Modern.az

Əli Rza Xələflinin qiyamət qoparan əsəri

Əli Rza Xələflinin qiyamət qoparan əsəri

19 Noyabr 2019, 09:40

Nəzirməmməd Zöhrablı

 
“Qiyamətdən bir gün əvvəl” haqqında qeydlər

 

Əli Rza Xələfli kitabına uğurlu bir ad seçib: “Qiyamətdən bir gün əvvəl”. Ancaq bu ad eyni adlı əsərin məzmununu tamamilə ovcuna yığıb “xışmalaya” bilmir. Kitabda qiyamətdən bir gün əvvəl də bədii təsdiqini tapıb, qiyamətin özü də. Heç bu da əsəri tam əhatələyə bilmir. Əsər küll halında bəşəriyyətin, doğmalıq tərəzisində azərbaycanlıların tale yoludur.  “Qiyamətdən bir gün əvvəl”i balaca meydanların səhnəsi kimi görmək elə bəlkə əsərin bütövlükdə mahiyyətinə kölgə salmaqdan başqa bir şey olmazdı. Əlbəttə ki, onu yalnız bu konteksdə qiymətləndirsəydik...

...Əli Rza Xələflinin – bu SÖZ, düşüncə adamının barəsində çox yazılıb. Orta səviyyəli yazılardan birini də bu sətirlərin müəllifi qələmə alıb. Bunlar öz yerində. “Qiyamətdən bir gün əvvəl”sə onun yaradıcılıq kredosunun doğma xalqı qarşısında ən böyük hesabatıdır. Xalqının tarixini, milli-mənəvi və ədəbi dəyərlərini çox lakonik halda, oxucunu yormadan oxucuya təqdim edə bilmək kimi böyük öhdəliyi heç kimin qarşısında öhdəlik götürmədən, yalnız qəlbinin çırpıntılarının istəyilə ortaya qoymaq – bu, həqiqətən də yalnız bir “ədəbiyyat cəfakeşi”nə xas təkrarsızlıqdı. Rəvan dilli publisistikanı poetik düşüncələrlə çulğalaşdıran yazar kimi həqiqətən də təkrarsızdı Əli Rza müəllim! Yaradıcılığında daim nəzərə çarpan zəhmətkeşliyi, illərlə mütaliəsindən qaynaqlanan geniş erudisiyası, intellektual potensialı ilə. Məhz bu zənginliyi imkan verir ki, o, hər birimizin düşüncəsindən süzülüb gələn az və çox miqdarda istedadlı fikirləri tərəddüd etmədən, bəzən hətta məcburi iltifat göstərməklə özünün “Kredo” qəzetində çap etdirsin. Ona görə də onu qədir bilən bir çoxlarımız jurnalist ordusunun ustadlarından biri kimi dəyərləndirir və bununla fəxarət hissləri keçiririk.

... “Qiyamətdən bir gün əvvəl” xalqımızın Turan Türksoy adlı istedadlı söz adamının taleyi üzərində qurulub. Xəyali obrazdı Turan Türksoy. Onun kimliyini arayıb-axtarmağa bir o qədər də lüzum yoxdu. Hərəmizdən bir az var bu ümumiləşmiş obrazın çalarlarında. Heç onu tamamilə kimləşdirmək, hətta yalnız müəllifin obrazı kimi dəyərləndirmək də düzgün seçim olmaz. Amma bu da faktdır ki, müəllifin özünün də taleyi, yaşantıları doğma xalqının taleyi və yaşantılarına münasibət prizmasından əsərin və Turanın üzərində müəyyən detallarla cəmlənib. Əsərdə Qarabağ savaşından da danışılır, ölkə əhalisinin güzəranından da, qeyd etdiyim kimi tariximizdən də, ədəbi-mədəni dəyərlərimizdən də, dini inanclarımızdan da...



Türk anası türk toteminə qoşulub qiyamətə gedir


Müəllifin özünün barış ovqatlı fikirləri ilə açılan əsərdə atanın övladlarına vəsiyyət timsallı ifadələri yer alıb: “Əgər çaylarınızda sular azaldısa, bulaqlarınız qurudusa, ağaclarınızın yarpağı saraldısa, çiçəkləri bar gətirmədisə... küsülü olduğunuz adamlarla barışın”. Turan Türksoyun gündəliyindəki “qiyamət yolu”nin başlanğıcındaca itlərin ulaşması üzərində oxucuya çatdırılan fikirlər əsərin bütövlükdə hansı əsaslar üzərində davam edəcəyini, Qarabağ kimi ədalətsiz bir savaşa cəlb ediləcəyimizi nişan verir: “Yerin, göyün üzü qatı qaranlığa bürünmüşdü. Bu vaxt it uladı. Elə bil pis bir xəbər eşitdim. Başqa itlər də ağız-ağıza verib ulamağa başladı. Vahimə yeri-göyü bürümüşdü. Bəla qabağı itlər belə ulayar. Babam deyirmiş ki, Şamaxı zəlzələsindən qabaq itlər belə ulayarmış. Hə, ana, yadımdadı, babam deyirdi ki, it ulayanda bəla gələr”. Əsərin əvvəlində oxucunun tanış olduğu daha iki obraz var. “Qiyamət”, “qiyamət günü”, Qurani-Kərimdə “Qiyamət”, “Əl-əraf” və bu əsnada digər surələr, eləcə də el arasında bu haqda məlumatlı olanlar bilirlər ki, qiyamətin qopacağı deyilən zamanda yeri-göyü lərzəyə gətirən küləyin qarşısında ən çox – dərisi boğazından çıxanadək duruş gətirəcək vəhşi heyvanın boz qurd olacağı deyilir. Elə müəllif də “Qiyamətdən bir gün əvvəl” boyu boz qurdu müxtəlif zülm-zillətdən keçirməklə qiyamət anına doğru aparır. Qurd özü qiyamətə doğru yol gedir. Çətinliklərdən, məşəqqətlərdən, övlad itkisinin gətirdiyi əzablardan keçə-keçə. Dağları, daşları yara-yara, buludların fövqündəki məkanlara ayaq qoymadan uça-uça. Amma o bu yolu təkbaşına getmir. Onunla qiyamətə doğru yön alan Vətən və oğul itkisinin əzablarını canında-qanında daşıyan ANA da var. Türk tarixinin araşdırıcısı, gənc istedadlı alim, vətənpərvər oğul, Qarabağ döyüşlərini könüllü seçmiş, bu döyüşlərdə iştirak etmək üçün öz sağlıq durumunu uzaq Çin ölkəsində bərpa etmiş Turan Türksoyun anası. Gəlin unutmayaq ki, boz qurd həm də türkçülüyün totem-simvoludu. Deməli, qiyamətdə küləyin qarşısında dərisi boğazından çıxanadək dayanıb dirəniş göstərəcək bu heyvan həm də TÜRKÜN yaxın dostu, inanclarının söykəndiyi varlıqdı. Müəllif türk anasını, türk toteminə qoşub qiyamətə doğru yol aparır. Amma yol başa çatıncaya qədər ananın və boz qurdun həyatında, Vətənində baş verənləri, bütün olub-keçənləri yazıya gətirir. Əsərin xüsusi maraq doğurması da elə bu anlamlardan qaynaqlanır və onun bədii inikasının əhəmiyyətini çox yüksək mərtəbələrə qaldırır.

