Modern.az

Yaddan çıxmış sənətkarlar - İşә gedәrkәn yolda ürәyi dayanan Əməkdar artist - FOTOLAR

Yaddan çıxmış sənətkarlar - İşә gedәrkәn yolda ürәyi dayanan Əməkdar artist - FOTOLAR

Reportaj

20 Mart 2020, 12:52

Onun üçün rolların böyük, kiçik, epizodik, yaxud müsbət və mənfi olmasının elə bir əhəmiyyəti yox idi. O, canlandırdığı obrazları mükəmməl və bitkin yaratmağa çalışırdı.  İstənilən rolun öhdəsindən məharətlə gəlib. Bu səbəbdən də onun səhnə obrazları həmişə yadda qalıb. Özünəməxsus səsi, danışıq tərzi tamaşaçıların yaddaşında silinməz izlər qoyub. Söhbət görkəmli aktrisa, Əməkdar artist Mirvari Novruzovadan gedir.

Hələ tələbəlik illərindən, teatra, filmə marağı olan gənc Mirvari Novruzova canlandırdığı bütün obrazlara fərqlilik gətirməyi bacarıb. O, gözәl rolları ilә bәrabәr mәlahәtli sәsi ilә dә yaddaşlarda qalıb. Mirvari Novruzova bir çox filmlərin dublyajında yaxından iştirak etmiş, ayrı-ayrı aktrisalrın oynadığı onlarla rolu səsləndirmişdi.


Modern.az
saytı bu dəfə “Yaddan çıxmış sənətkarlar” layihəsində Əməkdar artist Mirvari Novruzovanın həyat və yaradıcılığına toxunub.

Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. O, atasını 10 yaşındaykәn itirib. Atası rәhmәtә getdikdәn sonra evin mәişәt problemlәri Mirvari xanımın üzәrinә düşür. Aktrisa atasızlığın nә demәk olduğunu uşaq vaxtlarından yaşayıb.

Orta məktəbi bitirdikdən sonra teatra xüsusi sevgisi olan M.Novruzova Bakı Teatr Texnikumuna daxil olub. Texnikumda oxuduğu illərdə Azərbaycan Dövlət Dram Teatrında xarakaterik obrazlar canlandırıb.

1942-ci ildə təhsilini bitirən Mirvari Novruzova  Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərməyə davam edir. 1949-cu ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adını alıb.

İlk rolu "Eşq və intiqam” tamaşasında (S.S.Axundov) Qəmər obrazı olub. Eyni zamanda Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. obrazlara həyat verib.


Mirvari xanımın ilk nikahı uğursuz olub. Aktrisa ikinci dəfə həyatını Xalq artisti Әli Zeynalovla birləşdirib. Elә Әli Zeynalovun da ilk nikahda bәxti gәtirmәmişdi. Onlar ailə quranda hər ikisinin əvvəlki nikahdan 2 övladı vardı.
Bir neçə ildən sonra bu nikahdan da övlad dünyaya gəlir. Və beləliklə, sənətçi cütlük 5 övlad böyütməli olur.
Mirvari Novruzova Әli Zeynalov cütlüyü 40 il birgә ömür sürüblər.

Aktrisanın xöşbәxt hәyatına hәyat yoldaşı Əli Zeynalovun infarkt keçirmәsi mane olur. Әli Zeynalov 75 yaşında dünyasını dәyişir. Mirvari xanım uzun müddәt ərinin ölümü ilә barışa bilmir.

Mirvari xanım 69 yaşında işlədiyi teatrdan tәqaüdә çıxarılır. Həyat yoldaşının ölümündәn sonra sәhnәdәn dә ayrılması Mirvari xanıma ağır tәsir edir. Lakin çox keçmir Amaliya Pәnahova aktrisanı Bakı Bәlәdiyyә Teatrında işә dәvәt edir.

Əməkdar artist 1994-cü ildә teatra işә gedәrkәn yolda ürәyi tutur, xәstәxanaya çatdırılsa da, Mirvari xanımı xilas etmək olmur, martın 20-dә aktrisa gözlərini əbədilik yumur.


Mirvari Novruzova haqqında xatirələrini danışan Əməkdar artist Əhməd Salahov deyir ki, aktrisadan əvvəl onun həyat yoldaşı, görkəmli aktyor Əli Zeynalovla tanış olub.


Müsahibimizin sözlərinə görə, aktrisanın evi həmişə qonaqlı-qaralı olub:


““Sən həmişə mənimləsən” filmində çəkiliş zamanı Əli müəllim dedi ki, “elə mənin həyat yoldaşım da sənin kimi bu sahədədir, aktrisadır”. Sonralar bildim ki, söhbət Mirvari xanımdan gedir. Həyat elə gətirdi ki, Mirvari xanımla eyni teatrda- Bakı Bələdiyyə teatrında birgə işləməli olduq. Onu da deyim ki, biz onunla həm də qonşu idik, bəlkə də kollektivdə buna görə mənimlə çox yaxın idi. Hər dəfə işdən çıxanda evə bir yerə gəlirdik. Evlərində tez-tez qonaq olurdum. Mirvari xanımın çox yaxşı əl qabiliyyəti var idi. Xüsusilə plov, düşbərəni əla bişirərdi. Lakin onu da deyim ki, tək mən olmurdum onların evlərində. Kollektivin əksəriyyəti tez-tez Mirvari xanımın qonağı olurdu. Bəzən elə olurdu ki, evlərinin yanından ötürdük, bizi görən kimi tez süfrə hazırlayırdı, deyirdi ki, “cavan uşaqlarsınız gəlin, yemək yeməmiş buraxmaram”.

Mirvari xanım bir müddət xəstə oldu, lakin biz heç vaxt onun narazı halını görmədik. Xəstəliyinə, yaşının çoxluğuna rəğmən səhnədən bezmək bilmirdi. Çox sakit qadın idi, bəlkə də buna görə dərdini, ağrısını heç zaman eşitmədik. Mənimlə yol gedəndə bəzən danışdırmaq istəyirdim ki, nə problemi, ağrısı var. Amma yol boyu deməzdi ki, dərdi nədir. Hər dəfə soruşanda da “Ay Əhməd, nə olacaq e, xəstə zad deyiləm mən. Yaşlı qadınam da, halsızam, əsas siz gənclər yaxşı olun” deyərdi. Onun sevdiyi söhbətlər ancaq və ancaq teatr, iş idi. Hansısa rolu müzakirə etmək, keçmişi xatırlamaq onun üçün zövq idi. Baxmayaraq ki, digər yaşlı aktrisalar məşqlər çox olanda narazı qalır, teatra gəlmirdilər. Mirvari Novruzova isə o yaşda bir məşqi belə ötürmürdü. Hətta deyərdim ki, gənclərdən də enerjili və teatra maraqlı idi”.



Müsahibimiz deyir ki, Mirvari Novruzova daim gənclərə dəstək verirdi:


“Teatrda elə yaşlı aktyor və aktrisalar lar var idi ki, gəncləri sevməz, özlərinə yaxın buraxmazdılar. Bəziləri gənc nəslin üslubunu, bəziləri davranışını sevmirdi. Mirvari xanım isə heç vaxt gəncləri tənqid etməzdi. Əksinə, kimsə gənc kadrlara nəsə deyəndə, həmin adamı bir kənara çəkib tənbeh edirdi ki, “cavan uşaqdır, niyə üstünə gəlirsən, öyrənəcək də... Hər dövrün öz geyimi var, o da sənin kimi geyinə bilməz axı”.
Xalq artisti adı alan bəzi aktrisalar var idi ki, deyirdilər “bizə ayrıca qrim otağı ayrılsın, gənclərlə eyni otaqda hazırlaşa bilmərik”. Lakin Mirvari xanım bəzən əlində geyimi qrim otağınınn qarşısında növbədə durardı, qabağa keçməzdi ki, hamının haqqı eynidir”.


Əhməd Salahovun sözlərinə görə, Mirvari Novruzova təkliyi sevmirdi, istəyirdi ki, həmişə yanında kimsə olsun:



“Uzun səfərlərə çıxanda deyirdi ki, “kim gəlib mənim yanımda əyləşsə, ona hədiyyəm olacaq”. Cibində həmişə rəngli şüşə konfetlər gəzdirərdi. Səfərə çıxanda  uzun yolda darıxdığı üçün bizə deyirdi ki, “kim gəlib mənim yanımda söhbət etsə, ona konfet verəcəm”. Bəlkə də  təkliyi sevmədiyi üçün  hər zaman onların evinə gedəndə çoxlu qonaq-qaranın olduğunu görürdüm.

Dram Teatrından uzaqlaşdırılanda çox pis olmuşdu, ilk başda bunu heç cür qəbullana bilmirdi. 

Deyinməyi, gileylənməyi sevmədiyindən, işdən çıxarıldığına görə pis olduğunu dilə gətirmirdi. Lakin səssizliyindən, bəzən də özünə qapanmağından hiss edirdim ki, teatrdan çıxarıldığı üçün çox pis olub. Özünə sığışdıra bilmirdi illərlə əziyyət çəkdiyi yerindən uzaqlaşdırılıb.
Lakin zamanla yeni kollektivə alışdı. Bələdiyyə Teatrına onun kimi Dram Teatrından uzaqlaşdırılan aktrisa Məhluqə Sadıqova ilə birgə gəlmişdi. Elə ən yaxın da onunla idi, yəqin ki, küskünlüklərini ancaq bir-birlərinə deyə bilirdilər.Teatrın rəhbəri Amaliya Pənahova Mirvari xanımın “Xalq artisti” adı alması üçün müraciət etmişdi. Əgər bir az da yaşasaydı, o da “Xalq artisti” adını alacaqdı”.


Həmsöhbətimiz deyir ki, Mirvari Novruzova çox baxımlı qadın idi, yeni dövrün gəncləri kimi geyinirdi:


“Onu heç vaxt köhnə paltarda görmədik. Saçı, geyimi həmişə səliqəli olardı. Yaşlı qadın idi, pulu nəyə xərcləyəcəkdi ki? Ona görə əlinə pul gələn kimi tez gedib ən son çıxan parçadan paltar tikdirərdi. Onu da deyim ki, yaşı çox olsa da, yaşlı qadın kimi geyinmirdi. Makiyajı, geyimi demək olar ki, gənclərinki kimi idi, zövqlü, parlaq... Hərdən kollektivdəki digər yaşlı aktrisalar onunla zarafat edirdilər ki, “Mirvari, gəncləşmək istəyirsən deyəsən, bu uşaqları geridə qoyursan ha...”.



“Mirvari Novruzova səhnəmizə yeni ab-hava gətirmişdi...”. Bunu aktrisanı və onun həyat yoldaşını yaxından tanıyan Əməkdar jurnalist Flora Xəlilzadə deyib.


Onun sözlərinə görə, görkəmli rejissorlarla işləyən, müqtədir səhnə ustaları ilə tərəf-müqabil olan Mirvari Novruzova evdə də böyük, azman bir aktyorun özünəməxsus "kapriz"lərinə həssaslıqla yanaşır, ehtiram və məhəbbətlə qayğısına qalırdı:


“Xalq artisti Əli Zeynalovun həyat yoldaşı, Əməkdar artist Mirvari Novruzova səhnəmizə yeni ab-hava gətirmiş, yaratdığı obrazlarla bir məktəbə, nümunəyə çevrilmiş istedadlı aktrisa olub. Səhnədə də, həyatda da eyni səmimilikdə, təbiilikdə olan Mirvari xanımı hamı çox sevirdi - sənət dostları da, iş yoldaşları da, ailəsi də, tamaşaçılar da. Bəlkə də elə bu qarşılıqlı sevgi və hörmətdən doğan uğurlardır ki, hər iki sənətkarın yaradıcılığı da, şəxsi həyatı da qibtəedici məqamlarla zəngindir. Mirvari Novruzova libasına büründüyü surətin daxili aləmini özününküləşdirməyi məharətlə bacarırdı. Tamaşaçı aktrisanın təbii, canlı, şux oyunu qarşısında heyrətini, rəğbətini gizlədə bilmirdi. Xüsusilə də ziddiyyətli təbiətə malik, qəzəbli, məkrli obrazlar Mirvari Novruzovanın təqdimində çox inandırıcı alınırdı. Ən qəzəbli, kükrəyən qadın tipləri ilə yanaşı, Mirvari Novruzovanın can verdiyi obrazlar da var ki, öz mülayimliyi, mehribanlığı ilə yaddaşlardan silinmir. Bu mənada  unudulmaz aktrisamızın iştirakı ilə səhnə və ekran həyatı almış iki tamaşadan söhbət açmaq istəyirəm: bunlar "Solğun çiçəklər”dəki Gülnisə və "Pəncərədə işıq” televiziya tamaşasındakı ana obrazlarıdır. Mirvari Novruzovanın yaratdığı ögey ana- Gülnisə qəddar, əzazil, acgöz, tamahkar və hiyləgərdir. Bu cür sərt bir obrazın ifaçısı başqa bir surəti- "Pəncərədə işıq”da ananı elə həssas, qayğıkeş təqdim edib ki, bunları üz-üzə gətirəndə heyrətlənməyə bilmirsən”.


Flora Xəlilzadə deyir ki, Mirvari xanım hər tamaşada başqalaşmağı gözəl bacarırdı, obrazın onun üçün bir fərqi yox idi:



“Hələ kiçik yaşlarından səhnəyə böyük həvəs və marağı olan Mirvari Novruzova Teatr Texnikumunu bitirəndən taleyini Dövlət Akademik Dram Teatrına bağlamışdı. Teatrşünaslar da, elə həmkarları da onun barəsində danışanda həmişə bir fikri dönə-dönə vurğulayırlar ki, Mirvari Novruzova üçün ancaq və ancaq obraz var idi. Onun böyük və ya kiçik, epizodik, yaxud müsbət və mənfi olmasının elə bir əhəmiyyəti yox idi. O, can verdiyi səhnə tiplərini mükəmməl və bitkin yaratmağa çalışırdı. Mirvari xanımda həm sənət məsuliyyəti çox yüksək idi, həm də canında, qanında Allahın əsirgəmədiyi bir istedad yuva qurmuşdu. O, məhz bu təbii gücün sayəsində istənilən mürəkkəb rolu məharətlə oynayırdı. Bu səbəbdən də onun səhnə obrazları həmişə yadda qalırdı. Özünəməxsus jestləri ilə danışıq və gülüşləri ilə uzun müddət tamaşaçı gözlərindən çəkilmirdi. Ömrü boyu sənətkarlar arasında olan Mirvari Novruzova evdə də böyük, azman bir aktyorun nazını çəkir, onun qayğısına qalırdı. Həyat yoldaşı Əli Zeynalov söhbətlərinin birində etiraf etmişdi: "Mən xoşbəxtəm ki, sənətdə də, həyatda da qarşıma nəcib insanlar çıxdı. Tale məni Mirvari xanımla qoşalaşdırmasaydı, bəlkə də mən heç Əli Zeynalov olmazdım. Mənim bütün əziyyətlərimi, məişət qayğılarımı o çəkirdi. Səhnədəki əzəmətə fikir verməyin, məişətdə çox acizəm. Bu mənada xilaskarım xanımım olub. Halbuki, Mirvari də öz sənətinin aşiqi idi". Səmimi bir etirafdır! Onlar həqiqətən, həyatda da, səhnədə də nümunə idilər. İki ömür yolu bir səhnədə birləşmişdi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir