Modern.az

“Ayıbdır” deyib qız uşaqlarını ginekoloqa aparmamağın nəticəsi... - MÜSAHİBƏ

“Ayıbdır” deyib qız uşaqlarını ginekoloqa aparmamağın nəticəsi... - MÜSAHİBƏ

15 Noyabr 2019, 12:42

“Birdən bizi ginekoluqun qəbulunda görən olar. O zaman qızımın haqqında nə düşünərlər? Həm onsuz da qızımın cinsi həyatı yoxdur, deməli, hər hansı bir ginekoloji xəstəliyi də ola bilməz. Nə vaxt ailə qurar, o zaman da həkimə gedər...”.

Bəli, ayıbdır, gərək yoxdur düşüncəsi ilə neçə-neçə valideyn qız uşaqlarını ginekoloq müayinəsinə aparmağı lüzumsuz hesab edir. Amma gəl gör ki, gələcəkdə qadınlarda yarana biləcək bir sıra ginekoloji patalogiyaların təməli də məhz uşaqlıqdan qoyulur. Anadangəlmə, sonradan qazanılma patalogiyalar, gigiyena qaydalarına düzgün əməl etməmək, cinsi yetişkənlik dövrünün problemli keçməsi və sair və ilaxır... Olan isə bu günün azyaşlısına, sabahın anasına olur...

Gələcəkdə problemlərlə üzləşməmək üçün qız uşaqlarının cinsi müayinəsi hansı yaşlardan başlanmalı və hansı aralıqlarla aparılmalıdır?
Modern.az-ın bu və digər suallarını “Avrasiya” hospitalın ginekoloqu Naza Qurbanova cavablandırdı

 

Evli qadınlar kimi 6 aydan bir müayinə olunmalıdırlar!


- Qız uşaqlarının ilkin müayinəsi doğulan kimi doğum otağında neonatoloq tərəfindən aparılır. Neonatoloq digər orqanları dəyərləndirildiyi kimi, xarici cinsiyyət üzvünü də dəyərləndirilməlidir. Düzgün inkişaf edib-etmədiyi, anal dəliyi, qızlıq pərdəsi, sidik kanalı da ilkin dəyərləndirilməlidir. Sonrakı aylarda və illərdə isə ta yetkinlik dövrünə qədər pediatr baxmalıdır. Ginekoloqun uşağa ilkin baxışı isə 6-7 yaşlarında olmalıdır. Dünyada uşaq ginekologiyası deyə bir anlayış var, amma təəssüf ki, bu sahə bizdə inkişaf etməyib, ona görə də ümumi ginekoloqun müayinəsinə aparmaq olar. Daha sonra 10-13 yaşlarında da uşaq ən azı bir dəfə ginekoloq müayinəsindən keçməlidir. Çünki bu, cinsi yetişkənlik dövrüdür. Adətən 14 yaşda bir çox qızlarda cinsi yetişkənlik artıq başa çatmış olur. 14-18 yaşlar arasında qız uşaqları ildə bir dəfə ginekoloq baxışından keçməlidirlər. 18 yaşdan sonra isə  gənc qızlar ailəli olmasalar belə, evli qadınlar kimi 6 aydan bir müayinədən keçməlidirlər. Bu hal sağlam qızlar üçündür. Şikayəti olanlar isə, nə yaş, nə də ay, il gözləmədən həkimə getməlidirlər. Əgər qarnın aşağı nahiyələrində, xarici cinsiyyət üzvlərində hər hansı bir ağrı varsa, sidik ifrazı zamanı ağrı olursa, yanma olursa, uşaqlıq yolundan gələn hər hansı axıntı varsa, qoxu varsa, qanlı ifrazat olarsa, bunların hamısı göstərişdir ki, yaşından asılı olmayaraq, uşağa ginekoloji baxış olsun.

 
Sağlamlığı yox, “qız uşağı” olub-olmadığı önəmlidirsə...

 
- Valideynlər bu məsələdə nə qədər diqqətlidirlər? Heç bir şikayəti olmadığı halda sadəcə müayinə üçün qızlarını ginekoloq müayinəsinə gətirirlərmi?

- Təəssüf ki, gətirmirlər... Əksər valideynlər Azərbaycan mentaliteti deyilən yanlış düşüncələrə qapılaraq həkimə aparmırlar. Ailə qurduqdan sonra ginekoloji problemlərin ortaya çıxması əksər hallarda uşaq vaxtı “ayıbdır” deyə ginekoloqa aparmamağın nəticəsidir. Patologiyalar vaxtında aşkarlanmadığı, vaxtında qarşısı alınmadığı üçün ciddi fəsadlara gətirib çıxarır. 17 yaşına çatmış qızların hər 4-ündən 1-də gineokoloji patologiyalar aşkarlanır. Bu ginekoloji xəstəliklərin aşkarlandığı qızların isə hər 10-dan 9-u həkimə aparılmamış olur. Çox nadir hallarda görürük ki, valideyn uşağını profilaktik məqsədlə həkimə gətirib. Belə hallarla ildə 1-2 dəfə ancaq rastlaşırıq. Amma adətən toydan qabaq bəzi valideynlər narahatlıq keçirərək qızlıq zərini müayinə etmək məqsədilə qız uşaqlarını həkimə gətirirlər. Bunu da böyük ajiotajla edirlər ki, heç kəs bilməsin, ətraf görməsin. Qızlarının cinsi sağlamlıqlarından daha çox, onun “qız uşağı” olub-olmamasını öyrənmək üçün həkimə gedirlər. Daha düşünmürlər ki, gigiyena qaydalarına düzgün riayət edilməsə və ya anadangəlmə qızlarında patologiyalar ola bilər.

- Hansı patalogiyalar?

- Düzgün qulluq olmadıqda xarici cinsiyyət dodaqlarının bitişməsi də olur. Mən son 1 ayda 3 belə xəstə ilə qarşılaşdım. Ailə qurublar, amma cinsi həyat yaşaya bilmirlər. Müayinə zamanı məlum oldu ki, xarici cinsiyyət orqanları bitişib. Bunu analar körpə vaxtdan təyin etsəydi, həmin gənc xanımlar da ailə qurduqdan sonra belə psixoloji travma almazdılar. Bitişmə nədən yaranır? Çox az hallarda anadangəlmə olur. Amma adətən gigiyenaya düzgün qulluq etmədikdə, sidik-cinsiyyət sistemində hər hansı infeksion xəstəlik olduqda, sidik xaric olduqdan sonra təmiz yuyunub qurulanmadıqda xarici cinsiyyət orqanlarının bitişməsi baş verə bilir. Analar qızlarının “qızlığını” zədələməkdən qorxduqları üçün həm özləri xarici cinsiyyət üzvlərinə əl vurmaqdan çəkinirlər, həm də uşağa düzgün gigiyena qaydasını öyrətmirlər. Valideynlər qızlarını həkimə təkcə müayinə üçün deyil, həm də ona görə gətirməlidirlər ki, həkim onların qızı ilə danışsın. Çünki bir çox valideynlərdə bu mövzuda məlumat azlığı var. Yetkinlik yaşına çatana kimi pediatr, yetkinlik yaşında isə ginekoloq və psixoloqun konsultasiyası olmalıdır. Bizdə ginekoloq, psixoloq dedikdə valideynlərin reaksiyası çox kəskin olur. Halbuki bu yaşda qızlar düzgün məlumatlanmağa çox ehtiyac duyurlar.


Cinsi yetişkənliyin 3 əlaməti

- Vaxtında aparılan müayinə bizə nə qazandırır?

- Vaxtında müayinə bir çox xəstəliklərin öncədən müəyyənləşməsində və qarşısının alınmasında önəmli rol oynayır. Vaxtında müayinələr gələcəkdə reproduktiv sistemdə daha az xəstəliklərin yaranmasına səbəb olur. Azyaşlılarda da yumurtalığın şişləri, kistaları ola bilər. Uşaqlar çox aktiv olduqlarından yumurtalıq böyük şişlərin təsiri ilə burula bilər. Uşaq “ağrıyıram” deyirsə, valideyn bunu boş buraxmamalıdır. Yumurtalığın burulması baş verdikdə onun qidalanması pozulur, nekroz əmələ gəlir. Belə qız uşaqları vaxtında xəstəxanaya çatdırılmasa, yumurtalıqlarını itiririlər. Bu da gələcəkdə onun ana olmaq şansını azaldır. Anadangəlmə şişlər də ola bilər, sonradan yaranan şişlər də. Bunlar vaxtında aşkarlanmalıdır. Bəzi valideynlər yanlış olaraq düşünürlər ki, cinsi həyat yoxdursa, deməli, azyaşlılarda heç bir ginekoloji problem ola bilməz. Reproduktiv mərhələdə rastlanan əksər xəstəliklər uşaq yaşlarından qazanılmış və qarşısı alınmamış patologiyalar olur.

- Qız uşaqlarında cinsi yetişkənlik hansı yaş dövründə başlayır?

- Cinsi yetişkənlik üçün ortalama yaş dövrü 10-11 yaş hesab olunur. Daha geniş götürdükdə isə 9-13 yaş arası hesab olunur. Cinsi yetişkənliyin 3 əlaməti var, süd vəzilərinin inkişaf etməsi, qasıq və qoltuqaltı nahiyələrdə tüklənmə, menarxe, yəni ilk menstruasiyanın baş verməsi. Bu 3 əlamət varsa, cinsi yetişkənlik dövründən danışa bilərik. 8 yaşdan tez cinsi yetişkənlik olarsa, buna erkən cinsi yetişkənlik deyilir, 13 yaşdan sonra olarsa, bu isə gecikmiş cinsi yetişkənlik adlanır. Cinsi yetişkənlik uşaq dövründən böyük dövrünə keçid periodudur. Bu uşaqların xarakterində də dəyişiklik olur. Ona görə onların həm ginekoloq, həm də psixoloqla görüşü olmalıdır. Bu, onların həyatının ən çətin dövrüdür. Bədənlərində baş verən bütün proseslər onlar üçün yenidir. Valideyn və həkimlər olaraq elə etməliyik ki, yeniyetmələr bu mərhələni həm ruhi, həm də fiziki baxımdan sağlam keçirsinlər.

“Uşaqdır, orada özü üçün oynayır” deməyin!

- Bəs cinsi yetişkənliyin erkən və ya çox gec baş verməsi nə ilə bağlıdır və bunun hər hansı fəsadları varmı?

- 8 yaşdan tez cinsi yetişkənlik olarsa, mütləq həkimə aparmaq lazımdır. Çünki bu, normal hal da ola bilər və ya bir çox ginekoloji patologiyaların və ya digər orqanların patologiyalarının nəticəsi də ola bilər. Ginekoloqla yanaşı, uşaq endekrinoloqun da qəbulunda olmalıdır. Tibbi ədəbbiyyatlarda 5-6, çox nadirən 3 yaşında belə erkən cinsi yetişkənlik keçirən uşaq faktları var. Erkən cinsi yetişkənlikdə yalnız süd vəzilərində yetişkənlik baş verirsə, digər iki cəhət, tüklənmə və menstruasiya yoxdursa, bunu da cinsi yetişkənlik adlandırmaq olmaz. Bayaq qeyd etdiyim 3 əlamət kompleks şəkildə özünü göstərməlidir. Erkən və ya gec başlaması hər hansı bir xəstəlik nəticəsi deyilsə, o zaman normalıdr. Sadəcə erkən cinsi yetişkənlik boy hormonlarının inkişafını azalda bilər. Düzgün bəslənməmək, piylənməyə gətirib çıxara biləcək fast-food yeməklər, televiziordan asılılığın olması, düzgün yuxu rejiminin olmaması da qız uşaqlarında erkən cinsi yetişkənliyi tətikləyə bilər. Uşaqlara qeyri-mövsümi qidaları verməmək lazımdır. Plastik qablarda qidaları saxlamaq olmaz. Onların tərkibindəki kimyəvi maddələr də uşaqlarda vaxtından qabaq cinsi yetişkənliyə gətirib çıxarır. Valideynlər uşaqla danışıqlarına da mütləq fikir verməlidirlər. Rəfiqələri ilə böyüklərə aid mövzularda danışarkən “uşaqdır, orada özü üçün oynayır” deməməlidirlər. Baxdıqları filmlərə diqqət etməlidirlər, seksual xarakterli filmlərə uşaqların yanında baxmaq olmaz. Tibdə təsdiq olunub ki, belə hallar da erkən cinsi yetişkənliyi tətikləyir. Bizdə son illərdə dəb halına düşüb ki, analar azyaşlı qızlarına böyüklər kimi ziyafət paltarları tikdirirlər, saç düzümləri, hətta makiyaj edirlər. Bunlar da qız uşaqlarında erkən cinsi yetişkənliyi tətikləyir. Onsuz da uşaqlar həmişə böyüklərə özənib tez böyümək istəyirlər, biz də onlara vaxtından tez böyüməyə şərait yaratmayaq. Uşaqları öz yaş dövrünə uyğun böyütmək lazımdır. “Ayıbdır” deyib onun sağlamlığını ilgiləndirən mövzuları isə gizlətmək lazım deyil. Bəzən olur ki, menstrual tsikl başlayır, amma uşaq bunun necə bir proses olduğundan xəbərsizdir. Belə olduqda o, travma yaşayır. Ana qızını bu prosesə hazırlamalıdır, hazırlaya bilmirsə, həkimin köməyinə müracirət etməlidir.

13 yaşından sonra da cinsi yetişkənlik əlamətləri yoxdursa, 16 yaşa qədər bu, baş vermirsə, belə qız uşağı mütləq olaraq müayinə olunmalıdır. Çünki bu qədər gecikmə adətən patologiyaların nəticəsi olur. Qız uşaqlarında turner sindromu gecikmiş cinsi yetişkənliyin əsas səbəblərindəndir. Həftə ərzində 18 saatdan artıq idmanla məşğul olan, xüsusən də qaçışla məşğul olan qızlarda və çəkisi az olan yeniyetmələrdə də cinsi yetişkənlik gec baş verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?