Modern.az

Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ

Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ

18 Oktyabr 2019, 13:20

Onun üçün həyatın əsas mənası ailəsi, övladlarıdır. Uşaqları ilə daha çox zaman keçirməyə, onların hər birinə ayrı bir fərd kimi yanaşmağa çalışır. Deyir ki, insan ömrünün hər yaş dövründə böyük məsləhətinə, dayağına ehtiyac duyur. Bunun üçün iki oğluna dayaq durmağa, onların hər anında yanlarında olmağa çalışır. 

 

Modern.az xəbər verir ki, "Kaspi" Qəzetinin "Mənim balam” rubrikasının qonağı  "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllıdır. Onun övladlarının tərbiyə metodikasından, bu günündən və sabaha arzuları ilə bağlı söhbəti təqdim edirik.

 

- Övladlarınızı yetişdirərkən hansı üsuldan istifadə edirsiniz?

 

- Səmimi olaraq bildirim ki, bəzən yeni tərbiyə metodikası, nə bilim nə deyirlər, onlardan o qədər də xəbərdar deyiləm. Daha çox özümün tərbiyə olunduğum dədə-baba üsulu ilə tanışam. Həyat yoldaşım müəllimdir, uşaqların tərbiyəsi ilə o daha çox məşğul olur və elə əslində də analar məşğul olmalıdır. Öz növbəmdə mən də valideynlərimdən gördüyüm, mənə qarşı tətbiq olunanların bir qismini tərbiyədə istifadə edirəm. Mənə görə, hər uşaq fərqlidir və onların xarakterinə uyğun fərdi yanaşılmalıdır. Valideynlərin seçdikləri tərbiyə metodikası uşağın xasiyyətinə uyğunlaşdırılmalıdır. Özümdən yola çıxaraq deyə bilərəm ki, mən uşaq olanda, kim mənim üstümə qışqırır, güc tətbiq etməyə  çalışırdısa, həmişə onun əksini edirdim.  

 

- İndi də o xasiyyətə maliksiniz? 

 

- İnsan böyüdükcə, xarakteri oturuşur, daha doğrusu, yumşalır, özü üçün nəyin yaxşı, nəyin pis olduğunu anlayır. Xatırlayıram ki, uşaq yaşlarımda mənimlə şirin dillə danışan insanları dinləyir, onların dediklərinə sözsüz əməl edirdim. Onlarla ünsiyyətə daha çox meyilliydim. Düzdür, o xarakterimdən indi də canımda qalıb.  

 

- Evdə iki övlad böyüdürsünüz. Onların hər birinə ayrı-ayrı metodika ilə yanaşırsınız?

 

- Adətən ümumi yanaşma eynidir. Ancaq xarakterlərinə uyğun olaraq hansısa məsələdə fərqliliklər var. Böyük uşağa deyəndə ki bunu nə üçün etmisən, əgər haqsızıqsa, ağlamağa başlayır və fikirlərini ağlayaraq ifadə edir. Kiçik isə gülümsəyərək vəziyyəti dəyişməyə çalışır və buna da nail ola bilər. Yəni eyni tərbiyə ilə böyüsələr də, hadisələrə yanaşmaları tam fərqlidir. 

 

Ümumiyyətlə, ən çətin psixologiya uşaq psixologiyasıdır. Uşağın beyni ağ vərəqdir. Siz nə desəniz, o, uşağın beyninə həkk olunacaq. Bir məsələ də var ki, uşaq üçün bir nömrəli nümunə onun valideynidir. Valideyn  ailədə necə davransa, uşaq da onun kimi davranmağa çalışacaq. Nümunəvi övlad böyütmək üçün ilk növbədə valideynlər özlərini nizama salmalıdırlar. Mən demirəm ki, ideal olsunlar. Olur ki, mən də zaman-zaman uşaqlara səsimi qaldırıb yüksək tonla nəsə deyirəm. Bir məsələni də deyim, insan inzibatçılığa, başqa sözlə, gücə tabe olur. Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər. 

 

- Övladlarınızı necə cəzalandırırsınız?

 

- Bəzən onlardan küsürəm, suallarına reaksiya vermirəm, bəzən səs tonumu qaldırıram, bəzən cəzalandırıram. Hamısı olur.

 

- Övladınıza məktəbdə müəllim tərəfindən şiddət tətbiq olunsa, hansı reaksiyanı verərsiniz?

 

- İndi elə bir dövrdə yaşayırıq ki, müəllimlərin uşaqlara aşırı dərəcədə şiddət tətbiq etmələrinə inanmıram. İndiki uşaqlar da sosiallaşıblar. Məktəblərdə uşaqlar sosial şəbəkələrdə müəllimlərin videolarını çəkib paylaşırlar... Bu məsələyə çox ciddi yanaşılır. Valideynlər vatsapda qrup yaradır, məktəbdə baş verən hadisələrdən xəbərdar olurlar. Müəllimlərlə gündəlik əlaqə saxlayır, vəziyyətə daim nəzarət edirlər. Müəllim şagirdin üstünə səs tonunu qaldıra bilər, ancaq şiddət tətbiq edə bilməz. İnanmıram ki, sakit və tərbiyəli uşaq müəllim tərəfindən şiddət görsün. Adətən müəllimlər daha çox nadinc uşaqların üzərinə gedirlər. Bəzən şagirdin üzərinə çığırmaq və küncdə saxlamaq lazımdır ki, məsuliyyət hiss etsin. İbtidai sinifdə uşaqların vurulmasının, şiddət tətbiq olunmasının tam əleyhinəyəm. Biz şagird olanda, valideynlərimizə  müəllimimizin bizə qışqırdığını, yaxud bizi vurduğunu deyəndə, üstəlik evdə danlanırdıq. Deyirdilər, yəqin sən nəsə etmisən ki, müəllim səni vurub, gərək birini də vuraydı. Mən çox nadinc uşaq olmuşam, evdə də, məktəbdə də döyülən vaxtlarım olub. Hətta bəzən nadinclik edəndə, valideynlərimin qorxusundan gecəni qohumlarımın evində keçirmişəm. Bir dəfə 6-cı sinifdə oxuyanda etdiyim bir səhv hərəkətə görə evə getməkdən ehtiyat etmişəm və qorxumdan gedib tövlədə yatmışam. 

 

- İşlərinizin çoxluğundan övladlarınızla zaman keçirə bilirsinizmi?

 

- Bacardığım qədər uşaqlarımla zaman keçirməyə çalışıram. Görürsən ki, dostlar, yoldaşlar mütəmadi olaraq işdən sonra yığılıb çay içirlər, söhbət edirlər, ancaq mən işdən artıq qalan zamanımı övladlarımla keçirməyə üstünlük verirəm. Gündəlik qrafikim əsasən iş və evdir. Çalışıram, şənbə-bazar günlərində uşaqları gəzməyə aparım, onlarla zaman keçirim. Artıq həftə sonları özləri plan cızırlar, filan yerə gedək. Onu da deyim ki, bu cür yanaşmanın nəticəsində Əli hələ dil açmamış, həftəsonunu bilirdi.  

 

- Övladlarınızı gələcəkdə necə görmək istəyirsiniz?

- Bəzən gələcək bizim istəklərimizə uyğun şəkildə olmur. Mən məktəb vaxtı fizika-riyaziyyatı çox yaxşı oxuyurdum, fizikadan olimpiadalarda iştirak edirdim. Ancaq qismət elə gətirdi ki, Dövlət İqtisad Universitetinə qəbul oldum, ən yaxşı oxuduğum fəndən belə imtahan verəsi olmadım. İqtisad Universitetini bitirmişəm, ancaq jurnalistika sahəsində çalışıram. İnsanın öz hədəflərini müəyyənləşdirməyi çox gözəldir, ancaq həyat təsadüflərlə zəngindir.  

Övladlarım hansı peşənin sahibi olmasından asılı olmayaraq, onlara yaxşı təhsil verməyə çalışacam. Daha çox mütaliə etmələrini, dünyagörüşlərinin geniş olmalarını istəyərəm. 

 

- Bəs gələcəkdə valideyn olaraq seçimlərinə müdaxilə edəcəksinizmi?

 

- Valideyn övladının yanında olmayanda, uşaq bir az könülsüz olur və hər hansı bir qərar verməkdə çətinlik çəkir. Elə bir dövr gəlib çatır ki, həyatı ilə bağlı önəmli qərar verməlidir və o an formalaşmamış uşağa  mütləq şəkildə istiqamət göstərmək lazımdır. Təhsil seçimində, ailə quranda belə valideynlərin fikirləri dinlənilməlidir. 

 

- İnsan sevmədiyi ixtisas üzrə təhsil aldıqdan sonra uğursuz bir karyeraya başlayır. Belə olduğu halda, sevdiyi ixtisasa yiyələnmək də onların haqqıdır. 

 

 

- Az əvvəl qeyd etdiyim kimi, hər uşağın öz xarakteri var. Əgər uşaq iddialıdırsa, qəti qərarlıdırsa, hədəfləri varsa, onun qarşısını almaq olmaz. 16-17 yaşında olan uşağın marağı ötəri olur. Ancaq müəyyən həddi-buluğa çatmış insanların həyata baxışı, düşüncə tərzi daha realdır. Ona görə valideynlər övladlarının daha prestijli işlərdə çalışmağını istəyirlər. Həyatda uşağın ayağa durmasında, özünü tapmasında valideynlərin rolu danılmazdır. Fikir vermisinizmi, atalı övladlar daha ürəkli olurlar. Bəzən görürük ki, insanın 45-50 yaşı var, bu yaşda da atası yanında olanda ürəkli hərəkət edir. 

 

- Bəs siz atanızın dəstəyini üzərinizdə hiss edirsinizmi?

 

- Əlbəttə, mənim atam müəllim olub, bizi nizam-intizamla böyüdüb. Atam kəndimizdə azsaylı müəllimlərdən olub və övladlarının hamısını oxudub. O heç vaxt bizi oxumağa məcbur etməyib. Ətrafımızdakı insanları nümunə göstərərək deyirdi ki, bu şagirdim oxumadı, indi isə fəhləlik edir. Mən bununla fəhlə peşəsinin pis olduğunu demək istəmirəm. Elə fəhlə var ki, məclisdə çıxış edəndə təhsillilərdən daha yaxşı danışır. Cəmiyyətdə hər hansı bir ortamda gözəl nitqi, danışıq qabiliyyəti olan insan danışanda, düşünürsən ki, yəqin ki, o insan professordur. Ancaq sonradan məlum olur ki, bu insanın təhsili yox imiş. Atam həmişə deyirdi ki, "oxuyun, adam olun”. Valideynin dəstəyi olmasa, övladın həyatda uğur qazanması çox çətin olur. Deyərdim ki, bu, aksiomadır.

 

- Valideynlər daha çox övladlarının həkim, hüquqşünas, iqtisadçı olmasını istəyirlər. Ancaq valideyn uşağının cəmiyyətə yararlı elektrik, maşın ustası və bu kimi peşələrə yiyələnməsini arzulamır. Hər kəs hüquqşünas ola bilməz axı. 

 

- Cəmiyyətin aparıcı qüvvəsi peşə sahibləridir. Peşə təhsili mütləqdir. Cəmiyyətin inkişafında əsas rolu onlar oynayırlar. Sovet dövründə məktəbdə bir az zəif oxuyanları peşə məktəbinə yönləndirirdilər. Bu ənənə qırıldı. İndi Təhsil Nazirliyi bu yöndə işlər görür. Əksər universitetlərdə menecment, biznesin idarə edilməsi kimi ixtisaslar var. Bu ixtisası bitirən tələbələrin çoxu öz sahələrində çalışmırlar. Çox yaxşı oxusalar da, bu sahəyə tələbat yoxdur. Bu gün bizim ölkədə, elə "Azərsu”nun özündə də peşəkar mexaniklərə, energetiklərə, mühəndislərə ehtiyac daha çoxdur, nəinki hüquqşünas və ya iqtisadçılara.  

 

- Siz kənd mühitində böyümüsünüz, uşaqlarınız isə şəhərdə böyüyür. Bu iki mühit arasında fərq çoxmu böyükdür?

 

- Uşaq torpağın üstündə oynamalı, yayda göldə çimməli, öz uşaqlığını keçirməlidir. Kənd mühitində böyümüş uşaqlar möhkəm, sağlam, həyatda daha mübariz olurlar. Tələbə vaxtında belə görürdüm ki, ən fəal uşaqlar kənddə böyüyən uşaqlardır. Sonra onların həyatda tapdıqları yeri də gördüm ki, kənd uşaqları şəhər uşaqlarından bir addım öndə oldu. Sanki onların mübarizə əzmi daha çoxdur.  

 

- Hansı övladınız sizə daha çox bənzəyir?

 

- Bu yaxınlarda alimlərin bir araşdırmasını oxudum, orada qeyd olunur ki, oğlan uşaqlarının 50 faizi ana babalarına oxşayırlar. Elmi cəhətdən nə dərəcədə düzgündür, deyə bilmərəm, amma tanıdıqlarımı müqayisə edəndə görürəm ki, həqiqət payı böyükdür. Hər iki uşaqda mənə bənzəyən xarakteri görürəm, anam deyir, balacanın xarakterində mənə oxşarlıq böyükdən çoxdur. Uşaq vaxtı kimsə məni etmədiyim bir şeyə görə günahlandıranda, oturub ağlayırdım. Yalanı qəbul etmirdim. Görürəm ki, böyük oğlumda da elədir. 

 

- Deyirlər ki, indiki dövrdə qızlardan daha çox, oğlan uşaqlarına nəzarət lazımdır. Siz necə düşünürsünüz?

 

- Bəli, xüsusən şəhər mühitində böyüyən oğlan uşaqlarına nəzarət daha çox lazımdır. Kənd yerində heç bir qorxu yoxdur. Çünki çevrə qohum- əqrəba, qonşulardan ibarətdir. Bu gün isə uşaqların kimlərlə dostluq etdiyinə, nə işlərlə məşğul olduğuna nəzarət etmək vacibdir. Çünki uşaqlar onlara qadağan olunanların arxasınca getməyə meyillidirlər. Oğlan uşaqlarını daha çox idman və dərslərlə yükləmək lazımdır ki, sapmalar olmasın.

 

- Bəzən ailələrin övladlarını həddindən artıq yüklədiyinin şahidi oluruq. Uşaqların gündəlik qrafiki o qədər çox olur ki, uşaq öz uşaqlığını belə yaşaya bilmir... 

 

- Elə ailələr var ki, həftənin 7 günü övladına dərs oxutdurur. Uşaq da istirahət etməlidir. Biz özümüz həddi-buluğa çatmış insanlarıq, iki günlük istirahət bizə bəs etmir. Ancaq biz bütün fənləri dəqiq bilməyə çalışır və istəyirik ki, övladlarımız da belə böyüsün. Az qala Mozambikin paytaxtına qədər əzbərlətməyə çalışırıq. Uşaqları bu qədər yükləmək olmaz. Bəli, riyaziyyat, fizika, kimya, biologiya çox önəmli fənlərdir. Ancaq elə fənlər var ki, onu yüngül şəkildə keçmək olar. Hər zamanın öz tələbi var. Yəqin ki, bu dövrün tələbi də budur. 

 

- Nədənsə valideynlər istəmirlər ki, övladları onların sənətlərinin davamçısı olsunlar. Hər zaman çalışdıqları peşənin çox çətin olduğunu vurğulayırlar. Siz necə düşünürsünüz?

 

- Çünki onlar digər sahələrin əziyyətindən xəbərsizdirlər. Düşünürlər ki, onların çalışdığı iş çətindir. Məsələ elə deyil, hər bir iş çətindir. İndi hesab edirsiniz ki, ən asan iş mətbuat katibinin işidir, ancaq inanın ki, ən çətin iş elə bizim işimizdir. Əvvəllər həkim uşağının həkim, müəllim uşağının müəllim olmasına çalışırdı. İndi isə uşaqlar nisbətən müstəqil seçim gücünə malikdirlər. İqtisad Universitetini bitirən biri kimi, hansısa bankda işləyə bilərdim, ancaq bu qədər tanınmazdım. Hər şey qismətdən asılıdır. Qismətdə nə yazılıbsa, o da olacaq.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi