Əmanət qoymusan bu can evimdə,
Ölüncə saxlaram bu əmanəti.
Almaq istəsələr onu əlimdən,
Kimsə edə bilməz o cəsarəti.
Dağlara, düzlərə sığışa bilməz,
Qəlbimdə olanı bir kimsə bilməz,
Ölüm də əlimdən qopara bilməz,
Gizli saxladığım bu əmanəti.
Çaylar axmaz olar dayana bilər,
Köç edən durnalar qayıda bilər,
Kim nə istəyirsə apara bilər,
Heç kim ala bilməz bu əmanəti.
Gəl, gülüm, sahibi sənsən o zərin,
Canımda, ruhumda yer alıb dərin...
Ürək içindədir qəmin-kədərin,
Qovurur oduyla bu əmanəti.
Akif can içində bəsləyir onu,
Qoparmaz nə boran, nə tufan onu,
Vermərəm, gəlsə də dünyanın sonu,
Könlümü isidən bu əmanəti,
Əmanət dediyim bu məhəbbəti...
Akif Təvəkküloğlu