Modern.az

“Atam Xankəndinə qayıtmaq ümidilə dünyadan köçdü” - 30 ildir Rəşad Məcidin evində yaşayan köçkünün XATİRƏLƏRİ

“Atam Xankəndinə qayıtmaq ümidilə dünyadan köçdü” - 30 ildir Rəşad Məcidin evində yaşayan köçkünün XATİRƏLƏRİ

18 Noyabr 2019, 13:26

1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı növbəti dəfə torpaq iddiasına düşdü və sovet hökumətinin dəstəyilə Qarabağda yaşayan azərbaycanlılar çıxılmaz duruma salındı.

 

Dağlıq Qarabağın mərkəzidə - Xankəndində yaşayan Azərbaycan ailələrini öz yurd-yuvalarından qovmağa başladılar. Beləliklə, ilk “məcburi köçkün ordusu” Azərbaycanın digər rayonlarına üz tutmalı oldu.

 

Xankəndinin ilk məcburi köçkünlərindən olan Xatirə Vəliyeva ailəsinin o illərdə çəkdiyi əzab-əziyyəti Modern.az-a danışıb.

 

Onu da qeyd edək ki, Xatirə Vəliyeva hazırda “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin rəhbəridir.

 

Xankəndi sakininin 30 il sonra məhz bu gün köçkünlük hekayəsini dilə gətirməsi təsadüfi deyil. Çünki bu gün – noyabrın 18-də Xankəndində uzun müddət ermənilərin təcavüzlərinə dözən Qasımovlar ailəsinin məcburi köçkünlük həyatının 31 ili tamamlanır. Özünün də dediyi kimi, bu tarix onun yaddaşında öz yurd-yuvalarından ayrılıb, məcburi köçkünlük həyatı ilə üz-üzə qaldıqları “qara təqvim”in başlanğıcıdır.

 

Olub-keçən hər şeyi elə onun özünün anlatdığı kimi təqdim edirik:

 

…Xankəndində nə baş verib?”

 

- Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci il fevralın 13-də elə ilk olaraq Xankəndində başladı. Mən o vaxt tələbə idim. Bakı Dövlət Universitetinin Kimya fakültəsində 4-cü kursda oxuyurdum. Fevral ayında ənənəvi olaraq, semestr tətili üçün Xankəndinə getmişdim. Onda sakitlik idi. Hətta biz erməni tələbələrlə birlikdə Xankəndindən Bakıya qayıtdıq. Fevralın 13-ü mən Bakıya qayıtdım və səhəri universitetə yollandım. Dedilər ki, Təhməz müəllim məni axtarır. O, bizim fakültədə dərs deyirdi və mənim Xankəndindən olduğumu bilirdi. Yanına gedən kimi soruşdu ki, “qızım Xankəndində nə hadisə baş verib?”. Mənim heç nədən xəbərim yox idi, ona görə müəllimin sualına təəccübləndim. Dedim ki, heç nə baş verməyib. Dedi, “bəs deyirlər ki, Xankəndində mitinqdir?”. Müəllim mənə dərsdən icazə verdi ki, gedim ailəmə zəng vurub, maraqlanım.


Biz ermənilərlə eyni binada yaşayırdıq. Onlarla o qədər yaxın idik ki, erməni dilini də öyrənmişdik. Yalnız anam heç vaxt bir kəlmə də ermənicə danışmamışdı. Amma biz uşaqlar öyrənməyə həvəsli idik..
.

Mən universitetdən evə gəldim. Xankəndinə -anama zəng etdim. Amma telefonumuz işləmədiyinə görə danışa bilmədim. Məcbur olub, erməni qonşumuza - Tetrozagilə zəng elədim. Anamı telefona çağırmalarını xahiş etdim. Anam gəldi, dəstəyi götürdü və əsəbi halda mənə "bir də buralara zəng eləmə" deyib, dəstəyi asdı. Mən bir anlıq dondum. Özümə gələndə azərbaycanlı qonşumuza - Şamilə xalagilə yığdım. Şamilə xala telefonu götürən kimi, narahat halda mənə başa saldı ki, ermənilər burada Qarabağ davası döyürlər “Heç kim nə olduğunu, necə olduğunu anlamadı. Hər şey birdən-birə başladı”. Şamilə xala bunları deyib, anamı çağırmağa getdi.

 

Xankəndini yəqin ki, əksəriyyət görməsə də, haqqında eşidiblər. Böyük, gözəl bir şəhərimiz var idi. Biz şəhərin mərkəzində, bina evində yaşayırdıq. Qonşularımız işində ermənilər də var idi. Xankəndinin mərkəzində ermənilər üstünlük təşkil edirdilər. Biz erməni qonşularımızla o qədər yaxın idik ki, mənim anama zəng etmək üçün ağlıma gələn ilk ev erməni qonşumuzgil idi.

Anam Şamilə xalagilə, mənimlə danışmağa gəldi. Dedi, "bir də o erməni qonşularımıza zəng eləmə, nəsə lazım olsa, Şamilə xalangildən məni yığarsan”.

Anamla danışandan sonra üniversitetə qayıtdım. Müəllimlərimə Xankəndindəki vəziyyətdən danışdım ki, birdən-birə ermənilər ayağa qalxıblar, Qarabağı Ermənistana birləşdirmək istəyirlər. Onların iddiaları da bu idi ki, guya sosial durumları aşağıdır, yaxşı dolanmırlar, Azərbaycan ermənilərə ögey münasibət bəsləyir və s. Halbuki, Xankəndində, Qarabağda bütün vəzifələrdə ermənilər idi. Xankəndində cəmi iki Azərbaycan məktəbi var idi. Qalan hamısı erməni və rus məktəbləri olub.

 


“Başımızı salmağa “damımız” olsa da, biz yurd-yuvamızı Xankəndində qoyub gəlmişik”

 

- Hər gün mitinqlər gedirdi. İnsanlar artıq evdə rahat yata bilmirdilər. Məcbur idilər ki, gecə də, gündüz də özlərini qorusunlar. Fevral ayının sonlarında “Sumqayıt hadisələri” törədildi. Bundan sonra Sumqayıtda həmin hadisələri törədən “saqqallılar” Xankəndinə yığışdılar. Guya Azərbaycan onları öz evlərindən qovub. Xankəndində həmin “saqqallılar”ın məskunlaşdığı yataqxanadan hər gün azərbaycanlıların evlərinə hücumlar edilirdi. Şəhər əhalisi pərakəndə halda, bütün çətinliklərə dözə-dözə, noyabr ayına qədər orada qala bildilər. Bir binada yaşayan azərbaycanlılar özlərini qorumaq üçün bir nəfərin evinə yığışırdılar.

Noyabr ayının 18-i valideynlərim Xankəndindəki evi Bakıya dəyişməyə, bura köçməyə məcbur oldular. İnanın, oradan köçən azərbaycanlılar elə vəziyyətdə çıxırdılar ki, sonradan yaşaya da bilmirdilər. Neçə nəfər tanıyıram ki, Xankəndində ermənilər evlərinə hücum etdikdə qorxudan xəstəlik  tapdılar. Onlar Bakıya köçəndən sonra da çox yaşaya bilmədilər, rəhmətə getdilər. Mən hesab edirəm ki, erməni terrorunun bu şəkildə qurbanı olan hər bir azərbaycanlı həqiqi şəhiddir.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov Azərbaycanı idarə etməyə başlayandan ermənilərin əl-ayağı daha da genişləndi, evlərə hücumları daha da artdı. Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi – indiki vəzifəyə uyğun desək, icra başçısı Boris Gevorkov Kamran Bağırovun zamanında ermənilərin qarşısını almağa çalışırdı. O, Vəzirov hakimiyyətə gələndən sonra dedi ki, “məni vəzifədən çıxarmayın, tankı şəhərə yeridib, separatçı erməniləri məhv edəcəyəm”. Amma Vəzirov hakimiyyətə gələn kimi elə birinci Gevorkovu vəzifədən çıxartdı. Bundan sonra isə evlərin dəyişdirilməsi prosesi başlandı. 3 gün müddətinə bizim evlərin “kupça”ları verildi. Ermənistandan didərgin salınan soydaşlarımız isə Şuşaya yığışdılar və Xankəndinə köçəcəkləri günü gözləyirdilər.

Ancaq Vəzirov polisi onları Şuşadan çıxarıb, zorla Xankəndinə tökərək, “dubinka”nın qabağına qatıb, qatara doldurub, Bakıya gətirdi.

Bu gün bizim Bakıya köçməyimizdən 31 il keçir. 1988-cu il noyabrın 18-də Xankəndindən məcburi çıxarılaraq, Bakıya köçürülmüşük. Biz mənzili dəyişib, köçdüyümüzə görə, məcburi köçkün statusu alsaq da, heç bir imtiyazımız olmayıb. Amma hər nə qədər başımızı salmağa “damımız” olsa da, biz yurd-yuvamızı Xankəndində qoyub gəlmişik, işimizi-gücümüzü itirmişik.

Biz Bakıya köçəndə az-çox bura ilə bağlılığımnız var idi. Mən burada tələbə idim, kiçik qardaşım isə Bakı Dövlət Universitetində oxuyurdu. Gəlinimiz bakılı idi, bacılarımdan biri burada evlənmişdi, digərini isə Sumqayıta köçürmüşdük. Atam evin tək övladı olub, özünün isə 6 uşağı vardı.

 

“Məcidov evimizi bizə hədiyyə etdi”

- Mənim atam öz torpağına o qədər bağlı idi ki, Bakıda bir gün belə qala bilmirdi. Hər hansı işlə bağlı bura gələndə axşam da taksi ilə Xankəndinə qayıdırdı. Köçkünlük həyatımız başlayanda da atam Bakıda qala bilmədi. Bakıya köçən kimi çamadanını yığıb, Kərkicahana getdi. Gəlinimiz oralı idi deyə, qohumlarımız var idi. Bir müddət orada qaldıqdan sonra, Kərkicahan işğal olunanda atam Şuşaya getdi. Bir neçə ay da orada qaldıqdan sonra Ağdamda sakitlik olduğunu düşünüb, ora gəldi. Atam Qarabağdan qopmaq istəmirdi. Ona görə, bizə dedi ki, Bakıdakı evi Ağdama dəyişək, qayıdaq orada yaşayaq. Açığını desəm, biz Bakıdan köçmək istəmirdik. Çünki Ağdamda sonralar nə baş verəcəyi də bəlli deyildi. Bir nəfər tapıldı və bizim Bakıdakı evimizi alıb, Ağdamda olan evini bizimlə dəyişmək istədiyini dedi.

Qardaşımgil Ağdama getdilər. Mən isə Bakıda işlədiyimə görə, digər qardaşımla hələlik burada qaldım. Bizim evimizi dəyişdiyimiz adamın adını, kimliyini bilmirdik. Sadəcə soyadını bilirdik – Məcidov idi.

Evimizi Ağdamdakı evlə artıq dəyişmişdik və sənədlər hazır idi. 2 nəfər cavan oğlan bizə gəldi ki, Məcidovun adına keçirdiyimiz evimizin “kupça”sını götürsünlər. Onları evə dəvət edib, qısaca söhbətləşdik. Mən dedim ki, “biz Ağdama köçmək istəmirik, amma atamızın israrı ilə məcbur köçməliyik”. Onlar bizi dinlədilər, amma heç nə demədilər. “Kupça”nı verdik, getdilər. Həmin vaxtı gənc oğlan gedib, evdə atasıgilə nə dedi, nə demədisə, Bakıdakı evi boşaltmağımız üçün bizə xəbər göndərən, zəng edən olmadı. Həmin il noyabrda ermənilər Ağdamı “qrad”larla güllələməyə başladılar. Ona görə atamgil məcbur olub, Bakıya qayıtmalı oldu. Sonra həmin Məcidov bizim durumu bilib və atama deyib ki, “evi dəyişmək fikrindən daşınmışıq”. Bizə dedilər, “siz elə Bakıdakı öz evinizdə qalın, Ağdamdakı evi də istəmirik”. Beləliklə, Bakıdakı biz yaşadığımız ev Məcidovun olsa da, o, evi bizə hədiyyə etdi.

 

“Məcidovun oğluna illər sonra təşəkkür edə bildim”

- Mən illər sonra öyrəndim ki, Bakıdakı evimizi bizə bağışlayan adam “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin atası, evimizə gələn 20-25  yaşlarındakı cavan oğlan isə Rəşad Məcid imiş. Qardaşım televizorda Rəşad Məcidi görəndə tanımışdı. Onlar özlərinin Ağdamdakı evlərindən keçməklə bizə Bakıdakı evimizi bağışladılar. Ağdam işğal olunandan sonra həmin ev ermənilərin əlinə keçdi. 

Mən illər sonra Rəşad müəllimlə görüşdüm. Ona təşəkkür etdim ki, həmin illərdə evinizi bizə hədiyyə etməklə, həyatımızı dəyişdiniz. Rəşad Məcid həmişə olduğu kimi, xoş niyyəti ilə ailəmi soruşdu, təbəssümlə məni dinləyib, təşəkkür etdi.

 

“30 ildir, hər gün elə bilirəm ki, Bakıda müvəqqətiyik…”

- Köçkünlük həyatına ən çox atam alışa bilmirdi. Sonralar ortancıl qardaşım Kiyevə köçdü. Ona görə, atam tez-tez Ukraynaya gedib-gəlirdi. Hər dəfə Bakıdan təyyarəyə minəndə deyirdi ki, qayıdanda Bakıya yox, birbaşa Qarabağa - Xankəndinə uçacaq. O qədər ümidli idi ki, torpaqlarımızın geri qaytarılacağına… Elə bu ümidlə də dünyasını dəyişdi.

Mən köçkünlük həyatını heç kəsə arzulamıram. Əvvəldə də dediyim kimi, biz Bakıda sığınacaq ev tapa bilmişdik. Amma yurdumuzu, el-obamızı  qoyub gəlmişik. 30 ildir, hər gün elə bilirəm ki, Bakıda müvəqqətiyəm. Yaş üstünə yaş gəldikcə, insan uşaqlığının keçdiyi yerləri daha da çox istəyir. Sanki yaşlandıqca torpaq adamı özünə çəkir. Mən Bakıdakı evimizi bir dəfə də yuxumda görməmişəm. Amma Xankəndində yaşadığımız evi yuxularımda görürəm.

 

“Siz haradasınız, xankəndililər” deyə müraciət olunsa, cavab necə olacaq?

- Xankəndidən olan məcburi köçkünlər pərakəndə görünsələr də, onların sayı 16 minə qədərdir. Xankəndi işğal olunanda isə oradan köçən şəhər sakinlərinin sayı 12-13 min arası idi. Hələ Xankəndi işğal olunmamışdan əvvəl oraya kütləvi şəkildə ermənilərin köçürülməsi nəticəsində azərbaycanlıların sayı azalmışdı. Xankəndini sovet dövründə azərbaycanlılar üçün “qapalı şəhər” elan edərək, oraya azərbaycanlıların yerləşməsinə imkan vermirdilər. Bu azmış kimi, üstəlik Xankəndidə yaşayan azərbaycanlıları qeydiyyata almırdılar. Məsələn, bir azərbaycanlı ailəsində 5 üzv var idisə, 1 nəfər yazılırdı. Ermənilərə gəlincə, vəziyyət əksinə idi, 5 nəfərlik erməni ailəsi 15 nəfər kimi təqdim edilirdi. Ermənilərin təhrif etdikləri faktlar çoxdur.

 

Bu gün “Siz haradasınız, xankəndililər” deyə müraciət olunsa, təəssüflə deyirəm ki, biz bu suala cavab verə bilməyəcəyik. Çünki xankəndililərin mərkəzləşmiş icra nümayəndəliyi yoxdur. Şəhər əhalisi Gəncədə bir qədər kompakt yaşayırlar. Qalan rayonlarda məskunlaşanlar çox pərakəndədirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?