 
Vətən və övlad itkisi


...Boz qurd Suqovuşanda (məkanın seçiminə diqqət edin: Bura ölkəmizin ərazisində Araz və Kür çaylarının qovuşduğu yerə deyirlər. – N.Z.) dayandı, ağzını suya çırpdı. İçmədi, dilini çevirib iki qurtum su götürüb havaya üfürdü. Və üzünü yana döndərəndə yenə həmin insan donunda olan ana qurdu gördü. Boz qurd yenə qəzəbləndi: - Ey Tanrım, bu nədir? Mən sənin yanına tənha gəlməliyəm. Bəs bu kimdir ki, mənimlə eyni gündə sənə doğru gəlir? Fikir verirsinizmi, məşhur inanca görə qiyamətin günü boz qurd təkbaşına qeyd etdiyimiz dirənişi göstərməlidi. Ona görə o, özü ilə bərabər insan övladının – Ananın da onunla bərabər qiyamətə doğru getməsindən qəzəblənir də. Amma nüəllif onları bir-birindən ayırmır. Çünki onları birləşdirən və qiyamətə doğru yönləndirən eyni tipli iki ağrı müşayiət edir: Vətən və övlad itkisi.  Digər məqamsa Türk anasının boz qurdla eyni məsləki bölüşməsindən dolayı yaranan doğmalıqdı ki, elə onlar biri digərinin sifətində də zühur edə, görünə bilərlər. Bu Ana elə müəyyən məqamda boz qurdun özü, boz qurd isə müəyyən məqamda Ananın özüdür, hətta onların Tanrı tərəfindən eşidiləcəkləri coğrafi məkan da eyni olacaq... Amma müəllifin məqsədi bundan çox bu inanclara söykənməklə qiyamətin dünyada və ölkədə insanlar arasında baş verən haqsızlıqlar səbəbindən yaxınlaşa bilmək təhlükəsini qabartmaqdır ki, o, buna çox ustalıqla nail ola bilib.   


Onlar bu yurdun qürurunu məhv edir, siz isə...


...Ölümün pəncəsində çırpınan Turan Türksoy bu durumunda Vətənindəki hansı halətləri gözləri önündən keçirmir ki?! Müəllif qəhrəmanının dili ilə fauna və floramızın talanmasını da gündəmə gətirir. Dağkəlini yalnız buynuzuna görə məhv edən əcnəbi ovçunu və “ətini biz aparacağıq” xislətli yaltaq-yalaq soydaşlarımızın irişə-irişə ona dağlarda bələdçilik etmələrini qeyd edən müəllif bununla təbiətimizə divan tutulması faktlarını hədəf seçir (Şübhəsiz ki, bu fikrin alt qatlarında namus-qeyrəti əcnəbilərə “peşkəş” edən yaramazlar da öz əkslərini görə bilərlər. Əlbəttə ki, əgər güzgüyə baxsalar... Yeri gəlmişkən, bu yerdə diqqətimizdən yayınmayan bir məqam da var: “Onlar bu yurdun qürurunu məhv edir, siz isə qarnınızı güdürsünüz, eləmi?!” – N. Z.). Əsərin bu yerini oxuyarkən Əli Rza Xələflinin sanki çağdaş poeziyamızın böyük ustadı, Xalq şairimiz, canlı klassik Musa Yaqubla biri digərindən xəbərsiz səs-səsə verdiyinin fərqinə vardım. Oxucular Musa Yaqubun da təxminən eyni zamanda qələmə aldığı “Babadağda bir dəli dağ kəli qalıb” adlı poemasında uyğun motivlərdən çıxış edərək həyəcan təbili çaldığının şahidi olurlar. Əli Rza müəllim bu möhtəkirlərin qarşısına yenə də qəhrəmanı Turanla çıxır. Artıq güllə yarası almış dağkəlini xilas etmək mümkün olmasa da. Dağkəlinin ölümündən sonrakı səhnə isə ürəklərimizi dağlayan müdhiş bir mənzərəni ortaya çıxarır: dağlar bayaqkı kimi əzəmətli və qüdrətli görünmürdü. Deyəsən elə təkənin ölümü ilə dağların da qüruru qırılmışdı. “Turan, gəl gedək, bir gün qan öz haqqını istəyər” sözlərinin təhtəlşüurumuzda buraxdığı izləri isə yəqin ki, azərbaycanlı oxucu heç zaman yaddaşından silməyəcəkdir. Çünki müəllifin də qeyd etdiyi kimi “Tanrı uca, dünya qocadır”. Amma bu anda Turanın dəstəbaşıya verdiyi cavabsa bötövlükdə Azərbaycan gəncliyinə ünvanlanmış unudulması mümkünsüz olan bir mesajdır:

- Mənim anam min ildi doğranan Vətəndi. Mənim anam yüz illərdi hissələrə ayrılıb parçalanan torpaqdı. Mənim anam bir hissəsi ayrılıqda canlı olan bir candı. Bu canlı hər hissəsi ayrıca bir yırtıcının pəncəsində olsa da birliyinə can atan, özünü bir bədəndə görən Azərbaycandı!

Elə bu hissənin ardınca Turan Türksoy başqa bir vacib mətləbin üstünə gəlir. Bu hissəni oxuyanlar da yəqin ki, çox şeylərin fərqinə varmaqdan özlərini saxlaya bilməyəcəklər: “mənim üçün bayrağını sevməyən adamın əlində ölməkdən əzablı heç nə yoxdu.

Bayrağını sevən adam bilir ki, nə üçün öldürür...

Bayrağını sevən adam bilir ki, nə üçün ölür...nə üçün öldürülür...” - müəllif “Babəkdən üzü bəri” adlandırdığı bu hissədə xalqımızın qəhrəmanlıq salnaməsinin bir çox detallarına işıq tutur və bu yerdəcə daim xalqımızın varlığını qorumuş, eyni zamanda onu məhv edib sıradan çıxarmağa çalışmış İnam, İradə, Kin, Nifrət kimi məhfumların daşıdığı mənaları, onların qarşılaşmasını oxucu üçün aydınlaşdırır. Babəkin qəhrəmanlığından danışarkən onun ruhunun Qarabağ savaşımızda gərəkli olduğunu önə çəkir. İslam dininin ucalığına da toxunan Əli Rza Xələfli eyni zamanda tarixi keçmişimizi təhlil edərkən “bütün bunlar o deməkdir ki, Azərbaycanı işğal etmək əsas məqsəd olub. Azərbaycana sağlam din gətirmək işğal məqsədindən qat-qat sonranın mahiyyətidir. Xilafət üçün əsas o idi ki, Azərbaycan yağlı bir tikə kimi onun caynağında olsun”. Aktuallığa fikir verirsinizmi, əsrlər keçib, Azərbaycan yenə özlərini bizə dost kimi qələmə verən irili-xırdalı güclərin gözündə “yağlı tikə” mahiyyətində başa düşülür.

 
Vətənsiz heç kim olduqlarını anlayarlar...


Müəllif oxucunun vətənpərvərlik duyğusundan riqqətə gələcəyini güman etdiyindən bu bölümün ardınca Vətən sevgisinin və ümumən sevginin türk xalqlarının həyat tərzində roluna işarələr vurmağa başlayır. Amma burda çox xoşagəlməz olaylardan, xüsusilə tarixi mövzularda aparılan diskussiyalar zamanı təəssüf ki, Türk xalqlarının aşağılanması və Qarabağ savaşının getdiyi dönəmlərdə baş verən fərarilik və istehza olaylarından da danışılır: “O yerdə ki görürəm tariximiz danılır, türk soyumuza ikrahla yanaşılır, bax onda artıq dözə bilmirəm. Özü də çox təəssüf edirəm tay-tuşlarımın bir çoxunda gördüyüm, duyduğum vecsiz müasirliyə. Bəlkə gün gələr, onlar da Vətənsiz heç kim olduqlarını anlayarlar. Mənim cəbhəyə, müharibəyə can atmağımı onlar istehza ilə üzümə vurur, məni macəraçı adlandırırlar...”. Yəqin oxucular da razılaşar ki, burada işlənən “Vətənsiz heç kim olduqlarını anlayarlar” ifadəsi hər şeyi çılpaqlığı ilə deyir, izaha heç bir yer qoymur.

Qeydlərimizin əvvəlində Əli Rza Xələflinin ardıcıllığından çıxış edərək itlərin ulaşmasının bədbəxtlik sindromu kimi qəbul edildiyini yazmışdım. Əsərin gedişiatı zamanı “Qurdum, niyə ulamırsan?” sual-deyimi ilə də rastlaşır oxucu. Bu da bizim inanclarımıza işarədir. Həm də arzuolunan inanclarımıza: “Qurdun ulasın!”, xeyir tapasan, ucalasan, yaşayasan və digər müsbət çalarlar mənasında başa düşülür. Çünki qurd ulayar. Bu onun səsi, təbii tərzidir. İtin ulaması isə arzuolunan deyil. İtin tərzi ulamaq yox, hürməkdi. Hətta ən etibarlı və güclüsünün də belə... İtlə qurdun başqa bir fərqi də öz yerini tapır “Qiyamətdən bir gün əvvəl”də: İtin sahibi varsa, Qurdun Tanrısı var. Deməli, Türkün totemləşdirdiyi qurdu çöllərdə, meşələrdə yaşadığına görə Tanrı qoruyur, həyətlərdə yaşayan itisə insan. Elə bəlkə buna görə də qurd itdən həmişə güclüdür. Əsərdə nə Allahını, nə də bəndəni tanımayan insanlardan da söz açılır.  

Müəllif Turanın – ölüm anında Şuşanın, Cıdır düzünün bizləri çağırdığını gözləri önündə canlandıran bu vətənpərvər oğulun ölümünü də əzəmətli şəkildə işıqlandırır: “Gözəl ölümdü, bayrağa sarılmış ölüm”.    



Kinsiz, Nifrətsiz Allah ucalığı


Boz qurdun hətta ən güclü vəhşilərdən fərqli olaraq əhliləşib sirk oyunçusuna çevrilməməsini də müəllif xüsusi çalarlarla yazıya gətirib: “Aslan bir tikə ətə görə sirkdə insanların qabağında min bir oyundan çıxır. Ancaq Qurd – Boz Qurd, mənim inancım acından ölür, özgə bir kimsənin təliminə getmir, tikəsinə yalmanmır, quyruğunu bulamır”.

Turandan anasına nəsihət: “Hər ana öz oğlunun əlindən tutub qırağa çəkərsə, Vətənə özgələr sahib çıxar”. Bu, təxminən böyük Mustafa Kamal Atatürkün türk qövmünə səsləndiyi məşhur deyimlə həmahəng səslənir: “Öz milli mənliyini bilməyən uluslar başqa uluslara yem olurlar”.

Əli Rza Xələfli qiyamətə doğru yön alan Boz Qurdu və Ananı buludların üzəri ilə uça-uça Tanrının ucalığına – məsum bir məkana aparıb çatdırır. Onlar burada – Allah ucalığında ruhların sakit-sakit, heç kimə toxunmadan, heç kimə pislik etmədən aramla uçduqlarının şahidi olurlar. Bu andaca qeyri-ixtiyari olaraq düşünürlər ki, yəqin yerdə qoyub gəldikləri Kini, Nifrəti, Tamahı, nə Allahı, nə də bəndəni tanımayan adamları buralara gətirən yollar bağlıdır. Yoxsa onlar buraya da ayaq açıb, buradakı ilahi nizamı da pozardılar.

Sonda müəllif insanlara – soydaşlarımıza əvvəldə atanın dilindən vəsiyyət kimi qeyd etdiyi barış mesajını bir daha xatırladır: “...deyəsən çayların suyu azalmışdı, bulaqlar da quruyurdu...”    

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır