Modern.az

Son bir ilin nəticəsi: Xaricdəki azərbaycanlılar arasında savaş bitib - GÖZLƏNTİLƏR ÇOXDU

Son bir ilin nəticəsi: Xaricdəki azərbaycanlılar arasında savaş bitib - GÖZLƏNTİLƏR ÇOXDU

Diaspor

12 Noyabr 2019, 10:16

Dünyada baş verən proseslərin fonunda, xüsusilə erməni lobbisinin öz fəallığını artırdığı indki zamanda xaricdəki soydaşlarımızla işləri intensivləşdirmək zərurətə çevrilib. Və bu məsələdə dünya üzrə hər bir azərbaycanlının vahid platformadan çıxış etməsi milli mənafelərimizə xidmət edəcək ən böyük iş olardı. Nədən ki, çox yaxın keçmişə qədər xaricdəki azərbaycanlılar öz aralarında intriqalarla məşğul olurdular.

Daha düzünü desək, ayrı-ayrı qüvvələr, institutlar  soydaşlarımızı belə vəziyyətə gətirir, onları öz aralarında daim mübahisə etməyə kökləyirdilər.

Nəticədə isə xaricdə yaşayan azərbaycanlılar öz enerjilərini, güclərini biri-birlərinə qarşı xərcləyirdilər. Bundan isə təbii ki, biz deyil, bizə qarşı olan qüvvələr qazanırdı.

Görünür elə buna görədir ki, problemi dərinliyi ilə anlayan aidiyyatlı qurumlar məsələni kökündən həll etmək üçün ortaya ciddi platforma qoydular: 

 

Koordinasiya Şuraları...

 

Diaspor Komitəsindən aldğımız məlumata görə, son zamanlar  27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb. Məlumatda göstərilir ki, bu şuralar xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçündür.

Yuxarıda qeyd etdiyimiz məsələlərin həlli ilə bağlı bu layihə çox vacibdir.

 

Bəs Koordinasiya şuralarının əhəmiyyəti nədən ibarətdir?

 

“Yeni nəsildən gözləntilər var” - SABİQ XARİCİ İŞLƏR NAZİRİ

 


Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Koordinasiya şuralarının olması  dünya ölkələrinin də təcrübələrində var:


“Diaspor təşkilatlarının koordinasiya qurumları mövcuddur. Məsələn, ABŞ-dakı yəhudi diasporunu götürək.

Onların bir çoxunun maraqlı təcrübələri var. BMT-nin sessiyasi olanda müxtəlif siyasətçilər, xarici işlər nazirəri, dövlət başçıları ilə görüşlər keçirirlər. Təbii ki, bu, həm ABŞ-ın, həm də İsrailin maraqlarını əks etdirən addımlardır. Bunu ona  görə ətraflı deyirəm ki, dünyada Koordinasiya şuralarının təcrübəsi mövcuddur. Azərbaycanın diaspor təşkilatlarının bu təcrübədən istifadə etməsi müsbət nəticələrə gətirib çıxaracaq. Açıq deyəcəm, əvvəllər xaricdə fəaliyyət göstərən diaspor təşkilatları arasında ayrıseçkiliyə rast gəlirdim. Lazım olmayan münaqişələr, bir təşkilatın digər təşkilatın işinə qısqanclıqla yanaşması çox pis hallar idi. Sözsüz ki, təşkilatların bir rəhbərlik tərəfindən idarə olunmasının əhəmiyyəti böyükdür. Çünki yaxşı rəhbər pərakəndəliyə, ayrıseçkiliyə qarşı çıxır. Ancaq bizim diaspor təşkilatları yeni yaranıb. Onların təcrübə yığması, hansısa ölkənin siyasi mühitində faktor kimi formalaşması üçün uzun vaxt lazımdır. Ancaq bu sahədə son 2 ildə inkişaf var. Çünki təşkilat rəhbərləri milli düşüncəni saxlamağa çalışırlar. Bu da çox önəmli məsələdir. İstiqamət fəaliyyəti milli düşüncənin inkişafına hesablanmalıdır. Həmçinin, ikinci nəsil diaspor təşkilatları yaxşı təhsil alıblar, müxtəlif dillərdə danışa bilirlər, yerli mühiti çox yaxşı başa düşürlər. Ona görə də müxtəlif xalqlara inteqrasiyanı  və milli köklərin qorunmasını mütləq qoruyub saxlamalıyıq. Bu çox vacib məsələdir. Hesab edirəm ki, Koordinasiya şuraları bu istiqamətdə işlərini qursalar, daha da faydalı olarlar”.

 

“Hamımızın ehtiyacı var” - DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

 


Dünya Azərbaycanlıları Konqresinin  həmsədri Sabir Rüstəmxanlı bildirib ki, xaricdəki azərbaycanlı təşkilatlarının bir yerdə fəaliyyət göstərməsi müsbət haldır:

“Dünya Azərbaycanlıları Konqresi olaraq çoxdan fəaliyyət göstərən diaspor təşkilatıyıq. Bundan başqa, dövlətin rəsmi yolla yaradılmış təşkilatları ilə də əməkdaşlıq edirik. Dünya azərbaycanlıları çalşırlar ki, vahid bir qurum ətrafında birləşsinlər. Bu çox yaxşı haldır. Uzun müddətdir ki, dünya azərbaycanlıları Koordinasiya Şuraları ətrafında birləşməyə cəhd edirlər. Təbii ki, müsbət nəticələr də mövcuddur. Çünki buna hamımızın ehtiyacı var. Ümid edirəm ki, nəticə etibarilə azərbaycanlılar dövlətimizin durumunu nəzər alıb bir yerdə fəaliyyət göstərməyə cəhd edə bilərlər. Təbii ki, cəhdlər də var. Ancaq bu işi bütöv şəkildə həyata keçirmək lazımdır”.

 

Nəticə... UKRAYNA AZƏRBAYCANLILARI BİRLƏŞMİŞ DİASPORU

 


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov qeyd edib ki, dünənə kimi diaspor təşkilatları pərakəndə fəaliyyət göstərirdi:

“Ukraynada bir çox diaspor təşkilatları fəaliyyət göstərib. Hər vilayətdə bir neçə təşkilat qeydiyyatdan keçmişdi. Onların  hamısının Koordinasiya şuralarında bir araya gətirilməsində məqsəd o idi ki, ümummmili layihələrdə bu təşkilatların birgə fəaliyyəti olsun. Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin sonuncu dəfə dəyişməsindən öncə diaspor təşkilatlarının çoxu pərakəndə fəaliyyət göstərirdi. Bu da effektiv nəticə  vermirdi. Bundan başqa, həmin təşkilatların öz aralarında inciklikləri var idi. Süni yaradılmış inciklik idi. Elə təşkilatlar vardı ki, daha həcmli işlər görərək, digər təşkilatları qəbul etmək istəmirdi. Ancaq biz Ukrayna Azərbaycanlıları Radasını təsis etdik. Bu Rada təsis olunandan sonra təşkilatlar arasında ayrıseçkilikdən söhbət gedə bilməz. Uzun illər aralarında nifaq olan təşkilatlar birləşdi. Bir çətir altında fəaliyyət göstərməyə başladılar. Məqsəd ondan ibarətdir ki, ümummilli məsələlərdə bu təşkilatlar birgə  fəaliyyət göstərsinlər və layihə nəticə etibarilə böyük qlobal format alsın. Buna da nail olduq.

Məsələn, Qarabağ problemi ilə bağlı layihə həyata keçiriləndə əvvəllər hər bir təşkilat ayrı-ayrılıqda tədbir düzənləyirdi. İndi isə  bir neçə təşkilat ümummilli məsələləri birgə həyata keçirir. Bundan başqa, dövlət qayğısı ilə bağlı məsələlərdə də problemlər vardı. Bir təşkilat Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək alırdısa, digərləri bu qayğıdan kənarda qalırdı. Elə forma yaratdıq ki, Ukrayna Azərbaycanlıları Radasına edilən dəstəkdən bütün diaspor təşkilatlarımız yararlanacaq. Qərargah Kiyev şəhərindədir. Böyük ofisimiz var. Bu ofis bütün təşkilatların qərargahı sayılır. Vilayətlərdə də mərkəzləşdirmə prinsipinə əsasən  təşkilatları bir araya gətiririk. Nəticə çox yaxşıdır”.

 

P.S. Son bir ilin nəticəsi budur ki, artıq xaricdəki azərbaycanlılar arasında savaş bitib. Onların bütöv halda fəaliyyəti hamımızı sevindirir. Yeni mərhələdən isə yeni gözləntilər çoxdur. İnanaq ki, soydaşlarımız bizi çox gözlətməyəcək, mütəşəkkillikləri ilə Azərbaycana böyük töhfə verəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı