Qəzənfər Həmidoğlu
I Pyotrun Həştərxandan çıxan gəmiləri 1722-ci ilin yayında Dərbəndə çatır və dənizdən Narın qalanı top atəşinə tutmağa başlayır.
Dərbənd hakimi - Səfəvi naibi İmamqulu (bu həmin zatdır ki, həmin il avqustun 23-də rusların piyadaları şəhərə daxil olanda, "Dərbəndnamə"də yazıldığına görə, qalanın açarlarını rus çarı Pyotr-Kəbirə şəxsən təqdim etmişdi) rəise-hasardan (qalabaşı) soruşur:
- Bəs bizim topumuz yoxdur ki, urusların gəmilərini kufənkun edək?
- Var, qalanın zirzəmisində yepyekə qədim bir top görmüşəm, Şah Abbas cənnətməkanın vaxtından qalıb.
Axtarıb anbardan pas atmış uzun top tapırlar.
Naib göstəriş verir:
- Qalanın bürcünə çıxarıb tuşlayın kafirlərə!
Elə də edirlər. Şəhərin qaymaqları da çıxır qalanın başına ki, topun hünərinə şahidi-tarix olsunlar. Naib əmr edir:
- Atəş!
Paslanmış-çürümüş top atarmı?! Hal-əlbət, atmaz! Mərmi topun içində partlayır və qala divarını uçurur...
Naməlum dərbəndli şair əhvalatı bu məşhur misralarla nəzmə çəkir:
Afərin olsun sizə, dərbəndlilər,
Bir top atıb aləmi tərpətdilər...