Modern.az

26 fevral tarixi “Türk soyqırımının anım günü” kimi təsis edilsin

26 fevral tarixi “Türk soyqırımının anım günü” kimi təsis edilsin

25 Fevral 2012, 12:58

Əli Məsimli

Milli Məclisin deputatı


Ana və uşaq qatilləri - Xocalı soyqırımının  ideoloqları, təşkilatçıları və icraçıları cəzasız qalmamalıdır


«XX əsrdə ilk genosidi törədən ermənilər olub»
L. Odise Liyetze(rus generalı)

20 il bundan öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi və bilavasitə iştirakı ilə 7000 nəfər əhalisi olan Xocalı şəhərini işğal etmiş, azərbaycanlılara qarşı soyqırım törətmişdir. Bu faciə  bəşəriyyət tarixinin ən dəhşətli hadisələrdən biridir. Bu qətlam nəticəsində:

- 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi;

- 487 nəfər yaralandı;

- 8 ailə bütövlükdə məhv edildi;

- 25 azyaşlı uşaq hər iki valideynini, 130 uşaq validəynlərindən birini itirdi;

- 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi;

- 1000 nəfərdən çox şəhər sakini əlil oldu;

- 1275 nəfər əsir və girov götürüldü;

- Şəhər sakinlərindən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum deyil.

Bu soyqırım nəticəsində  dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu.

Yalnız  türk-azərbaycanlı olduğuna görə, dinc əhalinin vəhşicəsinə kütləvi qırğını həm Azərbaycan xalqına, həm də bütün insanlığa qarşı ən ağır bəşəri cinayətlərdən olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar, Əlcəzair kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Soyqrımın şahidləri olan Xocalı sakinlərinin acı xatirələri, bu cinayəti törədən şəxslərin açıqlamaları ilə tanış olarkən bu Azərbaycan şəhərində baş verənlərin düşünülməsi, xəyallarda belə canlandırıla bilinməsi mümkün olmayan, insanı sarsıdan  müdhiş bir faciə olduğu ortaya çıxarır. Ana və uşaq qatilləri- Xocalı soyqırımının  ideoloqları, təşkilatçıları və icraçıları cəzasız qalmamalıdır

Xocalı şahidlərinin acı xatirələri:

Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması:

"Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə "silos" quyusuna töküb, üzərini torpaqladılar. ...ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular...

...Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndində gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq".

İ. Əliyev Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayır:

"Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".

Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışır:

"Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər".
O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib:

"Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər.

Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi".

O. Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş verən qətliamlara Ermənistan prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.

Xocalı soyqımına dair erməni etirafları:

Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı – şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Daha bir erməni müəllif, hazirda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır:

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim...
...Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

Ermənilər mütəfəkkirlərin gözü ilə:     

Pis millət yoxdur. Hər bir millətin bəşər sivilisasiyasında özünəməxsus yeri var. Amma Xocalı soyqımına qair erməni etirafları tarixi faktların XX əsrin sonlarına olan davamı kimi, açıq-aşkar göstərir ki, sadəcə ermənilər içərisində başqa millətin inam və səmimiyyətindən sui istifadə edərək, sans düşən kimi ona arxadan zərbə vurmağı özünə sığışdıran,“qalibin yanında başkəsən” rolunu oynayan, dinc əhaliyə qarşı inanılmaz vəhşiliklər törətmək, zülm etmək dərəcəsinə enən, ana və uşaq qatili olmağı qəhrəmanlıq sayan insanabənzər yırtıcılar var.Yəqin ki, mütəfəkkirlər və ermənilərin törətdilləri vəhşiliklərin şahidləri ermənilər dedikdə, bütövlükdə erməni xalqını yox, öz vəhşilikləri ilə xalqının adına ləkə vuran, utanc gətirən məhz həmin insanabənzər yırtıcıları nəzərdə tuturlar.

Arif Odər: ”Bu xalq həmişə kiminsə qoltuğu altına girib tülkü kimi sökməklə məşğul olub”.

Kerzon (Britaniyalı lord): ”Mənə elə gəlir ki,siz erməniləri səkkiz yaşında təmiz və məsum bir qız kimi zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız. Halbuki ermənilər özlərinin son vəhşı davranışları ilə nə qədər qan tökən bir toplum olduqlarını qeyd-şərtsiz isbat etmişlər”(1918-ci il).

L.Odise Liyetze (rus generalı): “XX əsrdə ilk genosidi törədən ermənilər olub. 1915-ci ilin 11-12 mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər cə baltalarla ucdantutma qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını dərin xəndəklərə atırdılar. Hər xəndəyə təxminən 80 nəfər müsəlmanın nəşi tullanırdı. Mənim adyutantım 200 belə xəndək saymış və cinayətlərin üstünü açmışlar”.

Qryaznov (polkovnik-leytenant): “Ermənilər öz vəhşıliklərini ört-basdır etmək üçün dərin quyular qazır və köməksiz insanları heyvan kimi doğrayaraq həmin quyulara atırdılar... Qətllər üçün məsuliyyət daşıyan erməni bir yerə 80 nəfər müsəlman toplayır  sonra yenidən bir-bir onların başı kəsilirdi. Bu görünməmiş bir vəhşilik idi”. (1915-ci il).

Xocalı soyqırımı beynəlxalq cinayət kimi

Xocalı soyqırımı aktı xarekter və miqyasına görə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi  ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəlməklə, insanlığa qarşı cinayət – genosid kimi tövsif oluna bilər.  Bildiyimiz kimi, artıq məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir.  Bizim vəzifəmiz həmin konvensiyaya və beynəlxalq hüququn muvafiq norma və prinsiplərinə istinad edərək Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin soyqırım kimi tanınmasına nail olmaqdır.

Xocalı soyqırımının  ideoloqları, təşkilatçıları və icraçıları

Ermənistan Respublikasının indiki prezidenti S.Sərkisyan və sabiq prezidenti R.Köçəryan bu qətliamın əsas ideoloqlarındandırlar. Bu da Ermənistan dövlətinin Azərbaycan torpaqları hesabına yaradılmış, qurama bir dövlət olmaqla yanaşı, onun siyasi rejiminin insanlıq əleyhinə olan prinsiplər üzərində qurulduğunu bütün çılpaqlığı ilə ortaya qoyur. Çünkü bu gün bu dövləti idarə edən şəxslər uşaq və ana qatilləridir və bununla zaman-zaman fəxr edirlər. Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri, bu gün işğalçı ölkənin müdafiə naziri olan Seyran Ohanyan, Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik etmişlər. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində fəal iştirak etmiş alayın hərbi qulluqçularının, habelə digər şəxslərin bir qisminin adları bu gün Azərbaycan tərəfinə məlumdur. Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Xankəndindən çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi erməni hərbi birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir. Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Ana və uşaq qatilləri- Xocalı soyqırımının  ideoloqları, təşkilatçıları və icraçıları cəzasız qalmamalıdır.

«Xocalı soyqırımı günü»

Azərbaycan Respublikasının Milli Məclisi hər il fevral ayinin 26-nı «Xocali soyqırımı günü» elan etmişdir. Hər il fevral ayinin 26-da saat 17.00-da Azerbaycan xalqı bir dəqiqəlik sükutla Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Xocalı soyqırımını beynəlxalq aləmdə tanınması və ona müvaffiq münasibətin bildirilməsi istiqamətində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bir sıra işlər görülmüşdür. Cari ilin fevral ayının 24-də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar xüsusi iclas kecirən  Azərbaycan Respublikasının Milli Məclisi,  Xocalıda baş verən soyqırımla bağlı qərar qəbul etmiş, 20-il öncə baş verən qətliamı dinc əhaliyə qarşı hərbi cinayət hadisəsi kimi qiymətləndirmişdir. Bundan əlavə görülən işlər sırasında,  Xocalı soyqırımı ilə bağlı bəyanatın, Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa Birliyinə, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə ünvanlanmış torpaqlarımızın işğal edilməsi və xalqımıza qarşı həyata keçirilmiş soyqırım aktının tanınması haqqında  müraciətlərin qəbul edilməsini qeyd etmək olar.  Həmin müraciətlərdə Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsi, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarları və yekun sənədləri, Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi əsasında Dağlıq Qarabağ problemini həlli sürətləndirilməsi başlıca tələb kimi qoyulur.

Xocalı soyqırımının beynalxalq aləmdə tanıdılmasına yönəldilmiş işlərin  ilk nəticələri 

Bu günə kimi  beynəlxalq aləmdə Xocalı soyqırımın tanıdılması istiqamətində görülmüş işlərin nəticəsi olaraq: 

- ABŞ-ın Massaçusets ştatının məclisi tərəfindən Xocalı soyqırımını rəsmən tanıması barədə qərarın;

- 2012-ci il fevral ayının 2-də Meksika Senatının Xocalı soyqırımının tanınması haqqındakı qərarın;

- 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamənin;

- Almaniya Bundestaqınınn Petisiya daimi komitəsində Xocalı qətliamı ilə bağlı sənədin qəbuluna nail olunmuşdur.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Xocalı soyqırımını kəskin pisləyən yazılı bəyanat yayılıb. Bəyanatda Xocalı soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biri, bəşəriyyət tarixində törədilmiş ən qeyri-insani və kütləvi xarakterli terror aktlarından biri kimi qiymətləndirilir, Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırıma hüqüqi və siyasi qiymət verilməyə cağırılır.

Qarşıda duran vəzifələr

Xocalı  soqırımının 20 ili tamam olduğu bu hüznlü günlərdə hər bir azərbaycanlı kimi, mən də erməni faşizminin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edilməsi mərasimlərində iştirak edirəm. Fevraın 22-də Xocalı soyqırımına həsr olunmuş bir sıra tədbirlərdə iştirak etdim. Azərbaycan Rspublikası Milli Məclisi fevralın 24-də keçiridiyi plenar iclasının Xocalı soyqırımına həsr etdi və çox zəruri bir sənəd qəbul etdi. Qatıldığım tədbirlər içərisində mənə ən çox təsir gostərən uşaqların çəkdiyi “rəsmlərin dili ilə Xocalıya uşaqların gözü ilə” baxmağım oldu. Uşaqlar çəkdikləri rəsmlərin dili ilə Xocalı harayını dünyaya bizlərdən daha güclü çatdırır.

Son 20 il ərzində Xocalı soyqırımını dünyaya daha geniş miqyasda tanıtmaq və onun ən dəhşətli soyqırımlarından biri kimi tanınmasına nail olmaqdan ötrü  görülən işləri qeyd etməklə, bu istiqamətdə daha böyük hədəflərə çatmaq baxımından aşağıdakı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini zəruri hesab edirik:

- Ermənistan dövləti ilə aparılan danışıqlarda bu dövlətin Xocalı soyqırımını tanıması, Azərbaycan xalqından üzr istəməsi və təzminatın ödənilməsi şərtinin irəli sürülməsi (necə ki, Ermənistan Türkiyə Cumhuriyyətinə qarşı belə bir tələb irəli sürür);

- 26 fevral tarixinin “türk soyqırımının anım günü” kimi təsis edilməsi (24 aprelə cavab olaraq);

- Xocalı soyqırımının miqyaslarına uyğun abidələr kompleksin yaradılması, rəsmi protokollara salınaraq ölkəmizə gələn rəsmi qonaqlar tərəfindən ziyarət edilməsi;

- Xocalı soyqırımının dünyaya tanıdılmasında  Türkiyə Cümhuriyyəti  ilə birgə fəaliyyət planının hazırlanması və hərəkət dairəsinin genişləndirilməsi;

- Xocalı soyqırımına dair arxiv materiallarının və onlar əsasında hazırlanmış sanballı əsərlərin xarici dillərə tərcüməsi və dünyaya yayılması;

- Xocalı soyqırımının dünyaya tanıdılmasında bu sahədə tədqiqat aparan əcnəbi mütəxəssislərin işlərinin dünyaya yayılmasında onlara real dəstəyin verilməsi məqsədilə “Azərbaycan həqiqətlərinin tanıtımı” Fondunun və ya “Azərbaycanlıların Soyqırımının Tanıdılması Fondu”nun yaradılması;

- AMEA-nın Tarix İnstitutu nəzdində “Soyqırım” laboratoriyasının yaradılması;

- Azərbaycanda Xocalı soyqırımına dair beynəlxalq konfransın keçirilməsi və onun sənədlərinin müxtəlif dillərə tərcümə olunaraq dünyaya yayılması;

- Xocalı soyqırımını törədənlərin Azərbaycanda məhkəməsinin (əvvəlcə qiqabi, sonr isə real) təşkili, beynəlxalq məhkəmələr qarşısında onların dünya ölkələrinə səyahətlərinin yasaqlanması və insanlıq əleyhinə cinayət törətmiş şəxs elan edilməsinə nail olunması;

- Dünyanın ən məşhur sənət adamlarının rejisorluğu, prodüserliyi və əsas rolları ifa etməklə Xocalı soyqırımına dair dünya ekranına çıxa biləcək möhtəşəm əks sədalı bir filmin yaradılması və dünyanın əsas ölkələrinin telekanal və kinoteatrlarında göstərilməsinə nail olunması;

- Xocalı soyqırımını törədənlərlə bağlı beynəlxalq tribunalın keçirilməsinə nail olunması;

- Bakıda SOYQIRIM MİZEYİNİN, regionlarda onun filiallarının yaradılması. Həmin muzeyin ziyarətinin turist gəzintiləri planlarına salınması;

- Xocalı soyqırımına dair  ermənilərin etiraflarının dünya dillərinə tərcümə edilməsi və yayılması;

Xocalı harayı musiqili kompozisiyanın yaradılması;

- Azərbaycanlılara qarşı soyqırımın dünyaya tanıdılmasında diasporanın fəaliyyətinə sistem xarakterinin verilməsi, Xocalı soyqırımına dair buklet, marka və s. bu kimi zəruri sənəd və materialların yayılma dairəsinin genişləndirilməsi, “Xocalı uşaqların gözü ilə” rəsmlərinin bütün dünyada nümayiş etdirilməsi.

Qeyd: Bu yazı hazırlanarkən Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına dair qəbul etdiyi sənədlərdən, Xocalı soyqırımına aid saytların materiallarından, arxiv sənədlərindən, ermənilər mütəfəkkirlərin gözü ilə kitabından və digər mənbələrdən istifadə edilmişdir. Həmin sənədlərin toplanması, işlənilməsi və ictimailəşdirilməsində və deməli bu yazının ortaya çıxmasında əməyi olan hər kəsə minnətdarlığımızı  bildiririk.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir