Modern.az

Azay Quliyev ATƏT və Britaniya Səfirliyinin nümayəndələri ilə görüşüb

Azay Quliyev ATƏT və Britaniya Səfirliyinin nümayəndələri ilə görüşüb

9 Sentyabr 2009, 19:38

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ATƏT-in Bakı Ofisinin nümayəndələri Monika Martinez, Harald Çiarlo və Britaniya Səfirliyinin Siyasi məsələlər üzrə ikinci katibi Katrin Klev ilə görüşüb.
Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə vətəndaş cəmiyyəti institutlarının inkişaf perspektivləri və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ölkə QHT-lərinə dəstəyi haqda ətraflı fikir mübadiləsi aparılıb.
A.Quliyev Şuranın QHT-lərə göstərdiyi məlumat, konsultativ, təşkilati-texniki və digər yardımlar haqqında məlumat verərək qeyd edib ki, bütün bu məsələlərlə bağlı təşkil edilən təlimlər mütəmadi olaraq davam etdirilir.
Qonaqlar ölkə QHT-lərinin maddi-texniki durumu ilə yanaşı, həm də QHT-lərin dövlət qeydiyyatı məsələləri ilə bağlı müəyyən dəqiqləşdirmələrin aparılmasının vacibliyini vurğulayıblar. Şura sədri bildirib ki, bu ilin mart ayından QHT-lərin qeydiyyatına növbəti sadələşdirmə prosedurları tətbiq edilib, Ədliyyə Nazirliyi tərəfindən tələb olunan sənədlərin sayı azaldılıb. Son illər QHT-lərin qeydiyyatında irəliləyişlərin olduğunu diqqətə çatdıran A.Quliyev bu sahədə bəzi çətinliklərin də mövcudluğunu qeyd edərək, onların aradan qaldırılmasına yardım etmək üçün Şuranın səylə çalışdığını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi