Modern.az

QHT sədri: “Təəssüf ki, zorakılıq halları respublikada epidemiya vəziyyətini alıb”

QHT sədri: “Təəssüf ki, zorakılıq halları respublikada epidemiya vəziyyətini alıb”

27 Fevral 2012, 11:27

«Mən çox sevinirəm ki, bu gün vətəndaş cəmiyyətinin qurulmasında dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının uğurlu əməkdaşlıq modeli var». Bunu «Qadın və Uşaqların Problemlərinin Araşdırılması» İctimai Birliyinin sədri Kəmalə Əliyeva Modern.az saytına açıqlamasında bildirib. Kəmalə Əliyeva söyləyib ki, hazırda bir çox dövlət və qeyri-hökumət qurumları ilə sıx əməkdaşlıq edirlər.
“Xüsusilə də, biz qadın və uşaqlarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edir, keçirdiyimiz maarifləndirici tədbirlərdə Komitənin resurslarından səmərəli istifadə edirik. «Qadın və Uşaq Problemlərinin Araşdırılması» İctimai Birliyi 2010–cu ildə rəsmi olaraq qeydiyyatdan keçib, ancaq biz daha əvvəlcədən fəaliyyət göstərirdik. Əsas məqsədlərimiz qadın və uşaqlarla bağlı müvafiq informasiya bazasını təşkil etmək, bu sahədə olan problemlərin həllini müvafiq dövlət qurumlari ilə əlaqəli sürətdə həyata keçirmək, dövlət siyasətinin ictimai səviyyədə dəstəklənməsini təmin etmək, müxtəlif yerli və beynəlxalq donorlarla birgə müxtəlif layihələr həyata keçirmək və bu sahənin inkişafına dəstək vermək, qaçqın və məcburi köçkün ailələrin, ailə başçısını itirmiş, şəhid ailələrin, uşaqların, xüsusilə də, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli istiqamətində çalışmaq, qadın və uşaqların hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, həmçinin, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərməkdir».

Onun sözlərinə görə, bu gün inkişaf etmiş ölkələrdə bu problemlə ciddi şəkildə mübarizə aparılır. Eləcə də, bizim ölkəmizdə istər dövlət siyasəti kimi, istərsə də sosial inistitutlar, vətəndaş cəmiyyəti səviyyəsində bu problemlə hərtərəfli məşğul olunur: «Zorakılıq halları respublika miqyasında epidemiya vəziyyətini alıb və bütövlükdə, bu, Azərbaycanın bütün regionlarında cəmiyyətin, ailənin, uşaq və qadınların fiziki, emosional,  sosial və maliyyə statusuna mənfi təsir göstərir. Bizim təşkilat xüsusilə, regionlarımızda aktual problemə çevrilmiş ailədaxili zorakılıqla bağlı müxtəlif formalarda maarifləndirici tədbirlər - təlimlər, görüşlər keçirir. İstər hər hansı layihə çərçivəsində, istərsə də gündəlik iş prosesimizdə qarşımızda duran ən əsas məsələlərdən biri də məhz zorakılıqla mübarizədir”.

İctimai birliyin sədri söyləyib ki, onlar tərəfindən qaçqın və məcburi köçkün uşaqların, eləcə də, valideyn himayəsindən məhrum olmuş, kimsəsiz uşaqların sosial problemlərinin həllinə yönəlmiş müxtəlif layihələr də həyata keçirirlər: «Biz bu layihələr çərçivəsində ölkəmizin demək olar ki, şimal zonasında yerləşən bütün rayonlarda olmuşuq, ictimai dinləmələr keçirmişik, həmin insanlar arasında maarifləndirici çap materialları paylamışıq, layihənin sonunda isə konkret təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim etmişik. Bununla yanaşı, bu qəbildən olan uşaqların istedadlarının üzə çıxarılması istiqamətində də işlər görmüşük. Ötən il biz Gürcüstanda qaçqın və məcburi köçkün uşaqların rəsm sərgisini də təşkil etmişdik. Bir sözlə, hesab edirəm ki, qadın və uşaq problemlərinə cəmiyyətimiz daima həssas və qayğı ilə yanaşmalıdır. Çünki, qadın bəşəriyyətin var olma səbəbidir, uşaq isə bəşəriyyətin gələcəyidir».




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı