Modern.az

“Regionun “Əl-Cəzirə”sinə böyük ehtiyac var” - 30 yaşlı qəzetin baş redaktoru

“Regionun “Əl-Cəzirə”sinə böyük ehtiyac var” - 30 yaşlı qəzetin baş redaktoru

8 Noyabr 2019, 15:44

 “Yeni Müsavat” qəzetinin 30 yaşı tamam olur.

Qəzet 10 noyabr 1989-cu ildə Müsavat Partiyasının mətbuat orqanı kimi yaradılıb.

Qəzetin təsisçisi və baş redaktoru Rauf Arifoğlu Modern.az-a müsahibəsində “Yeni Müsavat”ın 30 illik tarixinin əslində Müstəqil Azərbaycanın tarixi olduğunu vurğulayıb:

“Çünki biz özümüzü Azərbaycandan kənarda təsəvvür etmirik, həmişə Azərbaycanın səsi olmağa çalışmışıq. Azərbaycan xalqının haqq davasının, mübarizəsinin, Azadlıq hərəkatının səsi olmağa çalışmışıq. İlk zamanlar qəzetlərin əsas funksiyası klassik qəzet fəaliyyəti deyildi. Kommunizmə, Sovet hakimiyyətinə, əsarətə qarşı Azərbaycanın Milli Azadlıq mübarizəsinin bir parçası idi. Bu savaşda media orqanı döyüş vərəqələri paylayırdı.

Azərbaycan müstəqilliyini qazandıqda biz tədricən qəzet olma yolunda addımladıq. Ciddi, rəsmi qəzet formatına keçdik. Daha sonra dövriliyimizi artırdıq. Qısa müddət sonra isə həftədə 7 dəfə çıxan yeganə qəzet olaraq, keçmiş SSRİ məkanında tarixə yazıldıq. Zaman keçdikcə, müəyyən düşərgələrlə məsafələrimizi bərabər qoymağa çalışdıq və bu da uğurla həyata kedi. Bizim üçün çox çətin olsa da, müstəqilləşmə yolunda uğurlu addım atdıq. Bundan sonra neomedia orqanları yaratmağa başladıq. “Yeni Müsavat” qəzetinin üzərində analoqu olmayan proses həyata keçirib, yeni media ilə sintezini yarada bildik. Xəbər istehsalçısı “Yeni Müsavat” qəzeti - çap mediası idi, xəbərin yayımını həyata keçirən isə yeni media orqanı olan “Musavat.com” saytı idi. Belə bir uğurlu variant tapdıq. Saytlarımızın sayını çoxaltdıq. Rus dilində yayım üçün “Minval.az” brendi, “Minval.info” saytı, “Müsavat TV” yaradıldı. Daha sonra isə onlayn televiziya modelinə keçdik. Bütün bunları bir media qrupunda cəmləmişik. Dünyanın yeni trendlərini “Yeni Müsavat” Media Qrupuna gətirə bilmişik. Müasir media texnologiyalarından istifadə edirik, o cümlədən sosial media səhifələrimiz var. Bu resurslar da artıq şəbəkə deyil, media sayılır. Üst-üstə götürəndə 300 min abunəyə yaxın əhatəmiz var. Bu həm Azərbaycan tarixində, həm də “Yeni Müsavat”ın tarixində yeni media uğurudur”.

R.Arifoğlu hesab edir ki, 30 il müddətində ən böyük uğurlardan biri elə qəzetin bu qədər uzun müddət fəaliyyət göstərə bilməyidir:

“Az qala bir insan ömrünə bərabər yaşanmışlığımız var. İndiyə kimi 7405 nömrəmiz olub. Bu, 7405 gün dayanmadan qəzet çıxarmaq, işləməkdir. Bu göstəricilərlə, rəqəmlərlə qürur duyuruq. Hesab edirəm ki, Azərbaycan mediası ilə bağlı olan, həyatında heç olmasa bir dəfə olsun, qəzet oxumuş hər kəs bu göstəricilərlər qürur duymalıdır. Bu hansısa bir düşərgənin, partiyanın, liderin göstəriciləri deyil, bütün Azərbaycanındır. Nə xoş Azərbaycan vətəndaşlarına ki, onların istiqlalından 2 yaş böyük bir qəzetləri var”.

Baş redaktor “Yeni müsavat”çılar haqqında da fikirlərini bölüşüb:

“Qəzetimizin keçmiş əməkdaşları yeni iş yerlərində də uğurlu nəticələr göstərirlər. Hələ eşitməmişəm ki, hansısa media orqanı rəhbəri “Yeni müsavat”çıdan narazı qalsın. Onlar bizim əməkdaşlarımızın zəhmətkeşliyindən, ardıcıllığından, istedadından və məhsuldarlığından razıdırlar. Çünki kollektivimizin əməkdaşları dayanmadan çalışmağa öyrəniblər. Az öncə sadaladığım nəhəng işləri cəmi 50 nəfərlə həyata keçiririk. 6-7 media vahidi olsa da, bütün bu prosesi minimallaşmış, optimallaşmış heyətlə reallaşdırırıq. “Yeni Müsavat”a gəlib, 1-2 il çalışmış əməkdaşımız sonradan gedib sayt rəhbəri də ola bilir, hər hansı media strukturunun ən yaxşı çalışanı da. Biz isə bununla qürur duyuruq”.

30 yaşlı qəzetin rəhbəri son olaraq, gələcək planlarından, qarşıya qoyduqları məqsədlərdən danışıb:

“Əsas işimiz yaşamağa davam etməkdir. Zamana və onun təlatümlərinə tab gətirmək - əsas strategiyamız budur. Hesab edirəm ki, biz buna müvəffəq olmuşuq, bundan sonra da müvəffəq olmaqda davam edəcəyik. İmkan daxilində genişlənmək, görüntülü xəbərlər istehsalının faizini artırmaq, internet televiziyanın işini daha əhatəli təmin etmək, rus dilində yayım imkanlarını artırmaq haqda düşünürük. Hələlik xaricə açılım, rus dili ilə yekunlaşır. Çünki düşünürəm ki,  ingilisdilli media quruluşunu yaratmaq üçün böyük maddi-texniki bazaya malik olmaq lazımdır. Bunu, hesab edirəm ki, dövlət yaratmalıdır. Təxminən “CNN”, “Əl-Cəzirə” tipində qurumun yaradılması daha əhəmiyyətlidir. Regionun “Əl-Cəzirə”si ola biləcək qurumu bizim yaratmağımız doğru olmaz. Lakin belə bir media orqanının Azərbaycanda olmasına böyük ehtiyac var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...