Modern.az

Mavi şəhər, Sahara səhrası, qırmızı dağlar... - Mərakeşdən II REPORTAJ - FOTOLAR

Mavi şəhər, Sahara səhrası, qırmızı dağlar... - Mərakeşdən II REPORTAJ - FOTOLAR

1 Noyabr 2019, 10:19

Öncəki yazıda Mərakeş barədə ümumi təəssüratlarımı bölüşmüşdüm. Amma bu ölkə o qədər rəngarəngdir ki, bir yazıya sığdırmaq mümkün deyil. Mərakeşi, başqa adla desək, Məğribi addım-addım gəzməyə davam edək...

 

“Toy qazanları”nın asıldığı ilan oynadanlar meydanı Jemaa əl-Fna

 

Bakıdan Mərakeşə birbaşa uçuş yoxdur. İstanbul, Paris, Moskva, Doha, Dubay kimi şəhərlərdən transfer uçuşları ilə Mərakeşə getmək mümkündür. Mən də gediş Mərakeş şəhərindən, dönüş Kasablanka şəhərindən olmaqla ölkəni qarış-qarış gəzdim.

Başlayım Mərakeş şəhərindən. Ölkə ilə eyni adı daşıyan bu şəhər, Mərakeşin “döyünən ürəyidir”. Bərbər dilində “Tanrının ölkəsi” mənasını verən, yerli xalqın isə tikililərinin rənginə görə “Qızıl şəhər” adlandırdıqları Mərakeş...

Ölkənin ilk paytaxtı olan Mərakeşin döyünən ürəyi isə Jemaa əl-Fna meydanıdır. Gecələri yatmayan, səhərə qədər musiqi sədasının kəsilmədiyi haylı-küylü bir meydan. İlan oynadanlar, xına çəkənlər, sehrbazlar, çalıb-oxuyanlar, kimlər və nələr yoxdur ki bu meydanda. Vay o günə ki, çaşıb meydandakı satıcılardan nəyinsə qiymətini soruşasan. Almamış qurtuluşunuz yoxdur deyə bilərəm. Bizim “çadır toylarımızın” ab-havasını da məhz bu meydanda yaşaya bilərsiniz. Uzun-uzun stollar qurulub, “toy qazanları” asılıb. Mərakeş mətbəxinin təamlarını, xüsusən də ən dadlı tajin və kuskusu məhz bu meydanda, özü də digər kafe restoranlara nisbətən ucuz qiymətə yemək olur. Hələ bir musiqiləri də var ki, elə bil bizim qara zurna sədalarıdır. Mərakeşin ruhunu duya biləcəyiniz başlanğıc nöqtəsi də, elə ən əsas yer də bu meydandır. Bu meydanda olmamısansa, deməli, Mərakeşdə olmamısan. Elə meydanın yanındaca bazarları başlayır, xalça bazarı, ədviyyat bazarı, başmaq bazarı, bir sözlə, yox yoxdur. Bu məşhur meydanın bir tərəfi isə faytonların “parkingi”dir. Mən deyim 50, siz deyin 100. Xülasə bir xeyli fayton və bu faytonlara qoşulmuş biçarə atlar... Bu qədər faytonu bir arada başqa heç bir yerdə görməmişdim. İndi yəqin ki, atların qoxusunu təsəvvür etdiniz. Mərakeşi rəngarəngliyənə görə çox sevsəm də, səhər-axşam yolum atların “parking”indən keçdiyinə görə, o kəskin qoxunu hər dəfə təkrar-təkrar ciyərlərimə çəkdikcə özümü söyürdüm. Şəhərdə ən sevdiyim yer isə Majorel bağçaları oldu. Jacques Majorel adlı fransız bir rəssamın qurub yaratdığı bir bağ. Majorelin vəfatından sonra isə dünyaca məşhur Yves Saint Laurent-a satılan bir bağ…

 


Mars deyil, Mərakeş dağlarıdır!

 

Növbəti getdiyim yer Sahara səhrası və bu səhraya gedən yolda gəzdiyim müxtəlif bərbər şəhərləri, qəsəbələri oldu. Qırmızı dağları da ilk dəfə burada gördüm. İnsan bir anlıq özünü yerdə yox, Marsda təsəvvür edir. Hara baxırsansa, qırmızı dağlar... Təsadüfi deyil ki, buralarda saysız-hesabsız filmlər də çəkilib. Özü də elə-belə yox, çox məşhur filmlərə pavilyon olub bu torpaqlar. Ait-Ben-Haddou belə qırmızı bir qəsəbədir.  Həm də “İndiana Cons”, “Əlibaba və 40 quldur”, “Games of Trones” kimi filmlərin çəkildiyi bir qəsəbədir. Yol boyu isə Atlas dağlarından çıxarılan minerallar satılır. Ouarzazate adlanan bu qırmızı dağlar şəhəri həm də “Klon” serialın çəkildiyi yerlərdən biridir. Serialdan digər səhnələr isə Fəs və Mərakeş şəhərlərində çəkilib.

 

Dünyada ilk universitet Fəsdə açılıb?!

Mərakeşin ən gözəl qapıları, ən gözəl naxışlarını Fəsdə gördüm. Fəs ölkənin 3-cü böyük şəhəri və Rabatdan öncəki paytaxtıdır. Bu ölkədə, deyəsən, paytaxt olmayan şəhər qalmayıb. Ölkənin ən mühafizəkar, dini inancları daha güclü olan, adət-ənənələrə daha bağlı şəhəri də Fəsdir. Şəhərin iki üzü var: Fəs əl-Cədid (Yeni şəhər) və Fəs əl-Bali (Köhnə şəhər). Köhnə şəhər bölgəsi 9000 dar, labirint kimi küçəsi ilə, Chouara dəri emalı yeri ilə dünyada şöhrətinə şöhrət qatıb. Hətta UNESCO-nun Dünya Mirası siyahısına da daxil edilib. Bu şəhərə gəlməzdən öncə dünyanın ən qədim universitetinin burada olduğunu bilmirdim. Ta 859-cu ildə açılan həm Universitet, həm də məscid olaraq dünyada bir ilk olan bu universitetdə zamanının çox məşhur alim və şairləri yetişiblər. Universitet bu gün də fəaliyyətini davam etdirir. Məscidə yalnız müsəlmaların daxil olmasına icazə var.

 


Avropadan seçilməyən Mərakeş şəhəri

Aralıq dənizi və Atlantik okeanı sahillərində yerləşən Mərakeşin İspaniya və Portuqaliya ilə yalnız su sərhədi ilə ayrılması, uzun illər Fransa müstəmləkəsi olması ölkənin rəngarəngliyinə təsirsiz ötüşməyib. Daha çox Avropa ab-havasını xatırladan şəhərləri də var Mərakeşin. Onlardan Tanjir və Essaouiradır. 1-ci böyük liman şəhəri, ikincisi isə kiçik balıqçı şəhəridir. Bir vaxtlar hərbi baza olan Essaouira indi balıqçılıq şəhəridir. Qala divarları, səssiz-sakit ab-havası ilə, ağ-mavi binaları ilə ölkənin rəngli, özünəməxsus şəhərlərindəndir.

Tanjir isə Mərakeşin ən inkişaf etmiş, ən modern şəhəridir deyərdim. Hətta burada özümü Mərakeşdə yox, hansısa bir Avropa şəhərində hiss etdim. Hələ şəhər mərkəzində sahil boyu çimərliyi, bir tərəfi böyük bulvarı, hündürmərtəbəli, müasir və gözoxşayan binaları ilə tamam fərqli ab-havası var Tanjirin. Liman şəhəri olduğunun haqqını verir.

 

Müəzzinlər minarəyə atla çıxacaqmış...

 

Sıra gəlib çatdı paytaxt Rabata. Müstəqillik əldə etdikdən sonra Rabatı paytaxt seçən Mərakeşlilər bu müstəqilliyi onlara qazandıran krallarının nəşini da burada qoruyub-saxlayır, hətta gələnlərə göstərirlər. 
V Məhəmməd öz mavzoleyində uyuyur və hər gün dünyanın müxtəlif yerlərindən gələn turistlər onun mavzoleyini ziyarət edirlər. Rabatda ən diqqətimi çəkən yerlərdən biri də Həsən qülləsi oldu. Bəxti nakam olan Həsən qülləsi. 12-ci əsrdə tikintisinə başlanan bu abidənin o dövr üçün ən böyük məscid olması planlaşdırılırmış. Amma deyir, sən saydığənı say... Ölümlər, müharibələr bu məqsədi, bu istəyi yarımçıq qoyur. Və bu gün yarımçıq qalan 200 sütun turistlərin ziyarət yerinə çevrilib. 44 metrlik minarəsi isə dövrünə görə çox hündür olacaqmış. Hətta müəzzinlərin azan oxumaq üçün minarəyə piyada deyil, atla çıxmaları nəzərdə tutulubmuş. Bəlkə də yarım qalması bu tikilini çox sevdirdi mənə...

 

10 mindən çox insanın namaz qıldığı məscid Mərakeşin “Ağ evi”ndə!

İspan dilində “Ağ ev” mənasını verən Kasablanka 20-ci əsrdən əvvəlki memarlıq nümunələrinə görə alıbmış bu adı. İspaniyanın Əndəlüs bölgəsi ilə yaxınlığı ilə seçilir. Bu şəhərin göz bəbəyi isə heç, şübhəsiz ki, Həsən məscididir. Rabatdakı Həsən məscidinin bəxti yarım qalsa da, Kasablankadakı məscid tikilib, özü də elə tikilib ki, dünyanın ən böyük, ən əzəmətli məscidlərindən birinə çevrilib. Bir məscid düşünün ki, orada eyni anda 10 mindən çox insan ibadətlə məşğul ola bilsin. Özü də elə bir məscid ki, divarlarını oken dalğaları yusun. Düz sahildəcə yerləşən məscidin əzəməti gün batımında da bir başqa gözəl olur. Özünü bu böyüklük qarşısında qarışqa kimi hiss edirsən. İndiyədək olduğum ən böyük məscid idi Həsən məscidi. 210 metrlik minarəsinə baxanda da gözlərim qaraldı.

 

Dünyada maviyi ən çox sevən şəhər

Və son olaraq Mavi şəhərdən danışım. Bu şəhərə mavi adı boş yerə verilməyib. Elə bir şəhərdir ki, qapı-pəncərələri, pilləkənləri, divarları, hətta yeri belə maviyə boyanıb. Bəs niyə mavi rəng?

Rəvayətə görə, İspaniyanın xristianlar tərəfindən fəthindən sonra oradakı yəhudilər bu şəhərdə yaşamağa başlayırlar. Və maviyə boyamaq ənənəsi də onların dini inanclarından qaynaqlanır. Bu gün yəhudilərin sayı şəhərdə kəskin azalsa da, mərakeş xalqı onlardan qalan ənəni davam etdirərək şəhəri maviyə boymağa davam edir. Başqa bir rəvayət isə şəhəri bu rəngə boyamaqla insanların mənfi ruhlardan qorunduqları ilə bağlı inanca söykənir. Səbəb nə olursa olsun, əsas odur ki, maviyə boyama adəti şəhəri bütün dünyada məşhur edib.

Rif dağlarının ətəklərində yerləşən bu şəhər 15-ci əsrdə qala olaraq inşa olunur. Günümüzədək bir çox millətlərin yaşadığı yer olur, ən çox da ispanlara və yəhudilərə ev sahibliyi edir. Şəhərin adı salındığı dağın formasına görə keçi buynuzuna bənzədiyinə görə bərbər dilində “buynuz” mənasını verən Chefchaouen olur.

“Bir balaca boyu var, dam dolusu toyu var” məsəli də bu şəhərin boynuna biçilib. Cəmi 40 min əhalisi olan Mərakeşin kiçik şəhərlərindən olan Chefchaouen il boyu qonaq-qaralı olur, turist əlindən tərpənmək olmur. Hətta 3 günlük Səhra turumda tanış olduğum bir neçə turisti yenidən bu kiçik şəhərdə gördüm. Dağ-dağa rast gəlməz, adam-adama rast gələr deyib, sanki illərdir ayrılmış kimi öpüşüb-görüşdük. Mavi şəhərə dəxli olmasa da, həmin turistlər barədə bir haşiyə çıxmaq istərdim. 4 cütlük idilər. İspaniyadan 2 gənc cütlük, İtaliyadan və ABŞ-dan 50-60 yaşlarında 2 evli cütlük. Həm subay gənc cütlüklərdə, həm də evli, orta yaşlı cütlüklərdə nə müşahidə etdim? Hörmət, sevgi, qayğı. Adətən bizim ailə dəyərlərimizin yüksək olduğunu, Qərbdə ailə məfhumunun yerlərdə süründüyünü deyirik. Amma səyahət boyunca rastlaşdığım bütün cütlüklərdəki o hörmətin, o sevginin şahidi olmağım məni sözün yaxşı mənasında təəccübləndirdi.

Son olaraq, onu da deyim ki, Mərakeş üçün ən uyğun zaman yaz və payız aylarıdır. Yay aylarında hədsiz isti olur havalar.

Bəli, beləcə, 10 günlük Mərakeş səfərimi arxada qoyub, yolçu yolunda gərək deyib döndüm Bakıya... Döndüm ki, yeni şəhərlərdən, ölkələrdən “adama gəzmək qalır” deyə bilim.


Rəna Kərimova
Bakı-Mərakeş-Bakı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir