Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor
Azərbaycan dilinin lüğət tərkibi minillər ərzində formalaşıb və bugünkü günümüzə gəlib çatıbdır. Dilin lüğət tərkibi ilə yanaşı, həmin dildə yazan klassiklərin də dilinin lüğət tərkibi vardır. Lüğət tərkibindəki sözləri təhlil etmək, qruplaşdırmaq, leksik-semantik və qrammatik cəhətdən araşdırmaq mümkün, eləcə də təbii bir haldır. Ancaq lüğət tərkibindəki sözləri dildən çıxarmaq iddiasında olmaq həqiqətə söykənməyən iddiadan başqa bir şey deyildir. Qazi Bürhanəddinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin və eləcə də digərlərinin dilinin lüğət tərkibindəki sözləri dildən necə çıxarmaq olar? Bu müdaxiləni etmək səlahiyyəti heç kəsə verilmir. Hətta bizim hər birimiz klassik ədəbiyyatı oxuyan zaman mənasını başa düşmədiyimiz arxaik, ərəb, fars mənşəli sözlərlə qarşılaşanda onları dilin lüğət tərkibindən çıxarmaq əvəzinə mənalarını öyrənməyə diqqət ayırmalıyıq. Belə olmazsa, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digərləri ədəbiyyat tariximizdə öz ədəbi mövqelərini qoruya bilməzlər. Onların hər birinin müqəddəs ədəbi missiyaları içərisində həm də dövrün dilinin lüğət tərkibini qoruyub saxlaması dayanır. Elə alınma sözlər var ki, onlar hər hansı tarixi dövrün dilində işlənsə də, sonralar dilin lüğət tərkibindən təbii olaraq çıxır. Məsələn, Ə.Haqverdiyevin, M.Ə.Sabirin əsərlərində rast gəldiyimiz və o zamankı ədəbi dilimizdə özünə haqq qazanmış ərəb-fars sözlərinin, ifadələrinin bir qismi indi ədəbi dilimizdə işlənmir: dər həqiqət, zəbani hal, xah-naxah, bilaixtiyar, xülaseyi-kəlam, məlada, bərayi-ehtiyat, təşxis, rənç, mütəhəmmil, ruzşəb və s. Dilin özü təbii şəkildə sözlərə vətəndaşlıq hüququnu verib-verməməyi tənzimləyir. Yazıçıların, şairlərin istifadə etdikləri sözlərin dildə vətəndaşlıq hüququ qazanıb-qazanmamasına imkan yaradır. Məsələn, vaxtilə xalq dilindən, danışıq dilindən Səməd Vurğunun gətirdiyi sözlər indi hamı tərəfindən başa düşülür: şütümək, köyrək, nisgil, sambal, ilqar, quzey, güney, qəlbi, yığbal və s. Bu sözlərin indi hamı tərəfindən başa düşülməsinə birinci növbədə dilin özü tələbat və imkan yaradıbdır. Dilin tələbatı ilə gələn və istifadəsinə imkan yaradılan sözlər (dilin özünün imkan yaratdığı sözlər) barədə fikir birmənalı olmalıdır. Onları dilin lüğət tərkibinin halal mülkiyyəti kimi qəbul etmək lazımdır. Təbii ki, burada ərəb və fars mənşəli sözlər də bu qəbildəndir. Bu mənada məsələnin mahiyyətinə vaxtilə çox dəqiq və düzgün yanaşanlardan biri də Məmməd Cəfər Cəfərov olmuşdur. O, dilimizdəki ərəb və fars sözləri barədə “Azərbaycan ədəbi-bədii dilinin bəzi məsələləri haqqında” adlı 1952-ci ildə dilçilik məsələlərinə aid müşavirədə söylədiyi məruzədə deyirdi: “Bu sözləri (ərəb və fars sözləri – B.X.) nə üçün dilimizdən çıxarıb ataq? Onlar ərəb və ya fars mənşəli sözlər olduqlarına görəmi? Məlumdur ki, Azərbaycan dilindən də ərəb, fars və başqa dillərə bir çox sözlər keçmişdir. Onda gərək o xalqlar da bu sözləri öz dillərindən çıxarıb atsınlar?! Məsələn, Azərbaycan dilindən fars dilinə yalqız, yağı, yaylaq, yorğa, yataq, yavaş, yortmaq, yüzbaşı, qamçı, qurultay, qışlaq, topçu, top, tütün, ortaq, arxalıq və s. kimi bir çox sözlər keçmişdir. Məgər farslar bu sözləri öz dillərindən çıxarıb atmalıdırlarmı?” Məmməd Cəfər Cəfərov öz fikrini davam etdirərək dilin təmizliyi uğrunda mübarizə məsələsinə də aydınlıq gətirir, bunun bir şüar kimi başa düşülməməsini diqqətə çatdırırdı. O deyirdi: “Aydındır ki, əgər biz ümumiyyətlə, dilin təmizliyi uğrunda mübarizə şüarını belə başa düşsək, hər bir xalq gərək başqa dillərdən qəbul edib öz dilinin malı etmiş olduğu, dildə tam vətəndaşlıq hüququ qazanmış olan sözləri tamamilə çıxarıb atsın... Dilimizdə işlənən sükunət, zülmət, xəyal, kamal, şeiriyyət, idrak kimi sözləri çıxarıb atmağı təklif edən yoldaşlar bunları hansı sözlərlə əvəz etmək fikrindədirlər?” Görünür ki, bütün dövrlərdə dilin təmizliyi uğrunda mübarizəyə bir qisim adamlar (bəzən bir qisim mütəxəssislər də) düzgün mövqedən yanaşmamışlar. Tarixin bütün dövrlərində yanlış mövqedə olanların fikirləri özünə meydan ala bilibdir. Ancaq hər dəfə bu yanlış təsirin altına düşməyə həm dilin özü, həm də peşəkarların mövqeyi imkan verməyibdir. Bu mənada Məmməd Cəfər Cəfərovun vaxtilə söylədiyi fikri qeyd etmək yerinə düşər. O deyirdir: “Dili təmizləmək, sadələşdirmək onu yoxsullaşdırmaq demək deyildir. Dilimizdə ta qədimdən ayrılıq sözü də var, hicran sözü də. Bəziləri belə zənn edirlər ki, bu iki sözdən birini, məsələn, hicran sözünü çıxarıb atsaq dilimizi təmizləmiş olarıq. Dildə addımbaşı təsadüf etdiyimiz ulduz-səyyarə, ildırım-şimşək, çay-nəhr, külək-rüzgar, od-atəş, tək-tənha, qaranlıq-zülmət, gələcək-istiqbal, təmiz-pak, əyyam-epoxa, müəllim-pedaqoq kimi yüzlərcə sözlər də bu qəbildəndir. Bu hadisə, əlbəttə, dilimizin lüğət fondunun və xüsusən lüğət tərkibinin zənginliyini göstərir. Onları çıxarıb atmaq, dili təmizləmək deyil, dili yoxsullaşdırmaq, öldürmək demək olardı. İki gözün biri də kifayət edər – deyib, o birini çıxarmağa ehtiyac yoxdur!...” Bir sözlə, düzgün və dürüst mövqe həmişə Azərbaycan dilinin saflığını qorumaq işini düzgün istiqamətə yönəltmişdir. Nöqsanlı və qüsurlu fikirlərin bərkiməsinə, dərinləşməsinə imkan verməmişdir. Yenə də İlyas Əfəndiyevin sözləri yerinə düşür: “Biz dilimizi, onun saflığını, gözəlliyini qorumalıyıq. Onu məhəlliçiliklər, jarqonlar, süni ifadələr alağı basmasına yol verməməliyik. Biz eyni zamanda “arxaikdir”, “kənardan gəlmədir” – deyə artıq xalqın dilinə, ədəbi dilə çoxdan daxil olmuş söz və ifadələrdən də imtina edə bilmərik.”
Millətimizin tarixboyu yetişdirdiyi böyük şəxsiyyətləri böyük fikir sahibləri olmaqla öyrənirik. Böyük fikir, ideya sahibləri bütün dövrlərin sınağından çıxır və bütün dövrlərin tələblərinə cavab verir. Konkret olaraq şair və yazıçılardan söhbət gedirsə, onlar yazdıqları yüksək sənət əsərlərinə görə həm də Azərbaycan dilinə borcludurlar. Azərbaycan dili bütün dövrlərdə şair və yazıçıların bədii təfəkkür imkanlarını aça bilibdir. Belə olan təqdirdə Azərbaycan dilinin lüğət tərkibində vətəndaşlıq hüququ qazanmış sözlərə müdaxilə etmək, onları alınma olduqları üçün dildən çıxarmaq iddiasında olmaq ən azı dilin özü ilə oyun oynamaqdır. Şair və yazıçılar isə dillə oyun oynamayıb, ancaq onun imkanlarından gen-bol istifadə ediblər. Ona görə də şair və yazıçılara, o cümlədən klassiklərin yaradıcılığına dəyər, qiymət vermək dilin özünə verilən qiymətdir. Azərbaycan dilində yazan şair və yazıçılar, o cümlədən klassiklər doğma ana dilinin, həm də millətin təəssübkeşi olmuşlar. Onlar doğma ana dilinin və mənsub olduqları millətin ən həssas övladlarıdır. Məsələn, Məhəmməd Füzuli ərəb və fars dillərində divan yazsa da, həm də ən gözəl və mükəmməl əsərlərini doğma ana dilində yazmışdır. Bununla da o, milli həssaslığını və mənsub olduğu millətə sadiqliyini göstərmişdir. Məhəmməd Füzuli və bu qəbildən olan sənətkarlar dövrün dili olan ərəb, fars dillərində yazmaqla yanaşı, həm də Azərbaycan dilində yazmaqla bu dilin üstünlüklərini göstərməyə çalışmışlar. Məhəmməd Füzuli və bu qəbildən olan sənətkarlar fars dilində çoxlu şeir yazıldığını həm də ənənənin olduğunu bilirdilər. Ancaq Türk dilində (Azərbaycan dilində) şeir yazmaq ənənəsini yaratmağa ehtiyac hiss olunurdu. Bu ehtiyacın nə qədər çətin olub-olmamasından asılı olmayaraq yerinə yetirilməsi milli hissə, milli kimliyə sahiblik tələb edirdi. Odur ki, Məhəmməd Füzuli və bu qəbildən olan klassiklər ərəb və farsdilli oxuculara sərt, tikan kimi görünən türk dilində (Azərbaycan dilində) şeir yazmaqla öz doğma dillərinin, milli dillərinin imkanlarını göstərirdilər. Təsadüfi deyil ki, Məhəmməd Füzuli və bu qəbildən olan sənətkarlar öz istedadları ilə yanaşı, həm də türk dilində (Azərbaycan dilində) yazmaqla üstün mövqelərini qazanırdılar. XVI əsrdə Bağdadda və onun ətrafında dövrün elm dilinin ərəb dili olduğu bir vaxtda türk dilində (Azərbaycan dilində) yazmaq türk milli hissinin və qürurunun ən üstün göstəricisidir. Türk dilində (Azərbaycan dilində) yazan klassik şair və yazıçılarımız əllərini Allaha qaldırıb dua etmiş, Allahdan istəkləri o olmuşdur ki, ərəb və fars dillərinin sehrindən çıxmaq üçün türk dilinin (Azərbaycan dilinin) imkanlarını onlardan əsirgəməsin. Axı Allahın yol verdiyini və yer verdiyini verə biləcək başqa bir varlıq yoxdur. Ərəb, fars dillərinə bərəkət, bolluq verən Allah olmuşdur. Allah bu dillərdə gözəl və aydın yazmağa və danışmağa imkan yaratmışdır. Bu dillərin özünə bir gözəllik vermişdir. Odur ki, belə bir gözəlliyi türk dilində (Azərbaycan dilində) tapmaq üçün Məhəmməd Füzuli və bu qəbildən olan şairlər Allahdan kömək istəmişdir. Məhz Məhəmməd Füzuli türk (azərbaycanlı) olduğu üçün türk (Azərbaycan) dilində yazmaq üçün Allahdan diqqət, mehribanlıq, lütfkarlıq istəmişdir. Məhəmməd Füzulinin Allahdan istəyi, duası türk dilinin (Azərbaycan dilinin) ərəb və fars dillərindən daha üstün imkanlarını üzə çıxarmaq olmuşdur. Allahın köməyi ilə o, istəyinə çatmış, türk dilində (Azərbaycan dilində) mükəmməl yazmağa nail olmuşdur. Türk dilinin (Azərbaycan dilinin) bütün gözəlliklərini türklərlə (azərbaycanlılarla) yanaşı, ərəblərə və farslara da anlatmışdır. Məhəmməd Füzuli və türk dilində (Azərbaycan dilində) yazan şairlər türk (Azərbaycan) sözlərini elə dəqiq, düzgün istifadə etmişdir ki, bu, nəticədə türk dilinin (Azərbaycan dilinin) ləzzətini, dadını üzə çıxarmışdır. İstənilən bir dildə, o cümlədən Azərbaycan dilində sözlərin cürbəcür məna qatları vardır. Onların hər birindən yerində, məqamında istifadə etməklə dilin ləzzətini və dadını oxucuya çatdırmaq mümkündür. Azərbaycan dilində elə bir söz yoxdur ki, o dilə dad, ləzzət verməsin. Sadəcə olaraq sözlərin hər birini məqamında və yerində düzgün istifadə etmək lazımdır. Paltarı yaraşdıraraq geyinmək nədirsə, dildəki sözləri də yerində, məqamında işlətmək odur. Yerində, məqamında işlənən söz həm öz məna qatlarını aşkar edir, həm də işləndiyi cümlənin mənasına dad, duz qatır. İstənilən bir söz təklikdə nominativ funksiya daşısa da, cümlə daxilində məna qatlarını daha dürüst təqdim edə bilir. Məhz şairlər, yazıçılar bu məqama üstünlük verməklə dilin sözlər vasitəsi ilə imkanlarını açır, onun gücünü və qüdrətini oxucuya çatdırırlar. Odur ki, sözləri yerində və məqamında işlətməmək sözün özünü də, geniş mənada dili də hörmətdən nüfuzdan salır. Dili sevdirən həmin dildə danışan və yazanlardır. Danışan və yazan şəxs hər sözü, ifadəni məqamında işlətməklə danışdığı və yazdığı dilin imkanlarını çatdırır. Bunu bacaranların özləri də sevilir, mükəmməl danışanlar natiq kimi, mükəmməl yazanlar isə görkəmli şair və yazıçı kimi tanınırlar. Təbii ki, mükəmməl danışmaq, mükəmməl yazmaq üçün dili mükəmməl bilmək lazımdır. Dilin qayda-qanunlarını pozanlar, onun nüfuzunu aşağı salan o kəslərdir ki, onlar dili mükəmməl bilmirlər. Məsələn, “Azərbaycan dilinin izahlı lüğəti”ndə düşmək felinin 44 mənası verilibdir. Bu mənaların hər birinin işlənmə yeri və məqamı vardır.
Düşmək felinin mənalarına diqqət yetirək:
- Öz ağırlığının təsiri ilə yerə enmək, yuxarıdan aşağıya enmək, tökülmək. Göydən üç alma düşdü... (nağılların sonu). Paraşütlə düşmə. Qayadan dərəyə iri daşlar düşürdü. – Bu zaman bir bomba düşür uzağa; Dalğa vurub onu sərir torpağa. M.Rahim. Qatır hürkdü. Kiminsə tərkindən xurcun düşdü. Mir Cəlal. // Yuxarıdan enib bir şeyin üzərində dayanmaq. Şəfqət bacısının gözlərindən axıb sifəti aşağı yuvarlanan yaş damcılarının birisi Xasayın üzünə düşdü. Ə.Vəliyev. // Oturduğu, durduğu, ya çıxdığı yerdən aşağıya enmək. Ağacdan düşmək. Pilləkəndən düşmək. Damdan düşmək. – [Salamov Baxşıya:] Daha bu vəzzariyyatı kimə oxuyursan? Düş aşağa, düş, danışma! C.Cabbarlı. // Dərin bir şeyin dibinə enmək. Dalğıc dənizin dibinə düşdü. Quyuya düşmək.
- Heyvan və ya başqa bir minikdən yerə enmək. Atdan düşmək. Arabadan düşmək. Avtobusdan düşmək. – Onlar şeylərini götürüb qatardan düşdülər. S.Rəhimov. Maşın adamlardan bir az aralı duranda Kələntər saymazyana düşüb yaxınlaşdı. M.İbrahimov. Fəhlələr qayıqdan düşüb buruğa qalxdılar. M.Hüseyn.
- Ayaq üstə dayana bilməyərək yıxılmaq. Qadın özündən gedib yumşaq divanın üzərinə düşdü. M.S.Ordubadi. İstidə tərlədim; Soyuqda üşüdüm; Yürüdüm düşdüm; Qalxdım, yenə düşdüm. R.Rza. // məc. Yıxılmaq (bu mənada adətən tərkib halında işlənir). Ayağına düşmək. – Nəbini görən kəndli Nəbinin ayağına düşüb müsibəti söyləyir. “Qaçaq Nəbi”. Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğana gəlsin. Q.Zakir. Yetməz əlim, nə çarə düşəm xaki-payüvə; Bir-bir deyəm sənə ələmü dərdü möhnətim. S.Ə.Şirvani. // Sərilmək, uzanıb qalmaq, sərələnmək, uzanmaq. Sərvi-qəddin düşübdü xak üzrə. X.Natəvan. // Bu və ya başqa bir tərzdə yıxılmaq, yıxılıb qalmaq. Üz üstə düşmək. Böyrü üstə düşmək. – [Ağca xanım] üzü üstə döşəməyə düşüb hönkür-hönkür ağladı. Mir Cəlal.
- Özünü bir şeyin üstünə salmaq, yıxmaq, yaxud bir şeyin üstünə əyilmək. Həcər Mehdinin cənazəsi üstünə düşüb, göz yaşlarını bahar buludu kimi axıdır. “Qaçaq Nəbi”.
- Sallanmaq, tökülmək. Soltanüşşüəra ... toplanıb dalına düşən qara zülflərinə, ... bütün surət və simalarına tamaşa edirdi. M.S.Ordubadi. ...Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən. // Çox boş olduğu üçün yerində durmayıb aşağı sürüşmək, enmək, tökülmək. Paltar əynimdən düşür. Örpəyi başından düşdü. – Şirəli başını ovuşdurdu. Şalvarı düşürdü. M.Hüseyn.
- Öz-özünə tökülmək, yerindən çıxıb (qopub) düşmək. Dişi düşmək. Dırnağı düşmək. Divarın bir kərpici düşdü. Stolun bir qıçı düşdü. – Dişi düşmüş boz öküz qoşulub cöngələrə. (Atalar sözü)
- Bir yerə gələrək orada müvəqqəti yerləşmək, qalmaq, müsafir olmaq, qonaq olmaq. Türkiyədə harada düşmüşdün? Mehmanxanaya düşmək. Qonaqlar bizə düşmüşlər. – Onlar bu gün düşmüşlər çay üstə; Yırtıq alaçıqda gecələyirlər. A.Səhhət. Bir də pristav və naçalnik gələndə Əminin evinə düşərdilər. N.Nərimanov. “Pirçinar”ın yaxınlığında, qonşuların birisi ilə tanış bir kəndlinin evinə düşəcəkdik. S.Hüseyn.
- Yağmaq. Bu il bu yerlərə heç yağış düşmədi. – Dağlara qar düşübdü; Üstündən tar düşübdü; Gedərəm, dayanmaram; Yadıma yar düşübdü. (Bayatı). Mərəndə təzəcə qar düşmüşdü. M.İbrahimov. // Qonmaq, çökmək, örtmək. Otların üzərinə şeh düşübdür. Bərk duman düşmüşdü, heç şey görünmürdü.
- Yönələrək bir yerə, ya bir şeyin üzərinə yayılmaq, enmək, saçmaq, gəlmək. İşıq düşmək. Kölgə düşmək. Ağacların arasından ayın işığı düşür. – Əziz balalar! ...İndi otağın havasında nə olacağını bilmək istəyirsinizsə, gün pəncərədən otağa düşəndə onun [şəfəqinə] diqqət ediniz. N.Nərimanov. Yenicə çırtlayan günəşin ilk şüaları onların üstünə düşmüşdü. Ə.Məmmədxanlı. Görün, bağa-eyvana sərin kölgə düşəndə; O qız yenə oxuyub şən mahnılar çalırmı? Ə.Cəmil.
- Paylaşdırma, təyinat nəticəsində bu və ya başqa bir yerə təyin edilmək, göndərilmək. İnstitutu bitirmiş həkimlərin ikisi Qazaxıstana, üçü Orta Asiya Respublikalarına düşdü. – Sinifdə dərs briqadaları bölünəndə Rübabə Gəldiyevin briqadasına düşdü. Mir Cəlal. // Bir yerə daxil ola bilmək, yaxud özünü yetirə bilmək, özünü sala bilmək; iştirak edə bilmək, bir yerdə olmağa imkan tapa bilmək. Təntənəli iclasa düşə bilmədim. Yeni tamaşaya güclə düşdüm. O, bu il ali məktəbə düşə bilmədi. Müdirin qəbuluna düşdüm.
- Təsadüfi, ya qeyri-təsadüfi bir şeyin içində olmaq, özünü bir şeyin içində görmək. Tora düşmək. Tələyə düşmək. Həbsə düşmək. – Bəndü zindani-qəmü möhnətdən olmuşdum xilas; Ah, kim düşdüm yenə, zülfü zənəxdanın görüb. Füzuli. Axırda Naməlsəm məhəlləsindən bir neçə adam qazamata düşdü. N.Nərimanov. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdi. H.Sarabski. // Keçmək, çıxmaq, daxil olmaq. ...Ayaqlarım yalın olduğuna görə, yolun kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdanmamış bir cığıra düşdüm. A.Divanbəyoğlu.
- Başlamaq, yetişmək, gəlib çatmaq. Soyuqlar düşdü. İstilər düşdü. Sərinlər düşdü. Qış düşdü. Axşam (qaranlıq) düşmək – hava qaralmaq, qaralmağa başlamaq. Axşam düşdü, yerə qaranlıq çökdü. A.Divanbəyoğlu. Elə qaranlıq düşmüşdü ki, göz gözü görmürdü. Çomağı götürüb yerimdən sıçradım. A.Şaiq. Axşam qaranlığı düşəndə qoyunun sallanaraq çöldən qayıtması ürəyini açan unudulmaz bir mənzərə oldu. M.İbrahimov.
- Baş vermək, başlamaq, qopmaq. Dava düşmək. Qarışıqlıq düşmək. Qaçhaqaç düşdü. Səs-küy düşmək. Çaxnaşma düşmək. – Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. N.Nərimanov. Uzun mübahisə və deyişmə düşdü. Mir Cəlal. Deyəsən, yenə gəlhagəl düşdü... S.Rəhman. Səmada, torpaqda düşür qırhaqır; Yerdən alov yağır, göydən od yağır. M.Rahim. // Baş verib yayılmaq. Azar düşmək. – Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə çiçək kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırdılar qırılmağa. C.Məmmədquluzadə. [Üçüncü kəndli:] Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi. Ə.Haqverdiyev.
- Başlamaq, şüru etmək, girişmək, iqdam etmək. Pırpız Sona çəpik çalır, Molla Abbas düşür oynamağa. C.Məmmədquluzadə.
- Bərqərar olmaq, meydana gəlmək, olmaq. Sakitlik düşmək. – [Əmi:] Ancaq bir az səbir lazımdır. İşlər hamısı düzələr, barışıq düşər. N.Nərimanov.
- Çatmaq, yetişmək. Bir azdan [Rüstəm] dərənin içinə düşdü. S.Rəhimov. Mənim düşdüyüm stansiya balaca bir yer idi. İ.Əfəndiyev. Kəndə axşam düşdüm. S.Rəhman.
- Dərəcəsi, şiddəti, səviyyəsi, miqdarı və s. azalmaq, əskilmək, zəifləmək, enmək. Suyun səviyyəsi yavaş-yavaş düşür. Havanın temperaturu çox düşmüşdür. // Gücü, qüvvəti azalmaq, üzülüb əldən düşmək, qüvvətini itirmək. // Seyrəkləşmək, zəifləmək. Ürəyinin fəaliyyəti düşmüşdür. Nəbzi düşmüşdür. // Təzyiqi azalmaq. Barometr düşür. Qan təzyiqi düşmüşdür. // Ucuzlaşmaq, aşağı enmək. Qiymətlər aşağı düşmüşdür. Birjada aksiyalar düşdü. // Öz qiymətini, əhəmiyyətini, dəyərini, etibarını itirmək, alçalmaq. Kollektivin nəzərindən düşmək.
- İtirmək, qeyb etmək, məhrum olmaq. Hörmətdən düşmək. Gözəllikdən (təravətdən) düşmək. – Ey bürci-səltənət mahi-ənvəri; Düşməyəsən, görüm, ziyadən səni. Q.Zakir. Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. S.Hüseyn. Onlar ilə tez-tez vuruşmasaq biz; Dava vərdişindən düşərik təmiz. H.K.Sanılı. // Bir hissin keçib getdiyini, yox olmasını bildirir. Həvəsdən düşmək. Könüldən düşmək. – Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. M.S.Ordubadi. // Məhrum olmaq, əlindən çıxmaq. [Müqim bəy] dünən pristavlıq rütbəsindən düşəndə dayana bilmirdi, bəs bu gün qəza rəisliyindən düşsə necə dayanacaqdı?! S.Rəhimov.
- Yorğunluqdan, soyuqdan və s.-dən keyimək, üzülmək, tabsız olmaq, taqətini itirmək. Soyuqdan barmaqlarım düşdü. – [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.
- Təsadüf etmək, təsadüf olmaq, rast gəlmək, vaqe olmaq. Yolum düşdü, gəldim. Kitab düşdü, aldım. – Baba, bu gün bizim xanəmizdə nadir bir ittifaq düşdü. M.S.Ordubadi. [Aydəmir:] Mən bir işə min bir adam qarışdırmaq istəmirəm, işdi düşdü, vuruşduq. C.Cabbarlı. // Keçmək, təsadüf etmək.
- Bəxtinə çıxmaq, payına çıxmaq, qisməti olmaq. Uduş
- Nömrəli biletə düşdü. Mükafat kimə düşdü? Püşk ataq, kimə düşərsə, o getsin.
- Çatmaq, yetişmək, yaxud çatmalı, yetişməli olmaq. Adam başına neçə düşür? Hərəyə üç manat düşür. – Nurəddin öz-özünə deyir: – Demək ki, mən ölsəm, malım Gülpəriyə düşəsidir... Bu sadə fikri mən indiyə kimi niyə anlamamışam? S.S.Axundov.
- Xeyri olmaq, xeyir vermək, faydası olmaq, köməyi olmaq, yaxşı təsir etmək, yaramaq. Bu dərman mənə düşmür. Dəniz havası xəstəyə yaxşı düşür. Oranın suyu bizə düşmədi. Orduda xidmət etmək ona düşdü. – Düşmədimi o ruh açan, canverici hava sənə? Ə.Nəzmi. // Xoşbəxtlik, rifah gətirmək, şükümlü olmaq. Oraya getmək mənə düşmədi.
- Uyğun olmaq, uymaq, münasib olmaq, uyğun gəlmək, düz gəlmək, yaraşmaq. Açar qıfıla düşmür. // Tutmaq, yaraşmaq, uyuşmaq. [Mayanın] başında paltosunun rənginə düşən ipək yaylıq vardı. M.İbrahimov.
- Sayılmaq, olmaq, münasib olmaq. Mənim deməyim pis düşər. Bu, heç yaxşı düşmədi. – Mənim ərizə verməyim yaxşı düşməz. Ə.Sadıq.
- Aid olmaq, üzərində yük olmaq, yüklənmək, üzərində qalmaq. Üzərinə məsuliyyət düşmək. Bütün qayğı onun üzərinə düşmüşdür. İşin çətinliyi bizim üzərimizə düşəcəkdir.
- Hər hansı bir vəziyyət, şərait və s. içərisində olmaq; uğramaq, düçar olmaq, giriftar olmaq. Bəlaya düşmək. Fəlakətə düşmək. Qaranlığa düşmək. Soyuğa düşmək. Küləyə düşmək. Xəstəliyə düşmək. – [Ələkbər:] Hər kim bu arvadın üzünə baxsa, sill azarına düşər. N.Vəzirov. Çıxılmaz bir uçuruma düşdüyünü anladıqca dərd [Səriyyənin] ürəyini sıxırdı. M.İbrahimov. Ayrı düşmək, aralı düşmək, uzaq düşmək – uzaqlaşmaq, bir-birini görməmək, əlaqəni itirmək. Taki səndən düşəli ayru, əya ruhirəvan; Gözümün yaşı mənim qətreyi-baran kimidir. Xətayi. Necə ağlamayım mən, ağlamazmı; Bir kəs ki yarından uzağa düşər? Q.Zakir. // Bir hal almaq, bir şəkil almaq. Çimənlərin bədənləri istidən mis rənginə düşmüşdü.
- Avara-sərgərdan dolaşmaq, gəzmək (bu mənada adətən tərkib halında işlənir). Küçələrə düşmək. Çöllərə düşmək. – [Kərəm:] Oldum xərabati, düşdüm səhraya; Xərabat əhlinə yol nəyə lazım? “Əsli və Kərəm”. Səbr eyləmədi bu dərdü-dağə; Qatlanmadı, düşdü daşə-dağə. Füzuli. Bu bağda biz ol güli-rənadan usandıq; Divanə olub daməni-səhralara düşdük. S.Ə.Şirvani.
- Bu və ya digər bir hissə qapılmaq, onun həvəsində olmaq, bir şeyin xəyalında olmaq. Niyyətə düşmək. Həvəsə düşmək. Eşqə düşmək (aşiq olmaq, vurulmaq). – [Kərəm:] Qürbət eldə məlul, məhzun qalmışam; Eşqinə düşəli Məcnun olmuşam. “Əsli və Kərəm”. Düşdü yenə dəli könül gözlərinin xəyalinə. Nəsimi. Nəbi nökərçiliyin “ləzzətini” gördüyü üçün rəncbərlik etmək fikrinə düşür. “Qaçaq Nəbi”. Neçə ildir ki, [Məhəmmədhəsən əmi] də ömrünün sonunda Kərbəla ziyarəti qəsdinə düşüb. M.İbrahimov.
- Qabağınca, dalınca, ya yanınca getmək, qoşmaq. Qabağa düş, yol göstər. İrəli düşmək. Dalınca düşmək (izləmək, təqib etmək). Yanına düşmək (yanınca getmək). – [Rəsul:] Düş qabağımıza, bizi apargilən qəhvəxanaya. “Aşıq Qərib”. Pişxidmətbaşı və Xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə. [Fərhad] tez durub özünü bulvara salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. C.Cabbarlı. [Bəbir bəy:] Bəs [Qumru] məni qoyub, yamacın rəncbərinin dalınca niyə düşsün? Mir Cəlal.
- Bir şey üçün hədəf olmaq (bu mənada adətən tərkib halında işlənir). Qız qayınqudanın, qayınatanın, baldızın, qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. H.Sarabski.
- Keçmək. Bir əlimə düşəydi... – Biçarə insanlar bir seydi-məzlum və qafil deyillərmi ki, anadan olan gündən təbiət səyyadının çənginə düşür, bir də dünyanı tərk etməklə ondan xilas olurlar? C.Cabbarlı.
- məc. Özünə fikir verməyərək, simaca və mənən acınacaqlı, düşkün bir hal almaq. Axır zamanlar o, çox düşmüşdür. // Cismən zəifləmək, arıqlamaq; qocalmaq. Atan necədir? Çox düşməyib ki? İ.Əfəndiyev.
- Vaqe olmaq, yerləşmək. Kənd yolun sağ tərəfinə düşür. Düz baxanda klub sol tərəfə düşür. Arada bir dağ düşüb. – Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal.
- Əmələ gəlmək, düzəlmək, salınmaq. Meşədən cığır düşübdür.
- Sataşmaq, dəymək, görmək. Gözü qarşıdakı adama düşəndə duruxdu.
- Yayılmaq, eşidilmək. Kəndə küy düşdü. Belə şayiə düşüb ki... – Nağara-zurna səsi ensiz çayın kənarından ucalıb qalxan sıldırım qayaya düşüb... yatmışları da oyatmaq istəyirdi. Ə.Əbülhəsən. Şəhərə böyük bir səs düşdü. S.Rəhman.
- Birinci dəfə yem yeməyə başlamaq. Quzu ota düşüb.
- Düşdükcə şəklində – təsadüf etdikcə, rast gəldikcə. Bizə lazım olan şeyləri düşdükcə ondan-bundan və bir parasını pul ilə Quba meydanından aldıq. C.Məmmədquluzadə.
- Düşəndə şəklində – vaxt, fürsət, imkan olanda, təsadüf gətirəndə, yeri gəldikcə, arabir, ara-sıra, bəzən, gah-gah. Düşəndə bir bizə də gəl. – Düşəndə gah-gah sərəfraz eylə; Saf unutma bu Zakiri, mürvətdi. Q.Zakir. Hər kağızın birinə məşədi iki qəpik, üç qəpik, ya düşəndə bir şahı alır. C.Məmmədquluzadə. [Dərviş:] Mən də düşəndə bir sizin yanınıza gəlib, keçmiş macəralardan nağıl edərəm. Ə.Haqverdiyev. [Nadir] Məstan bəyin küçəsindən keçməzdi və düşəndə Zeynəbi yalnız arabir kəndin kənarında və ya bulaq başında görərdi. B.Talıblı.
- Düşsə şəklində – təsadüf etsə, rast gəlsə, imkan olsa. Düşsə, mənə də al. – [Əhməd] cığırla darılığa doğru gedir, rastına düşsə, Kürün o üzündən uçub dənlənməyə gələn qırqovullardan birini vurmaq istəyirdi. İ.Şıxlı.
- Nə düşüb, nə düşüb ki şəklində – nə dəxli var, nə aidiyyəti var, nə münasibəti var, səbəb nədir (ki), nə səbəbə (görə), nə işinə gərək, dəxli yoxdur, aidiyyəti yoxdur. Sənə nə düşüb... Ona nə düşüb... – [Cəmil:] Axı mənə deyən gərək, sənə nə düşüb ki, naşükür adama yaxşılıq edirsən? M.Hüseyn.
- Bir çox isimlərə qoşularaq, müxtəlif ifadələr düzəldilir: məs.: gözü düşmək, ürəyi düşmək, əldən düşmək, bərkə düşmək, əl-ayağa düşmək. Düşər-düşməzi olar – nəticəsi, aqibəti bəlli olmayan, yaxud şübhəli olan şey haqqında.
Düşmək felinin bu mənalarını bilmədən səlis danışmaq və səlis yazmaq mümkün deyildir. Deməli, lüğət tərkibindəki sözlərin mənalarını bilmək səlis danışmaq və səlis yazmaq üçün ilkin şərtlərdən biridir.
Türk dilində (Azərbaycan dilində) yazan klassiklərimiz yaşadıqları dövrdə vətəndaşlıq hüququ qazanmış sözlərdən (ərəb, fars sözlərindən) istifadə etmişlər. Onlar fikirlərini aydın və dürüst çatdırmaq üçün dilin lüğət tərkibində olan, vətəndaşlıq hüququ qazanmış ərəb, fars sözlərini istifadə etməklə oxucuya Azərbaycan dilinin imkanlarını göstərə bilmişlər. Bu, təbii ki, ərəb və fars dilində yazmaq deyil, vətəndaşlıq hüququ qazanmış ərəb, fars sözlərindən istifadədir. Bu, fikrin oxucuya çatmasında, mənanın və məqsədin aydın başa düşülməsində, dilin rahat və axıcı imkanlarını təqdim etməkdə ən asan, eləcə də düzgün yoldur. Türk dilində (Azərbaycan dilində) yazan klassik şairlərimizin ərəb, fars sözlərindən istifadə etməsi o məqsədi güdməmişdir ki, onlar ərəb və fars dillərini bilirlər. O, məqsədi güdmüşdür ki, ərəb və fars sözləri dildə vətəndaşlıq hüququ qazanıbdır. Dildə olan bu sözlərdən (ərəb, fars) istifadə etməmək həmin sözlərin dildən çıxması demək deyildir. Həmin sözlər dilin lüğət tərkibində oturuşmuş sözlər kimi unudulmur və dili tərk etmir. Ərəb və fars dillərindən keçmiş sözlərlə təkcə klassiklərin yaradıcılığında qarşılaşmırıq, həm də ailədə ata və analarımızdan eşidirik. Bundan başqa, dildə oturuşmuş ərəb və fars sözlərini ərəb və fars dillərini öyrənmək üçün istifadə etmirik. Yaxud da ki onları, ərəb və fars dillərində olan mənbələri oxumaq üçün işlətmirik. Ona görə istifadə edirik və işlədirik ki, fikrimiz aydın, təsirli, güclü olsun. Qurduğumuz cümlələr mümkün olduğu qədər səlisliyini itirməsin. Dil canlı həyatı əks etdirir. Canlı həyatı əks etdirən dilin əksinə gedən “akademik qərarlar”ın özü həmişə iflasa uğrayır.