Modern.az

Kinorejissor Vaqif Mustafayev Mətbuat Şurasından mükafat aldı

Kinorejissor Vaqif Mustafayev Mətbuat Şurasından mükafat aldı

29 Fevral 2012, 15:42

Bu gün Azərbaycan Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının «Həqiqətə xidmətlərinə görə» mükafatının növbəti təqdimat mərasimi keçirilib. Sayca üçüncü dəfə baş tutan mərasimdə mükafatın bu dəfəki laureatı tanınmış kinorejissor, «Space» telekanalının rəhbəri Vaqif Mustafayev olub. Şurada gerçəkləşən tədbirdən öncə laureatın «Bir həsədin tarixi» filmindəki SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovla müsahibəsindən maraqlı kadrlar izlənilib.

MŞ sədri Əflatun Amaşov çıxışına sözügedən mükafat barədə məlumat verməklə başlayıb. O bildirib ki, «Həqiqətə xidmətlərinə görə» əsasən jurnalist olmayan, amma həyatının müəyyən hissəsindəki xidmətləri eyni zamanda jurnalist fəaliyyəti baxımdan yüksək dəyərləndirilən şəxslərə onların dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyət daşıyın həqiqətləri, faktları cəmiyyətə çatdırdıqlarına görə təqdim olunur: «Azərbaycan Mətbuat Şurası və Dialoq Avrasiya Platforması qərara gəlib ki, kadrlarını izlədiyiniz sənət əsərinin müəllifi Vaqif Mustafayev belə bir filmi ərsəyə gətirməklə nəinki kino xəzinəmizə misilsiz töhfə verib, eyni zamanda ümumilikdə Azərbaycan tarixinin çox mühüm dövrü ilə bağlı faktları yüksək peşəkarlıqla ortaya qoyub. SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovdan o məsələlərlə bağlı müsahibə götürmək təkcə peşəkarlıq deyil, eyni zamanda böyük cəsarət tələb edirdi», - deyə o vurğulayıb.

Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsi Mustafa Saatçı bildirib ki, ən vacib məsələlərin və problemlərin həllində, o cümlədən həqiqətlərin üzə çıxarılmasında dialoqun böyük rolu var. V.Mustafazadə bu filmindəki tarixi müsahibəsi ilə dialoqdan çox ustalıqla, xalqın və millətin mənafeləri baxımdan faydalanmağı bacarıb. Bu, onun ən böyük uğurudur.

V.Musatafeyevin «Bir həsədin tarixi» filmində ortaya qoyduğu həqiqətlərin ən layiqli qiymətini alması üçün zamana ehtiyacın duyulduğunu deyən təhsil naziri Misir Mərdanov orada qoyulan məsələlərin tədris proqramlarına salınmasını, dərs vəsaiti kimi gənclərə - tələbələrə, şagirdlərə çatdırılmasını vacib sayıb. «Heydər Əliyev şəxsiyyəti bir zamana və məkana sığmır. Barəsində çəkilmiş istənilən film, o cümlədən digər sənət əsəri ulu öndərin şəxsiyyətinin müxtəlif məqamlarını parlaqlığı ilə əks etdirmək gücündə deyil. Hesab edirəm ki, onun fəaliyyətinin tam dolğun şəkildə ifadə olunmasının da zamana ehtiyacı var. Amma bu gün seyr etdiyimiz kadrlar tariximizin Heydər Əliyev şəxsiyyəti ilə bağlı çox mühüm hissəsi ilə bağlıdır. Həmin tarixdən ibrət götürmək, nəticə çıxarmaq lazımdır».

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov V.Mustafayevin çəkdiyi filmlərin, o cümlədən «Bir həsədin tarixi»nin bütün dövrlər üçün nəzərdə tutulduğunu, əbədi xarakter daşıdığını vurğulayıb. «Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondadır ki, onun haqqında çəkilən filmələrin hər biri önəmlidir. Bu baxımdan Vaqif müəllimin filmi xüsusi əhəmiyyətlidir. İkinci məsələ həmin dövrün özünün, hadisələrinin bizim üçün vacibliyidir. Üçüncüsü isə peşəkarlıqdır. Hesab edirəm ki, film qarşısına qoyduğu məqsədə tam nail olub. Həqiqəti, özü də olduqca zəruri olan həqiqəti üzə çıxarıb», - deyə o bildirib.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, «Bir həsədin tarixi» filmindən izlədiyimiz bu kadrlar o dövrün ab-havası barədə təsəvvürü tam incəliklərinə qədər canlandıran sənət əsərindən müstəsna elementdir: «Bir anlığa gözümüzün önündən həmin dövrün hadisələri gəlib keçdi. Elə faktlar var ki, bunlar bizlərə məlumdur. Amma elə məsələlər də var ki, onların reallıq tərəfi qeyri-müəyyəndir. Məhz bu baxımdan, eləcə də həmin mərhələnin Azərbaycan tarixində oynadığı rolun böyüklüyünü nəzərə alaraq hesab edirəm ki, Vaqif müəllimin çəkdiyi film hər bir evdə olmalıdır».

«Olaylar» qəzeti və eyni adlı informasiya agentliyinin rəhbəri, «Həqiqətə xidmətlərinə görə» mükafatının ilk laureatı Yunus Oğuz filmin özəlliklərindən söhbət açaraq orada həm rejissor, həm də ssenarist işinin parlaq çalarlarla təqdim olunduğunu önə çəkib. O, müəllifin eyni zamanda hadisələrin dinamikasını tutmaq bacarığını xüsusi peşəkarlıq nümunəsi kimi dəyərləndirib.

Sonda «Həqiqətə xidmətlərinə görə» mükafatının laureatı V.Mustafayev çıxış edərək bildirib ki, «Bir həsədin tarixi» filmini çəkməyə bir vətəndaş işi kimi yanaşıb: «O müsahibədə Qorbaçova sadə azərbaycanlının ürəyində verdiyi sualları ünvanladım. Buna görə də mənim uğurum hər kəsin uğurudur. Sənət əsərini yaratmaq qədər ona düzgün qiymət vermək də böyük addımdır. Bu qiyməti mənə ulu öndərimiz Heydər Əliyev, möhtərəm prezidentimiz İlham Əliyev verib. Bu gün sizlər də böyüklüyünüzü göstərərək məni qiymətləndirirsiniz. Hər birinizə dərin təşəkkürümü bildirirəm».



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi