Modern.az

Gülmirənin dünyası...

Gülmirənin dünyası...

18 Oktyabr 2019, 09:30

Dəfələrlə olub... Sayını da itirmişəm... Müsahibimlə  söhbətimiz əsnasında kövrəldiyimiz, hönkürərək ağladığımız...  Qucağında silahdaşı can verən keçmiş döyüşçünün,  şəhid oğlunun qan sızan yarasını öpüşlərə qərq edən ananın, itkin düşən qardaşının bəylik kostyumu ilə söhbət edən bacının, illər keçməsinə baxmayaraq, hələ də gözü yollarda qalan nişanlı qızın, “nər” boyda oğuldan bir ovuc torpaq tapıb, ürəyini, gözünün yaşını o torpağa boşalda bilməyən atanın dərdinə, göz yaşına ortaq olmuşam. O böyük yanğınlar  insan övladını çökürdür, korun-korun yandırır, asta-asta məchulluğa aparır. Bilmirsən o məchulluqda ölümmü üstündü, dəli olmaqmı uyğundu? Eləcə düşünürsən: baş götürüb gedəsən bu dünyadan, bağıra-bağıra, çığıra-çığıra, haray çəkə-çəkə...
Elə bu hisslərin arasında çırpındığın anda bir başqası gəlir...və yenə də göz yaşı,  dərd- ələm dolu həyat hekayəsi...

 

Gülmirənin hekayəsi...

 

“Hərdən narahat oluram, tıncıxıram, hiss edirəm ki, qəllbimin içində dilimin altında dərd yüklü bir haray illərdi kök salıb... Həm də, elə dərin kök salıb ki, nəinki ürəyimi, bütün vücudumu da sıxır, ağrıdır... Niyə o harayı içimdə bəslədim, böyütdüm, özümə qənim elədim, bilmirəm... Niyə o, harayı hər zaman dilimin ucundan qaytardım, bilmirəm. Bəlkə o haray ömrümün uşaq çağında qəlbimə həkk olduğuna görə qarşısında aciz qaldım? Bilmirəm... Adı “Ata harayı” olan bir acını illərdi yaşayıram. Bir gün məndən qopar, uzaqlaşar ümidilə... qopmur, uzaqlaşmır...

Fikrim dünyanın düz vaxtlarına –atalı günlərimə sürüyür məni... Atalı-arxalı, qayğısız, dəcəl, xöşbəxt günlərimə ... İsti bir yay – isti avqust günü... Məktəbli olacağımın, bacı-qardaşım kimi məktəbə gedəcəyim günün sevincini yaşayırdım. Evimizin yaxınlığındakı unvermaqdan atamın aldığı təzə məktəbli geyimini, bir cüt ayaqqabını, çantanı sevinclə oxşayırdım, hər gün geyinirdim-soyunurdum. Az qala gələn qonaqlarada göstərirdim: Baxın, atam alıb...

Anam, atam, bacılarım, qardaşlarım-hamı uşaq sevincimə təbəssümlə cavab verirdi... Atam iri yumşaq əlləri ilə asta-asta, məhəbbətlə qıvır-qıvır saçlarımı oxşayardı, yarpaq, qum, budaqlardan saçlarıma səpələnmiş ağac qırıntılarını saçım qarışıq öpərdi. Astadan, ancaq özünün eşıdə biləcəyi səslə: mənim balaca mələyim-deyərdi. Təsadüfən o sözü yalnız mən eşıdərdim, eşidən kimi də xöşbəxtcəsinə qəhqəhə çəkərdim, ədayla bacılarıma baxardım... Sezərdilər ədamı, “forsumu”... gülərdilər. Ev gülüşlərə qərq olardı. Bax , onda mən bilmirdim ki, atam ağır xəstədi, atam ölüm yatağında əzrayılla çarpışır...Bütün ağrı-acılara rəğmən məni sevindirmək, güldürmək üçün son qüvvəsini toplayır, son taqətini ələ almağa çalışır... bilmirdim...

6 avqust... Gözümü yuxudan anamın, bacılarımın “qıyya”asına, harayına açdım. Ev dolu idi qara paltarlı, qara yaylıqlı qadınlarla...Anamda, bacılarımda, atamı çağırırdılar. Yox, bu çağırmaq deyildi... Bu haray idi...Anam dizinə döyüb ağlayırdı, “məni də yetim qoydun, balalarınıda, nolar, ölmə...”. Gözlərimi balaca-yumru ovuclarımla ovxaladım. Bəlkə yuxu görürəm deyə! Atam çarpayısında səssizcə uzanmışdı. Bayırdan yekə-yekə kişilər gəldi. Atamı döşək qarışıq evin düz ortasına uzatdılar. Bayaqdan anlamadığım dildə ahənglə nəsə oxuyan qadının gur səsi qulaqlarımı deşdi sanki: Üzü qibləyə tərəf...

Bacılarım ataya yaxınlaşdılar...Onun əllərindən, üzündən saçlarından öpməyə ucadan ağlamağa başladılar...Anlamağa başlayırdım... atam ölüb, atam bir daha saçımı sığallaya bilməyəcək, atam bir də heç vaxt mənə “mənim balaca mələyim” deməyəcək. Atam bir də mənə təzə heç nə almayacaq. İstədim mən də ucadan, lap ucadan ATA deyə bağırım, haray salım, “getmə” deyim... Dilim söz tutmadı, heç səsimi də çıxara bilmədim. Anamın-bacılarımın yazıq-yazıq, çarəsiz –çarəsiz ağlamağı məni kövrəltdi. Axı onları heç vaxt belə ağlayan görməmişdim... Yanaqlarım aşağı axan göz yaşını sanki oradakı qadınlar qəflətən fərq etdilər. Qara geyimdə olan qadın hönkürərərək məni qucağına götürdü. Qapıya tərəf yönlənəndə anladım ki, məni başqa otağa aparır... Son dəfə yerdə səssiz-səmirsiz uzanmış atama baxdım.... İçimdən yenə bir “ata” demək, haray çəkmək keçdi.... çəkə bilmədim... ürəyimin özəyində qaldı, dilimin altında gizləndi haray.

1 sentyabr... Həyətimizin ortasında çoxdan qurulmış yas mağarına baxıram. Baş tərəfdə xalçanın üstünə bərkidilmiş şəklə gözümü zilləyirəm:

- Ata, mən məktəbə gedirəm, bəs məni kim aparacaq məktəbə? Sən axı hardasan, niyə gəlib çıxmırsan?O Qarağacı nə uzaq yoldu elə???

Yəqin ki, üz-gözünü saqqal basmış, atamın yoxluğundan sonra, sanki yaşlanmış. hamımızın ”dədə” dediyimiz qardaşımın hönkürtüsü olmasaydı hələ şəkillə çox söhbətləşəcəkdim..

Məktəbli bacı-qardaşlarımla birlikdə göz yaşlarımızı silə -silə məktəbə yetişdik. Atasının əlindən bərk-bərk yapışmış sinif yoldaşlarıma necə həsədlə baxdığımı bu gün də unuda bilmirəm... Elə o an yenə ucadan ATA demək istədim...qəhər boğazımı göynətdi... Bu da mənim ilk dərs “sevinc”im...

İllər nə tez keçdi... Son zəng günü... Sinif yoldaşlarım şənlik mərasiminə yığışırlar. Mən, anam, bacılarım, qardaşlarım kəsə yollarla Qarağacıya tərəf gedirik, atamın ziyarətinə. Qəbirlərin arasından qara mərmərdən yaraşıqlı, boy-buxunlu, vüqarlı atam gülümsəyir... Yaxınlaşırıq. Mərmərə həkk olunmuş əllərindən-gözlərindən öpürük. Mən başdaşından ayrıla bilmirəm qıvır-qıvır saçlarımı atamın əllərinə sürtürəm. Az qala yalvarıram. Gözlərinin içinə baxa- baxa imdad diləyirəm:

- Ata nə olar, saçlarıma yenə sığal çək, yenə mənə “mənim balaca mələyim” de..Atam gülümsəyir, atamdan başqa hamı ağlayır.

Həmin gündən sonra atamın yanına tez-tez gedirdim. Söhbətləşirdim-dərdləşirdim. Atama dediyim hər dərdə, hər problemə bir çözüm tapırdım. Atamın gülümsər simasını görəndə işlərimin yolunda gedəcəyinə inanırdım. Nəhayət, ata qayğısı görmədən yetimlər də böyüdü. Ev- ailə sahibi oldular. Mən də ailə quranda da, övlad anası olanda da birinci Qarağacıya üz tutdum...atamın yanına...

Ömrümüz öz məcrasına dönürdü. Atamızı ürəyimizdə sevir, başımızın üstündə hiss edir, ziyarətindən qalmırdıq.

Bir gün müharibə elimizə-obamıza qara günlər gətirdi. İgidlərimiz şəhid edildi, itkin düşdü, girov götürüldü, əlil oldu, günahsız insanlar qətlə yetirildi, camaatımız doğma yurd-yuvasından didərgin düşdü. Bizim də yurdumuz düşmən əlinə keçdi. Elə o gündən evimizə, küçəmizə, məktəbimizə və ən nəhayət atama –Qarağacıya həsrət qaldım.. .

Bax, o qara günlər başlayanda döyüş zamanı itkin düşmüş həyat yoldaşımı çox çağırdım, çox harayladım, Hələ yerimək bilməyən körpələrini atasız qoymaması üçün ona da yalvardım. Geri dönmədi. Yetimliyin nə olduğunu anlayan mən, o hissi balalarıma da anlatdım. Anlada-anlada sızladım, ağladım.

Atamı sonuncu ziyarətimdən az qala 27 il keçir. Kaş ki, bircə dəfə atamın qara mərmərdən gülümsəyən simasını görə biləydim.Onda dərdlərimə, əzablarıma bir çözüm tapardım. Anamın, qardaşlarımın, bacımın itkisi də bu qədər ağır olmazdı, bu qədər yandırmazdı məni .

Qarağacıya getsəydim, qara mərmərin, gülümsər simanın qarşısında durub, Ata- deyib haray çəksəydim...

- Ata, ay ata, qurbanın olum, qəbrinin başına dönüm...kaş ki, kaş ki.... haraylaya biləydim...”

 
Qələmə aldı: Əntiqə Rəşid

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır