Modern.az

“Klon”la məşhurlaşan Mərakeşdən REPORTAJ - Modern.az-ın əməkdaşı Afrikadan qayıdıb - FOTOLAR

“Klon”la məşhurlaşan Mərakeşdən REPORTAJ - Modern.az-ın əməkdaşı Afrikadan qayıdıb - FOTOLAR

24 Oktyabr 2019, 09:47

Bu ölkəyə getməzdən öncə tərəddüdlərim vardı. Oxuduqlarım və eşitdiklərim bu ölkənin o qədər də güvənli olmadığını deyirdi. Hələ ki yalnız səyahət edən bir xanımsınızsa, daha da “təhlükəli” imiş. Amma “100 eşitməkdənsə bir görmək yaxşıdır” düşüncəsi ilə tərəddüdlərimə son verib, “yolçu yolunda gərək” deyib yolu aldım əlimə. İstiqamətim Məğrib idi, başqa adla desəm, Mərakeş Krallığı, İslam dünyasının ən qərb ölkəsi... “Adama gəzmək qalır” deyib, 10 gün boyunca ölkəni qarış-qarış gəzdim və bu ölkənin təhlükəsizliyi ilə bağlı bütün söylənənlərin cəfəngiyyat olduğunu gördüm.

 

Mərakeşlilər Azərbaycanı tanımadı!

 

Bizdə Mərakeşi demək olar ki, tanımayan yoxdur. Yəqin ki, bunda illər öncənin “Klon” serialının da rolu var. Serialların bərkgedən vaxtlarında hər kəsi ekrana çəkmişdi Mərakeş küçələrində, bazarlarında gizli-gizli görüşən Hade və Lukasın sevgisi. Hətta illər keçsə də, bizdə çoxları Mərakeşi məhz “Klon”la tanıyır. Əsas odur ki, tanıyırıq. Əfsuslar olsun ki, bizim onların ölkəsi barədə məlumatlı olmağımızdan fərqli olaraq, mərakeşlilər demək olar ki, Azərbaycan adlı bir diyarın varlığından xəbərsizdirlər. 10 gün boyunca əsas işim hər qarşıma çıxan mərakeşliyə Azərbaycan, Bakı sözlərini öyrətmək oldu. Yalnız bir Mərakeşli ailə Azərbaycanı tanıdıqlarını, hətta Bakıya səyahətə hazırlaşdıqlarını dedilər, sevindiyimdən lap qol götürüb oynamağım gəldi ki, bizi bu uzaq Məğrib elində tanıyanlar var.

 

 

9 min küçəsi olan, xəritələrin işləmədiyi Fəs

 

Mərakeşlilərdən söz düşmüşkən, bu rəngli ölkənin insanlarının turistlərə münasibəti də çox fərqlidir. Bəziləri çox qonaqpərvər, yardımsevər, bəziləri isə turisti ancaq gəlir mənbəyi kimi görənlərdir. Bəli, turist üzərindən artıq pul qazanmağa çalışanlar hansı ölkədə yoxdur ki?! Elə bizim özümüzün də taksi sürücülərimizdən tutmuş restoranlarda turistlərə “qiymət oxuyan” xidmət sektoru nümayəndələrimiz də az deyil. Amma Mərakeşdə bu işin rəngi bir az fərqlidir. Xüsusən də Fəs şəhərində gərək ya yolu yaxşı tanıyasan, ya da öncədən bələdçi tutasan. Çünki birdən çaşıb birindən yol soruşsan, səni düzgün istiqamətləndirməyib, səhv yolda olduğuna inandırıb, müəyyən məbləğ qarşılığında bələdçilik təklif edirlər. Odur ki, ayıq-sayıq olmaqda fayda var. Nə bələdçiyə, nə də yol soruşmağa ehtiyacım yoxdur deyib özünə güvənənlərə isə bir xəbərim var: Fəs şəhəri o şəhərlərdəndir ki, telefondakı müxtəlif xəritə proqramlarının belə “əzbərini pozur”. Bir də ki, proqram neynəsin, bir qədim şəhər bölgəsi düşünün ki, xırda-xırda 9 min küçədən ibarətdir. Tam labirintdir. Damdar küçələri var, hətta o dərəcədə dar ki, 150 kilodan artıq çəkiniz olsa, həmin küçədən keçə bilməyəcək qədər dar. Fəsin qədim şəhər hissəsi dünyanın nəqliyyata qapalı olan ən böyük ərazisidir. Bəs yerli əhali, yüklərini necə daşıyır deyə düşünürsünüz? Bəli, bu dar küçələrdə əsas “nəqliyyat vasitəsi” atlar və eşşəklərdir.

 

Bütün yollar bazarlara aparır...

 

Qayıdaq söz soruşanlardan pul istəmək “adətinə”. Təkcə söz soruşanda yox, sənə nəsə versələr, bunun da qarşılığında pul istəyə bilərlər. Ən çox təəccübləndiyim bir səhnə yerli bərbərlərin yaşadığı kiçik bir kənddə başıma gəldi. Elə təzəcə kəndə qonaq gəlmişdik ki, uşaqlar bizi qarşıladı və biri əlindəki otu mənə uzatdı. “Xoşgəldin” hədiyyəsi kimi qəbul edib keçib getmək istəyirdim ki, azyaşlı məndən pul istədi. Həmin uşağa pul versəm də, ondan sonra başına gələn başmaqçı olar deyib, “əliuzunluq etməyi” tərgitdim və verilən heç nəyi götürməməyə çalışdım. Amma təbii ki, Mərakeşdə hər kəs sizdən pul istəyəcək deyə bir şey də yoxdur. Çox istiqanlı, qonaqpərvər, mehriban mərakeşlilər də tanıdım. Dediyim kimi, küçələri, evləri kimi insanları da rəngarəngdir Məarakeşin...

Mərakeşin bütün şəhərlərində bütün yollar bazarlara çıxarır. Hər şəhərin qədim hissəsi, Mədinə adlanan bölgəsi olur ki, həmin yerlərdə bazarlar qurulur. Bu bazarlarda nələr yoxdur nələr. Ağla gələ biləcək, hətta ağla gələ bilməyəcək hər şeyi bu bazarlarda tapmaq olar. Amma Mərakeş ilk növbədə dərinin, arqan yağının və xaş-xaşın vətənidir. Rəngbərəng, növbənöv dəri məmulatları olmadan Mərakeş bazarlarını təsəvvür etmək mümkün deyil. Keyfiyyətli dərilər hazırlasalar da, məhsulların modellərinin müasir görünüşü yoxdur. Əsas dəri mərkəzi isə Fəs şəhəridir. Burada böyük dabbaqxanalar var ki, dərini Orta əsrlərdən qalma üsullarla işləyirlər, boya qazanlarına atırlar, günün altında qurudurlar. Hətta pul müqabilində turistlərə də şərait yaradırlar ki, gəlib dərinin hazırlanma prosesini öz gözləri ilə görsünlər. Amma burada qoxular o qədər dözülməz olur ki, əlində nanə qoxulamayan turist görməzsiniz. 5 dəqiqə nanəsiz nəfəs ala bilmədiyimiz bir yerdə dəri emalçıları səhərdən-axşama kimi çalışırlar. Yəqin ki, həmin yer indiyədək gördüyüm ən ağır iş şəraiti olan bir yer kimi yaddaşımdan silinməyəcək.

Argan yağı da bazarlarda ən çox gördüklərimdən oldu. Özü də tək yağı yox, sabunu, kremi... Hətta bu yağı yeməklərə belə əlavə edirlər.

Xaş-xaş isə ən çox Mavi şəhər kimi tanınan Chefchaouendə yayılıb. Hətta o dərəcədə yayılıb ki, axşam vaxtı küçədə gəzəndə bizə də açıq-aşkar “mal” təklif edirdilər.

 

 

Dəvə karvanları ilə orta əsrlərə səyahət

 

Mərakeşdə tarixən ilk məskunlaşanlar bərbərlərdir. Hələ də adət-ənənələrini qoruyub saxlayan bərbərlər ölkənin səhra və çöllər hissəsində bu gün də yaşayırlar. Səhra turuna qatıldıqda bərbər kəndlərini də gəzmək mümkün olur. Amma bələdçisiz bu kəndlərə girməyə icazə vermirlər. Qadınların ailə vəziyyətini də o dəqiqə bilmək olur. Belə ki, qadınlar çiyinlərinə ağ şal və ya tül bağılayırlar. Əgər tül yalnız sağdan bağlanıbsa, deməli, evlidir, soldan bağlanıbsa, boşanıb. Hər iki çiynindən şal bağlanıbsa, əri ölüb. Heç bir şal bağlanmayıbsa, deməli, subaydır. Mərakeşdən yolunu salıb səhra turlarına qatılmaq və yerli bərbər kəndlərini, qəsəbələrini gəzmək mütləqdir. Səhra turlarında gün batımında dəvə karvanları səhraya doğru yol alır. Ucsuz-bucaqsız, səssiz-sakit Sahara səhrasında günəşi batırıb, ayın çıxmağını izləyərək karvanlarla gedirsən. Sanki düşürsən əsrlər öncəsinə, tərəqqinin, inkişafın olmadığı dövrlərə. Gecə də bərbərlər ocaq qalayıb, ətrafında dövrə vurub öz milli musiqiləri ilə qonaqlarının könlünü xoş edirlər. Gecəni çadırlarda gecələyirsən. Səhəri ağzında qumla, üst-başın qum içərisində açsan da, ucsuz-bucaqsız səhrada gecələməyin zövqü bir başqadır. Və günəş doğmağa başlayarkən yenidən dəvə karvanları ilə qayıdırsan geriyə, şəhərə... Sanki “zaman maşını” ilə Orta əsrlərdən düşürsən günümüzə...

 

 

Əsas içkisi! “Mərakeş viskisi”

 

Mərakeş yeməkləri ilə də məşhurdur. Əsas yeməkləri tajin və kuskusdur, bu yeməkləri yemədən dönmüsünüzsə, demək heç Mərakeşdə olmamısınız. Kuskusa bir növ plov da demək olar. Tajin isə adını bişirildiyi qabdan götürüb. Saxsı qablarda bişirilən ət yeməyidir. Toyuq və ya mal əti müxtəlif tətəvəzlərlə bişirilir. Ən çox sevdiyim limonlu və zeytunlu toyuq tajini oldu. Mərakeşin çayı da bir başqa aləmdir. Nanəli şirin çay. Adına da zarafatla “Mərakeş viskisi” deyirlər. Bir əmması var ki, stəkanları balaca olur, üstəlik çayı stəkanın ortasından süzürlər. Dibində 1-2 qurtumluq ola, ya olmaya. Hanı bizim böyük çay stəkanlarımız və “dodaq yeri” də qoymadığəmız çay süzmə adətimiz?!

 

Mərakeşdə hər şey 3 qat bahadır?

 

Gələk Mərakeşdə qiymətlərə, bizə nisbətən bahaçılıq olsa da, Avropa ilə müqayisədə qat-qat ucuzluqdur. Ən əsası da odur ki, heç yerdə ilk deyilən qiymətlə razılaşmaq lazım deyil. Ən azı 3 qat baha deyirlər və yaxşı qiymət salmaq bacarığı bu ölkədə çox köməyə gəlir.

Nəqliyyat cəhətdən taksilərin rəngi çox diqqətimi çəkdi. Hər şəhərin taksilərinin ayrıca rəngi var. Məsələn Fəsdə hər yerdə qırmızı taksilər, Chefchaoundə hər yerdə mavi taksilər şütüyür. Taksi sürücülərinin turistlərə yalandan “sayğac işləmir” deyib qiymət oxumaları da bir başqa problemdir. Amma bir çox şəhərlərində ictimai nəqliyyatdan da rahatlıqla istifadə etmək mümkündür. Bir ölkəni, insanlarını müşahidə etmək üçün bazarlarından və ictimai nəqliyyatından gözəl hara ola bilər ki? Odur ki, mən də ictimai nəqliyyatdan bol-bol istifadə etdim. Şəhərlərarası isə qatar və avtobus sistemləri gözəl qurulub. Səfər boyunca bilet qiymətləri 7-35 manat arasında dəyişən  7 şəhərində oldum. Hətta çox gözəl sürət qatarları var Mərakeşin. Amma burada da bir əmma var ki, biletləri online şəkildə almaq mümkün olmur. Biletləri təkcə vağzallardan, yerindəcə almaq olar. Online biletləri isə yalnız Mərakeş banklarına məxsus olan kartlarla almaq mümkündür.

 

 

Fransız dilini “tum kimi çırtlayan” ərəblər

 

Şimali Afrikanın ən turistik ölkələrindən olan Mərakeşin məşhurluğu bütün dünyanın dilindədir. Elə mən də 10 gün boyunca dünyanın dörd bir yanından turistlər gördüm. Mərakeşlilər ən çox fransız və ispan dillərində danışırlar. Hətta heç bir təhsili olmayan adi insanlar belə bu dillərdə təmiz danışırlar ki, lap qibtə elədim. Vaxtilə Fransa müstəmləkəsi olan bu torpaqlarda ərəb, bərbər və fransız izləri hökm sürür.

Mərakeş o qədər rəngli ölkədir ki, bir məqaləyə sığışdıqmaq günah olar. Ərəblərin yaşadıqları Kasbahları (qəsəbələr), rəngli və tarixi Mədinələri (qədim şəhər hissələri), Soukları (bazarlar) Mərakeşin şöhrətinə şöhrət qatıb. Məğrib ölkəsi ilə bu dəfə ümumi tanış olduq, növbəti yazıda isə ayrı-ayrı şəhərlərindən bəhs edəcəm.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir