Modern.az

Qüdrət Həsənquliyev: "Hökuməti təxirəsalınmaz addımlar atmağa çağırırıq” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: "Hökuməti təxirəsalınmaz addımlar atmağa çağırırıq” – MÜSAHİBƏ

29 Fevral 2012, 14:43

"Bu qanunun ləğvində Azərbaycanın soyuqqanlı və təmkinli davranışları, Fransa parlamentinin dostluq qrupuna daxil olan senatorların Azərbaycana səfəri rol oynadı"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib. Modern.az onun müsahibəsini təqdim edir:

- Qüdrət bəy, bildiyiniz kimi, Fransa Konstitusiya Şurasının fevralın 28-də keçirilən iclasında qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv edilməsi barədə qərar qəbul olunub. Fransa Konstitusiya Şurasının bu qərarını necə qiymətləndirirsiniz?

- Fransa Avropa Birliyinin iki aparıcı ölkəsindən biri kimi Avropada, eləcə də bütün dünyada demokratiyanı, insan hüquq və azadlıqlarını, beynəlxalq hüquq normalarını dəstəkləyən ölkə olmaq iddiasındadır. Bu iddiada olan dövlətin parlamentində belə bir qanunun qəbul edilməsi onun beynəlxalq nüfuzuna çox ciddi ziyan vururdu. Bu baxımdan, Fransa senatının 70-dən artıq senatorunun qanunun ləğvi ilə bağlı Konstitusiya Şurasına müraciəti və bu müraciət əsasında Konstitusiya Şurasının verdiyi qərar Fransada hakimiyyət bölgüsünün, demokratik prinsiplərin və qanunun aliliyinin qorunduğunun nümayişi oldu. Biz Fransa Konstitusiya Şurasının qərarını alqışlayır və ümid edirik ki, Sarkozinin eyni qanunu yenidən qəbul etdirmək cəhdləri boşa çıxacaq.

- Sözügedən qanun Fransa parlamentinin Nümayəndələr Palatasında qəbul olunanda Siz hökuməti soyuqqanlı və təmkinli davranmağa çağırdınız. Sizcə Azərbaycan hökumətinin soyuqqanlı addımları Fransa Konstitusiya Şurasının qəbul etdiyi qərarda bu və ya digər şəkildə rol oynadımı?

- Çox doğru sualdır. Şübhəsiz ki, qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun Fransa parlamentinin Nümayəndələr Palatasında qəbulundan sonra Azərbaycanda və Türkiyədə müəyyən müxalif qrupların kəskin bəyanatlarla çıxış etməsi başa düşülən idi. Amma Azərbaycanda belə bəyanatlarla çıxış edənlərin bir hissəsi bəzən ifrata varırdılar. Bu məsələdə proseslərin sonunu gözləmədən ən son deyiləcək sözü öncədən dilə gətirmək, aşırı kəskin davranışlar Fransa ilə münasibətlərin tamamilə pozulmasına yol aça bilərdi. O zaman biz yeganə siyasi partiya olduq ki, hakimiyyəti soyuqqanlı və təmkinli davranmağa, qanunun ləğvi üçün sonuncu imkan tükənənədək bütün mümkün vasitələrdən istifadə etməyə çağırdıq. Azərbaycan hökuməti Fransanın bütün siyasi dairələrini qarşısına almamaqda doğru addım atdı. Mən əminliklə deyə bilərəm ki, bu qanunun ləğvində Azərbaycanın soyuqqanlı və təmkinli davranışları, Fransa parlamentinin dostluq qrupuna daxil olan senatorların Azərbaycana səfəri rol oynadı. Fransa parlamentinin dostluq qrupunu təmsil edən nümayəndə heyəti Azərbaycana səfər etməklə ölkəmizin əhəmiyyətini önə çəkdilər, Azərbaycanın xüsusi həssaslıqla yanaşdığı belə bir antidemokratik qanunun qüvvədə qalmasının ölkələrimiz arasındakı münasibətlərə xələl gətirə biləcəyini Fransa cəmiyyətinə və siyasi dairələrə xatırlatdılar. Qanunun ləğvi ilə bağlı Konstitusiya Şurasına müraciət edilməsi üçün imza toplanılmasında Fransa-Azərbaycan dostluq qrupunun kifayət qədər xidməti oldu. Yaxşı ki, hər şey bizim arzuladığımız kimi oldu. Əgər Fransa ilə münasibətləri korlasaydıq, indi olduqca arzuolunmaz bir vəziyyətlə qarşı-qarşıya qala bilərdik.

Azərbaycanda müəyyən qüvvələr var ki, onlar nəyin bahasına olursa olsun ölkəmizin münasibətlərini dünya siyasətini müəyyənləşdirən dövlətlərlə, o cümlədən qardaş Türkiyə ilə korlamağa çalışırlar. Belələrinin qənaətinə görə, bu yolla onlar Azərbaycanda siyasi hakimiyyətin dəyişməsinə nail ola bilərlər. Ancaq düşünmürlər ki, bu aqressiv və affekt vəziyyətində yürüdülən yanlış siyasət son nəticədə Azərbaycanın dövlət maraqlarına, Azərbaycan vətəndaşlarının rifahına ziyan gətirir.

- Qeyd etdiyiniz məsələ özünü Azərbaycanla İsrail arasında 1,6 milyard dollarlıq silah alqı-satqısı ilə bağlı saziş haqqında məlumatlar yayıldıqdan sonra da büruzə verdi...

- Sözün doğrusu, belə bir sazişin imzalanması Azərbaycan xalqının böyük əksəriyyəti kimi məni də sevindirdi. Çox şadam ki, Azərbaycan buna nail ola bilib. Etiraf edim ki, İsraillə imzalanan bu saziş Azərbaycan hökumətinin uğurudur. Ona görə ki, bu gün bir çox ölkələr Ermənistana görə bizə silah-sursat və hərbi texnika satmaqdan imtina edir. Bununla bağlı bir məqamı xatırlatmaq istəyirəm: Türkiyə Azərbaycana özüyeriyən artilleriya qurğuları satmaq istəyəndə Almaniya həmin qurğular üçün mühərrikləri Türkiyəyə verməkdən imtina elədi. Təəssüf ki, bu gün Azərbaycanda bəzi siyasi partiyalar Almaniyanın təbliğatı ilə məşğul olur və bu dövləti Azərbaycanın dostu kimi ictimai rəyə sırımağa çalışırlar.

Həm də ona görə bu sazişi uğurlu hesab edirəm ki, İsrail ən müasir texnologiyalara sahiblənən, modern silahlar istehsal edən bir dövlətdir. Azərbaycanın bu silahlara böyük ehtiyacı var. Bu baxımdan, Azərbaycanın İsraillə imzaladığı sazişi Türkiyəyə qarşı hərəkət kimi qiymətləndirmək və təqdim etmək kökündən yanlışdır, qərəzlidir. Əksinə, Türkiyə sevinməlidir ki, ona qardaş olan bir ölkənin silahlı qüvvələri ən müasir silah-sursat əldə edir və güclənir. Azərbaycanın İsraillə imzaladığı sazişdən heç bir qonşu dövlət narahat olmalı deyil. Çünki torpaqlarımızın 20 faizi işğal altındadır, 1 milyon vətəndaşımız öz yurdlarından qaçqın və köçkün düşüb. Vəziyyəti dəyişmək üçün isə bu dövlətlərdən heç biri bizə dəstək vermir, yaxud verə bilmir.

Digər tərəfdən, Azərbaycan Ermənistanın müttəfiqi olan Rusiyadan da silah-sursat, hərbi texnika alır. Əgər İran da ən müasir silah-sursat istehsal edə bilərsə və Azərbaycanın bu silahlara ehtiyacı olarsa, o zaman ölkəmizin hətta İrandan da silah-sursat almasını alqışlayarıq. Bizə lazımdır ki, öz hərbi potensialımızı Ermənistanda 10 dəfə artıq bir səviyyəyə gətirib çatdıraq. Silahlı Qüvvələrimizi o səviyyədə gücləndirək ki, qonşuluğumuzdakı böyük dövlətlərin də təhdidlərinə cavab vermək gücündə olaq. Bəziləri Azərbaycanın kiçik bir dövlət olduğunu önə çəkərək, bunun mümkünsüz olduğunu bildirirlər. Amma İsrail nümunəsi bunun əksini sübut edir. İsrail əhalisinin sayına və ərazisinə görə özündən 10 dəfələrlə böyük olan İranı basqı altında saxlaya bilir. Mən düşünmürəm ki, bizim xalqımızın potensialı İsrail vətəndaşlarından azdır. Sadəcə xalqımızın öz potensialını ortaya qoyması üçün əlverişli bir şərait yaratmaq, elmin inkişafı üçün yaradıcı mühit formalaşdırmaq, elmə ciddi maliyyə dəstəyi vermək və bu sahədə mövcud olan proteksionizmə (himayədarlığa) son qoyulmaq lazımdır.

- Qüdrət bəy, BAXCP daim ölkənin hərbi potensialının gücləndirilməsini önə çəkir. Sizcə 1,6 milyard dollarlıq silah-sursat bunun üçün yetərlidir?

- Hesab edirəm ki, təkcə 2012-ci il ərzində ən müasir hərbi texnikanın və silah-sursatın alınması, həmçinin modern silah-sursat istehsal edən yeni hərbi zavodların inşası üçün Neft Fondundan 4-5 milyard dollar vəsait ayrılmalıdır. Biz Azərbaycan hökumətini bu istiqamətdə təxirəsalınmaz addımlar atmağa çağırırıq.

Son olaraq, bir məqama da toxunmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yüksək səviyyəyə qalxması üçün bütün mümkün vasitələrdən istifadə etməli, İsraili açıq sularda qətlə yetirilən Türkiyə vətəndaşlarına görə Türkiyədən üzr istəməyə inandırmalıdır. Bu, hər iki dövlət, eyni zamanda Azərbaycan üçün də mühüm önəm daşıyan bir məsələdir. Eyni zamanda, düşünürəm ki, Azərbaycan Türkiyə-Fransa münasibətlərinin yaxşılaşdırılmasına da yardımçı olmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir