Modern.az

Ədalətin təmini üçün vəkilə dövlət itihamçısı qədər əməkhaqqı verilməlidir

Ədalətin təmini üçün vəkilə dövlət itihamçısı qədər əməkhaqqı verilməlidir

9 Noyabr 2019, 15:30

"Hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ var. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxs səlahiyyətli dövlət orqanı tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ var". Azərbaycan Konstitusiyasının 61-ci maddəsi vətəndaşlara bu hüququ verir. Amma keyfiyyətli hüquqi yardım almaq Azərbaycanda bu gün də problem olaraq qalır. Mütəmadi olaraq məhkəmə proseslərində təqsirləndirilən şəxslərdən istintaq zamanı dövlət hesabına təyin olunan vəkillərin onları deyil, prokrorun mövqeyini müdafiə etdiyini eşidirik.
Halbuki dövlət hesabına verilən hüquqi yardımın nələrdən ibarət olması ölkə qanunvericiliyində öz əksini tapıb. Cinayət-Prosessual Məcəllənin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa, hüquqi yardımın göstərilməsi dövlət büdcəsi vəsaiti hesabına təmin edilməlidir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun da tələb edir ki, dövlət hesabına imkansız şəxslərə, aztəminatlı vətəndaşlara hüquqi yardım göstərilsin. Amma dövlət tərəfindən vəkilə ödənilən məbləğin çox aşağı olması, bu məbləğin alınmasının mürəkkəbliyi vəkilin həmin işi aparmaqda maraqlı olmaması ilə nəticələnir. Bunun cəzasını isə keyfiyyətli hüquqi yardıma ehtiyacı olan yüzlərlə vətəndaş çəkir.


"Belə olan halda vəkil pulu verən adama, yaxud onu təyin edən şəxsə qulluq edir"

«Kimsə həbs olunanda istintaq istədiyi vəkili əvvəlcədən dəvət edir. Bu zaman şəxsin özünün maddi imkanları nəzərə alınmır. Bəzən həddən artıq imkanı olan şəxslərə dövlət hesabına vəkil təyin olunur. Bu, qanunsuzluqdur. Halbuki, qanunun tələbinə görə, təqsirləndirilən şəxs istədiyi vəkili dəvət edə bilər və bunun üçün ona siyahı təqdim olunmalıdır. Şəxs vəkili həmin siyahıdan seçə, yaxud tanıdığı hər hansı vəkili dəvət edə bilər. Təcrübədə isə buna rast gəlməmişəm və tətbiq olunmur. Bu müddəanın yanlış tətbiq olunmasının nəticəsidir ki, müstəntiq, hakim kimi istəyirsə, onu da şübhəli şəxsə və təqsirləndirilənə vəkil kimi verir. Belə olan halda vəkil pulu verən adama, yaxud onu təyin edən şəxsə qulluq edir.  Hətta elə hallara rast gəlinir ki, vəkil  müdafiə etdiyi şəxsin əleyhinə ifadə verib»,- deyə uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olan Aslan İsmayılov mediaya açıqlamasında bildirir.


Bu gün hüquqşünaslar və vəkillər də təsdiq edir ki, ölkədə ancaq təyinatla işə çıxan bir qrup vəkil var. Həmin vəkillər istintaqda yalnız hansısa sənədlərə imza atmaqla müdafiəni həyata keçirmiş olurlar.
A.İsmayılovun sözlərinə görə, elə vəkillər var ki, əllərində bir papka, bir order gəzirlər: «Harda iş varsa, sənədlərə qol çəkirlər. Hətta aparılan araşdırma zamanı məlum olmuşdu ki, bu qrupa daxil olan vəkillərdən biri ildə 500 işə çıxıb. Reallıqda bu, mümkün olmayan bir haldır. Belə vəkillər isə məhkəmə istintaqı zamanı peşəkar vəkillərin işinə böyük əngəllər yaradır. Təyinatlı vəkillərin yol verdiyi qanunsuzluqlar əksər hallarda təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsində ciddi problemlərə səbəb olur».
Formalda istintaq altında olan heç bir şəxs müdafiəçisiz qalmasa da, keyfiyyətli hüquqi yardım da göstərilmir. Çünki dövlət hesabına işlərə daha çox müştəriləri olmayan vəkillər göndərilir. Hansı vəkillər ki, təzə fəaliyyətə başlayır və müştəriləri yoxdur, həmin şəxslər dövlət hesabına müdafiəyə çıxır.

"Müstəqil vəkillik fəaliyyəti üçün şərait yaradılmalıdır"

Bu gün müdafiənin keyfiyyətinin aşağı olması həm də məhkəmələrin ədalətli qərar çıxarmaması ilə əlaqələndirilir. Demokratik, hüquqi dövlətlərdə vəkil iş materialları ilə tanış olanda nəticənin necə olacağı ilə bağlı hüququnu müdafiə etdiyi şəxsə müəyyən söz deyə bilir. Azərbaycanda isə əksər hallarda məhkəmələr müdafiə tərəfinin sübutlarına və əsaslandırmalarına məhəl qoymayaraq ittiham tərəfinin istəyinə uyğun qərar çıxarır.
Uzun müddət vəkilliklə məşğul olan Yalçın İmanov problemdən çıxış yolunu vəkillik fəaliyyəti üçün normal şərait yaratmaqda görür: «Bir çox hallarda, xüsusilə cinayət işlərində vəkilin rolu sadəcə sənəd imzalamaqla bitir. Hüquq-mühafizə orqanları ilə «bazarlığa gedən vəkillər» təqsirləndirilən şəxsin dindirilməsi, ifadəsi və digər sənədləri imzalayıb, bununla da işini bitmiş hesab edir. Təbii ki, belə olanda səmərəli müdafiə hüququndan söhbət gedə bilməz. Bu da vəkilliyin nüfuzuna zərbə vuran bir haldır. Belə halların qarşısını almaq üçün vəkillərin sayı yenidən artırılmalı, müstəqil vəkillik fəaliyyəti üçün şərait yaradılmalıdır».
A.İsmayılov isə deyir ki, dövlət vəkillərə zəhmətlərinin qarşılığı olaraq əməkhaqqı verməlidir: «Dövlət ittihamçısı və vəkil məhkəmə prosesində bərabərhüquqlu şəxslər sayılır. Əgər dövlət ədalətin təmin olunmasını, keyfiyyətli hüquqi yardım göstərilməsini istəyirsə, o zaman vəkilə də dövlət itihamçısı qədər əməkhaqqı verilməsini təmin etməlidir».

Ölkədə fəaliyyət göstərən 1551 vəkildən 359-u regionlarda işləyir

Göründüyü kimi, dövlət hesabına vəkillə təmin olunmaq reallıqda həyata keçirilsə də, bu zaman şəxsin keyfiyyətli müdafiə olunmaq hüququna önəm verilmir. Problemin səbəblərindən biri həmin vəkillərin təyin olunmasından ibarətdirsə, digər səbəb vəkilə ödənilən qonorarla bağlıdır.
Sözügedən problemlə bağlı Vəkillər Kollegiyasına 07 iyul 2019-cu ildə ünvanladığımız informasiya sorğusuna 07 noyabr  2019-cu ilədək cavab ala bilmədik. Baxmayaraq ki, Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Vəkillər Kollegiyasının internet səhifəsində verilən məlumatda isə bildirilir ki, hazırda Kollegiyanın üzvlərinin sayı 1551 nəfərdir. Ölkənin regionlarında fəaliyyət göstərən 359 vəkildən 119 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə 1192 vəkil fəaliyyət göstərir ki, onlardan 110 nəfəri  fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin, Bakı şəhərində Vəkillər Kollegiyasının 52, regionlarda isə 26 vəkil qurumu fəaliyyət göstərir.


Vəkillərin sayının artım dinamikasına gəldikdə isə 2004-cü ilin noyabrında yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. Kollegiyaya 2005-ci ildə 151, 2006-cı ildə 24, 2007-ci ildə 235, 2008-ci ildə 27, 2009-cu ildə 71, 2010-cu ildə 15, 2011-ci ildə 9, 2012-ci ildə 121, 2013-cü ildə 12, 2014-cü ildə 149, 2015-ci ildə 12, 2016-cı ildə 22, 2017-ci ildə 17, 2018-ci ildə isə 553 nəfər  üzv qəbul olunub.
Bu il oktyabrın 31-də keçirilən imtahanda iştirak üçün 245 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürüb. İmtahanda 236 nəfər iştirak edib, onlardan 144 nəfəri 60 və daha yüksək bal toplayaraq növbəti mərhələdə iştirak hüququ əldə edib.
Hazırda Azərbaycanda 1 vəkilə təxminən 6500 vətəndaş düşür ki, ölkəmiz bu göstəriciyə görə, nəinki  Avropa, hətta Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan və Belarusdan da geri qalır.
Vəkillərin sayı ilə yanaşı, dövlət hesabına işə çıxan vəkillərə ödənilən vəsaitin də miqdarı yüksək deyil. Bu gün dövlət hesabına işə çıxan vəkillərə 1 saat üçün 6 manat ödənilir ki, bu da əksəriyyəti qane etmir.  2017-2018-ci illərdə dövlət hesabına hüquqi yardımın təşkili üçün dövlət büdcəsindən cəmi 2 758 844 manat vəsait ayrılıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov mediaya açıqlamasında bildirib ki, dövlət hesabına hüquqi yardıma görə ödənilən məbləğ postsovet dövlətləri arasında böyük rəqəmdir: "Bu məbləğ 3 dəfə artırılıb. Bu, illər boyu dəyişmirdi. Çox biabırçı rəqəm idi. Mən demirəm ki, bu məbləğ çox böyükdür, bütün problemləri aradan qaldırır. Nəzərə almalıyıq ki, vəkil dövlət hesabına hüquqi yardım göstərmir axı. Vəkil də uzağı ayda bir dəfə dövlət hesabına hüquqi yardım göstərir. Hansı sahədə 3 dəfə ödənişlər, maaşlar artırılıb? Bu, vəkilliyə olan bir avansdır".

Dövlət hesabına hüquqi yardım formal göstərilməməlidir

Konstitusiyada ödənişsiz hüquqi yardımın göstərilməsi qaydasının qanunla müəyyən edilməsi təsbit edilmiş olsa da, 25 ilə yaxın bir müddət keçməsinə baxmayaraq hüquqi yardım haqqında ayrıca qanun hələ də mövcud deyil. Bu dövlət hesabına hüquqi yardımın şərtləri, halları və digər aspektlərinin ayrı-ayrı qanunlarda pərakəndə şəkildə təsbit edilməsi ilə nəticələnib.


Anar Bağırov da o qənaətdədir ki, dövlət hesabına hüquqi yardım formal göstərilməməlidir: "Belə olan halda cəmiyyətdə neqativ fikirlər yaranır. Çünki onlar vətəndaşların taleyi ilə oynayır, onları bədbəxt edirlər. Biz belə vəkillərlə çox ciddi mübarizə aparırıq. Bir çox vəkilin fəaliyyətinə xitam vermişik, Kollegiyadan xaric etmişik. Keyfiyyətli hüquqi yardım ağlabatan və vaxtında olmalıdır. Amma bəzən vətəndaşlar mülki işlərdə birinci instansiya məhkəməsində vəkil yardımı üçün bizə müraciət edirlər. Halbuki qanunvericilikdə belə bir şey yoxdur. Mülki işlərdə birinci instansiya və apellasiya mərhələsində vəkilin pulsuz yardımı nəzərdə tutulmayıb. Digər tərəfdən  vətəndaş gəlib deyəndə vəkil istəyirəm, istintaq orqanları ona dövlət hesabına vəkil təyin edir. Dövlət büdcəsini bu cür israf etmək olmaz. Yaxud baxırsan ki, vətəndaş məhkəməyə bahalı maşında gəlir, amma dövlət hesabına vəkil istəyir. Şəxsin maddi imkanı varsa, nəyə görə ona dövlət hesabına vəkil təyin olunmalıdır?!".
Kollegiya sədri bildirib ki,  bununla bağlı Rəyasət heyəti önəmli qərar qəbul edib: "Vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən dövlət hesabına hüquqi yardımın növbəlilik üzrə həyata keçirilməsinin vahidləşdirilməsi, o cümlədən, könüllülük prinsipi nəzərə alınmaqla dövlət hesabına hüquqi yardım göstərmək niyyətində olan vəkillərin noyabr ayının 1-dək Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət ediblər. Bu qərarın qəbul edilməsində məqsəd formal vəkilliyə son qoymaq,  dövlət hesabına təyinatla hüquqi yardımın göstərilməsinə vəkilləri könüllülük prinsipi əsasında cəlb etmək, bu sahədə vətəndaşların haqlı narazılığına səbəb olan və vəkilliyi nüfuzdan salan neqativ halları aradan qaldırmaq, dövlət hesabına hüquqi yardım göstərən vəkillərin  işini bir mərkəzdən təşkil etmək, bununla operativliyi təmin etməkdir. Eyni zamanda aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsi işini təkmilləşdirmək, bu sahədə fəaliyyət göstərən vəkillərin peşə hazırlığını artırmaq, dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənişlər üzrə süründürməçilik və digər neqativ hallara son qoymaqdır".
Problemin həlli üçün regionlarda fəaliyyət göstərən vəkillər, vəkil bürolarının sayı artırılmalı, yeni yaradılacaq hüquqi yardım mərkəzləri şəbəkəsi vasitəsilə ucqarlar da daxil olmaqla, bütün region əhalisi üçün hüquqi məlumatların və hüquqi yardımın əlçatanlığı təmin olunmalıdır. Həmçinin, bu sahədə Avropa ölkələrinin maraqlı təcrübəsi var ki, ondan da yararlanmaq olar. Belə ki  Avropa ölkələrində dövlət hesabına hüquqi yardım müvafiq qurum tərəfindən göstərilir. Həmin qurumda fəaliyyət göstərən vəkillər dövlət ittihamçıları ilə eyni məbləğdə əməkhaqqı alır. Hazırda ABŞ-da dövlət hesabına işə çıxan vəkilin hər saatına görə 100 dollar, İngiltərədə 80 funt sterlinq, Almaniyada 90 marka verilir. Türkiyədə bunun üçün vəkilə 8 dollar, qonşu Gürcüstanda isə təxminən 4 dollar ödənilir. Bir qrup ölkədə isə bir çox hüquq firması aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi üçün vəsait ayırır. Əgər bizdə də bu təcrübə tətbiq olunarsa, tərəflər arasında həm də bərabərlik prinsipi də qorunmuş olar.

Pünhan Əfəndiyev

Yazı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində hazırlanıb. Məqalənin məzmunu və tərkibi müəllifin məsuliyyətindədir və heç bir halda Niderland Krallığının Xarici İşlər Nazirliyi və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatının mövqeyini əks etdirmək üçün əsas göstərilə bilməz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir