Modern.az

“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI

“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI

17 Oktyabr 2019, 11:04

“Ölkə prezidentinin çıxışını  diqqətlə izlədim. Cənab prezident 9 ay ərzində ölkə iqtisadiyyatında  və sosial sahədə əldə edilən uğurların üzərində lakonik şəkildə dayandı. Bütün bu inkişafın daha geniş xarakter alması və gözlədiyimizdən daha yüksək sürətlə inkişafının vacibliyini önə çəkdi”.

Bunu Modern.az-a  açıqlamasında  Milli Məclisin deputatı Fəzail Ağamalı prezidentin sırağagünkü iqtisadi müşavirədə etdiyi çıxışı şərh edərkən bildirib.


Deputat qeyd edib ki, ölkə başçısı son təyinatlar barədə  fikirlərini bu cür izah edib:


“Eyni zamanda, cənab prezident bu islahatların həyata keçirilməsi zamanı  son təyinatlar  barədə də danışdı. Həm Vergilər Nazirliyində,  həm  Gömrük Komitəsində,  həm də Əmək və Əhalinin Sosial  Müdafiəsi  Nazirliyində etmiş olduğu kadr dəyişikliyi, onların müasirliyi,  XXI əsrin tələblərinə uyğun olaraq öz işlərini yüksək səviyyədə qurmasını vurğulamaqla bərabər,  onlara qarşı “qara pia”dan da söz açdı. Mətbuat vasitəsilə çirkin kampaniyanın aparılmasının yolverilməzliyini, iqtidar daxilində ayrı-ayrı məmurlar tərəfindən  şantaj edildiyini deməsi hər kəsin reaksiyasına  səbəb oldu.  Bu, bir daha onu göstərdi ki,  ölkə prezidenti iqtidar daxilində gedən bütün proseslərin  fövqündədir və hər şeydən xəbəri var”.



Fəzail Ağamalının sözlərinə görə, məmurlar arasındakı düşmənçilik o səviyyəyə çatıb ki, prezident bunu artıq açıqlamalı və önə çəkməli oldu:

“Həmçinin, onlarla bir yerdə işləməyin mümkün olmayacağını deməsi ciddi xəbərdarlıq idi. Hər birimiz müxtəlif mənbələrdən daxil olan söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar az qala radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşmağa çalışırlar. Bu məsələlər vardı. Yayılmış olan söz-söhbətlərin kifayət qədər əsası vardı ki, müşavirədə cənab prezident bunu açıqladı və konkret mesajını verdi. İnanıram  ki, yaxın zamanlarda ciddi kadr islahatlarının şahidi olacağıq və bunun əhəmiyyətini də görəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir