Modern.az

Neftin qiyməti azalarsa... Azərbaycan büdcəsini gözləyən risk...

Neftin qiyməti azalarsa... Azərbaycan büdcəsini gözləyən risk...

Aktual

24 Oktyabr 2019, 14:08

Neftin qiymətlərinin dəyişkənliyi ortamüddətli dövrdə dövlət və icmal büdcələrinin gəlirlərinə təsir edəcək əsas amillərdəndir.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi zərfində bildirilib.

Sənəddə göstərilib ki, icmal büdcə gəlirlərinin 52,7 faizi neft gəlirləri hesbaına formalaşdığına görə, neft qiymətlərindəki mümkün azalma icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirinin artmasına təsir edəcək.


2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, icmal büdcə gəlirləri proqnoz göstəricilə müqayisədə 16,6 faiz azala bilər.

Bununla yanaşı, 2020-ci ildə neftin qiymətlərindəki mümkün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsirinin gözlənilmədiyi qeyd olunub. Belə ki, dövlət büdcəsinin əsas hissəsini  Dövlət Neft Fondunun transferti təşkil edir ki, bu məbləğ də  büdcə tərtibi zamanı xarici valyutada deyil,  manat ifadəsində müəyyən olunub.

“Büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları nəzərdə tutulan neftin bir barrelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6 faiz azala bilər ki, bu azalmanın da 1,3 faizi birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3 faizi isə neftin qiymətindəki azalmanın dolayı yolla  qeyri neft-qaz sektoruna təsirləri nəticəsində ola bilər”,-büdcə zərfində qeyd edilib.


Neftin qiymətlərinin enişi ortamüddətli dövrdə də davam edərsə, bunun dövlət büdcəsinin gəlirlərinə mənfi təsiri daha əhəmiyyətli ola bilər. Belə ki, büdcə qaydasına əsasən, xərclənə bilən neft gəlirlərinin yuxarı həddi, ölkənin xalis maliyyə aktivləri və icmal büdcənin proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən olunur ki, ortamüddətli dövrdə icmal büdcənin neftin gəlirlərinin azalması Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğini azaltmaqla, dövlət büdcəsinin neftin gəlirlərinə təsir edə bilər.

 

Regionda geosiyasi gərginliklərin artması, bir sıra əsas ticarət təfədaşlarına sanksiyaların tətbiqi büdcə gəlirlərinə təsir edə biləcək risklərdəndir. Belə ki, əsas ticarət tərəfdaşı ölkələrin iqtisadiyyatlarında aktivliyin azalması ölkənin qeyri-neft sektorunun inkişafına, o cümlədən qeyri-neft ixracına mənfi təsir göstərməklə bu sahədən olan büdcə daxilolmalarının azalmasına gətirib çıxara bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır