Modern.az

Ön cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLAR

Ön cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLAR

7 Noyabr 2019, 13:09

Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

 

Modern.az xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

 

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.

Firudin Qurbanov çıxışında ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına toxunub. Nazir müavini varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal edilmiş ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.

 

Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cəbhə bölgəsində belə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, gənclərdə dövlət rəmzlərinə, bayrağımıza olan sevgi və ehtiramın daha da artmasına töhfə verdiyini deyib.

 

Deputat Aydın Mirzəzadə öz növbəsində qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır.


“N” saylı hərbi hissənin komandir müavini, polkovnik-leytenant Babək Səmidli də çıxışında Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.


Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərliyi əks etdirən mahnılar ifa olunub. 

 

Yürüşdən sonra Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi kollecinin kollektivi ilə görüşüb, müəllim və tələbə heyəti ilə söhbət aparıb.

 

Sonra “N” saylı hərbi hissədə əsgərlərlə birgə nahar edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi