Modern.az

Ziyafət Əsgərov da parlamentdə hirsləndi: “Ə, sən kimsən…”

Ziyafət Əsgərov da parlamentdə hirsləndi: “Ə, sən kimsən…”

Aktual

22 Oktyabr 2019, 13:09

“Ümumiyyətlə özünü radikal müxalifət adlandıran şəxslərin 90-cı illərdən indiyə qədər xəyanət xronikasına baxanda adamı dəhşət bürüyür. Bu illər ərzində doğrudanmı həmin insanlarda bir qram olsun belə, inkişaf yoxdur. Onlarda nə dövlətçilik, nə mütaliə, nə də dünyagörüşü var. Bu illər ərzində sizlər nə işlə məşğul olmusunuz?”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O bildirib ki, Azərbaycan artıq kosmik dövlətdir:

“A kişi, Azərbaycan kosmik dövlətdir e... Ölkəmiz 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilib, Olimpiya səviyyəsində Avropa, İslam Həmrəylik Oyunlarını keçirib, çox böyük humanitar, siyasi tədbirlərə ev sahibliyi edib. Noyabrın 25- 26-da Azərbaycanda böyük beynəlxalq tədbir keçiriləcək. Vacib idimi ki, belə bir vəziyyətdə “28 may” metrostansiyasının yanında qarışıqlıq yaradasınız? Bu dövlətə, dövlətçiliyə nifrət haradan gəlir? Axı siz də Azərbaycan vətəndaşısınız. Mən başa düşürəm ki sizin sifariçiləriniz var. Amma siz Azərbaycan vətəndaşısız. Demək Azərbaycana nə qədər pisdirsə, onlara o qədər də yaxşıdır”.

Z. Əsgərov söyləyib ki, Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq:

“Onlar qəsdlə belə hərəkətlər edirlər ki, iğtişaşlar olsun, qarışıqlıq yaransın. Konstitusiyanın 49-cu maddəsinə istinad edirlər ki, bizim sərbəst toplaşmaq azadlığımız var. Mən də razıyam, hər bir azərbaycanlı konstitusiya hüquqlarından istifadə edə bilər. Amma şərtlər də var axı. Mən soruşuram, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, siz bunları bilmirsiniz? Əminəm ki, bilirsiniz. Deməli, bulanıq suda balıq tutmaq istəyirsiniz.
1992-ci ildə mülki və siyasi hüquqlar aktını Əbülfəz Elçibəy Helsinkidə imzalayıb. Həmin Aktda da sərbəst toplaşmaq haqqında bütün müddəalar yer alıb. Əli Kərimli, bu sənəd sizin “sevgi” bəslədiyiniz – sevgini dırnaq arasında deyirəm, çünki siz Azərbaycan xalqına xəyanət etdiyiniz kimi, ona da xəyanət etmisiniz – prezident imzalayıb. Sizin niyyətiniz təmizdirsə, metronun qarşısında niyə aksiya keçirmək istəyirsiniz? Ə, sən kimsən, hökumətin üzərinə gəlmək istəyirsən? Kimsən sən? Sənin toplaşmaq azadlığın var, mənim də istirahət etmək hüququm! Sən onsuz da hər şeyi itirmisən, Əli Kərimli, sənin heç olmasa gənclərə yazığın gəlsin!"

Z.Əsgərov Avropadan Bakıya ünvanlanmış bəyanatlara da cavab verib:

"Əvvəla bizimlə diktə ilə danışmayın. Siz gedib İspaniya, Belçika və digər ökələrdə baş verən biabırçıqlıqları araşdırın, sonra gəlib bizdən soruşarsınız. Kimin günahı varsa cəzasını alacaq, kimin günahı yoxdursa, sərbəst buraxılacaq.
Digər tərəfdən, biz Azərbaycan dövlətini, dövlətçiliyini, İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq!”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi