Modern.az

Bu günün ekranı və efiri - Direktor YAZDI

Bu günün ekranı və efiri - Direktor YAZDI

8 Noyabr 2019, 13:00

Əliqismət Lalayev,

Azərbaycan Dövlət Akademik Musiqili 

Teatrın direktoru,  Əməkdar  incəsənət xadimi,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru  


Bu günün tamaşaçısı və dinləyicisi özünü televiziya və radiodan nə qədər uzaq tutmaq istəsə də, televiziya və radio ona daha çox yaxınlasır, hər bir ailənin həyatının, məişətinin bir parçasına çevrilir. Uşaqlı-böyüklü, ahıllı-cavanlı hər kəs bu sehirli görüntülər və səslər xəzinəsindən ürəyinə yatanı, qəlbini oxşayanı seçir, necə deyərlər, əlində yağı daşan qadınlar da, ən vacib işini təxirə salmağa hazır olan kişilər də, bir cizgi filmi, bir maraqlı oyun üçün yuxusundan, yeməyindən belə imtina edən uşaqlar da bu kütləvi informasiya mənbəyini yaşam tərzlərinin vacib, vazkeçilməz "atributu” sayırlar. Biz nə qədər elm və texnika əsrindən maksimum bəhrələnsək də, o yenə  vaxtaşırı özünün ən gözlənilməz kəşfləri, yenilikləri ilə bizi təəccübləndirməkdə davam edir.   Bəs könlümüzü sehirləyən, gözümüzün rəng çalarını zənginləşdirən, zövqümüzün cilalanma meyarına çevrilən bu sehirli aləmi yaradan kimlərdir? Təbii ki, bizim gənc və istedadlı  əsrdaşlarımız, müasirlərimiz, peşəkar insanlar!

         
Bizim, yəni orta nəslin nümayəndələrinin, uşaqlığı sovetin qadağalı, senzuralı, ölçülü-biçili verilişlərinə baxmaqla formalaşanların gəncliyi öz müstəqilliyini yenidən bərpa edən bir ölkənin-Azərbaycanın başına gətirilən fəlakətlərin acısını dadmaqla,  20 Yanvar gecəsinin qanlı qırğınından keçməklə, Xocalı faciəsinin ağrılarına şahidlik etməklə yadda qalıb. Bizim yaşıdlarımızın sinəsinə şəhid qanı çilənib, biz ötən əsrin son onilliyində mənfur qonşularımızın sərsəm iddalarının qurbanı olan torpaqlarımızı geri qaytarmaq əzmi ilə yaşayanlarıq. Bir zamanlar televiziyada və radioda söylənən hər bir fikrə və sözə inanan, onu, necə deyərlər, "Quran” ayəsi kimi doğru və redaktəsiz qəbul edən nəslin övladları olduğumuzdan bir müddət əvvəl fəaliyyətə başlayan və sayı ildən-ilə artan özəl kanalların bolluğuna da sevinmişdik, bir vaxtlar ciddi-cəhdlə tamaçılardan gizlədilən bəzi mövzuların gündəmə gətirilməsini də alqışlamışdıq … və deyəsən o illərdə klassik ölçü-biçisini, dilimizin saflığını, musiqimizin, bədii sözümüzün doğallığını qoruyub saxlamaq üçün hər çətinliyə  dözən və artıq özünün müdriklik çağını yaşayan Azərbaycan Televiziyasına və Radiosuna marağımız  sanki bir qədər  ikinci plana keçmiş kimiydi, lakin… ona olan sevgimiz,  ehtiramımız, güvənimiz və inamımız  heç vaxt bizi tərk etməmişdi, azalmamamış,  tükənməmişdi, əksinə, zaman keçdikcə ona ehtiyac duymuşduq, bu zəruri qayıdışımız daha güclü bir istəklə artıb, çoxalmışdı. Son bir ildə Azərbaycan televiziyasının və radiosunun simasının yaxşılığa doğru ildirım sürəti ilə dəyişdiyini görməmək və bunu dilə gətirib etiraf etməmək ən azından insafsızlıq olardı. 


Mən Azərbaycan televiziyası və radiosu ilə hələ tələbəlik illərindən sıx əməkdaşlıq etmiş, vaxtaşırı gənclər üçün hazırlanan proqramlara və ədəbi verilişlərə dəvət olunan azsaylı cavanlardan olmuşam. O dönəmdə yaşıdlarım mənə həsəd aparır, qibtə edirdılar, çünki bu müqəddəs məbədə hər adam ayaq basa bilməzdi. Burada elə nəhəg insanların səsi, ayaq izləri, xatirələri, yaratdıqları şedevrlər vardı ki...

         
Bu gün 93 yaşını qeyd etdiyimiz radioda müəllifi və aparıcısı olduğum "Gənclik proqramı”nın, sonralar isə  "Firuzə radio teatrı”nda səsləndirilən radio-pyeslərin rejissoru kimi  tanınmağımda Radio çox mühüm rol oynayıb. Bu  doğma məkanda mənə və mənim kimi yaradıcı gənclərə hamilik edən, yol göstərən unudulmaz insanları - Tariyel Vəliyevi, Mailə Muradxanlını, Fəridə Aslanbəyovanı, Dəmir Gədəbəylini və digərlərini hər zaman böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlayıram. Bir zamanlar mənə əziz olan bu ünvanda bu gün də çalışan dəyərli insanlar, mütəxəssislər var. Elə buna görə də illər boyu orada hansı vəziyyətin hökm sürdüyündən az-çox mən də xəbərdardım. İndi isə nəzərə çarpan qlobal dəyişliklər sözün əsl mənasında tamaşaçının gözünü və könlünü sevindirir. Burada aparılan islahatlar verilişlərin bədii dəyərini artırıb, yeni, daha maraqlı, daha aktual və operativ  verilişlərsə mövzu rəngarəngliyi, təqdimat əlvanlığı ilə seçilir. Studiyaların hər bir verilişin xarakterinə uyğun müasir dizaynlı tərtibat da, müxtəlif yaş təbəqələrindən olan tamaşaçıların da bilavasitə əyani iştirakı ilə təqdim olunan verilişlərin bolluğu da, gənc və işgüzar əməkdaşların fəallığı, onların ölkəmizə gələn qonaqlarla elə onların dilində apardıqları aktual müsahibələr, söhbətlər, siyasi şərhlər də tamaşaçılarda qürur hissi doğurur. Bu cavanların dünyada və ölkəmizdə baş verən müxtəlif olaylara müasir gəncliyin düşüncə bucağından baxmaq qabiliyyəti də təbii ki, hər kəsi sevindirir. 


Ekran və efir hər zaman incəsənətimizin, mədəniyyətimizin  təbliğat tribunası olub. Rəhbərlik etdiiyim Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da daxil olmaqla, respublikamızda fəaliyyət göstərən bütün teatr və konsert müəssisələrinin  yaradıcılıq uğurlarını  həmişə işıqlandıran, ən yaxşı səhnə əsərlərini çəkib nümayiş etdirən və sonra televiziya və radionun zəngin arxivinə təhvil verərək  onları qayğı ilə qoruyub gələcək nəsllərə qiymətli əmanət kimi çatdıran da bizim doğma televiziyamızdır, radiomuzdur. Həm AzTV, həm də son illər uğurla fəaliyyət göstərən Mədəniyyət kanalı bu müqəddəs missiyanın öhdəsindən bacarqla gəlir. Hər iki kanalda teatrlarımızın hazırladığı yeni tamaşaların məşq prosesindən, primyeralarından verilişlər hazırlanır, efirdə yaradıcı heyətlərlə tamaşaçıların görüşləri təşkil edilir, bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə fərqlənən ifaçılar barədə məlumatlar verilir ki,  bu da bütövlükdə mədəniyyətimizin təbliği üçün çox önəmli və faydalıdir. 


Televiziya və məncə həm də radio həyatın ekranada və efirdə əks olunmuş kiçik modelidir-deyirlər. Bəlkə də bu sözdə gizli bir kod, çoxlarının sonacan çözməyə çətinlik çəkdiyi bir ismarıc var. 


Yeri gəlmişkən, məncə  bütün tamaşaçıların fikrini ümumiləşdirib belə bir yekun rəy söyləmək olar ki, biz, yəni tamaşaçılar, evimizin  ən geniş otağının yuxarı başında yer ayırdığımız o sehirli qutuda gördüyümüz insanları zaman keçdikdə yaxınımız, dostumuz, doğmamız kimi qəbul edir, onları həm ailəmizin, həm də bir fərd olaraq könlümüzün qapısından içəri keçiririk, onlara inanırıq, etibar edirik, dərdimizi, sirrimizi onlarla bölüşməkdən çəkinmirik. Həmişə də arzulayırıq ki, bu şəxslər yüksək ədəb-ərkanı, mükəmməl nitq qabiliyyəti, zövqlü geyim tərzi, müzakirəyə çıxarılan mövzuya hakimliyi, onu tamaşaçıya çatdırmaq ustalığı ilə seçilsin. Təəssüf ki, bəzən bu "qızıl qaydalara” əməl etməyən televiziyalar da tapılır ki, bu da xoş qarşılanmır. 


Bu gün könül rahatlığı ilə demək istəyirəm ki, ötən illərin steorotiplərini qısa zaman kəsiyində aradan qaldırmaq, köhnə verilişləri bir anda sanki mahir sehrikar çubuğunun toxunuşu ilə tamamilə dəyişib çağdaş dünyanın tələblərinə cavab verən yeni, daha müasir forma və məzmunlu verilişlərlə  əvəzləmək, dünya televiziyalarının ənənələrindən yaradıcılıqla bəhrlənərək  daha modern bir televiziya yaratmağa nail olmaq asan iş deyil. Lakin  artıq hər kəs inandı ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nə təyin olunmuş yeni sədr- hər birimizin istedadlı jurnalist, səriştəli siyasi şərhçi kimi tanıdığımız Rövşən Məmmədov həm də bacarıqlı televiziya təşkilatçısı kimi özünü doğrulda bildi, ona tapşırılan çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldiyini sübuta yetirdi və onminlərlə tamaşaçının AzTv-yə marağını yenidən kökləməyə nail oldu.  


Azərbaycan Televiziyasının, Mədəniyyət və İdman Kanallarının yeni verilişlərinin təkcə forma və təqdimat üslubu dəyişməyib, həm də məzmunu və dərin fəlsəfi yükü, vətəndaşlıq mövqeyi də yenilənib, modernləşib ki, bu da bütövlükdə tamaşaçı zövqünün formalaşmasına xidmət edir, xüsusilə də gənclərimizi maarifləndirir, onların sabaha gedən yolda daha əzmlə və inamla irəliləməsinə yardım edir. Unutmaq olmaz ki, hazırlanan hər yeni veriliş həm də daha çox Azərbaycan tarixinin, mədəniyyətinin, ölkəmizin siyasi həyatının və yaşam tərzinin, hər bir vətəndaşımızın tükənməyən arzularının bu gün efir və ekran vasitəsi ilə dünyaya açılan nəfəsliyidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı