Modern.az

“Yoldaşlarından heç biri sağ qalmadı ki, son sözünün nə olduğunu bilək” - Şəhid Qorxmaz Mirzəyevin SON GÜNÜ

“Yoldaşlarından heç biri sağ qalmadı ki, son sözünün nə olduğunu bilək” - Şəhid Qorxmaz Mirzəyevin SON GÜNÜ

4 Noyabr 2019, 09:51

Modern.az saytında şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.

 

Rubrikanın növbəti təqdimatı Birinci Qarabağ müharibəsi şəhidi Qorxmaz Mirzəyevə həsr olunur.

 

Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı insanların mobil telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu belə mümkün olmayıb. Məhz buna görə də Qorxmaz Mirzəyevin son günü, ailəsi ilə son xatirələrindən danışacağıq.

 

Qorxmaz Mirzəyev 2 may 1974-cü ildə  Goranboy rayonun Xanqərvənd kəndində dünyaya gəlib. Qorxmaz Mirzəyev orta məktəbi Mirzə Məmmədov adına Xanqərvənd kənd orta məktəbində başa vurub.

Qorxmaz Mirzəyev 9 may 1994-cü ildə qəhrəmancasına şəhid düşüb.

 

Modern.az-ın Qorxmaz Mirzəyevlə bağlı suallarını şəhidin anası Əfruzə Mirzəyeva cavablandırıb.

 

Bala dərdi ağır olur, unudulmur deyirlər. Qorxmazın ölümündünən 25 il keçməsinə baxmayaraq, şəhidin anası oğlunun adını eşidən kimi sanki bu andan çıxıb həmin dönəmlərə qayıtdı. Səsindəki titrəmədən anlamaq olurdu qəlbindəki yanğının hələ də sönmədiyi...

 

Şəhid anası Əfruzə Mirzəyeva:


“Qorxmaz 1974-cü il təvəllüdlüdür. O, çox tərbiyyəli, mehriban, valideynini düşününən uşaq idi. Mənim dörd oğlum var idi, oğlanlarımın heç biri ona bənzəmir. O, bir ayrı uşaq idi, seçilmişlərdən idi sanki. Qorxmaz evin üçüncü oğulu idi. O, orta məktəbi Xanqərvənd kənd orta məktəbində yaxşı qiymətlərlə başa vurub. Məktəbi bitirdikdən sonra sənədlərini Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) vermişdi, lakin ora daxil  ola bilmədi. Həmin dönəmlərdə Bakıda Hacı Zeynalabdin Tağıyev adına “Ziya” hazırlıq kursu var idi, Qorxmazı ora göndərdik. Hazırlıqdan sonra Qorxmaz Türkiyədə ali məktəbə qəbul olundu. Orada həkimlik oxuyacaqdı. Amma 1993-cü ildə Gəncədə hərbi qiyam baş verəndən sonra uşaqlar hamısı ortalıqda qaldı. Türkiyəyə oxumağa gedəcəkdi deyə, Qorxmaz xarici pasportunu və digər bütün sənədləri hazır etmişdi. Lakin Sürət Hüseynovun hərbi qiyamından sonra ölkədə aləm qarışdı, vətəndaş müharibəsi təhlükəsi, qarşıdurmalar oldu. Ona görə də Qorxmaz  və bir neçə nəfər Türkiyəyə oxumağa gedə bilmədi”.

 

Əfruzə ana deyir ki, Qorxmazın ən böyük arzusu ürəyində qaldı.

 

“Qorxmaz ali təhsil almağı çox istəyirdi. Hətta deyərdim ki, bu, onun da, bizim də ən böyük arzumuz idi. Universitetə qəbul oluna bilmədi deyə, 1993-cü ilin payız çağırışında oğlum əsgər getməli oldu. Qorxmazgilin dəstəsini əvvəl Füzuliyə apardılar. Hərbi xidmətinin üç ayını Füzulidə çəkdi. Lakin sonra Goranboyun Tap Qaraqoyunlu kəndinə aparıblar, həmin vaxt bizim bundan xəbərimiz olmayıb”. 



Anasının sözlərinə görə Qorxmaz hərbi xidməti dövründə bir dəfə də olsun məzuniyyətə gələ bilməyib.

 

“Bir dəfə əsgərlərə dizenteriyaya qarşı iynə vurulanda Qorxmaz bir günlük evə gəldi, iynəsini vurdurduq. İkinci oğluma dedim ki, bala hələlik Qorxmazın əvəzindən sən get yeri boş qalmasın. Qorxmazın silahını götürüb ikinci oğlum döyüş bölgəsinə yollandı. Orada komandir həmin oğluma deyib ki, “sən get, qardaşın gəlsin, onun kimi vuruşa bilməzsən”. Atası da Qorxmaza deyirdi ki, get qulluğunu başa vur. Balam o gedən getdi. 1994-cü ilin may ayının 9-da şəhid oldu. Döyüş yoldaşlarından bir nəfər belə sağ qalmadı ki, son sözü, istəyi nə olub bilək”.

 

Həmin dönəmlərdə telefondan aktiv istifadə yox idi, əsgərlər evlərinə ürək sözlərini ya məktub, ya da kimlərinsə vasitəsilə çatdırırdılar.

 

Şəhidin anası:


“Bizim Qorxmazın yanına getməyə imkanımız olmurdu, çünki o vaxtlar əfqanlar bizim əsgərlərə döyüşməyi öyrədirdilər, onlar görüşə icazə vermirdilər. Mənim böyük oğlum zabit idi, Qorxmazı ara-sıra o gedib yoxlayırdı. Qorxmazgili Füzuliyə aparanda o, evə avtobus sürücülərindən birininin vasitəilə xəbər göndərdi ki, artıq Füzulidədir”.

 

Əfruzə Mirzəyeva məktəb vaxtı yoldaşlarının Qorxmaza yazdığı yazıları hələ də saxlayır.

 

“Bəzən keçmiş vaxtları yad etmək üçün Qorxmazın xatirə dəftərini açıb oxuyuram. Məktəb yoldaşları Qorxmaza o qədər gözəl sözlər yazıblar, hər oxuyanda göz yaşımı saxlaya bilmirəm.

Füzulidəki əsgər yoldaşları da bizə deyirdi ki, Qorxmaz çox igid, tərbiyəli və məsuliyyətli biri idi. Yoldaşları bir dəfə Qorxmaza deyib ki, gəl gedək burdan, o, isə “Siz gedin, mən qalıram, qardaşımın başını aşağı edə bilmərəm” deyib.

 


Əfruzə ana oğlu şəhid olanda bunu hiss edibmiş.

 

“Bir gecə qəfildən atışma başladı. Ürəyim qəfil titrədi, hiss etdim ki, nəsə baş verib. Sonra xəbər tutduq ki, Qorxmaz şəhid olub. Balamla birlikdə 9-10 nəfər də şəhid olmuşdu. Ayın 10-da bizə xəbər verdilər və rayon mərkəzinə yola düşdük. Allaha yalvarırdım ki, heç olmasa əli-qolu üstündə olsun. Yoldaşlarının hərəsinin qolu, ayağı bədənindən ayrılmışdı, amma Qorxmaz sadəcə başından yara almışdı.

Qorxmaz indiyə qədər sadəcə bir dəfə yuxuma girib. Şəhid olmağının təzə vaxtları idi, mən dayanmadan ağlayırdım. Bir gecə yuxuma girdi, gördüm ki, körpünün üstündə əlində silah dayanıb. Körpünün altından çay çox gur axırdı. Mənə dedilər ki, sən çox ağlayırsan deyə o, narahat olur, ona görə də yuxuna elə girib. Ondan sonra bir dəfə belə yuxuma girmədi”.


Şəhid anası deyir ki, Qorxmaz 10 rəqəmini çox sevirdi, ayın 10-da da torpağa tapşırlıdı...

Qorxmazın dərdinə dözməyən atası Hüseyn Mirzəyev də dünyasını dəyişib. Çox çətinliklər çəkib Əfruzə xanım. Şəhid anası hazırda xəstədir və gözləri demək olar ki, görmür. O deyir ki, 24 ildir Goranboy rayonunda ev növbəsinə dayanıblar, amma bu günə qədər heç bir səs-soraq olmayıb. Əfruzə xanım hazırda tək yaşayır...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər