Modern.az

Nazir Prezidentin tapşırıqları ilə bağlı müşavirə keçirdi

Nazir Prezidentin tapşırıqları ilə bağlı müşavirə keçirdi

Aktual

21 Oktyabr 2019, 16:08

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev çıxış edərək müşavirədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirdiyini vurğulayıb.

 

O bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və köklü islahatlar nəticəsində bu dövrdə ÜDM 2,5%, qeyri-neft ÜDM-i 3,5% artıb:

“ÜDM-də qeyri-neft sektorunun payı 60,7% təşkil edib. Sənayedə 1,7%, qeyri-neft sənayesində 15,6%-lik məhsul istehsalının artımına nail olunub. Toxuculuq sənayesi 39,2%, kimya sənayesi 20,6%, tütün məmulatları istehsalı 78,5%, qida məhsulları istehsalı 15,1%, içki istehsalı 40,4%, ağac emalı və istehsalı 99%, mebel istehsalı 29,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2%, kənd təsərrüfatı 7,1%, rabitə xidmətləri 16,4% artıb. Tikinti sahəsində 5,6% azalma olub.

Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17%-ni təşkil edir. Bu göstəriciyə görə ölkəmiz dünyada doqquzuncu yerdə qərarlaşıb.

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10,1 mlrd. manat sərmayə yönəldilib ki, 6,3 mlrd. manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 mlrd. manatı qeyri-neft sənayesinə yatırılıb”.

 

Nazir qeyd edib ki, inflyasiya 2,6% təşkil edib, ərzaq məhsulları 3,5%, qeyri-ərzaq məhsulları 1,3%, xidmətlər 2,4% bahalaşıb:

“Əhalinin gəlirləri 6,7% artıb və inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.

2019-cu ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artaraq 25,3 mlrd. ABŞ dolları, xarici ticarət saldosu müsbət 4,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft ixracı 15,5% artmaqla 1,4 mlrd. ABŞ dollarına çatıb, sənaye məhsullarının ixracında 13,1%, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6% artıma nail olunub. Bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7% çoxdur. Xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4% artım müşahidə olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə çatıb. 2020-ci ildə qeyri-neft ixracının 20% artımı proqnozlaşdırılır”.

 

Şahin Mustafayev vurğulayıb ki, müşavirədə dövlət başçısı qarşıdakı dövr üçün mühüm və konkret vəzifələr müəyyənləşdirib:

“Belə ki, Prezident İlham Əliyev iqtisadi inkişafı şərtləndirən islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi hesabına yüksək iqtisadi artıma nail olunması, bu sahəyə daha çox xarici investisiyaların cəlb edilməsi, sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması və təhlilində əhatəliyin və dəqiqliyin təmin olunması, Sahibkarlığın İnkişafı Fondunun, bank sektorunun və investisiyaların qeyri-neft sektorunun inkişafında və məşğulluğun artırılmasında rolunun gücləndirilməsi, büdcə xərclərinin səmərəliliyi ilə bağlı əsaslı təhlillərin aparılması, şəffaflığın təmin edilməsi və s. istiqamətlərdə tapşırıqlar verib”.

 

Nazir qeyd edib ki, hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir:

“İndiyədək sənaye parklarına 5,7 mlrd. manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 mln. manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Bu ilin 9 ayında sənaye parklarında 564 mln. manatlıq məhsul istehsal edilib, bunun 233 mln. manatlıq hissəsi ixrac olunub.

Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili davam etdirilir. Artıq ölkə regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 mln. manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 mln. manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır. Bu ilin sonunadək bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim ediləcək. 2019-cu ildə sənayedə ikirəqəmli artıma nail olunması və növbəti illərdə də dinamik inkişafın təmin edilməsi üçün kompleks tədbirlər davam etdiriləcəkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?