Modern.az

Dildən əcnəbi sözləri, oturuşmuş sözləri çıxarmaq olarmı?

Dildən əcnəbi sözləri, oturuşmuş sözləri çıxarmaq olarmı?

29 Oktyabr 2019, 10:02

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Azərbaycan dilinin lüğət tərkibi minillər ərzində formalaşıb və bugünkü günümüzə gəlib çatıbdır. Dilin lüğət tərkibi ilə yanaşı, həmin dildə yazan klas­sik­lərin də dilinin lüğət tərkibi vardır. Lüğət tərki­bin­dəki sözləri təhlil etmək, qruplaşdırmaq, leksik-semantik və qrammatik cəhətdən araşdırmaq müm­kün, eləcə də təbii bir haldır. Ancaq lüğət tərki­bin­də­ki sözləri dildən çıxarmaq iddiasında olmaq həqiqətə söykənməyən iddiadan başqa bir şey deyildir. Qazi Bürhanəddinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin və eləcə də digər­lə­ri­nin dilinin lüğət tərkibindəki sözləri dildən necə çıxarmaq olar? Bu müdaxiləni etmək səlahiyyəti heç kəsə verilmir. Hətta bizim hər birimiz klassik ədə­biy­yatı oxuyan zaman mənasını başa düşmədiyimiz ar­xaik, ərəb, fars mənşəli sözlərlə qarşılaşanda onları dilin lüğət tərkibindən çıxarmaq əvəzinə mənalarını öyrənməyə diqqət ayırmalıyıq. Belə olmazsa, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digərləri ədəbiyyat tariximizdə öz ədəbi mövqelərini qoruya bilməzlər. Onların hər birinin müqəddəs ədəbi missiyaları içərisində həm də dövrün dilinin lüğət tərkibini qoruyub saxlaması dayanır. Elə alınma sözlər var ki, onlar hər hansı ta­ri­xi dövrün dilində işlənsə də, sonralar dilin lüğət tər­ki­bindən təbii olaraq çıxır. Məsələn, Ə.Haqver­di­ye­vin, M.Ə.Sabirin əsərlərində rast gəldiyimiz və o zamankı ədəbi dilimizdə özünə haqq qazanmış ərəb-fars sözlərinin, ifadələrinin bir qismi indi ədəbi di­li­miz­də işlənmir: dər həqiqət, zəbani hal, xah-naxah, bilaixtiyar, xülaseyi-kəlam, məlada, bərayi-ehtiyat, təşxis, rənç, mütəhəmmil, ruzşəb və s. Dilin özü təbii şəkildə sözlərə vətəndaşlıq hüququnu verib-verməməyi tənzimləyir. Yazıçıların, şairlərin istifadə etdikləri sözlərin dildə vətəndaşlıq hüququ qazanıb-qazanmamasına imkan yaradır. Məsələn, vaxtilə xalq dilindən, danışıq dilindən Səməd Vur­ğu­nun gətirdiyi sözlər indi hamı tərəfindən başa dü­şü­lür: şütümək, köyrək, nisgil, sambal, ilqar, quzey, gü­ney, qəlbi, yığbal və s. Bu sözlərin indi hamı tərəfindən başa düşülməsinə birinci növbədə dilin özü tələbat və imkan yaradıbdır. Dilin tələbatı ilə gə­lən və istifadəsinə imkan yaradılan sözlər (dilin özü­nün imkan yaratdığı sözlər) barədə fikir birmənalı olmalıdır. Onları dilin lüğət tərkibinin halal mül­kiy­yəti kimi qəbul etmək lazımdır. Təbii ki, burada ərəb və fars mənşəli sözlər də bu qəbildəndir. Bu mənada məsələnin mahiyyətinə vaxtilə çox dəqiq və düzgün yanaşanlardan biri də Məmməd Cəfər Cəfərov ol­muş­dur. O, dilimizdəki ərəb və fars sözləri barədə “Azər­baycan ədəbi-bədii dilinin bəzi məsələləri haq­qında” adlı 1952-ci ildə dilçilik məsələlərinə aid müşavirədə söylədiyi məruzədə deyirdi: “Bu sözləri (ərəb və fars sözləri – B.X.) nə üçün dilimizdən çı­xa­rıb ataq? Onlar ərəb və ya fars mənşəli sözlər ol­duq­la­rına görəmi? Məlumdur ki, Azərbaycan dilindən də ərəb, fars və başqa dillərə bir çox sözlər keçmişdir. Onda gərək o xalqlar da bu sözləri öz dillərindən çı­xa­rıb atsınlar?! Məsələn, Azərbaycan dilindən fars dilinə yalqız, yağı, yaylaq, yorğa, yataq, yavaş, yort­maq, yüzbaşı, qamçı, qurultay, qışlaq, topçu, top, tütün, ortaq, arxalıq və s. kimi bir çox sözlər keç­miş­dir. Məgər farslar bu sözləri öz dillərindən çıxarıb at­ma­lıdırlarmı?” Məmməd Cəfər Cəfərov öz fik­ri­ni davam etdirərək dilin təmizliyi uğrunda mübarizə məsələsinə də aydınlıq gətirir, bunun bir şüar kimi başa düşülməməsini diqqətə çatdırırdı. O deyirdi: “Aydındır ki, əgər biz ümumiyyətlə, dilin təmizliyi uğrunda mübarizə şüarını belə başa düşsək, hər bir xalq gərək başqa dillərdən qəbul edib öz dilinin malı etmiş olduğu, dildə tam vətəndaşlıq hüququ qa­zan­mış olan sözləri tamamilə çıxarıb atsın... Dilimizdə iş­lənən sükunət, zülmət, xəyal, kamal, şeiriyyət, idrak kimi sözləri çıxarıb atmağı təklif edən yoldaşlar bun­ları hansı  sözlərlə əvəz etmək fikrindədirlər?” Görünür ki, bütün dövrlərdə dilin təmizliyi uğrunda mübarizəyə bir qisim adamlar (bəzən bir qisim mü­tə­xəs­sislər də) düzgün mövqedən yanaşmamışlar. Ta­ri­xin bütün dövrlərində yanlış mövqedə olanların fikir­ləri özünə meydan ala bilibdir. Ancaq hər dəfə bu yanlış təsirin altına düşməyə həm dilin özü, həm də peşəkarların mövqeyi imkan verməyibdir. Bu məna­da Məmməd Cəfər Cəfərovun vaxtilə söylədiyi fikri qeyd etmək yerinə düşər. O deyirdir: “Dili təmiz­lə­mək, sadələşdirmək onu yoxsullaşdırmaq demək de­yil­dir. Dilimizdə ta qədimdən ayrılıq sözü də var, hicran sözü də. Bəziləri belə zənn edirlər ki, bu iki sözdən birini, məsələn, hicran sözünü çıxarıb atsaq dilimizi təmizləmiş olarıq. Dildə addımbaşı təsadüf etdiyimiz ulduz-səyyarə, ildırım-şimşək, çay-nəhr, kü­lək-rüzgar, od-atəş, tək-tənha, qaranlıq-zülmət, gə­lə­cək-istiqbal, təmiz-pak, əyyam-epoxa, müəllim-pe­da­qoq kimi yüzlərcə sözlər də bu qəbildəndir. Bu hadisə, əlbəttə, dilimizin lüğət fondunun və xüsusən lüğət tərkibinin zənginliyini göstərir. Onları çıxarıb atmaq, dili təmizləmək deyil, dili yoxsullaşdırmaq, öldürmək demək olardı. İki gözün biri də kifayət edər – deyib, o birini çıxarmağa ehtiyac yoxdur!...” Bir sözlə, düz­gün və dürüst mövqe həmişə Azər­bay­can dilinin saf­lı­ğı­nı qorumaq işini düzgün istiqamətə yönəltmişdir. Nöq­sanlı və qüsurlu fikirlərin bərki­mə­si­nə, dərin­ləş­mə­sinə imkan verməmişdir. Yenə də İlyas Əfəndiyevin söz­ləri yerinə düşür: “Biz dilimizi, onun saflığını, gö­zəl­liyini qorumalıyıq. Onu məhəl­li­çi­liklər, jarqonlar, süni ifadələr alağı basmasına yol ver­məməliyik. Biz eyni zamanda “arxaikdir”, “kənar­dan gəlmədir” – deyə artıq xalqın dilinə, ədəbi dilə çoxdan daxil olmuş söz və ifadələrdən də imtina edə bilmərik.”


Millətimizin tarixboyu yetişdirdiyi böyük şəx­siy­yətləri böyük fikir sahibləri olmaqla öyrənirik. Bö­yük fikir, ideya sahibləri bütün dövrlərin sınağından çıxır və bütün dövrlərin tələblərinə cavab verir. Kon­kret olaraq şair və yazıçılardan söhbət gedirsə, onlar yazdıqları yüksək sənət əsərlərinə görə həm də Azər­bay­can dilinə borcludurlar. Azərbaycan dili bütün dövrlərdə şair və yazıçıların bədii təfəkkür imkan­la­rı­nı aça bilibdir. Belə olan təqdirdə Azərbaycan dilinin lü­ğət tərkibində vətəndaşlıq hüququ qazanmış sözlərə müdaxilə etmək, onları alınma olduqları üçün dildən çıxarmaq iddiasında olmaq ən azı dilin özü ilə oyun oynamaqdır. Şair və yazıçılar isə dillə oyun oyna­ma­yıb, ancaq onun imkanlarından gen-bol istifadə edib­lər. Ona görə də şair və yazıçılara, o cümlədən klas­sik­lərin yaradıcılığına dəyər, qiymət vermək dilin özü­nə verilən qiymətdir. Azərbaycan dilində yazan şair və yazıçılar, o cümlədən klassiklər doğma ana dilinin, həm də millətin təəssübkeşi olmuşlar. Onlar doğma ana dilinin və mənsub olduqları millətin ən həssas övladlarıdır. Məsələn, Məhəmməd Füzuli ərəb və fars dillərində divan yazsa da, həm də ən gözəl və mükəmməl əsərlərini doğma ana dilində yazmışdır. Bununla da o, milli həssaslığını və mənsub olduğu millətə sadiqliyini göstərmişdir. Məhəmməd Füzuli və bu qəbildən olan sənətkarlar dövrün dili olan ərəb, fars dillərində yazmaqla yanaşı, həm də Azərbaycan dilində yazmaqla bu dilin üstünlüklərini göstərməyə çalışmışlar. Məhəmməd Füzuli və bu qəbildən olan sənətkarlar fars dilində çoxlu şeir yazıldığını həm də ənənənin olduğunu bilirdilər. Ancaq Türk dilində (Azər­baycan dilində) şeir yazmaq ənənəsini yarat­ma­ğa ehtiyac hiss olunurdu. Bu ehtiyacın nə qədər çətin olub-olmamasından asılı olmayaraq yerinə yetiril­mə­si milli hissə, milli kimliyə sahiblik tələb edirdi. Odur ki, Məhəmməd Füzuli və bu qəbildən olan klassiklər ərəb və farsdilli oxuculara sərt, tikan kimi görünən türk dilində (Azərbaycan dilində) şeir yazmaqla öz doğma dillərinin, milli dillərinin imkanlarını gös­tə­rir­di­lər. Təsadüfi deyil ki, Məhəmməd Füzuli və bu qə­bil­dən olan sənətkarlar öz istedadları ilə yanaşı, həm də türk dilində (Azərbaycan dilində) yazmaqla üstün mövqelərini qazanırdılar. XVI əsrdə Bağdadda və onun ətrafında dövrün elm dilinin ərəb dili olduğu bir vaxtda türk dilində (Azərbaycan dilində) yazmaq türk milli hissinin və qürurunun ən üstün göstəricisidir. Türk dilində (Azərbaycan dilində) yazan klassik şair və yazıçılarımız əllərini Allaha qaldırıb dua etmiş, Allahdan istəkləri o olmuşdur ki, ərəb və fars dil­lə­ri­nin sehrindən çıxmaq üçün türk dilinin (Azərbaycan dilinin) imkanlarını onlardan əsirgəməsin. Axı Alla­hın yol verdiyini və yer verdiyini verə biləcək başqa bir varlıq yoxdur. Ərəb, fars dillərinə bərəkət, bolluq verən Allah olmuşdur. Allah bu dillərdə gözəl və ay­dın yazmağa və danışmağa imkan yaratmışdır. Bu dil­lərin özünə bir gözəllik vermişdir. Odur ki, belə bir gözəlliyi türk dilində (Azərbaycan dilində) tap­maq üçün Məhəmməd Füzuli və bu qəbildən olan şair­lər Allahdan kömək istəmişdir. Məhz Məhəmməd Füzuli türk (azərbaycanlı) olduğu üçün türk (Azər­bay­can) dilində yazmaq üçün Allahdan diqqət, meh­ri­banlıq, lütfkarlıq istəmişdir. Məhəmməd Füzulinin Allahdan istəyi, duası türk dilinin (Azərbaycan di­li­nin) ərəb və fars dillərindən daha üstün imkanlarını üzə çıxarmaq olmuşdur. Allahın köməyi ilə o, istə­yi­nə çatmış, türk dilində (Azərbaycan dilində) mü­kəm­məl yazmağa nail olmuşdur. Türk dilinin (Azər­bay­can dilinin) bütün gözəlliklərini türklərlə (azər­bay­can­lılarla) yanaşı, ərəblərə və farslara da anlatmışdır. Məhəmməd Füzuli və türk dilində (Azərbaycan di­lində) yazan şairlər türk (Azərbaycan) sözlərini elə dəqiq, düzgün istifadə etmişdir ki, bu, nəticədə türk dilinin (Azərbaycan dilinin) ləzzətini, dadını üzə çıxarmışdır. İstənilən bir dildə, o cümlədən Azər­bay­can dilində sözlərin cürbəcür məna qatları vardır. On­la­rın hər birindən yerində, məqamında istifadə et­mək­lə dilin ləzzətini və dadını oxucuya çatdırmaq müm­kündür. Azərbaycan dilində elə bir söz yoxdur ki, o dilə dad, ləzzət verməsin. Sadəcə olaraq sözlərin hər birini məqamında və yerində düzgün istifadə et­mək lazımdır. Paltarı yaraşdıraraq geyinmək nədirsə, dildəki sözləri də yerində, məqamında işlətmək odur. Yerində, məqamında işlənən söz həm öz məna qat­la­rı­nı aşkar edir, həm də işləndiyi cümlənin mənasına dad, duz qatır. İstənilən bir söz təklikdə nominativ funksiya daşısa da, cümlə daxilində məna qatlarını daha dürüst təqdim edə bilir. Məhz şairlər, yazıçılar bu məqama üstünlük verməklə dilin sözlər vasitəsi ilə imkanlarını açır, onun gücünü və qüdrətini oxu­cu­ya çatdırırlar. Odur ki, sözləri yerində və məqamında işlətməmək sözün özünü də, geniş mənada dili də hörmətdən nüfuzdan salır. Dili sevdirən həmin dildə danışan və yazanlardır. Danışan və yazan şəxs hər sö­zü, ifadəni məqamında işlətməklə danışdığı və yaz­dı­ğı dilin imkanlarını çatdırır. Bunu bacaranların öz­lə­ri də sevilir, mükəmməl danışanlar natiq kimi, mü­kəm­məl yazanlar isə görkəmli şair və yazıçı kimi ta­nı­nırlar. Təbii ki, mükəmməl danışmaq, mükəmməl yaz­maq üçün dili mükəmməl bilmək lazımdır. Dilin qayda-qanunlarını pozanlar, onun nüfuzunu aşağı sa­lan o kəslərdir ki, onlar dili mükəmməl bilmirlər. Mə­sələn, “Azərbaycan dilinin izahlı lüğəti”ndə düş­mək felinin 44 mənası verilibdir. Bu mənaların hər bi­rinin işlənmə yeri və məqamı vardır.

Düş­mək felinin mənalarına diqqət yetirək:

  1. Öz ağırlığının təsiri ilə yerə enmək, yuxarıdan aşa­ğıya enmək, tökülmək. Göydən üç alma düşdü... (nağılların sonu). Paraşütlə düşmə. Qayadan dərəyə iri daşlar düşürdü. – Bu zaman bir bomba düşür uza­ğa; Dalğa vurub onu sərir torpağa. M.Rahim. Qatır hürk­dü. Kiminsə tərkindən xurcun düşdü. Mir Cəlal. // Yuxarıdan enib bir şeyin üzərində dayanmaq. Şə­f­qət bacısının gözlərindən axıb sifəti aşağı yuvarlanan yaş damcılarının birisi Xasayın üzünə düşdü. Ə.Və­li­yev. // Oturduğu, durduğu, ya çıxdığı yerdən aşağıya enmək. Ağacdan düşmək. Pilləkəndən düşmək. Dam­dan düşmək. – [Salamov Baxşıya:] Daha bu vəz­za­riy­­­­yatı kimə oxuyursan? Düş aşağa, düş, danışma! C.Cab­barlı. // Dərin bir şeyin dibinə enmək. Dalğıc dənizin dibinə düşdü. Quyuya düşmək.


  2. Heyvan və ya başqa bir minikdən yerə enmək. Atdan düşmək. Arabadan düşmək. Avtobusdan düş­mək. – Onlar şeylərini götürüb qatardan düşdülər. S.Rə­himov. Maşın adamlardan bir az aralı duranda Kə­ləntər saymazyana düşüb yaxınlaşdı. M.İb­ra­hi­mov. Fəhlələr qayıqdan düşüb buruğa qalxdılar. M.Hüseyn.

  3. Ayaq üstə dayana bilməyərək yıxılmaq. Qadın özündən gedib yumşaq divanın üzərinə düşdü. M.S.Or­dubadi. İstidə tərlədim; Soyuqda üşüdüm; Yürüdüm düşdüm; Qalxdım, yenə düşdüm. R.Rza. // məc. Yıxılmaq (bu mənada adətən tərkib halında işlənir). Ayağına düşmək. – Nəbini görən kəndli Nə­binin ayağına düşüb müsibəti söyləyir. “Qaçaq Nə­bi”. Gül camalın görüb düşsün torpağa; Bülbülü gö­türüb əfğana gəlsin. Q.Zakir. Yetməz əlim, nə çarə dü­şəm xaki-payüvə; Bir-bir deyəm sənə ələmü dərdü möhnətim. S.Ə.Şirvani. // Sərilmək, uzanıb qalmaq, sə­rələnmək, uzanmaq. Sərvi-qəddin düşübdü xak üz­rə. X.Natəvan. // Bu və ya başqa bir tərzdə yıxılmaq, yı­xılıb qalmaq. Üz üstə düşmək. Böyrü üstə düşmək. – [Ağca xanım] üzü üstə döşəməyə düşüb hönkür-hönkür ağladı. Mir Cəlal.

  4. Özünü bir şeyin üstünə salmaq, yıxmaq, ya­xud bir şeyin üstünə əyilmək. Həcər Mehdinin cəna­zə­si üstünə düşüb, göz yaşlarını bahar buludu kimi axıdır. “Qaçaq Nəbi”.

  5. Sallanmaq, tökülmək. Soltanüşşüəra ... top­la­nıb dalına düşən qara zülflərinə, ... bütün surət və si­ma­larına tamaşa edirdi. M.S.Ordubadi. ...Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından si­y­ri­lib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oyna­yırdı. Ə.Əbülhəsən. // Çox boş olduğu üçün yerində durmayıb aşağı sürüşmək, enmək, tökülmək. Paltar əy­nimdən düşür. Örpəyi başından düşdü. – Şirəli başını ovuşdurdu. Şalvarı düşürdü. M.Hüseyn.

  6. Öz-özünə tökülmək, yerindən çıxıb (qopub) düşmək. Dişi düşmək. Dırnağı düşmək. Divarın bir kərpici düşdü. Stolun bir qıçı düşdü. – Dişi düşmüş boz öküz qoşulub cöngələrə. (Atalar sözü)

  7. Bir yerə gələrək orada müvəqqəti yerləşmək, qalmaq, müsafir olmaq, qonaq olmaq. Türkiyədə ha­ra­da düşmüşdün? Mehmanxanaya düşmək. Qonaqlar bizə düşmüşlər. – Onlar bu gün düşmüşlər çay üstə; Yırtıq alaçıqda gecələyirlər. A.Səhhət. Bir də pristav və naçalnik gələndə Əminin evinə düşərdilər. N.Nə­ri­manov. “Pirçinar”ın yaxınlığında, qonşuların birisi ilə tanış bir kəndlinin evinə düşəcəkdik. S.Hüseyn.

  8. Yağmaq. Bu il bu yerlərə heç yağış düşmədi. – Dağlara qar düşübdü; Üstündən tar düşübdü; Ge­də­rəm, dayanmaram; Yadıma yar düşübdü. (Ba­ya­tı). Mərəndə təzəcə qar düşmüşdü. M.İbrahimov. // Qon­maq, çökmək, örtmək. Otların üzərinə şeh düşübdür. Bərk duman düşmüşdü, heç şey görünmürdü.

  9. Yönələrək bir yerə, ya bir şeyin üzərinə yayıl­maq, enmək, saçmaq, gəlmək. İşıq düşmək. Kölgə düşmək. Ağacların arasından ayın işığı düşür. – Əziz balalar! ...İndi otağın havasında nə olacağını bilmək istəyirsinizsə, gün pəncərədən otağa düşəndə onun [şə­fəqinə] diqqət ediniz. N.Nərimanov. Yenicə çırt­la­yan günəşin ilk şüaları onların üstünə düşmüşdü. Ə.Məm­mədxanlı. Görün, bağa-eyvana sərin kölgə dü­şən­­də; O qız yenə oxuyub şən mahnılar çalırmı? Ə.Cəmil.

  10. Paylaşdırma, təyinat nəticəsində bu və ya başqa bir yerə təyin edilmək, göndərilmək. İnstitutu bitirmiş həkimlərin ikisi Qazaxıstana, üçü Orta Asiya Respublikalarına düşdü. – Sinifdə dərs briqadaları bö­lü­nəndə Rübabə Gəldiyevin briqadasına düşdü. Mir Cə­lal. // Bir yerə daxil ola bilmək, yaxud özünü yetirə bilmək, özünü sala bilmək; iştirak edə bilmək, bir yer­də olmağa imkan tapa bilmək. Təntənəli iclasa düşə bilmədim. Yeni tamaşaya güclə düşdüm. O, bu il ali məktəbə düşə bilmədi. Müdirin qəbuluna düşdüm.

  11. Təsadüfi, ya qeyri-təsadüfi bir şeyin içində olmaq, özünü bir şeyin içində görmək. Tora düşmək. Tələyə düşmək. Həbsə düşmək. – Bəndü zindani-qə­mü möhnətdən olmuşdum xilas; Ah, kim düşdüm ye­nə, zülfü zənəxdanın görüb. Füzuli. Axırda Na­mə­l­səm məhəlləsindən bir neçə adam qazamata düşdü. N.Nərimanov. Tələyə də bir zorba siçovul çoxdan dü­şüb gəbərmişdi. H.Sarabski. // Keçmək, çıxmaq, daxil olmaq. ...Ayaqlarım yalın olduğuna görə, yolun kəsəkləri məni incitdi və mən də üst tərəfdə tap­dan­mamış bir cığıra düşdüm. A.Divanbəyoğlu.

  12. Başlamaq, yetişmək, gəlib çatmaq. Soyuqlar düş­dü. İstilər düşdü. Sərinlər düşdü. Qış düşdü. Ax­şam (qaranlıq) düşmək – hava qaralmaq, qaralmağa başlamaq. Axşam düşdü, yerə qaranlıq çökdü. A.Di­van­­bəyoğlu. Elə qaranlıq düşmüşdü ki, göz gözü gör­mürdü. Çomağı götürüb yerimdən sıçradım. A.Şaiq. Axşam qaranlığı düşəndə qoyunun sallanaraq çöldən qayıtması ürəyini açan unudulmaz bir mənzərə oldu. M.İbrahimov.

  13. Baş vermək, başlamaq, qopmaq. Dava düş­mək. Qarışıqlıq düşmək. Qaçhaqaç düşdü. Səs-küy düşmək. Çaxnaşma düşmək. – Bir neçə vaxt kəndə bö­yük nizamsızlıq düşmüşdü. N.Nərimanov. Uzun mü­bahisə və deyişmə düşdü. Mir Cəlal. Deyəsən, ye­nə gəlhagəl düşdü... S.Rəhman. Səmada, torpaqda dü­şür qırhaqır; Yerdən alov yağır, göydən od yağır. M.Ra­him. // Baş verib yayılmaq. Azar düşmək. – Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə çiçək ki­mi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırdılar qırılmağa. C.Məm­məd­qu­luzadə. [Üçüncü kəndli:] Bir üç il bundan irəli kən­də “xalyar” naxoşluğu düşmüş idi. Ə.Haq­ver­di­yev.

  14. Başlamaq, şüru etmək, girişmək, iqdam et­mək. Pırpız Sona çəpik çalır, Molla Abbas düşür oynamağa. C.Məmmədquluzadə.

  15. Bərqərar olmaq, meydana gəlmək, olmaq. Sa­kitlik düşmək. – [Əmi:] Ancaq bir az səbir lazım­dır. İşlər hamısı düzələr, barışıq düşər. N.Nərimanov.

  16. Çatmaq, yetişmək. Bir azdan [Rüstəm] də­rə­nin içinə düşdü. S.Rəhimov. Mənim düşdüyüm stan­si­ya balaca bir yer idi. İ.Əfəndiyev. Kəndə axşam düş­düm. S.Rəhman.

  17. Dərəcəsi, şiddəti, səviyyəsi, miqdarı və s. azal­maq, əskilmək, zəifləmək, enmək. Suyun sə­viy­yə­si yavaş-yavaş düşür. Havanın temperaturu çox düş­müşdür. // Gücü, qüvvəti azalmaq, üzülüb əldən düş­mək, qüvvətini itirmək. // Seyrəkləşmək, zəif­lə­mək. Ürəyinin fəaliyyəti düşmüşdür. Nəbzi düşmüş­dür. // Təzyiqi azalmaq. Barometr düşür. Qan təzyiqi düşmüşdür. // Ucuzlaşmaq, aşağı enmək. Qiymətlər aşağı düşmüşdür. Birjada aksiyalar düşdü. // Öz qiy­mətini, əhəmiyyətini, dəyərini, etibarını itirmək, alçalmaq. Kollektivin nəzərindən düşmək.

  18. İtirmək, qeyb etmək, məhrum olmaq. Hör­mət­dən düşmək. Gözəllikdən (təravətdən) düşmək. – Ey bürci-səltənət mahi-ənvəri; Düşməyəsən, görüm, zi­yadən səni. Q.Zakir. Çöllərdəki yaşıl əkinlər lazı­mın­ca boy atmadan təravətdən düşürdü. S.Hüseyn. On­lar ilə tez-tez vuruşmasaq biz; Dava vərdişindən düşərik təmiz. H.K.Sanılı. // Bir hissin keçib get­di­yi­ni, yox olmasını bildirir. Həvəsdən düşmək. Könül­dən düş­mək. – Mən özüm də ziyafətə getmək həvə­sin­dən düş­müşdüm. M.S.Ordubadi. // Məhrum ol­maq, əlin­dən çıxmaq. [Müqim bəy] dünən pristavlıq rütbə­sin­dən düşəndə dayana bilmirdi, bəs bu gün qəza rəisliyindən düşsə necə dayanacaqdı?! S.Rəhimov.

  19. Yorğunluqdan, soyuqdan və s.-dən keyimək, üzülmək, tabsız olmaq, taqətini itirmək. Soyuqdan barmaqlarım düşdü. – [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.

  20. Təsadüf etmək, təsadüf olmaq, rast gəlmək, vaqe olmaq. Yolum düşdü, gəldim. Kitab düşdü, al­dım. – Baba, bu gün bizim xanəmizdə nadir bir it­tifaq düşdü. M.S.Ordubadi. [Aydəmir:] Mən bir işə min bir adam qarışdırmaq istəmirəm, işdi düşdü, vu­ruş­duq. C.Cabbarlı. // Keçmək, təsadüf etmək.

  21. Bəxtinə çıxmaq, payına çıxmaq, qisməti olmaq. Uduş

  22. Nömrəli biletə düşdü. Mükafat kimə düşdü? Püşk ataq, kimə düşərsə, o getsin.

  23. Çatmaq, yetişmək, yaxud çatmalı, yetişməli olmaq. Adam başına neçə düşür? Hərəyə üç manat düşür. – Nurəddin öz-özünə deyir: – Demək ki, mən ölsəm, malım Gülpəriyə düşəsidir... Bu sadə fikri mən indiyə kimi niyə anlamamışam? S.S.Axundov.

  24. Xeyri olmaq, xeyir vermək, faydası olmaq, köməyi olmaq, yaxşı təsir etmək, yaramaq. Bu dər­man mənə düşmür. Dəniz havası xəstəyə yaxşı düşür. Oranın suyu bizə düşmədi. Orduda xidmət etmək ona düşdü. – Düşmədimi o ruh açan, canverici hava sənə? Ə.Nəzmi. // Xoşbəxtlik, rifah gətirmək, şükümlü ol­maq. Oraya getmək mənə düşmədi.

  25. Uyğun olmaq, uymaq, münasib olmaq, uy­ğun gəlmək, düz gəlmək, yaraşmaq. Açar qıfıla düş­mür. // Tutmaq, yaraşmaq, uyuşmaq. [Mayanın] ba­şın­da paltosunun rənginə düşən ipək yaylıq vardı. M.İbrahimov.

  26. Sayılmaq, olmaq, münasib olmaq. Mənim de­məyim pis düşər. Bu, heç yaxşı düşmədi. – Mənim ərizə verməyim yaxşı düşməz. Ə.Sadıq.

  27. Aid olmaq, üzərində yük olmaq, yüklənmək, üzərində qalmaq. Üzərinə məsuliyyət düşmək. Bütün qayğı onun üzərinə düşmüşdür. İşin çətinliyi bizim üzərimizə düşəcəkdir.

  28. Hər hansı bir vəziyyət, şərait və s. içərisində olmaq; uğramaq, düçar olmaq, giriftar olmaq. Bəlaya düşmək. Fəlakətə düşmək. Qaranlığa düşmək. So­yu­ğa düşmək. Küləyə düşmək. Xəstəliyə düşmək. – [Ələk­bər:] Hər kim bu arvadın üzünə baxsa, sill azarına dü­şər. N.Vəzirov. Çıxılmaz bir uçuruma düşdüyünü an­la­dıqca dərd [Səriyyənin] ürəyini sıxırdı. M.İb­ra­hi­mov. Ayrı düşmək, aralı düşmək, uzaq düşmək – uzaqlaşmaq, bir-birini görməmək, əlaqəni itirmək. Ta­ki səndən düşəli ayru, əya ruhirəvan; Gözümün yaşı mə­nim qətreyi-baran kimidir. Xətayi. Necə ağ­la­ma­yım mən, ağlamazmı; Bir kəs ki yarından uzağa dü­şər? Q.Zakir. // Bir hal almaq, bir şəkil almaq. Çi­mən­lərin bədənləri istidən mis rənginə düşmüşdü.

  29. Avara-sərgərdan dolaşmaq, gəzmək (bu mə­na­da adətən tərkib halında işlənir). Küçələrə düşmək. Çöllərə düşmək. – [Kərəm:] Oldum xərabati, düşdüm səhraya; Xərabat əhlinə yol nəyə lazım? “Əsli və Kə­rəm”. Səbr eyləmədi bu dərdü-dağə; Qatlanmadı, düş­dü daşə-dağə. Füzuli. Bu bağda biz ol güli-rə­na­dan usandıq; Divanə olub daməni-səhralara düşdük. S.Ə.Şirvani.

  30. Bu və ya digər bir hissə qapılmaq, onun hə­və­sində olmaq, bir şeyin xəyalında olmaq. Niyyətə düş­mək. Həvəsə düşmək. Eşqə düşmək (aşiq olmaq, vurulmaq). – [Kərəm:] Qürbət eldə məlul, məhzun qal­mışam; Eşqinə düşəli Məcnun olmuşam. “Əsli və Kərəm”. Düşdü yenə dəli könül gözlərinin xəyalinə. Nəsimi. Nəbi nökərçiliyin “ləzzətini” gördüyü üçün rəncbərlik etmək fikrinə düşür. “Qaçaq Nəbi”. Neçə ildir ki, [Məhəmmədhəsən əmi] də ömrünün sonunda Kərbəla ziyarəti qəsdinə düşüb. M.İbrahimov.

  31. Qabağınca, dalınca, ya yanınca getmək, qoş­maq. Qabağa düş, yol göstər. İrəli düşmək. Dalınca düşmək (izləmək, təqib etmək). Yanına düşmək (ya­nın­ca getmək). – [Rəsul:] Düş qabağımıza, bizi apar­gi­lən qəhvəxanaya. “Aşıq Qərib”. Pişxidmətbaşı və Xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaq­larını göstərməyə şüru etdilər. M.F.Axundzadə. [Fərhad] tez durub özünü bulvara salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. C.Cabbarlı. [Bəbir bəy:] Bəs [Qumru] məni qoyub, yamacın rəncbərinin dalınca niyə düşsün? Mir Cəlal.

  32. Bir şey üçün hədəf olmaq (bu mənada adətən tərkib halında işlənir). Qız qayınqudanın, qayına­ta­nın, baldızın, qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. H.Sarabski.

  33. Keçmək. Bir əlimə düşəydi... – Biçarə insan­lar bir seydi-məzlum və qafil deyillərmi ki, anadan olan gündən təbiət səyyadının çənginə düşür, bir də dünyanı tərk etməklə ondan xilas olurlar? C.Cabbarlı.

  34. məc. Özünə fikir verməyərək, simaca və mə­nən acınacaqlı, düşkün bir hal almaq. Axır zamanlar o, çox düşmüşdür. // Cismən zəifləmək, arıqlamaq; qo­calmaq. Atan necədir? Çox düşməyib ki? İ.Əfən­di­yev.

  35. Vaqe olmaq, yerləşmək. Kənd yolun sağ tərəfinə düşür. Düz baxanda klub sol tərəfə düşür. Arada bir dağ düşüb. – Hər il bu zaman yolun ətək­lə­rinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal.

  36. Əmələ gəlmək, düzəlmək, salınmaq. Meşə­dən cığır düşübdür.

  37. Sataşmaq, dəymək, görmək. Gözü qarşıdakı adama düşəndə duruxdu.

  38. Yayılmaq, eşidilmək. Kəndə küy düşdü. Belə şayiə düşüb ki... – Nağara-zurna səsi ensiz çayın kə­narından ucalıb qalxan sıldırım qayaya düşüb... yat­mış­ları da oyatmaq istəyirdi. Ə.Əbülhəsən. Şəhərə böyük bir səs düşdü. S.Rəhman.

  39. Birinci dəfə yem yeməyə başlamaq. Quzu ota düşüb.

  40. Düşdükcə şəklində – təsadüf etdikcə, rast gəl­dikcə. Bizə lazım olan şeyləri düşdükcə ondan-bun­dan və bir parasını pul ilə Quba meydanından aldıq. C.Məmmədquluzadə.

  41. Düşəndə şəklində – vaxt, fürsət, imkan olan­da, təsadüf gətirəndə, yeri gəldikcə, arabir, ara-sıra, bəzən, gah-gah. Düşəndə bir bizə də gəl. – Düşəndə gah-gah sərəfraz eylə; Saf unutma bu Zakiri, mür­vət­di. Q.Zakir. Hər kağızın birinə məşədi iki qəpik, üç qəpik, ya düşəndə bir şahı alır. C.Məmmədquluzadə. [Dərviş:] Mən də düşəndə bir sizin yanınıza gəlib, keçmiş macəralardan nağıl edərəm. Ə.Haqverdiyev. [Nadir] Məstan bəyin küçəsindən keçməzdi və dü­şən­də Zeynəbi yalnız arabir kəndin kənarında və ya bulaq başında görərdi. B.Talıblı.

  42. Düşsə şəklində – təsadüf etsə, rast gəlsə, im­kan olsa. Düşsə, mənə də al. – [Əhməd] cığırla darı­lığa doğru gedir, rastına düşsə, Kürün o üzündən uçub dənlənməyə gələn qırqovullardan birini vurmaq istəyirdi. İ.Şıxlı.

  43. Nə düşüb, nə düşüb ki şəklində – nə dəxli var, nə aidiyyəti var, nə münasibəti var, səbəb nədir (ki), nə səbəbə (görə), nə işinə gərək, dəxli yoxdur, aidiyyəti yoxdur. Sənə nə düşüb... Ona nə düşüb... – [Cəmil:] Axı mənə deyən gərək, sənə nə düşüb ki, naşükür adama yaxşılıq edirsən? M.Hüseyn.

  44. Bir çox isimlərə qoşularaq, müxtəlif ifadələr düzəldilir: məs.: gözü düşmək, ürəyi düşmək, əldən düşmək, bərkə düşmək, əl-ayağa düşmək. Düşər-düşməzi olar – nəticəsi, aqibəti bəlli olmayan, yaxud şübhəli olan şey haqqında.

Düşmək felinin bu mənalarını bilmədən səlis da­nış­maq və səlis yazmaq mümkün deyildir. Deməli, lüğət tərkibindəki sözlərin mənalarını bilmək səlis da­nışmaq və səlis yazmaq üçün ilkin şərtlərdən biridir.

  Türk dilində (Azərbaycan dilində) yazan klas­sik­lərimiz yaşadıqları dövrdə vətəndaşlıq hüququ qa­zanmış sözlərdən (ərəb, fars sözlərindən) istifadə et­mişlər. Onlar fikirlərini aydın və dürüst çatdırmaq üçün dilin lüğət tərkibində olan, vətəndaşlıq hüququ qa­zanmış ərəb, fars sözlərini istifadə etməklə oxu­cu­ya Azərbaycan dilinin imkanlarını göstərə bilmişlər. Bu, təbii ki, ərəb və fars dilində yazmaq deyil, vətən­daş­lıq hüququ qazanmış ərəb, fars sözlərindən istifa­də­dir. Bu, fikrin oxucuya çatmasında, mənanın və məq­sədin aydın başa düşülməsində, dilin rahat və axıcı imkanlarını təqdim etməkdə ən asan, eləcə də düzgün yoldur. Türk dilində (Azərbaycan dilində) yazan klassik şairlərimizin ərəb, fars sözlərindən istifadə etməsi o məqsədi güdməmişdir ki, onlar ərəb və fars dillərini bilirlər. O, məqsədi güdmüşdür ki, ərəb və fars sözləri dildə vətəndaşlıq hüququ qa­za­nıb­dır. Dildə olan bu sözlərdən (ərəb, fars) istifadə etməmək həmin sözlərin dildən çıxması demək de­yildir. Həmin sözlər dilin lüğət tərkibində oturuşmuş sözlər kimi unudulmur və dili tərk etmir. Ərəb və fars dillərindən keçmiş sözlərlə təkcə klassiklərin yara­dı­cılı­ğında qarşılaşmırıq, həm də ailədə ata və anala­rı­mız­dan eşidirik. Bundan başqa, dildə oturuşmuş ərəb və fars sözlərini ərəb və fars dillərini öyrənmək üçün istifadə etmirik. Yaxud da ki onları, ərəb və fars dillə­rin­də olan mənbələri oxumaq üçün işlətmirik. Ona görə istifadə edirik və işlədirik ki, fikrimiz ay­dın, tə­sirli, güclü olsun. Qurduğumuz cümlələr müm­kün olduğu qədər səlisliyini itirməsin. Dil canlı hə­yatı əks etdirir. Canlı həyatı əks etdirən dilin əksinə gedən “akademik qərarlar”ın özü həmişə iflasa uğrayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir