Modern.az

Soçi ANLAŞMASI: “Rusiya Türkiyənin narahatlığını anladı”

Soçi ANLAŞMASI: “Rusiya Türkiyənin narahatlığını anladı”

23 Oktyabr 2019, 13:27

Ötən gün Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Soçidə görüş keçirilib. Baş tutan görüşdə Suriya məsələsi geniş müzakirə olunub və tərəflər arasında memorandum imzalanıb. Memorandumda Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də hər iki ölkənin bu istiqamətdə birgə hərəkət etməsi əksini tapıb.

Maraqlıdır, imzalanan memorandumun ümumilikdə nə kimi faydaları var? Bu razılaşma kimin xeyrinədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Musa Qasımlı deyir ki, imzalanan sənəddə həm Suriya, həm də Türkiyə və Rusiyanın maraqları qorunur:

“Soçidə keçirilən görüş və onun nəticəsində imzalanan sənəd böyük əhəmiyyət daşıyır. Bu razılaşma ilə Suriya xalqının demək olar ki, bütün mənfəətləri mühafizə olunur. Sənəd bir daha göstərdi ki, Rusiya və Türkiyə Yaxın və Orta Şərq regionunda bir çox məsələlərin həllində bərabər hərəkət edir və bu da həm region, həm də tərəflərə böyük fayda verir. Hər şeydən əvvəl onu da demək lazımdır ki, “Barış Pınarı” hərəkatında Türkiyənin daxil olduğu ərazilərdə status-kvonun saxlanılması müsbət bir addım, terrorçuların ərazilərdən çıxarılması əsas uğurlardan biridir. Rusiya və Türkiyə bərabər olaraq regionda hərəkət edəcəklər, imzalanmış sənəd də Rusiya-Türkiyə əməkdaşlığı üçün böyük addım oldu”.

 

Politoloq İlqar Vəlizadə isə hesab edir ki, imzalanmış memorandum Türkiyə üzərində olan narazılıqlara son qoydu.

 

“Memorandumun imzalanması regionun təhlükəsizliyi üçün çox böyük addım oldu. Son həftələr ərzində Türkiyənin Suriyada əməliyyatlar həyata keçirməsi fonunda müxtəlif narazılıqlar var idi. Eyni zamanda, Astana formatı daxilində də narazılıq mövcud idi. Belə ki, Qərb ölkələri ilə bərabər hətta İranın bəzi rəsmiləri də bu məsələ üçün narahat idi ki, bu da Astana formatını sual altına qoyurdu. Demək olar ki, bu memorandum Astana formatını xilas elədi. Türkiyə özü bildirdi ki, əgər biz koordinasiyadan, bir-birimizlə regionda əlaqəli şəkildə fəaliyyətdən danışırıqsa, bu addımların özü Astana formatının əsasını təşkil edir. Rusiyanın da bu əməliyyatla bağlı müəyyən narahatlığı Türkiyəni regionda təkləyirdi. Belə ki, həm Qərb tərəfinin təzyiqi, həm də bu əməliyyatın Rusiya və İran tərəfindən qəbul edilməməsi Türkiyənin vəziyyətini ağırlaşdıdırdı. Bu da Türkiyənin keçirdiyi hərbi əməliyyatları sual altında qoyurdu. Bu danışıqlar onu göstərdi ki, Rusiya Türkiyənin narahatlığını anladı, tərəflər nəticə etibarilə ümumi razılığa gələ bildi. Aydın oldu ki, Türkiyənin məqsədi o deyil ki, qoşunlarını Suriyada yerləşdirsin. Burada məqsəd ondan ibarətdir ki, terrorçu qrupları Türkiyə və Suriya sərhədlərindən tamamilə uzaqlaşdırılsın”, - deyə politoloq bildirdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir