Modern.az

Məhkəmə islahatlarına mane olan “qara qüvvələr” həmin sədr və hakimlərdi…

Məhkəmə islahatlarına mane olan “qara qüvvələr” həmin sədr və hakimlərdi…

25 Oktyabr 2019, 10:54

Bu il aprel ayının 3-də Prezident İlham Əliyev ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə fərman imzaladı.
Fərmanın verilməsindən 6 ay keçməsinə baxmayaraq, idarəetmənin məhkəmə qolunda ciddi dəyişiklər nəzərə çarpmır. Ölkə başçısının məhkəmə islahatı ilə bağlı fərmanına kimlər mane olur?


Modern.az
saytı bu və digər suallara cavab tapmağa çalışıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyir ki, ölkə başçısının aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” ilə bağlı Fərman olduqca ciddi və lazımlı bir sənəddir:

“Biz bunu alqışlayırıq. Çünki insanlarda məhkəmə hakimiyyətinə  inam demək olar ki, tamamilə itib. Bunu beynəlxalq təşkilatlar da dəfələrlə öz hesabatlarında göstəriblər. Bu gün məhkəmə hakimiyyətinin tərkibində əgər 10-20 faiz qeyri-prosessual hərəkətlərə yol verən, korrupsiyaya qurşanmış, rüşvət alan hakimlər varsa, bu, ümumilikdə təbii ki, Azərbaycan məhkəməsinin imicinə təsir edir. Bunun nəticəsində sanki məhkəmədən haqq-ədalət gözləyən insanlarda məhkəmə hakimiyyətinə bir inamsızlıq yaranıb. İnsanlarda belə fikir formalaşıb ki, onsuz da hər hansı “dil tapa” bilən tərəf burada üstünlük əldə edəcək və s. Bütün bunların aradan qaldırılması üçün cənab Prezident çox mühüm bir fərman imzaladı. Fərmanda məhkəmə-hüququ sistemində bir çox islahatların aparılmasının zəruriliyi xüsusi vurğulanıb”.



Deputatın fikrincə, islahatlara mane olanlar məhkəmə hakimiyyətindən kənarlaşdırılmalı və yeni kadrlar təyin olunmalıdır:

“Cənab prezident qeyd etdi ki, savadlı gənc kadrlara üstünlük veriləcək. Hesab edirəm ki, hüquq sahəsində  olan təcrübəli kadrlarımız məhkəmə orqanlarına rəhbərlik etməklə məhkəmə hakimiyyətində yaranan problemlərin həllində dövlət başçısına dəstəkçi olacaqlar. Bu sahədə də kadr islahatı mütləq aparılmalıdır. Əks halda, məhkəmələrin gedəcəyinə əmin deyiləm. Aprelin 3-də fərman verilib. Bu günə kimi məhkəmələrdən narazılqlar gəlməkdə davam edir. İslahatlara mane olan, islahatçı olmaq istəməyən və insanlara problem yaradan, qanunsuz qərarlar qəbul edən hakimlər, məhkəmə sədrləri ilə vidalaşmağın vaxtıdır. Onlar bizim ümumi işimizə zərər vururlar. Arzu edirəm ki, bu sahədə də islahatlar aparılsın”.

Ç. Qənizadə daha çox hakimlərin fəaliyyətinə diqqət çəkərək bildirib ki, məhkəmə hakimiyyətində çoxsaylı kadr dəyişiklikləri olmalı və tələblər konkretləşdirilməlidir:


“Qanunsuz qərar və qətnamə çıxaran hakimlər ciddi cəzalanmalıdır. Məhkəmə sahəsində kadr islahatları, ciddi tələblər və məsuliyyətin yaranması halları konkret göstərilməlidir. Qanunsuz, ədalətsiz qərar və qətnamə çıxaran hakimlərin sayı çoxdur. Belə məhkəmə hakimləri cəzalanmalıdır ki, başqalarına da dərs olsun.

Azərbaycan məhkəmələrində ən çox mülki məsələlərlə bağlı ədalətsiz qərar çıxarılır. Mülki məsələlərdə isə qərarların sayı-hesabı bilinmir. Çox təəssüf ki, bunların da başında həmin məhkəmələrin rəhbərləri durur. Çünki hakimlər həmin rəhbərlərə məruzə etmədən qərar çıxarmırlar”.


“Konstitusiya” Araşadırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında ölkə başçısının imzaladığı fərmanda təxminən 40-a yaxın tədbirlər planının nəzərdə tutulduğunu qeyd edib:


“Həmin sənədə əsasən, 9-a qədər dövlət orqanına, Vəkillər Kollegiyasına, Sahibkarlar Konfederasiyasına tövsiyələr olunub. Bəzi görüləcək tədbirlərin müddəti də müəyyənləşdirilib. Amma əksəriyyəti dərhal həyata keçirilməli idi. Məsələn, məhkəmə haqqında müraciətlər üçün “qaynar xətt”in yaradılması ilə bağlı tapşırıq, eyni zamanda hakimlərin əməkhaqqının artırılması qərarı qəbul edildi. Mən hakimlərin əməkhaqqının bir dəfə deyil, bir neçə dəfə artırılmasının tərəfdarıyam. Hakimlərin maliyyə baxımından tam müstəqilliyinin təmin olunmasına çalışmaq lazımdır ki, onların bu cür asılılığı olmasın. Məsələn, hakimlərin əməkhaqqının 8-10 min manat civarında artırılması il ərzində büdcəyə cəmi 100 milyon manat əlavə xərc vəd edir. Amma bu addım tamam yeni bir situasiya yarada bilər. Yenə də hakimlərin əməkhaqqı 100 faiz artırılıb. Bu müsbət haldır”.



Fərmanda nəzərdə tutulan bəzi isllahatların həyata keçirilməsi üçün müddətin müəyyən edildiyini diqqətə çatdıran Ə. Nuriyev bunların da reallaşacağını düşünür:


“Məsələn, Mülki Prosessual Məcəllədə dəyişikliklər təhlil edilməli və təkliflər hazırlanmalı idi. Bildiyim qədərilə bir çox məsələlər üzrə işçi qruplar yaradılıb, təkliflər irəli sürüləcək. Hazırda təkliflərin müzakirəsi aparılır, bəziləri isə qanuna daxil edilib, dəyişikliklər müəyyən olunub.

Elektron məhkəmə sisteminin qurulması ilə bağlı da ciddi işlər həyata keçirilir. Müvafiq infrastrukturun yaradılması üçün böyük işlər görülür. Hazırda 110 məhkəmədən 69-da tam elektronlaşma başa çatıb. Burada bütün qərarların qəbul edilməsi, müraciətlərin daxil edilməsi və s. tam elektronlaşdırılıb. Həm vətəndaşlar, həm də hakimlərin müvafiq məhkəmə işləri barədə elektron məlumat ala bilirlər. digər məhkəmələrdə tam elektronlaşmanın tətbiqi üçünsə bir qədər vaxt lazımdır”.


Məhkəmə sahəsində təkliflərin hazırlanması ilə əlaqədar geniş ictimai müzakirələrin keçirildiyini xatırladan hüquqşünas Kommersiya Məhkləmələrinin yaradılması haqqında qərar qəbul edildiyini vurğulayıb. O diqqətə çatdırıb ki, yanvar ayının 1-dən bu məhkəmələr fəaliyyətə başlayacaq:


“Hakimlər üçün əlavə 200 ştat müəyyən edilmişdi. Həmin yerlərə də imtahanlar keçirilir.

İslahatlar çərçivəsində kadr dəyişikliyinin artırılması, xüsusilə məhkəmə sədrlərinin bəzilərinin dəyişdirilməsi zəruridir. Çünki, bir sıra məhkəmələrin sədrləri uzun müddətdir dəyişməyib. Ağır Cinayətlər Məhkəməsinin sədri uzun müddətdir, dəyişdirilməyib. Mən bilirəm ki, Məhkəmə-Hüquq Şurası bununla bağlı qiymətləndirmələr aparır. Bu istiqamətdə dəyişikliklərin şahidi olacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir