Modern.az

İlham Rəhimovun “Cinayətkarlıq və cəza” kitabı təqdim olunub

İlham Rəhimovun “Cinayətkarlıq və cəza” kitabı təqdim olunub

Aktual

24 Fevral 2012, 16:58

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvada çap olunmuş “Cinayətkarlıq və cəza” kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Xocalı faciəsi qurbanlarını 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, təqdimat mərasiminin Azərbaycan xalqının Xocalı soyqırımının 20 illiyinin qeyd etməsi ilə üst-üstə düşməsi böyük əhəmiyyət kəsb edir, çünki 20-ci əsrin ən böyük cinayəti olan Xocalı soyqırımını törədənlər hələ də cəzalandırılmamış, dünya toplumu isə bu cinayətlə bağlı qəti etirazını bildirməmişdir. A.Məhərrəmov bildirib ki, professor İ.Rəhimov tərəfindən bu problem hərtərəfli, hüquqi, tarixi planda təhlil edilib və ona fəlsəfi əsaslandırma verilib.

“Cinayətkarlıq və cəza” kitabının təqdimatının məhz Bakı Dövlət Universitetində keçirildiyinin təsadüf olmadığını bildirən rektor, ölkəmizdə hüquq elminin məhz universitetdə formalaşdığını qeyd edib.

AMEA-nın müxbir üzvü, BDU-nun kafedra müdiri Məsumə Məlikova, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, BDU-nun kafedra müdiri Kamil Səlimov, Rusiya Federasiyası Dövlət Dumasının Komitə sədri Vladimir Pligin, Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov çıxış edərək kitabın əhəmiyyətindən bəhs ediblər. Qeyd ediblər ki, Azərbaycan aliminin monoqrafiyasında cinayət və cəzanın xüsusiyyətləri araşdırılır və yaranan problemlər təhlil edilir, cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir. Hüquq fakültəsinin tələbələri, müəllimləri və bu mövzu ilə maraqlananlar üçün nəzərdə tutulan bu kitabın rəyçiləri Rusiyanın nüfuzlu hüquqşünasları Aleksandr Bastrıkin və Yuriy Qolikdir.

Sonra İlham Rəhimov bütün çıxış edənlərə, o cümlədən tədbirə qatılanlara təşəkkür edib.

Tədbirdə Rusiya Federasiyasının Baş Prokurorluq nəzdində Hüquq İnstitutunun direktor müavini Aleksey Salnikov, general-leytenant Mozyakov Vitali Vladimiroviç, general-leytenant İqor Sobolevski, tanınmış vəkil Viktor Xmarin, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və s. iştirak ediblər.    

Keçmiş SSRİ-də ən gənc hüquq elmləri doktoru olan İlham Rəhimov 100-ə yaxın elmi məqalənin və 5 monoqrafiyanın müəllifidir. 




Mail Ağaxanov
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir