Modern.az

“Amaliya xanım Azərbaycanın teatr kraliçası idi” - Tələbəsinin mərhum xalq artisi ilə bağlı XATİRƏLƏRİ

“Amaliya xanım Azərbaycanın teatr kraliçası idi” - Tələbəsinin mərhum xalq artisi ilə bağlı XATİRƏLƏRİ

8 Noyabr 2019, 17:38

Xalq artisti Amaliya Pənahovanın vəfatından bir il ötür.

Modern.az xəbər verir ki,  Xalq artisti Amaliya Pənahova ötən ilin bu günü xərçəng xəstəliyindən dünyasını dəyişib.

Azərbaycan teatr səhnəsinin istedadlı aktrisası A.Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində dünyaya gəlib. Uşaqlıqdan bu sənətə olan həvəs Amaliyanı gələcəkdə tanınmış bir aktrisaya çevirib. O, 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

Yaşadığı dövr ərzində kino və teatr səhnəsində 500-dən artıq obraz yaradan aktrisa 1992-ci ildə Bakı Bələdiyyə teatrını yaradıb. Bura gənc və istedadlı aktyorları dəvət edərək,onlara dəstək olub.
Kino tarixində biri-birindən gözəl və yaddaqalan obrazlar yaradan aktrisa uşaqdan -böyüyə hər kəsin qəlbində bir taxt qurub. “Babək”, “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Mən mahnı qoşuram” kimi filmlərdə unudulmaz obrazlar yaradıb.

Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə isə Xalq artisti fəxri adı verilib.

Aktrisa özünü rejissor kimi də sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tamaşaya quruluş verib.

Amaliya Pənahova eyni zamanda ölkədə ictimai fəaliyyət göstərən bir xanım kimi də tanınıb.Belə ki, 2000-2005-ci illərdə Mlli Məclisin deputatı olub.
Mərhum aktrisa Azərbaycan Dövlət Televiziyasının diktoru Yusif Muxtarovla ailə həyatı qurmuşdu. Onların bu izdivacdan iki övladı dünyaya gəlib.

Amaliya Pənahova 2018-ci il noyabrın 8-də vəfat edib, “Qurd qapısı” qəbirstanlığında dəfn olunub.


Amaliya Pənahovanın tələbəsi, Əməkdar artist Hüsniyyə Mürvətova görkəmli sənətkarla bağlı xatirələrini Modern.az-a bölüşüb.


“Amaliya xanım bizim hər zaman ürəyimizdə yaşayacaq. Səhnəmiz artıq bir ildir ki, Amaliya Pənahovasız qalıb. Ancaq bu cisməndir, o, ruhən hər zaman bizimlədir. Hər birimiz qürurla onun qurub-yaratdığı teatrda çalışırıq. Hansı addımı atlırıqsa, o dəqiqə düşünürük ki, Amaliya xanım burda olsaydı nə deyərdi? Biz onun yoxluğunu qəbul etmirik, elə bilirik ki, harasa gedib və gələcək. Amaliya xanım Azərbaycan teatr kraliçası idi. O, bu sənətə canını qoyub, çox zəhmətkeş sənətkar idi. Həmişə bizə danışardı ki, teatrda elə anları olub ki, evə getməyə belə vaxt tapmayıb. Mən bun Amaliya xanımın 70 illiyində əyani şahid oldum. Dayanmadan düz 4 saat danışdı, enerjisi bitmirdi”.



Hüsniyyə Mürvətova qeyd edib ki, Amaliya xanımın xəstə olduğunu onlar da aktrisanın həyatının son günlərində biliblər:

“Onu bildirim ki, Tanrı Amaliya xanıma bütün gözəllikləri bəxş edib, bir insan sima və xasiyyətcə bu qədərmi gözəl olar... Bir məsəl var, deyirlər “ürəyinin gözəlliyi simasına vurub”. Amaliya Pənahova hər cür gözəlliyə layiq bir xanım idi. Amaliya Pənahova deyəndə mən gözəllik düşünürəm .Həm də çox duyğusal insan idi. Adi bir musiqiyə qulaq asanda kövrəlirdi. Biz onunla  tez-tez qastrol səfərlərinə gedirdik. Bunu hər zaman özünə də demişəm, mən ən gözəl günlərimi Amaliya Pənahova ilə yaşamışam. Qastrol səfərlərində bizə analıq edirdi. Onun hər bir xatirəsi mənim üçün əziz və dəyərlidir. İnanın ki, bizə əsəbləşib nəsə deyəndə, o sözlər də bizə xoş gəlirdi, çünki içimizdə böyük bir sevgi yatırdı. O sevgi Amaliya Pənahova sevgisi idi. Kaş indi yenə sağ olardı, bizim üstümüzə qışqırardı.
Biz onun xəstliyi haqda son günlərdində xəbər tutduq. Çünki bunu  hər kəsdən gizilədirdi. Ancaq mən onunla elə danışırdım ki, guya bilmirəm. Bunu özü də anlayırdı ki, biz onun xəstəliyi barəsində nəsə bilirik, biz özümüz demirdik ki, qırılmasın. Çünki çox həssas insan idi, özünü çox pis hiss edərdi...

Oktyabrın 30-da “Şanlı vətən” tamaşası oynadıq. Ancaq bu tamaşaya Amaliya Pənahova gələ bilmədi. Kimləri dəvət edəcəkdiksə, şəkilləri, hər bir şeyi müəlliməmə göndərirdim. Və ilk dəfə o, öz tamaşasının premyerasına qatıla bilmədi. Onda Amaliya xanımla danışanda özümü saxlaya bilməyib ağladım. Mənə bir təskinlik verdi: “İnşallah ki, gələrəm, özünüzü qoruyun, siz hamınız istedadlısınız”.
Sonuncu sözü bu oldu mənə. O sözlər hələ də qulağımdadır...
Belə bir insanın xatirəsini yaşatmamaq hər birimizə günah olar. Nə qədər ki, teatr sevərlər var, Amaliya Pənahova sənətkarlığı da yaşayacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi