mı­zdan bizə qalan dilimizi dəyişdirməyə cəhd etmə­yin. Sizin adət-ənənə və qanunlarınıza gəlincə, millət olaraq bizim öz adətlərimiz və dilimiz o qədər qə­dim­dir ki, onlara toxunmağa cəsarət edə bilmərik. Bütün millət eyni qəlbi, eyni düşüncəni daşıyır...”


Dildəki sözlər, məhz vətəndaşlıq hüququ qazan­mış sözlər lüğət tərkibinə elə pərçim olunubdur ki, on­ları heç bir hökmlə dildən çıxarmaq mümkün de­yil­dir. Onlar min illər ərzində dilimizin ahənginə və qayda-qanunlarına uyğunlaşıb, şifahi və yazılı ədə­biy­yatımızın lüğət fonduna çevrilibdir. Bu mənada yazıçı Natiq Rəsulzadənin dedikləri yerinə düşür. Yazıçı Natiq Rəsulzadə müsahibələrinin birində dedi ki, anam mənə Puşkinin nağıllarını, Azərbaycan na­ğıl­larını oxuyurdu. Oradakı sözlərdən, fikirlərdən xoşum gəlirdi. Ancaq anam oxuyub qurtardıqdan son­ra kitabı elə bərk çırparaq bağlayırdı ki, bəzən mən diksinirdim. Bir gün anama dedim ki, kitabı belə bərk çırpma, oradakı xoşuma gələn sözlər, ifadələr bir-birinə qarışar. Anam isə dedi ki, narahat olma sözlər və ifadələr elə bərk yazılıb ki, onlar bir-birinə qarışa bilməz.


Dil öz imkanları ilə nəyi əldə edibsə, onun hər bi­rini qorumalı və yaşatmalıyıq. Təsadüfi deyil ki, Şah İsmayıl Xətainin vəsiyyətləri sırasında dilimizin bir əmanət kimi qorunması da özünə yer alıbdır. Şah İsmayıl Xətainin vəsiyyəti:


Çox çalışdım: Artıq kamala dolmuşdum. Çox əlləşdim – müharibə olmasın, dedim,– olmadı. Bu­dur, Çaldıran döyüşündən 10 il keçib. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb...


... Ömrün son günlərini yaşayıram... Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə ça­lış­dım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir kiçicik sözünü bir ölçü ləl-cə­va­hirətdən üstün bildim. Hər ikisinin – Vətənimizin və di­limizin əbədiyyəti üçün.


Nə bacardımsa, onu eylədim. Yaxşı nə baş­la­dım­sa, onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə və­siy­yətim budur!.. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, vicdanımız, vətənimiz – can sizin can onlar əmanətdi!


İndi dilin taleyi, problemləri haqqında hamı da­nı­şır və bəzən də yazır. Eyni zamanda peşəkar və qey­ri-peşəkar fikirlər deyilir və bəzən də yazılır. Hər kəsin dilin təəssübkeşi olması qəbul edilən haldır. Ancaq hər kəsin dil barədə, onun problemləri barədə ideoloqluq etməsi məqbul hal deyildir. Bununla belə hər bir kəsin dil və onun problemlərinə laqeyd qal­ma­ması biganəlikdən uzaq, cəsarətli bir cəmiyyətin formalaşmasına kömək edir. Bu mənada məşhur türk aktyoru Münir Özkulun fikri maraqlıdır: “Mən mək­təb­də oxuyanda bir türk dili müəllimi var idi. Dərsdə danışanları deyil, danışmayanları danlayardı. Bir dəfə o, bu barədə dedi:


– Uşaqları danışdırmasan və ya danışdığı üçün cəzalandırsan gələcəkdə ya hər şeyə laqeyd qalan, ya da danışmağa cəsarət etməyən bir cəmiyyət yara­na­caq. Ya da danışmadığı üçün hər şeyi zor gücünə həll etməyə çalışan bir toplum meydana gələcək”.


Dil həmin dildə danışan hər bir kəs üçün böyük mükafatdır. Əgər biz doğma dilimizdə yaxşı danışır, yaxşı yaza biliriksə, deməli, bizə verilən mükafatın qədrini bilirik. Bu mənada Lev Tolstoyla bağlı bir hadisəni xatırlamaq yerinə düşər. 1906-cı ilin 8 ok­tyabr tarixində Lev Tolstoy ona təqdim olunan Nobel mükafatından imtina etdi. Bütün dünyanı bu hadisə şoka salsa da və illərlə cavabsız qalsa da, o, ölümünə bir il qalmış, yəni 1909-cu ildə nəhayət ki, Nobeldən niyə imtina etdiyini bir cümlə ilə izah etdi: “Mən əsərlərimi mənə hansısa mükafat verilsin deyə yaz­ma­mışam, ona görə yazmışam ki, bəşəriyyət yazdıq­larımdan az da olsa, nəticə çıxarsın...


Hər bir kəs bu dünyaya gəlir və gedir. Qalan isə hər bir kəsin yaxşı və pis əməlləridir. Ancaq bunların hamısından fərqli olaraq dil elə bir ictimai varlıqdır ki, danışmağı və yazmağı bacaranlar ona borc­lu­dur­lar. Fikrimizi təsdiq etmək üçün Nazim Hikmətlə bağ­lı bir hadisəni xatırlamaq yerinə düşər. Nazim Hik­mət Bursa həbsxanasında cəza çəkirmiş. Bir gün Ədliyyə Nazirliyindən bir müfəttiş həpsxananı yox­la­ma­ğa gəlir. Həbsxana rəisindən xahiş edir ki, Nazim Hikməti çağırsın, onunla görüşmək istəyir. Nazimi çağırırlar. Otağa daxil olur. Aralarında qısa söhbət olur. Amma nazirliyin əməkdaşı şairə oturmağı təklif etmir. Söhbətdən sonra:

 
– “Gedə bilərsiniz” – deyir.


Nazim Hikmət qapıdan çıxarkən geri dönür və mü­fəttişdən soruşur:

 – Ömər Xəyyamı tanıyırsınız?

 – Əlbəttə. Onu tanımamaq olarmı?

– Bəs Ömər Xəyyamın dövründə padşah kim olub, deyə bilərsiniz?


Müfəttiş bu gözlənilməz sualdan təəccüblənir və cavab verə bilmir. Nazim Hikmət deyir:


 – Görürsünüz, sənətkarı xatırladınız, amma pad­şahı xatırlamadınız. Vaxt gələcək nə ədliyyə na­zirini xatırlayacaqlar, nə də ki sizi. Amma mənim adımı hər zaman xatırlayacaqlar. Bunu deyib çıxıb gedir. Müfəttiş səhvini başa düşür. Onu çağırsa da, şair geri dönmür...


Azərbaycan dilində danışmaqla, dövlətlərarası da­nışıqları Azərbaycan dilində aparmaqla dövlə­ti­mi­zin nü­fuzunu, vətəndaşlarımızın həyat tərzini güc­lən­dirə bi­lərik. Əcnəbi dillərdə danışmaqla və dövlət­lər­ara­sı mü­nasibətdə əcnəbi dillərdə danışıqlar apar­maq­la döv­lə­timizin nüfuzunu azalda bilərik. Belə olan­da əcnəbilər bizi idarə etməyə çalışırlar. Bizə ikinci, üçüncü kate­qo­ri­yalı varlıq kimi baxırlar. Ona görə də ilkin mərhələdə dilimizin nüfuzunu artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmalıyıq. Düzgün danışmaq və yazmaq hər bir vətəndaşın bor­cu­dur. Ancaq etiraf edək ki, bu mə­sələdə ziyalıların, xüsusilə də şair və yazıçıların öh­də­sinə daha böyük yük düşür. Təsadüfi deyil ki, zaman-zaman bu yükün nə qədər vacib olduğunu şair və ya­zı­çı­ların özləri də xüsusilə qeyd etmişdir. Məsələn, hələ 1976-cı ildə görkəmli yazıçı-dramaturq İlyas Əfən­di­ye­və verilən “Müasir Azərbaycan nəsrinin inkişafı və gələcəyi na­mi­nə hansı mühüm cəhətlərə fikir veril­mə­si­ni istər­di­niz?” sualına cavabında o, dil məsələsinə xü­su­si önəm vermişdir. Azərbaycan ədəbi dilinin zən­gin­li­yin­dən, ancaq bunun müqabilində nəsrimizdə bu im­kan­lardan düzgün istifadə olunmadığına diqqəti yö­nəlt­mişdir. O de­miş­dir: “... Azərbaycan ədəbi dili xeyli zənginləşmişdir. Daha büllur, daha obrazlı, da­ha ifadəli olmuşdur. Şirəsini Füzulidən, Vaqifdən, Mirzə Fətəli­dən, Sabir­dən, ecazkar xalq ədəbiy­ya­tın­dan alan dili­mi­zin poetik gözəlliyi, satirik kəskinliyi xeyli yüksəl­miş­dir. Lakin təəssüflə deməliyəm ki, nəsrimizdə dilin süniliyinə, sözlərin sağa-sola necə gəldi “xərclənməsi” hal­larına, şablona, quruluğa yenə də tez-tez rast gəli­rik.” Dildə yaxşı danışan və yazan kəslər dili duy­maq qabiliyyəti olanlardır. Dili duymaq qabiliyyətinin özü də bir istedaddır. Belə is­te­dadların danışıqları və ya­zıları heç zaman quru, yorucu ola bilməz. Bu mə­na­da İlyas Əfəndiyev de­miş­dir:”Biz heç vaxt unut­mamalıyıq ki, dil yazıçının həyatı duymaq qa­biliy­yətidir, onun istedadıdır. Bu sözləri deyəndə mən heç də dilin sığallı-tumarlı ol­ma­sını nəzərdə tutmuram. İstedadlı yazıçının dilin­də­ki kələ-kötürlükdə belə, həqiqi sənədin poeziyası öz ifadəsini tapır. İstedadlı yazıçının dili süni, quru ola bilməz!”  İlyas Əfəndiyev ədəbi dilin xalq di­li­nə yaxın olmasını əsə­rin poetik təsirini artıran vasi­tə­lər­dən biri hesab edir. Onun fikrincə,” ... hər bir xal­qın ədə­biy­yatı onun öz ana dilində yaranır. Ona görə də ədəbi dil xalq dilinə nə qədər yaxın, nə qədər doğ­ma olarsa, onun səmi­miy­yəti ilə nə qədər bağlı olar­sa, əsərin poetik tə­si­ri, ifadə tərzi də o qədər güclü olacaq (söhbət yenə də istedadlı əsərdən gedir).”  İlyas Əəfəndiyev Azər­bay­can dilinin təmizliyini, imkan­la­rını diqqət mər­kəzində saxlamağı da vacib saymışdır. O demiş­dir: “Di­li­mizin təmizliyini daim diqqət mərkəzində sax­la­maq hər yazıçının vicdan vəzifəsidir. Dilin gö­zəl­liyi hə­ya­tın poeziyası demək­dir, duyğuların gözəlliyi de­mək­dir. Dilin sərrastlığı yazıçının həyatı düzgün dərk et­mə­si deməkdir. Onu da unutmamalıyıq ki, Azər­baycan dili ən dərin, ən fəl­səfi fikirləri belə  dü­rüst ifadə üçün həd­siz im­kan­lara malikdir.” Azərbaycan dilinin tə­miz­liyinə diqqəti artırmaq, onun imkanlarından düzgün istifadə etmək bütün dövrlərdə öz aktuallığını qoruyub sax­la­yır. İndi də belədir, gələcəkdə də bu aktuallıq gün­dəm­də olacaqdır. Ədəbi dilin şifahi və yazılı qolu onun qoşa qanadlarıdır. Bu qoşa qanadların hər biri tət­biq olunduğu sahələrdə nümunə rolunda olmalıdır. Ancaq nəinki ədəbi dilin yazılı qolu, hətta şifahi qo­lu­nun da tətbiqində bir çox vaxt qüsurlara yol verilir. Şifahi ədə­bi dilin qayda-qa­nunları pozulur. Radio və tele­vi­zi­ya apa­rıcılarının di­li, səhnə danışığı əksər vaxt nümunə rolunda çıxış edə bilmir. Belə oldu­ğun­dan yenə də əsas yük ziyalıların, xüsusi ilə də şair və yazıçıların üzərinə düşür. Bu barədə İlyas Əfəndiyev müsahibəsində de­miş­dir: “Səh­nə danışığı dilimizin düzgün tələffüzü, ahən­g­dar­lığı, sözlərin yerində, sər­rast işlədilməsi üçün bir növ nümunə olmalıdır. Ədəbi dilimizin inkişafında ən mühüm vəzifələrdən biri, əlbəttə, yazıçıların, şair­lərin üzərinə düşür. Ya­zıçı üçün dil onun ürəyinin tər­cü­ma­nıdır. Ədəbiyyata gətirilən sözü yazıçı elə işlət­mə­li­dir ki, o, hamı üçün anlaşıqlı olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümum­xalq rəğbəti qa­za­nır.”  Nəinki əsərlər (bədii əsər­lər), həm də xalqın ruhu və canlı danışıq dili ilə ma­ya­lan­mış ədəbi dilin şifahi, yazılı qolları ümumxalq rəğ­bətinə sahib olur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı