Arxiv
26 Fervral 2012, 14:03 | İQTİSADİYYAT
Son tüfəng

Abbasəli Əhmədoğlu

Az öncə özlərini qara buluddan aşağıdakı qan dənizi üzərinə atmağa tələsən qar dənələri nəfəsdən düşmüşlərdi. O qorxunc bulud özü də ölüm tozuna dönmüşdü sankı, durğun və boz. Qar dənələri hərdən sallana sallana keçinənlər kimi düşürdülər göydən, çünkü daha tələsməyə can atan kimsə ya nəsə görünmürdü o buludlardan. Çox çox aşağılarda görünən yalnız bir qadın da belə heç elə cəld tərpənə bilmirdi.

Daha çıldırım ayaz idi. Günorta işığı idi sankı, yanlız göz qamaşmırdı. Heç yarım saat olmaz, ondan öncə bir duman bir külək idi gəl görəsən. Külək adamın gözlərini oyurdu. Səsdən qulaq tutulurdu. Bəlkə də eləcə olmalıymış. Bəlkə o amansız külək bir örtük kimi hər nəyi basdırıb susdurub unutdurmalı imiş.

Amma indi isə qar elə qalın, elə ağır idi, sankı yol  gedən yerimək yox kərdivar çəkməli idi. Hər addıma min nəfəs istəyirdi. Yalnız qadın bir əli böyründə, o birisi ilə də qucağına basmışdı balasını, düşmən qarşısında sınmayan, bayrağını zəfərlə dik tutan qoçaq bir əsgər kimi. Hər addımda dizinədək qara quylanıb çıxırdı. Ayağı qardan eşiyə çıxanda qan ilə buz qarışığından olan ayaqqabıları gözə çarpıb qaranlıq gecənin belə qara qayadan oyulmuş ürəyini param-parça edirdi. Əynindəki paltarları da ondan qalmırdı, hamısı arxa tərəfdən cır-cındıra dönmüş yarısından çoxu yanıb qana bələşmiş idi və qan qəndilləri paltarların ucundan asılı idi. Amma öndən qanlı palçıqlı olsalar da yanıb partaxlanmamışdılar.

 Qadın yürümürdü, daha doğrusu ardıca diz dərinliyində bir iz sökərək ağır-ağır sürünürdü və süründükcə tarixin ən gözəl ən başucaldan varağını təbiətin gümüş kitabı üzərində yazırdı, çünkü “Mən bu işi sona yetirməliyəm. Mən balamızı qurtarmalıyam” deyirdi özü özünə və hər addım başı böyründəki əlini götürüb ətəyinə sildikdən sonra çox diqqətlə  yonulmuş qələm barmaqları ucu ilə balasının üstünü basdırırdı. Ağzından çıxan buğlar bir zaman çoxlu ürəklərə ox olan qara kipriklərində buza dönüb sevgi dənizi olan ala gözlərini yaman qıcıqlandırırdı. Ardıca dönüb baxdı. Daha doğrusu heç qorxudan sən deyən boylanıb baxa bilmədi. Ancaq var-yoxunu əldən  qoyub qaçdığı, yer üzündən həmişəlik sildirilən kəndin daha görünə bilmədiyi üçün deyəsən bir az dincəldi.

Artıq o meşənin düz ortasına çatmışdı. Meşə elə qalın idi ki qışda belə kimsə onu ağacların arxasından görə bilməzdi. Hərdən meşədən gələn şaqqıltı səsləri onu ürküdürdü, amma gecənin bu çağında bu meşənin ortasında qarın ağırlığına dözə bilməyib qol-budağı sınan ağacların naləsi ona heç də yad gəlmirdi. Göy üzünə qaş-göz edən “gözəlliklər gölü”nə çatmışdı artıq. Bu adı gölə əri ilə birgə vermişdilər bir gün bu gölün yanında hündür qocaman çətrini açmış bir salxım söyüdün altında tapışarkən. İstər istəməz gözü o söyüdü seçdi. “ELə qışın bu şaxtasında da çox gözəl imiş, bir bura bax ilahi,” dedi. Söyüd başdan başa par-par parıldayan pambıq koması idi sankı, yalnız yerə yaxın gölə doğru əyilən böyrünün qaraltısı görünürdü, bir də o tayda sındıqdan sonra yerə sallanan yekə bir budağı.

Qızcığazlardan seçilməyən o su sonasının sevimli qap-qara şəvə gözlərindəki yaş da kipriklərindəki buzlara qarışdı. Dizləri sınmışdı sankı, dincəlmək istəyirdi orda. “Bəlkə bu yerlərə bir də gəlmədim,” mızıldandı özü özünə. Amma arxasından gələn bir uvultu onu diksindirdi. “Yox, heç bir an belə düşünmə. Onlar hamısı keçmişdə qaldı,” deyib qırqı kimi atıldı qarda kəsilmiş izin üzərinə. O təkcə qar üzərində izin kəsdiyini görürdü, heç ardıca çəkilən qırmızı noqtə-noqtə cizgini görmürdü. Bəlkə də görmək istəmirdi.

Hərdən meşədə sıraya düzülən qələmə ordusu göyə dayanırdı, ulduzları belə keçirdilər bu zalimin balaları. Həm gözəl, həm də qorxuducu. O yürüdükcə ayağı altından cayan qarın xarıltısı başqa səslər ilə qarışırdı sankı. “Ola bilməz. Axı kimsə bizi görmədi gizləndiyimiz yerdən çıxarkən, kim qalmışdı ki bizi görsün! Ayaqlarının səsi də mənimki kimi ağır deyil.” O sazaqda şaxtadan belə soyuq tər damcıları enli kürəklərinin düz ortasından incə belə doğru axdı. Gözünün qırağı ilə meşənin sağ-soldakı ağaclarını yoxladı. Artıq səslər çox yaxınlaşmışdı. Bir az öncədə sağ əlində bir cüt göz parıldayırdı. “Bir bu əksik idi, ilahi.” Sola doğru burulmaq istərkən solda da bir cüt göz parıldadı. Özünü bilməməzliyə vurdu. Axı kənd adamı çölün dilin yaxşı bilər. O getdikcə səslərin sayı çoxalırdı. Artıq sağında da solunda da sürü ilə parıldayan şimşək kimi gecəni yaran gözlər idi. “Deyəsən bizimki buracanıymış” dedi. Qucağındakı örtüyü qaldırıb balasının üzünə son kez olaraq baxmaq istədi. Soyuq uşağı yuxudan oyatmasın deyə yavaşcasına nənə toxuyan naxışlı yun şalı bir balaca qaldırdı, ancaq balasının hülü üzünə baxmaq istədi. “Maraqlıdır! Bəs niyə ağlamır. Niyə səs-küy salmır axı ... Bunda bir iş olmasın!” düşüncəyə daldı. Uşağı yoxladı. Nəfəsi kürə kimi isti, qəlbi quş kimi çırpınır, şəvə gözlər də gülümsəyərək kimi sevgi ilə ananın gözlərinə dikilmiş, sankı bir sözlər demək istərmiş kimi. Balaca anasını dəfələrlə gözlərinin giləsini sonunadək açılaraq görmüşdü, amma öz aramızdır bu açılmaqlara heç bənzəmirdi. O da bir qorxuya qapanıb qışqırmaq istədi ürəkdən, ancaq nə isə onu ovundurdu. O yalnız kiprik çalaraq şirin gözlərini anasına dikmişdi, “Qorxma ana! Oğlun burdadır,” deyirdi bəlkə də. Ana ürəklənərək şimşək gözlər ordusunun ortasında dayandı. Onlar da dayandılar.

“Mənə baxın ey! Sümsüklər! Nə deyirsiz bizdən əl çəkmirsiz?”

Qarşı tərəfdən heç bir inilti də çıxmadı.

“Olan çıxın cə...” sözünü uddu. “Vallah mən borcumu yerinə yetirməliyəm. Sizdən xahiş edirəm, çıxın gedin ey gözəl Tanrının gözəl yaratdıqları, qoyun biz də öz yolumuzu gedək ...” səsi ağlamağa bənzəyirdi.

Bu arada düz qanın izi ilə gələn bir cüt göz başqalarından daha çox parıldayırdı, qadına doğru yumularkən arxadan bir sürü göz onun üzərinə sıçradılar. Boğuşan qurdların səs-küyündən aslnların belə ödü partlayardı. Yazıq qadın bir an qaçmaq istədi, amma hara? Özünə çox güc veribən arxaya boylandı, nə görsə yaxşıdır? Gördü o biri qurdlar hamısı birini partaxlayır.

“Axı kim inana bilər ki, ilahi sənə özüm qurban olum, özü də min kərə, yox, milyon kərə. Təsaddığın olum. Demək mənim balamı qurtarmaq istəyirsən, hə? Bircə onu qurtar, canım sənin ala gözlərinə milyonlar kərə qurban! Axı o bu kənddən qurtulub qalan bircə qulundur sənin ...” yenə boğazı qovuşub səsi titrəyərək ağlamağa dönmüşdü. Amma bu dəfə daha özünü saxlaya bilmədi. Hönkürtü ilə ağlamağa başladı. Özünü tanıyandan bəri heç belə ağlamamışdı. Bəlkə də bir az sevincdən ola bilərdi. Bir az ovunarkən elə bil başqa səslər də qulağına dəydi. Axı öz gözləri ilə görməyən yazıqlar buna necə inansınlar. Qurdlar onu aralarına alıb tulalar kimi güzüldəyirdilər. “Bəs siz niyə ağlayırsız, Allahın heyvanları? Bəlkə siz də öz gözünüzlə gördünüz o kəndin başına gələnləri? Niyə ağlayırsınız? Kim nə biləcək bu kəndin adamına qurdların yığışıb ağlaşmasını ...?”

Bu arada o böyründəki əlini unudmuşdu. İsti qan daha bətər axmaqda idi. Balaca qanın istiliyini sol ayağında duymağa başladı. Artıq qoxusunu da almışdı. Bu qoxu ona tanış gəldi. Evləri gözü qarşısında canlandı bu anda. Kəndin aşağı başında kəndin ortasından axan qara su arxının düz yanında yerləşən dibi-bucağı bilinməyən yam-yaşıl ağaclı bir baxçanın ortalarında idi evləri. Bu ağacların çoxunu atası öz əli ilə əkmişdi. Əli yaşıl bir adam idi atası. Yerdən çöpü götürüb əksin, iki ildən sonra gəl onun meyvəsinə bax. Demək olar tanıdığı meyvə ağacların hamısından orda əkmişdi. Kənddə hamı onun yaşıl əlinə inanmışdı və o üzdən hamıya yardım edərdi, onun əlinin bərəkəti burdakı bağ-baxçaların hamısında iz salmışdı. Hər barmağından yeddi sənət yağır deyərdilər, amma uşaqlar kimi safürəkli və alçaqgöyül bir adam idi. Özü də böyük çayın o tayından gəlmişdi. Hələ bu taya köçməmişdən öncə onun ad-sanı dillərdə gəzirdi. Soyu kökü çayın bu tayından olan anasını da evləndikdən sonra evinə gətirib birlikdə qalırdılar. İki bacısını da bu taydan olan dayısı oğlanları almışdı. O tayda beş qardaş bir bacı olduğuna baxmayaraq anası bu tayı daha çox sevirdi. Axı onun ata-baba yurdu da təpənin quzeyində yerləşən böyük kənddə idi və o öz doğma-dolama qohumlarına arxayınlıqla tez-tez  gəl-ged edə bildiyi üçün burda yaşadığından daha çox razı qalırdı.

Evləri yerdən bir metr ucada çaylaq daşlarından tikilmiş bir səkinin üzərində idi. Böyük bir eyvana düz ortadan enli bir pilləkandan çıxılırdı. Hər beş pillənin o baş bu başında bir güldan qoyulmuşdu. Pilləkandan çıxmadan öncə uzun bir mev qəyəməsinin altından keçməli idi evə gələnlər. Hər fəsilə görə boyasını dəyişən bu dalanın tərkini girdə çanqıl daşlar döşəmişdi, bu üzdən orda addımlamağın da özünə məxsus ritmi və musiqisi vardı. Yayda burdan zümrüd kimi parlayan üzümlər sallanırdı. Başqa fəsillərdə isə ağızları dadlandıran yarpaq dolmaları dillərdə dastan olmuşdu. Eyvanın ağacdan yonulmuş yarım metr boyda nərdələrini dörd ağac dirək ayırırdı və nərdələrin başındakı güldanlar evin önündə çox kalssik bir gözəllik yaratmışdı. Bu saxsı güldanlar dirəklərdən asılanlardan daha iri idilər, amma onlar ağ çinidən idilər. Bu gözəllik hələ başlanqıc idi. Eyvan özü çox sərin və kölgə olurdu. Nənəsinin toxuduğu min-bir boyalı, min-bir naxışlı gilim ilə döşənmişdi eyvanları. Bir yanda günəş kimi parlayan kömür simavar, üstündə güllü çini çayniyi, düz qarşısında da bir qalın yun döşəkçə ilə iki qalın yastıq vardı üzərlərindəki maraqlı  əl işləri ilə. Bu əl işləri ilə bəzənmiş  yastıqlar və balışlar anasının gətirdiyi cehizlərdən idi. Nənəsi burda oturub balacanı heç vaxt parlayan günəşə yaxın qoymazdı. Eyvan evin güneyində idi və ordan böyük çayın o tayında başı qarlı dumanlı bir dağ görünürdü. Nənə ərə getdikdən sonra o dağın ətəyində yerləşən çox abad bir kənddə yaşamışdı bir daha bu taya köçmədən öncə. O üzdən nənənin gözü aşağıdakı min-bir yaşıllıqda olan meşənin mənzərəsindən süzülüb o tayda mib-bir mavi ilə çəhrayi qarışığında olan dağlara dikilərdi çox vaxt.

Bir yanda da daha bir-iki döşəkçə, neçə balış, və bir iri yastıq vardı onların yanında. Balacanın atası ilə anası da orda oturardılar, və o da atasının dirsəkləndiyi yastığın üzərindən bala pişik kimi dırmaşıb oynaşardı. Onların arxasındakı pəncərənin sağ əl divarından bir saz sol əlindən isə bir quş tüfəngi asılı olurdu. Günlərin bir günü çox uzaqlardan aşığı soruşa soruşa ağsaqqal bir kişi onlara qonaq  gəlmişdi. Gözlərindən mehribanlıq üzündən nur yağırdı. Bu aşığın xələt almamasını bilirdi, amma üzü kəsər kəsməz çox  dəyərli xələtləri bir bağlamanın içində aşığın qabağına qoyub demişdi:

“Oğul, mənim bir son-beşiyim var. Bu günlərdə ona toy tutacayıq. Qoy sənin xeyir duan onu xoşbəxt etsin, nə deyirsən? Deyirlər bu yaxınlarda bir kənd qalmayıb bu sazın üərkləri oxşayan səsi ilə sehirlənməsin. Hansı toy bu saz ilə yola salınıb o evdə heç vaxt dedi-qodu halla-mərəkə olmayıb. Sevgi çiləyir ürəklərə bu saz, sənin sözlərin ... . Qoy bizim də kənidimizdən bu meh yeli əsibən ürəklərimizə nur çiləsin. Nə deyirsən oğul?”

Aşıq xələtlərə bir göz altı baxmışdı, amma o qocanın ürəyini sındırmaq əlindən heç gələ bilməzdi, təri alnından süzə-süzə qızarıb bozarıb ancaq belə demişdi: “Əmi bu uzaqlıqda yolu sən necə özünə zəhmət verib gəlibsən, mən də başım üstdə gələrəm, nə demək? Bu mənim borcumdur.”

Bir gün balacanın anası eyvanın qabağını sulayıb süpürürdü. Ora çox gözəl görünürdü süpürüldükdən sonra, döşəmə girdə daşlar hərəsi bir boyada parıldayırdı. Amma biri parıldamırdı düz divarın dibində eyvanın altında. Balaca maraqlanıb daşa doğru sallanarkən təpəsi üstdə daşa çarpmışdı. Balaca öncə bir şey bilməmişdi, sonra anası ilə nənəsinin hay-küyündən özünə gələrkən alnından isti, qırmızı, və özəl qoxulu bir zadın axmasını duymuşdu. Anası əlini balacanın alnına basdıqda acışmasını da duymuşdu. Amma anasının “Ey vay! Balamı qan götürdü!” deyib ağlaşmasınacan ağlamamışdı.

Eyvandan bir az qabaqlıq həyətdən bir arx keçirdi. Arxın o biri əlində sıraya düzülən gilənar ağacları budaqlarını göz yaşı kimi dum-duru suya sallamışdı.  Yaqut kimi parıldayan gilənarlar suyun axışı ilə sərinləyib oynaşardılar. Ağaclar  içindən isə bülbüllər səs-səsə verib necə gözl melodilər yaradardılar. Balaca da eyvanda nənəsinin isti qucağında pişiklənərək şirin laylaları ilə mürgüləyərdi.

Artıq bir müddət idi balacanı eyvana qoymurdular. O bir gün  pəncərədən boylanıb həyətə baxmaq istərkən topul əlləri cama yapışıb qalmışdı. Beləliklə də o niyə eyvana çıxa bilmədiyini anlaya bilmişdi sankı. O yam-yaşıl baxçadan, bülbüllərdən, həyətdəki toyuq-cücədən heç xəbər yox idi artıq. “onlar da evlərindən çölə çıxa bilmir,” deyib düşünürdü balaca. Bir də camdan həyətə baxarkən gözləri qamaşırdı, hər yer ağ-ap-ağ parıldayırdı. “Qar” sözünü bir neçə dəfə bu günlər eşitmişdi evdəkilərin ağzından, amma nə olduğunu daha doğrusu düzgün başa düşə bilmirdi.

Neçə gün öncə həyətdə səs-küy olmuşdu. O camdan boylanıb ağ örtüyün üzərində qıp-qırmızı qanın sel kimi axmasını görmüşdü. Yekəpər qarnı taya kimi şişmiş qalın bığlı bir kişini görmüşdü əlindəki qanlı bıçağı ilə qan seli içində titrəyən davarın başı üstündə. Bu onun birinci ad günü qurbanı idi. Davarın kəlləsi qanın o yanından gözlərini yalvarırcasına balacaya dikmişdi, sankı ona bu qan seli üzərindən keçməməsini diləyirdi. Balaca qışqırıb ağlarkən anası qırqı kimi tənəbiyə girib onu isti qucağına basaraq nə gözəl mahnılar oxumuşdu o yanıqlı səsi ilə onu ovundurmaq üçün.

Balaca anasının qanının axmasını duyar duymaz bir qışqırıq saldı evlərdən iraq. Ananın üzündən bir sillə kimi gəldi onun qışqırığı. Uşağa baxarkən qanın axmasını gördü. Hələ təzə bu an idi ardıca qoyan qırmızı izi gördü.

“Ey vaaay! Yandıq! Bunu görən olsa nə olur olsun izimizi sürüb bizi tapar. Bir an da belə dözmək olmaz, yallah!” deyib qalxdı. Nəisə bir daha kəndə doğru baxdı. Bir də gözəlliklər gölünə baxdı. Heç kim və heç nə görmədikdən gölə bir az çox daldı.

“O söyüdün altında oturub saz çalırdı. Heç üzü də bilmiridi ömrümün ən unudulmaz havasını çalır. İlk dəfə göz-gözə gəldik orda ona vurulduğum an. O gölün qırqğında sözləşib sevişmişdik. O göldə çimib sulaşıb balıq tutardıq.”

Amma indi isə o göl buğlana buğlana kənddən gölə doğru axan qara su ilə qarışıb aşağıya doğru buğlana buğlana axmaqda idi, döyüşdən dönmüş yorğun bir əjdaha kimi. Çayın izi ilə kəndə doğru boylandı.

“Bəlkə gəlir, bəlkə mənə yetişə bildi, qoy bir az da dözüm,” deyib durduğu yerdə kəndə doğru sonalar kimi boyun uzatdı. Bir iki addım geriyə qayıtdı. İkircikli idi:  

“Qayıdımmı, qayıdmayım? Axı neyləyim mən yazıq? Neyləmək olar?”

Nənənin son sözünü anımsadı:

“Balam, gülüm, gözəl gəlinim, anam-bacım! Çıx get, Tanrıdan ötrü, çıx get, yubanma. Çatdır balamızı o taya. Çatdır onu qohumlarımızın əlinə. Mən bir addım daha ata bilmərəm. Mənimki buracanıydı balam. Qaç qurtar canını bu kafırların əlindən, amandır! Qoyma oğlumun namusu ləkələnsin, get, durma ...”

 “Axı, ana ...”

 “Bala səsimi çıxartma, qurbanın olum! Məni it eləmə bu son nəfəslərimdə. Görmədinmi həm xalqın namusunu ləkələdilər, həm də cəllad kimi şaqqaladılar o gözəlləri? Get başına dolanım, get ...qurbanın ... olum, get a...man...”

 Nənənin daha səsi çıxmamışdı orda. Nənə də o ağ örtüyün üstündəki qurbanlıq kimi titrəyib can verməkdə idi. Qarnı açılmışdı, ağzından qan axırdı köpüklənərək. Köksü xırıldayırdı son sözlərini deyərkən,və bir daha gəlinin əlini sıxa bilməmişdi əlində.

Az öncə onların düz dabanları dibinə düşən top gülləsindən kimsə qurtula bilməz idi. Bu ana-balanın qurtuluşunda başqa bir iş var imiş demək. O partlayışdan kim nə bilir neçə dəqiqə ya saat sonra özlərinə gələn bu üç qurbanlıq düşmənin son hədəfi imiş demək, çünki bu top gülləsinin açılan yerinə baxan general artıq vodka şişəsini qaldırmışdı havaya alayındakı başqa adamqıranlar ilə birlikdə. Çavuşlardan birinin əlində bir adam kəlləsi, neçəsinin də əlində neçə qadın alt paltarı gözə çarpırdı başdan başa yanmaqda olan kəndin göylərə qalxan alovlarında. Qalan əsgərlər isə sıraya düzülüb havaya doğru elə belə boluna-soluna atəş açmaqda idilər. Uzaqdan görən bilərdi “fişəng dövlətdəndir, balam! Vur getsin,” deyirdilər hamısı.

O partlayışdan çox sonralaracan ana-bala heç nəyi eşidə bilməmişdilər. Qulaqlarında çox cansıxıcı bir kuşultu qalmışdı. Amma o halda balacanın burnundan çox tanış olan bir qoxu heç çəkilmirdi. Bu qoxu onu çox uzaq keçmişlərə aparmışdı. Həm də çox çox uzaqlara.

Atasının boynunda kənddə dolanarkən məmə yeyəndən pəpə yeyənə hamı atasını salamlayıb balacanı qucaqlayıb öpərdilər. Evlərində hər gün qonaq olardı. Bir gün çayın o tayından qohumları gəlmişdi. Qonaqlardan bir gənc oğlan eyvandakı tüfəngi götürüb baxçadan qaçmaqda olan bir dovşanı vurmaq istərkən də balacanın qulaqları elə belə tutulub kuşuldamışdı. Elə onda da bu qoxu gəlib oturmuşdu burnunun içində. Gənc qonaq bir az sonra ağlayan balacanı ovutmaq üçün vurduğu dovşanı ona göstərirdi. Hər gün o baxçada gizlicə dolanan, balacanın gizli yoldaşı, dovşan daha tərpənmirdi. Böyründən də qanı süzürdü. Balacanın üzündəki iti baxışdan o gənc oğlanın az qala ödü partlayacaqdı.

 “Bu gurultu ilə bu pis qoxu bir yerdə gələndə adam nələr itirmir?!” deyib düşünmüşdü balaca.

 Elə o an anasının böyrü yadına düşdü. Balaca bir iş görməli idi. Başladı qışqırıqla ağlamağa. Ana özünə gəlib nənəni olduğu yerdə qoyub yollanmışdı. Yolçu yolunda gərək. Eyni halda həm öndə həm arxada nələr isə axtarırdı ananın gözü. Arxaya boylanıb öncə bir daha nənəni yoxlamaq istədi, amma bir az daha çox geriyə daldı. Əri evdən çıxarkən ona bir məktub verib demişdi: “Bunu nə olur olsun anam və oğlumuz ilə birgə o tayada qardaşlarıma çatdırmalısan. Mən sizi bir az qoruyacağam. Siz özünüzü çay qırağındakı qayığa çatdırıb oralarda gizlənin. Səs-küy yatdıqdan sonra mən özümü ora çatdırdım birlikdə o taya keçərik, yoxsa məni heç gözləmiyəcəksiz.”

 Qadın bir sözlər demək istədi, ancaq o heç vaxt ər sözünü iki etməzdi, indi də etmədi. Yalnız uzun-uzadı bir-birlərinə bir daha heç görüşməyəcək kimi baxdılar. İkisinin də gözləri yaşarmışdı. Əri quş tüfəngini götürüb fişəng qatarını çiynindən asdı. O çox kəskin nişançı idi. İstədiyi quşu seçib göydə uçaraq vurardı, amma hər halda əlindəki quş tüfəngi idi! O gözlərinin yaşını gizlədərək anası ilə yoldaşından ayrılıb kəndin yuxarı başında evlərini qorumağa çalışan igidlərə doğru yollandı. Arxadan anası ilə yoldaşının hönkürtü ilə ağlaşması onu bir az daha kəskinləşdirdi: “Hamı necə, biri də biz. Özünü kişi bilən özü də evini qorumalıdır, nəyin bahasına olur olsun,” deyib qartal kimi cumdu təpənin üstündə yerləşən qayalardan birinin arxasına.

 O vaxtdakı dövlət “milli təhlükəsizliyi” qorumaq bahanası ilə kəndlərdə hər nə tüfəng sursat vardı yığışdırmışdı. Milli təklükəsizliyin nə olduğunu yerli dinc kəndli hardan bilsin axı? Neçə gün ondan sonra biri birindən acı xəbərlər deyəsən bu sadə xalqı başa sala bilmişdi. O biri kəndlərin necə talan edilib yerli adamını qırmaq xəbərləri yaxındakı kəndlərdən qohumlara gəlib çatırdı, amma o gün təpənin quzeyindəki böyük kəndi top-tank güllələri yerlə bir edəndən sonra bu kəndin xalqının başı artıq qəbir daşına dəymişdi. Hər top gülləsi açıldıqda bu kəndin evləri göyə atılıb düşürdü. Tavandakı ağacların pərdilərin arasından sovrulan dındırqa qırıqları ilə toz-torpaq yalnız gözlərini yox, boğazlarını qovuşdururdu.

 Samanlığa tülkü girmişdi sankı. Qışqırıqlar göyə qalxırdı evlərdən. Hamı dəymişdi bir-birinə. Heç kim bilmirdi neyləsin. Hərə öz evində o-yan-bu-yana qaçırdı. Bu havada heç kim çölə çıxa bilməzdi. Çünki külək qapıların qabağını elə qalamışdı ki o qarı kürümək özü uzun bir iş idi. Qar elə yağırdı sankı son dəfəsidir, bir daha yağmayacaq. O üzdən lab ürəyini boşaldırdı. Bir anda kəndin ağsaqqalları aşıqgilin qapısın çalıb onu çölə çağırdılar.

 “Neyləməliyik oğul? Sən bizdən çox gəzibsən, bizdən də çox yaxşı bilərsən. Bir məsləhət ver,” dedilər aşığa. Pəncərə arxasından buğlanan camı tez-tez silərək nigaran gözlərlə qadınlar onlara baxırdılar.

 “Biz kəndi qoruyaq, qadınlarla uşaqlar da böyük çaya doğru qaçsınlar,” demişdi kəndin düz ortasındakı evlərdən biri bir top gülləsi ilə göyə sovruldu. Demək qaçmağa da heç fürsət qalmamışdı.

 O kənddə yalnız üç adamda tüfəng vardı. O da atıcılıq dəlisi olduqlarından olmuşdu. Təpə üstündəki qayaların arxasında üç nişançı yaman vuruşurdu. Atdıqları heç boşa getmirdi. “Oğul bilirsənmi hər güllə mənə nəçəyə baxıb? Gülləyə verdiyim pulun bir qəpiyində belə qarışıq yoxdur. Alın təri tökmüşəm hər qəpiyinə. Qoymaram biri də boşa gedə,” yoldaşlarına deyirdi aşıq.         Qalan kəndlilər isə əllərindəki bel, balta, nacaq, oraxça, və şənə ilə top-tank ordusunun qarşısında əl-yaxaya döyüşünü gözləyirdilər. Kəndlidə bunlardan başqa nə ola bilərdi ki? O yaratmağa çalışır yıxmağa yox. Əllərindəkilər də yaratmaq üçündür, yıxmaq üçün yox. Demə burda nəyi yaradırdılar, əlbəttə ki öz tarixlərinin ən şərəfli varağını.

 Döyüşçülərin boşa getməyən güllələrinə cavab olaraq qayaların birinin arxasına bir qumpara gülləsi düşdü. Nə yazıq ki ardıca iki yoldaşı da beləliklə susdu. Güllələr də sona çatırdı. Düşmən get-gedə yaxınlaşırdı. Beləliklə də sıra bel-balta savaşına çatırdı. Amma sonuncu tüfəngi susdurmaq gərəkirdi. Ağır bir top gülləsi sankı təpəni qaldırıb kəndlilərin başına çırpdı. Bu anda son tüfəng susmuşdu, amma o an maviyə çalar yaşıl bir işıq təpənin o əl bu əlini bürüyüb düz göyün üzünə qalxdı. Hər iki tərəfdə vuruşanlar indiyədək görüb eşitmədikləri bir işığa mat qalmışdılar. Sonra heç kəsin duymadığı maraqlı  bir ətir qoxusu dünyanı bürüdü. Qışın o qudurqan çağında bütün dünyanın gülü-çiçəyi, və meyvəsinin  ətri vardı orda. Bu mat edici qoxu ilə o maviyə çalar yaşıl işıq hamını çaşdırmışdı. Bu arada düşmən tərəfdən neçə əsgər silahları atıb qaçarkən general özü onlardan bir neçəsini güllələdi arxadan. Qalanları isə qəbirdən çıxmış ölülər kimi döndülər, amma bir-birləri ilə pıçıldaşırdılar.

 Kəndin aşağı tərəfindəki meşədə nənə, gəlin və balaca gizlənmişdilər. İgidləri gəlməyincə hara gedə bilərdilər. Amma gizləndikləri yerdən o işığı görüb o tayı heç görünməmiş ətri duydular. Ancaq bunlar görəni kimsə görə bilməmişdi. “Ana, gedin amandır, durmayın,” o işığın içindən bunlara yalvarırcasına mehriban gülüşü üzündə demişdi igidləri. Düşmən artıq kəndə dolmuşdu. Orda qalanlar yalnız qadınlar ilə uşaqlar idi. Güllə səsi ilə qışıqırıq, çığır-bağır, mal-heyvan, toyuq-cücə səsi, yanğı, tüstü kəndi bürümüşdü. Gözləri ilə gördüklərinə inana bilmirdilər kəndlilər. Heç bilmirdilər bu savaş nə üçündür, axı kimsənin suyunu kəsib toyuğuna daş atmamışdılar. Bir yandan da savaşan əsgərlərin neçəsi bir zaman bu kəndlilərin qonşusu olub onların duz-çörəyini yemişdi. Nənə özü uzaqdan general ilə bir neçəsini seçə bilmişdi kəndin alovları işığında.

“Vay sənin gözün çıxsın ... yaş itin balası ... nankor. Anasının əmcəyini kəsən mındar köpəyoğlu ... Kaş səni öz əlimlə qapımıza ac-lüt sığındığın gün boğardım. Mən külbaş nə bilərdim qoynumda ilan bəsləyirəm? Vay səni atası-anası bəlli olmayan mındar köpəyoğlu ... qapımızdakı nökər elə general olsa bundan artıq ola bilməz ... vay səni itdən süd əmən ...”

“Dur bala, dur yazıqsan, dur qaçaq buralardan,” deyərək döndü gəlinə. Gözlərinin yaşını gizlicə silərək sevimli sevimli gəlinin əlindən tutub arxasıca çayın qırağı ilə çəkməyə başladı.

“Burdan bir toyuq da canlı çıxmamalı. Axtarın hər dəlik-deşiyi. Qızlardan ən gözəllərini seçin, qalanlarını kefinizi sürdükdən sonra yandırın,” buyurdu genaral adamqıranlarına. Onlar tapşırığı yaxşıca yerinə yetirdilər. O arada əsgərlərdən biri o iki qadını uzaqdan seçib generala doğru yürüdü. General barmağı ilə meşəni göstərdi. Bu anda ondan “Atəş” buyuruğu partladı, ardıca da top gülləsi.

Səngərdən göyə bir an qalxıb sönən o işıq ilə sönmüşdü o qadının ümid çırağı, amma nəyin bahasına olursa olsun yerinə yetirməli idi ərinin əmanətini. Meşənin ortasından kənd görünməsə də o təpə görünürdü. Son kez olaraq təpənin başına doğru baxdı “Bir az dayan, glirəm əzizim,” deyib çaya doğru yollandı. Daha gücü qalmamışdı. Qanı donmuşdu. Qönçə dodaqları solmuşdu. Nəfəsində istilik yox idi. Ulduzlaracan boylanan qələmələr gahdan ayağı altda qalırdı. Gahdan gözəlliklər gölündən ölüm buğu qalxırdı tərk edilmiş qəbristanlıqlar kimi. Qucağındakı balasını daha duya bilmirdi. Bəlkə də bütün canını solqun gözlərinə toplamışdı. Gözü qarşıda yalnız bir qayıq axtarırdı. “Məgər bu ağır qardan sonra da qayıq tapmaq olar? Di gəl samanlıqda iynə axtar! Harda qalıb bu yiyəsiz?”

Bir az qabaqda bir cüt göz ona doğru parıldayırdı. İstər-istəməz o parıltıya doğru getdi. Yol azca yoquşlaşmış idi. Sürüşüb qaldı. Üzü quylu düşərkən balacanın qışqırığı onun üzünə şimşək kimi çaxdı. Bir az özünə gəldi. Sürünə-sürünə yoquşu dırmaşdı. O yandan aşağıya yuvarlanarq balasını heç əlindən salmadı. Başı bərk bir zada dəydi. Ömründə heç vaxt bu yaxınlıqdan bir belə ulduz görməmişdi. Ulduzlardan ən ulusu yaşıl işıqlı quyruğu ilə axdı. “Döz. Gəlirəm. Yalnız bir işim qalıb ...” dedi, amma heç nəyi anımsaya bilmədi bir an. Birdən üzündə istilik duydu. Bu onu bir az canlandırdı. Gözləri ancaq balacanı seçə bildi. Bir az daha canlandı. Az öncə başını çırpdığı yerə doğru baxdı. “Özüdür.” Qayığı tapmışdı. Üstündəki qarı qayığın örtüyünü çəkərək silib, balacanı içinə qoydu. Orda daha başqa örtük vardı. Balacanı doğru-düzgün basdırıb qarlara doğru döndü. Qayığı bağlayan kəndiri tapıb açdı. Arxadan çaya doğru itələməyə başladı. Qayıq qarda quylanmışdı. Ön tərəfdən qarı əlləri ilə kürüyüb bir az yol açdı. Eniş olduğuna görə qayıq azca yerindən tərpəndi, amma çaya gedib çatmadı. Ana qayığın arxasına süründü. Çiyni ilə ağırlığını saldı salalı qayığın üstünə, amma bu son düşməsi oldu. Elə düşdüyü yerdə donub qaldı. Canı sankı qulaqlarına yığışmışdı. Ərinin son olaraq saz çalıb oxuduğu mahnı kuşultu kimi bu qulağından o birinə fırlanırdı:

“Bəlkə bu yerlərə oyyyyyy bir də gəlməəəəəəədiiiim, duman salaaamat qaaaaaal dağ salamaaat qal, a dinim imanım, gəl qadan aaaalım, yeri yeri tərlaaaaanım ...”.  

Qurdlar qayığın başına fırlanırdılar. Bəlkə də qayığı itələməyin yolunu bilmirdilər. İstər yay olsun istər qış, gecələri ayın mənzərəsi bu çayın üzərində başqa bir mənzərə olur, yalnız görənlər bilər. Amma bu gecə buranın görüntüsü inanılmaz bir zad olmuşdu. Quru qəmişlərdən azca o əldə çayın qıyısında çox böyük bir qaya vardı. Qurdlardan biri o qayanın üzərində durub ciyəri çıxanadək çayın o tayına doğru ulayırdı, uladıqca da o biri qurdlar ulaşırdılar.

Çayın o tayındakı kəndlilər deyir: “Heç vaxt belə qurd ulaşması qulağımıza dəyməmişdi.” Sabahacan heç biri gözlərini belə yuma bilməmişdi. Sabah tezdən kəndlilər böyük çayın qırağına gəlib nə görsələr yaxşıdır?! Bir qayıq suyun düz ortasında olduğu yerdə dayanıb içindən heç görüb eşitmədikləri maviyə çalan yaşıl bir işıq qayığın içindən göyə fışqırırdı, və ordan dünyanın bütün gül-çiçək ilə meyvəsinin iyi hamını mat qoymuşdu.

Güney Azərbaycan, Xoy, 4 aprel 2011.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident İlham Əliyev Davosda "VTB Bank"ın prezidenti ilə görüşüb 20 Yanvar 2020, 23:35 Abşeron qadını keçmiş əri bıçaqlayıb 20 Yanvar 2020, 23:22 Ərdoğan Haftarla danışıqlardan imtina etdi - SƏBƏB   20 Yanvar 2020, 23:06 Hökumət tam tərkibdə istefaya getdi 20 Yanvar 2020, 22:47 İmişlidə 16 yaşlı nişanlı qız intihar etdi 20 Yanvar 2020, 22:36 Serbiyada Qanlı Yanvar faciəsinin 30-cu ildönümü anıldı - FOTO 20 Yanvar 2020, 22:20 Siyəzəndə zəlzələ oldu 20 Yanvar 2020, 22:19 Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar 20 Yanvar 2020, 22:09 Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər 20 Yanvar 2020, 21:53 Abşeronda mənzildən kişi meyiti tapıldı 20 Yanvar 2020, 21:37 Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşdü 20 Yanvar 2020, 21:20 İstiqlal salnaməsinin qəhrəmanlıq səhifəsi 20 Yanvar 2020, 21:11 Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR 20 Yanvar 2020, 20:50 Mingəçevir sakini odlu silahdan yaralandı 20 Yanvar 2020, 20:17 Rəşad Mahmudov seçicilərlə görüşdü: şəhid atasına baş çəkildi – FOTO 20 Yanvar 2020, 20:01 Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO 20 Yanvar 2020, 18:56 Hicran Hüseynova Sumqayıtda aztəminatlı ailələrlə görüşüb - FOTO 20 Yanvar 2020, 18:10 Oğurluq üstündə saxlanıldı - başqa cinayətlərinin üstü açıldı 20 Yanvar 2020, 18:01 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO 20 Yanvar 2020, 17:50 Ziyafət Əsgərov Lənkəranda şəhid ailələrinin problemləri ilə maraqlanıb - FOTO 20 Yanvar 2020, 17:40 İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03 Lavrovdan Liviya AÇIQLAMASI 20 Yanvar 2020, 15:55 Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO 20 Yanvar 2020, 15:48 Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2020, 15:40 Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır 20 Yanvar 2020, 15:32
SORĞU Yeni parlamentdə kimlər olsun?