Modern.az

Rza İbadov: “Yaşlı məmurların istefa verməsi artıq ənənəyə çevrildi” - MÜSAHİBƏ

Rza İbadov: “Yaşlı məmurların istefa verməsi artıq ənənəyə çevrildi” - MÜSAHİBƏ

4 Noyabr 2019, 13:16

1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, hazırda Londonda yaşayan Rza İbadov Azərbaycandakı son islahatlarla bağlı Modern.az-ın sullarını cavablandırıb.


- Rza müəllim, son günlər ölkə başçısı bir çox sahələrdə islahatlar həyata keçirir. Bu islahatları izləyirsinizmi?


- Ölkədə gedən prosesləri çox diqqətlə izləyirəm. Əslində İlham Əliyev hakimiyyətə gəldiyi zamandan ölkədə dəyişikliklər edir. Bunu iki mərhələyə bölmək istərdim: birinci mərhələ ölkədə aparılan infrastruktur dəyişiklikləri ilə bağlıdır. Diqqət edin: 15 min km-dən çox yol çəkilib, 3500-dən çox məktəb, 600-dən çox xəstəxana ya tikilib, ya da təmir olunub. Ölkənin çox ciddi elektrik baza sistemi yaradılıb. Azərbaycan enerji idxal edən ölkəyə çevrilib. 7 hava limanı tikilib. Bunların hamısı böyük işlər sayəsində  həyata keçirilib.

İkinci mərhələ dövlət institutlarının təkmilləşdirilməsi ilə bağlıdır. Əvvəllər pasport, şəxsiyyət vəsiqəsi, arayış almaq üçün vətəndaşlardan rüşvət istənilirdi. Ancaq cənab prezident  “ASAN xidmət” sistemini yaratmaqla rüşvətin qarşısını almış oldu.  Bu sahədə olan neqativ hallar aradan qaldırıldı. İndiki zamanda istər sosial, istər vergi, istərsə də gömrük sahələrində də eyni addımlar atılır. Ölkə gizli iqtisadiyyatdan normal sənəd  üzərində olan iqtisadiyyata keçir. Bütün bunlar çox ciddi işlərdir. Deməli, “ASAN xidmət”də  olduğu kimi,  ölkənin digər saəhələrində də belə sistem yaradılacaq. Bu xətt çox doğru xətdir. Doğru xəttin həyata keçirilməsi üçün Azərbaycan prezidentində siyasi iradə mövcuddur. Bunu açıq deyirəm. Görülən işlərin hər birini alqışlayıram.


- Son kadr dəyişiklikləri zamanı vəzifələrə təyinat alanlar gənclərdən ibarətdir.  Vəzifədə olan bəzi yaşlı məmurlar yazmışq olduqları istefa ərizələri ilə gündəmə gəldilər. Baş verənləri necə dəyərləndirirsiniz?

- Gənc insanların təyinatı da müsbət addımdır. Gənclərin vəzifələrə təyin olunması onu göstərir ki, bu cür kadrlara ehtiyac var. Çünki onların hər biri yeni biliklərə sahib olmaqla yanaşı, müxtəlif dilləri bilən insanlardır. Ümid edirəm ki, bu gənclər yaşlı kadrların işlərində yol verdiyi nöqsanları təkrarlamayacaqlar. Ölkənin inkişafını davam etdirəcəklər.
Yaşlı insanların istefa verməsi də ənənəyə çevrildi. Cənab prezidentin çağırışına bir çoxları dəstək verdilər. Bu da alqışlanmalıdır. Gənclərə yol vermək lazımdır ki, onlar da potensiallarını göstərə bilsinlər.
Eyni zamanda, Azərbaycanda sosial sahədə çox ciddi adımlar atılır. Avropada, Amerikada aparılan sistemləri görmüşəm. On illərlə vaxt sərf olunub. Buna baxmayaraq,  bu günün özündə belə Avropada, Amerikada çatışmazlıqlar mövcuddur. Əminəm ki, Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Birinci vitse-prezident Mehriban Əliyeva bu işlərin öhdəsindən layiqincə gələcək. Bir-iki ildən sonra görəcəksiniz ki, bu sahələrdə böyük irəliləyişlər olub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi layihələr həyata keçirilib. Bunların hər biri böyük infrastrukturun yaranmasıdır. Ölkənin qeyri-neft sektoru da inkişaf edir və neftdən asılılıq azalmağa başlayıb. 1980-1990-cı illərdə Nigeriya neftdən 100 miyarddan çox gəlir əldə edib.  Ancaq bu gün Nigeriya səfalət içərisində boğulan ölkədir.


- Rza müəllim, bir məsələyə də münasibət bildirmənizi istərdim. Bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, professor Əli Nağıyev mətbuata müsahibə verərək, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına bəzi fikirlər səsləndirib. Dediyinə görə, o vaxtı Əli Həsənovu işə götürəndə Heydər Əliyev irad bildirib. Siz bu barədə nə deyə bilərsiniz?

- İnternet resurslarına görə dünya bir ovuc olub. Məmləkətdən uzaq yaşasaq da, ölkədə gedən prosesləri izləyə, xəbər tuta bilirik.  YAP sədrinin keçmiş müavini  Əli Nağıyevin müsahibəsini  oxudum. 1990-ci ilin yanvar hadisələrindən sonra,  Moskvada yaşayan zaman fərdi təqaüdçü olan Heydər Əliyevlə münasibətim yarandı. Tanışlıqdan sonra onun evinə gedib-gəlməyə başladım. 1990-cı ilin 4 iyununda biz Moskvadan Bakıya gəlməli idik. O zaman Moskvada yaşayan bir neçə tələbəyə, aspiranta və orada çalışan insanlara bizimlə Bakıya gəlmələri üçün müraciət etdim. Çox adam bu müraciəti qəbul etmədi. O zaman Əli Həsənova bunu deyəndə dərhal gəlməyə hazır olduğunu bildirdi. Əli Həsənov  o illərdə Moskva Dövlət Universitetinin aspirantı idi. Həmin vaxt biletimizi də aldım. Lakin ayın 4-də Əjdər Xanbabayev qətlə yetirildi deyə, Bakıya gəlməyimiz təxirə salındı. İyulun 20-də mən və Əli Həsənov Heydər Əliyevlə birgə Moskvadan Bakıya gəldik.


- Ancaq Əli Nağıyevin sözlərinə görə, mərhum eks-prezident Heydər Əliyev Əli Həsənovu qəbul etməyib.


- Xeyr. Doğru deyil. Əli Həsənovun YAP-ın Siyasi Şurasına üzv seçilməsini çox yaxşı xatırlayıram. Bilirsiz ki, həmin vaxtlar Naxçıvanda YAP-ın  təsis qurultayı keçirilirdi. Mən də o zaman Naxçıvan Ali Məclisinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri idim. Ali Məclisin sədri olan Heydər Əliyev məni yanına çağırdı.  “Bu Siyasi Şuraya gənc adamın salınmasını istəyirəm. Sən yanımda işlədiyin üçün istəmirəm ki, bu, söz-söhbətə səbəb olsun. Sən nə bilirsən, kimi tanıyırsan?”-deyə soruşdu. Mən də cavab olaraq “cənab sədr, bizimlə bərabər gələn Əli Həsənov var. Hazırda Naxçıvan Dövlət Universitetində işləyir. Bəlkə, onu cəlb edəsiniz?!” dedim.  Heydər Əliyev isə “Çox ağıllı fikirdir. Onu tap və çağır yanıma gəlsin” söylədi. Əli Həsənovun Siyasi Şuranın üzvü seçilməsi birbaşa Heydər Əliyevin şəxsi istəyi ilə olub və onun üzərində dayanıb. Bu da şahidi olduğum faktdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir