Modern.az

“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə Paşayeva

“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə Paşayeva

14 Noyabr 2019, 13:59

Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və fiziki imkanları məhdud insanlarımızla bağlı təkliflərlə çıxış edib.

 

Modern.az xəbər verir ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci ilin büdcəsi haqqında qanun layihəsinin  müzakirələrində çıxış edən Q.Paşayeva 4 milyondan çox insanı əhatə edən bu layihəni dəstəklədiyini deyib.

 

Millət vəkili şəhid ailələrimizin, Qarabağ müharibəsi əlillərinin sosial, maddi-məişət şəraitinin daha da yaxşılaşdırılmasının ölkə prezidentinin siyasətində xüsusi yer tutduğunu vurğulayaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təmsil etdiyi Tovuz rayonunda şəhid və müharibə əlilləri ailələrinə tikilən evlərin sayının artırılmasını xahiş edib. Bu gün Tovuzda 91 nəfər şəhid ailəsinin, 177 nəfər Qarabağ müharibəsi əlilinin uzun illərdir hələ də bu növbələrdə gözlədiyini deyən Q.Paşayeva bu insanların qısa zamanda evlə təmin olunması üçün  Tovuzda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün  tikilən evlərin sayının artırılmsına ciddi ehtiyac olduğunu deyib və 2020-ci ildə tikiləcək evlərin sayının ciddi artırılması üçün çağırış edib.

 

DOST mərkəzlərinin yaradılmasının əhalinin üzləşdiyi bir sıra bürokratik əngəllərin, süni maneələrin aradan qaldırılması üçün çox yüksək səviyyəli, uğurlu bir lahiyə olduğunu və əldə olunan müsbət nəticələri, insanların bu mərkəzdən məmuniyyətinin yüksək səviyyədə olduğunu xüsusi vurğulayan Q.Paşayeva bu mərkəzlərin 2020-ci il içərisində bölgələrdə də artmasının vacibliyini söyləyərək millət vəkili seçildiyi bölgədə də DOST mərkəzlərinin yaradılmasının önəminə toxunub və bu məsələyə baxılmasını xahiş edib.

 

Q.Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin öz çıxışında autizim və daun sindromlu uşaqlara dəstəyin daha da artırılacağı, bu uşaqlara dəstək mərkəzlərinin sayının daha da artırılacağı ilə bağlı fikirlərini çox müsbət qiymətləndirərək bölgələrdə, özəlliklə kənd rayonu bölgələrində də bu mərkəzlərin açılmasının, artmasının vacibliyini vurğulayıb. O deyib ki, uzaq kənd rayonlarından insanlarımız uşaqlarını Bakıya və böyük şəhərlərə gətirməkdə çətinlik çəkirlər və bu mərkəzlərin bölgələrdə artması vacibdir. Q.Paşayeva Tovuzda da bu mərkəzlərin yaradılmasının vacibliyini vurğulayıb.

 

Millət vəkili fiziki imkanları məhdud olan, əlilliyi olan insanlarımızın pensiya və müavinətlərinin getdikcə daha da artırılmasının cəmiyyət tərəfindən çox yüksək səviyyədə qarşılandığını vurğulayaraq özəlliklə 18 yaşına çatmayan fiziki imkanları məhdud uşaqlarımıza ayrılan müavinətlərin daha da artırılması məsələsinə baxılmasını xahiş edib.

 

“Bu uşaqların anaları müraciət edərək bildirirlər ki, biz övladlarımızın fiziki imkanlarının məhdud olması səbəbindən işləyə bilmirik, ona görə də uşaqlarımızın müalicəsi, dəstək və yardım proqramlarından yararlana bilməsi və ailəmizin maddi vəziyyətini nəzərə alaraq 18 yaşına çatmamış fiziki imkanları məhdud uşaqların müavinətlərin daha da artırılmasını xahiş edirlər” – deyən millət vəkili ailələrin bu təklifini səsləndirərək müvafiq qurumları bu məsələyə daha da diqqət yetirməyə çağırıb.

  

Deputat ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlillərin ödənişdən azad edilməsi üçün cənab prezidentə təşəkkürünü bildirərək III qrup əlilliyi olan gənclərin də müraciətlərini səsləndirib və bildirib ki, bu gənclər də ödənişdən azad olunmaq üçün müraciət edirlər. Q.Paşayeva onların və şəxsən öz adından III qrup əlilliyi olan gənclərimizin də ödənişli təhil haqqından azad edilməsinə baxılmasını müvafiq qurumlardan xahiş edib:

 

“Bu, əlilliyi olan gənclərimizin ali təhsilə daha çox cəlb edilməsi istiqamətində çox önəmli rol oynaya bilər”.

 

Q.Paşayeva eyni zamanda fiziki imkanları məhdud insanların, əlilliyi olan şəxslərin  işlə təminatı ilə bağlı məsələyə də baxılmasını xahiş edib. O, dövlət və özəl müəssisələrin bir çoxunda iş yerlərində əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş kvotalara əməl edilmədiyini, bir sıra təşkilatlarda, şirkətlərdə əlillərin işə götürülməsində ciddi problemlərin olduğunu vurğulayaraq bildirib ki, əlillərin işlə təminatı istiqamətində qanunla iş yerlərində onlara ayrılan kvotalara əməl olunması üçün dövlət və özəl müəssisələrlə ciddi iş aparılmalıdır.

 

Deputat Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bu məsələnin nazirliyin xüsusi diqqətində olması və əlillərin iş yerləri ilə təmin olunması məqsədi ilə  qanunla dövlət və özəl müəssisələrdə onlar üçün ayrılmış iş yerləri kvotalarına ciddi əməl olunmasına yeni nəzarət mexanizmlərinin yaradıldığını, bu istiqamətdə önəmli dəyişikliklərin olacağı ilə bağlı açıqlamalarını yüksək qiymətləndirərək, özəlliklə şəhərlərə nisbətən iş yerlərinin daha az olduğu kənd rayonu bölgələrində bu məsələnin xüsusi diqqətdə olmasını xahiş edib:  

 

“Bəzən işə götürən insanlar əlilliyi olan insanları işə götürmək istəməyəndə onların peşə biliklərinin az və yaxşı olmamasına əsaslanırlar. Fiziki imkanları məhdud insanların, əlilliyi olan şəxslərin peşə vərdişləri ilə bağlı məsələyə də daha çox  diqqət yetirilməsini xahiş edirəm”.

 

Xanım deputat eyni zamanda bildirib ki, bu gü bir sıra ailələrdə məişət zorakılığı, ailə daxili zorakılıq halları baş verir, bunların sayı daha da artır:

 

“Biz buna çox təəssüflənirik. Bunun nəticəsində ana və uşaqlar zorakılığın qurbanı olurlar. Zorakılığın qurbanı olan ana və uşaqlar bəzən gedəcək yer tapa bilmirlər və çox ağır vəziyyətlə üzləşirlər. Bu anaların dəstək ala biləcəyi sığınacaq mərkəzlərinin artması vacibdir. Belə anaların bu sığınacaq mərkəzlərində sığınacaq tapmaqla yanaşı geniş şəkildə psixoloji, hüquqi və s. yardımları da ala bilməsi üçün şərait yaradılması çox önəmlidir və bu məsələ ilə bağlı xüsusi diqqət ayrılmasını xahiş edirik.”

 

Q.Paşayevanın geniş çıxışını və qaldırdığı məsələləri aşağıdakı linkdən izləyə bilərsiniz:

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır