Modern.az

Quzunun qoç ola bilməməkliyi

Quzunun qoç ola bilməməkliyi

Ədəbi̇yyat

18 Oktyabr 2019, 11:46

Akif Cabbarlı
 

 (alleqorik hekayə)

 

“N” meşəsinin sakit, cazibədar guşələrindən birində gecə-gündüz işləyən çayxana-pitixana. Şahanə palıdların, qocaman cökələrin altında hərə öz babı, söztutarı ilə oturub yanğısını söndürür, söhbətləşir, mırt vururdu. Pələnglə dostlarının şaqqanağı demək olar ki, “N” meşəsinin hər bucağına yayılırdı. Kefcil, həm də ürəyiyumşaq Pələngin xasiyyətini qubernator Şir də bilirdi və Pələngin işgüzarlığını, ağayanalığını nəzərə alıb, hər deyəndə onun kefinə soğan doğramırdı. Onu da bilirdi ki, Pələng heysiyyətini hər şeydən üstün tutanlardan və qəlbinə dəyənləri çətin bağışlayanlardandır. Buna görə də Pələngin şıltaqlıqlarına çox vaxt göz yumurdu.


Pələnglə dostlarının söz-söhbəti uzanır, zarafat-zarafata, lətifə-lətifəyə calanırdı. Birdən Pələng qonşu kötüyün üstündə lal-dinməz oturub məsum-məsum boynunu buran Quzunu gördü. Körpə elə oturmuşdu ki, elə bil şəkil çəkdirirdi, amma gözlərinin içində qəribə bir yazıqlıq var idi. Pələng diqqətlə Quzunu nəzərdən keçirdi və onu da müşahidə elədi ki, qəfil qonağı Canavar və dostları möhkəmcə gözaltı eləyiblər. Tez-tez ona söz atır, bəlkə də Pələngin getməyini gözləyirdilər ki, işini bircə anda bitirsinlər. Pələng ab-havanı asan tutanlardandı və içindəki ədalət hissinin pıçıltısını aydın eşidirdi: - Quzu xilas olunmalıdır!


Pələng başını qaldırıb astaca səsləndi:


-Ay Quzu, bir bura zəhmət çəksənə, niyə tək oturmusan, dünya yiyəsiz deyil ki...


Quzu ehmal-ehmal Pələngin yanına yaxınlaşdı. Təklif olunan yerdə yumrulanıb oturdu. Başını qaldırmağa belə utanırdı. Canavar bu mənzərəni görən kimi dabanına tüpürdü. Çox keçmədən Quzu məclisə elə alışmış, elə oturaqlaşmışdı ki, deyirdin bəs yüz ildi bir-birini tanıyırdılar. Bu minvalla Quzu Pələngin “kruqu”na girdi və hamının sevimlisinə çevrildi. Bircə Şirin gözü yemirdi onu, həmişə ironiya ilə “nədir, yenə o Quzunu qudurtmusuz, hə?” - deyə onun qarasına deyinir, Pələngin xatirinə son çarəyə əl atmırdı.


Vaxt dolandı, Pələng başqa meşəyə yüksək vəzifəyə dəyişildi. Quzu bu müddətdə hamisini qətiyyən yada salmadı. Heç Pələngin də bu barədə düşünməyə vaxtı yox idi. Tale Pələngi yenidən “N” meşəsinə qaytardı - lap yüksək vəzifələrdən birinə. O, köhnə dostluğun xatirinə Quzunu yenə qanadının altına aldı və onu əsən yellərdən qorudu. Və günlərin birində Pələngi bu vəzifəsindən də uzaqlaşdırdılar. Quzu yenə hamisini birdəfəlik unutdu, yekə-yekə şeşələnib mər-mər mələdi ki, bəs guya göydən düşüb, ondan heç yerdə yoxdu. Tez-tez güzgüyə baxıb kəkilini yan darasa da, buxağını süni şəkildə aşağı sallasa da, elə əvvəlki quzu idi - başı qapazlı, gözüqıpıq. Ha əlləşirdi ki, Qoç statusu alsın, mümkün deyildi. Quzuluqdan heç cür çıxa bilmirdi. Tale onu elə Quzu yaratmışdı, Quzu kimi də öləcəkdi.


Pələng də ki, sakitcə oturmuşdu bir qıraqda, işləri ilə məşğul idi. Quzunu xatırlayırdımı? Nə bilmək olar, bəlkə yan-yörəsində növbəti bir quzu yetişdirirdi...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi