Modern.az

Tarixdə iz qoyanlar: Cazı Azərbaycana gətirən BƏSTƏKAR

Tarixdə iz qoyanlar: Cazı Azərbaycana gətirən BƏSTƏKAR

21 Oktyabr 2019, 11:07

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınır. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Ötən əsrdə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Ögey ana”, “Görüş”, “Bəxtiyar” filmləri müasir Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Hər dəfə bu filmləri seyr etdikcə, İsmayılın və Kamilin mahnıları, neftçi Bəxtiyarın ifa etdiyi “Zübeydə”, “Bakı”, “Üzüyümün qaşı firuzədəndir” və digər mahnılar uzun müddət yaddaşlarımızdan silinmir. Bəs “Möcüzələr adası” filmindəki şanlı Bakı neftçilərinin fədakar əməyini tərənnüm edən “Neftçi mahnısı”nı dinləyib sevməyən varmı? Bu mahnılar indi də yeni tərtibatda müasir Azərbaycan dinləyicisinə təqdim olunur, sevilir. Dərin ideya məzmunu, əlvanlığı və melodiya gözəlliyi ilə diqqəti cəlb edən bütün bu mahnıların müəllifi isəötən əsrdə Azərbaycan bəstəkarlar pleyadasının görkəmli nümayəndələrindən olmuş Tofiq Quliyevdir.

         
Tofiq Quliyev mahnı janrında yaratdığı şedevr əsərləri ilə sadəcə olaraq bu sahədəki ənənələri davam etdirməklə kifayətlənməyib, eyni zamanda musiqisevərlərin çox sevdikləri bu janrı öz qəlbinin hərarəti ilə zənginləşdirib, yeni axtarışlardan, musiqi boyalarından cəsarətlə istifadə edib. Buna görə də görkəmli bəstəkarın yaratdığı istənilən mahnı canlı obraz və əsl həyat lövhəsi kimi nəzərimizdə canlanır.

         
Uşaqlıq illərindən Tofiqin ilk xatırladığı piano idi. Onun ixtisasca mühəndis-iqtisadçı olan atası musiqini çox sevir, fortepianoda çalmağı bacarırdı. O, ailənin ilki olan oğlu Tofiqin də pianoçu olmasını arzu edirdi. Tofiqin üç qardaşı və iki bacısı həvəslə musiqi müəlliminin rəhbərliyi altında saatlarla məşğul olsalar da, gələcək bəstəkar itaətkar olmaqdan qəti şəkildə imtina edir. O, cansıxıcı qammalarla məşğul olmaq istəmir, bütün məhdudiyyətlərdən kənar yazıb-yaratmaq, improvizə etmək istəyirdi.

         
On yaşı olanda yeniyetmə Tofiq artıq özünün ilk mahnılarını bəstələməyə başlayır. 1931-ci ildə 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin “Uşaq və buz” şeirinə mahnı bəstələyir. Buna görə də məktəbi bitirdikdən sonra onun konservatoriyaya daxil olması gözlənilməz qarşılanmır. O eyni zamanda iki fakültədə - dirijorluq və fortepiano fakültələrində təhsil almağa başlayır.

         
Üçüncü kursa keçərkən Tofiq Moskvaya - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına oxumağa göndərilir. Lakin Tofiqin “itaətsizlik” göstərməsinə nədən olan uşaqlıq arzusu zaman-zaman qəlbində boy qaldırırdı. Tofiq  öz musiqisini bəstələməyə hər zaman cəhd edir, ancaq özünün yaradıcılıq məhsulunu dostlarının, tanışlarının mühakiməsinə vermirdi.

         
1939-cu ildə Moskvada təhsilini dayandıraraq, Bakıya dönən gənc musiqiçi Azərbaycanda Amerika zəncilərinin musiqisi hesab edilən caz təşkil etməklə yenidən öz dostlarını təəccübləndirir. Həmin illərdə bu, çox riskli bir iş idi, sadəcə “caz” sözünün özü çoxlarını təşvişə salırdı. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoydu. Onun rəhbəri Tofiq Quliyevin adı musiqi tariximizə Azərbaycan estrada və caz musiqisinin banisi kimi yazıldı.

         
Konservatoriyada təhsili başa vurmaq müharibədən sonraya qalır.

         
1941-ci ildə Hitler Almaniyası ilə müharibənin başlanması gələcək bəstəkarın yaradıcılıq planlarına öz düzəlişlərini edir. Tofiq kiçik orkestr təşkil edərək onunla cəbhə bölgələrini gəzib-dolanır, əsgərlər qarşısında çıxış edir. Məhz burada ilk dəfə bəstəkarın sərt və həyəcanlı “Yürüş mahnısı” səslənir. Burada ilk dəfə Tofiq hiss edir ki, onun musiqisi insanlar tərəfindən bəyənilir, qəlblərə hakim kəsilir.

         
Tofiq Quliyev Moskva Konservatoriyasında təhsini başa vurduqdan sonra həmin konservatoriyada dirijorluq üzrə aspiranturanı da bitirir.

         
Hələ Moskva Konservatoriyasında oxuyarkən dirijor-bəstəkar Tofiq Quliyevin adına o zamankı Sovetlər Birliyinin başkəndinin konsert afişalarında tez-tez rast gəlmək olardı. Onun adı görkəmli sovet ifaçılarının adı ilə birlikdə çəkilirdi. Tofiq bu konsertləri yüksək temperamentlə idarə etdiyi kimi, solistləri də pianoda məharətlə müşayiət edirdi.

         
1954-cü ildə T.Quliyev Bakıya qayıtdıqdan sonra müxtəlif musiqi janr və formalarına müraciət edir. O, “Azərbaycan süitası”, simfonik rəqslər, fortepiano üçün variasiyalar, prelüdlər, nəfəsli çalğı alətləri ansamblı üçün pyeslər, romanslar və s. yazır. Lakin ilk bəstəkarlıq təcrübəsindən onun yaradıcılığında həmişə mahnı janrı mühüm yer tutub.

         
1941-ci ildə ilk dəfə “Səbuhi” filminə musiqi bəstələmiş Tofiq Quliyev bütün yaradıcılığı boyu bu janra müraciət etmiş və 40-dan çox kinofilmin musiqisinin müəllifi olmuşdu. O, eyni zamanda onlarla operettanın da müəllifidir.

         
Lakin bəstəkar özünün çox sevdiyi mahnı janrınabütün yaradıcılığı boyu sadiq qalmış, bu sahədə məhsuldar fəaliyyət göstərmişdir. 200-dən artıq mahnı yazan Tofiq Quliyevin mahnılarında poetik obraz hər zaman ön planda olub.  O, publikanın mühakiməsinə verdiyi musiqilərində xalqımızın qədim və əbədiyaşar incəsənətini müasir dünyaya münasibət prizmasından keçirərək, ikisini bir arada birləşdirməyi bacarıb. Bəstəkar hər bir mahnısında melodik və ritmik xallarla dinləyicilərin qəlbini oxşayır. Bu mahnılar uydurma hisslərdən uzaq olub, cəlbedici və səmimidir.

         
1966-cı ildə məşhur fransız bəstəkarı, şair və müğənnisi Fransis Lemark Bakıda qastrolda olarkən Tofiq Quliyevlə görüşür. Qonağı evinə dəvət edən Tofiq Quliyev öz əsərlərindən melodiyaları ona ifa edir. Bu melodiyalar fransalı qonağın o qədər xoşuna gəlir ki, F.Lemarkhəmin melodiyalara fransız dilində mətn yazmaq və onları fransalı dinləyicilərə təqdim etmək üçün özü ilə Fransaya aparmaq qərarına gəlir. Beləcə Tofiq Quliyevin altı mahnısı Xəzərin sahillərindən Senanın sularına qədər uzaq bir səfərə yollanır. Yarım ildən sonra isə bu mahnılar ikinci həyat qazanaraq və bu dəfə artıq fransız dilində vallarda vətənə qayıdır.

         
İstedadlı bəstəkarın yaradıcılığında Azərbaycan xalq mahnı və melodiyalarını işləyib tərtib etmək və onları nota köçürmək işi də əhəmiyyətli yer tutur. Tofiq Quliyev bəstəkar Zakir Bağırovla birlikdə  ilk dəfə 1936-cı ildə  “Rast”, “Dügah”, “Segah zabil” muğamlarını məşhur tarzən Mirzə Mənsur Mənsurovun ifasında nota yazıb. Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyov o vaxt yazırdı: “Muğamların nota yazılması Azərbaycanın musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.

         
1990-cı ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib və ömrünün sonuna kimi bu vəzifədə çalışıb. Tofiq Quliyevin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi illərdə respublikanın musiqi sənətinininkişafında mühüm rol oynayan musiqi festivalları, Ümumittifaq və  respublika  müsabiqələri,  «Musiqi baharı», «Bakı payızı» festivalları keçirilirdi. Bu tədbirlərdə Tofiq Quliyev həmişə münsiflər heyətinin üzvü, sədri olub.

         
1998-ci ildə Tofiq Quliyev Azərbaycanın yüksək dərəcəli ordenlərindən biri - «İstiqlal ordeni» ilə təltif olunub. Səhhəti ilə əlaqədar xəstəxanada olan bəstəkara bu ordeni Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev şəxsən özü təqdim etmişdi.

         
İllər ötür,  zaman, dövran dəyişir, yeni zövqlər, yeni tələblər meydana çıxır. Lakin Tofiq Quliyevin böyük ilham və yaradıcılıq eşqi ilə bəstələdiyi, Azərbaycan xalqının ən gözəl hiss və arzularını tərənnüm edən mahnıları hafizələrdən silinmir, yaddaşlarda əbəd iməskən salır.  Bu ecazkar könül mahnıları ilə bərabər dahi bəstəkarda unudulmur, gözəl pianoçu, təkrarsız mahnıların müəllifi kimi daim xalqımızın qəlbində yaşayır.

           

 

 

Xatirə QƏDİROVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi