Modern.az

İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ...

İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ...

20 Noyabr 2019, 14:16

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları olan, ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri 17-19 noyabr 2019-cu il tarixlərdə Azərbaycanda olublar.


AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsindən Modern.az-a bildirilib ki, akademik İsa Həbibbəyli 40 ilə yaxındır ki, Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqi ilə məşğuldur. Böyük demokrat ədib Cəlil Məmmədquluzadəyə həsr edilmiş bir neçə monoqrafik tədqiqatın müəllifi olan, yazıçının əsərlərini dünya dillərində çap etdirən İsa Həbibbəyli onun nəslinin davamçılarının axtarışı işinə 1989-cu ildə Vətən Cəmiyyətinin orqanı olan «Odlar yurdu» qəzetində çap etdirdiyi «Ənvəri kim tanıyır» adlı məqalə ilə başlayıb. Onun eyni adlı məqaləsi həmçinin İranda məşhur cərrah və ictimai xadim Cavad Heyətin nəşr etdirdiyi «Varlıq» jurnalında da oxuculara çatdırılıb. Bu axtarışlardan sonra Cəlil Məmmədquluzadənin oğlu, Azərbaycan Tibb Universitetini bitirmiş Ənvər Məmmədquluzadənin (1908-1979) sovet ordusunun tərkibində hərbi həkim kimi 1942-ci ildə İrana getdiyi və geri qayıtmadığı məlum olub. Tədqiqat və axtarış nəticəsində aydın olub ki, Ənvər Məmmədquluzadə İranda Bakıda ikən ailə həyatı qurduğu Mehri Pənahpurdan ayrılmış, polyak mənşəli Zofya Bahrinovski ilə evlənmişdir. Bu nikahdan Ənvər Məmmədquluzadənin iki oğlu: Midhət və Teymur Cavanşirilər və iki qızı Nizhət Şəcəri və İren Cavanşiri dünyaya gəlib.


Ünvanlarını dəqiqləşdirdikdən sonra İsa Həbibbəyli 25 yanvar 1992-ci ildə Tehran şəhərində Teymur Cavanşiri, Midhət Cavanşiri, İren xanım və onun həyat yoldaşı Əmir Hüseyn Süleymani ilə görüşüb. Bu barədə «Səhər» qəzetində məqalə çap olunub, şəkillər oxuculara çatdırılıb. Səfərdə o vaxt Naxçıvan Dövlət Universitetinin müəllimi vəzifəsində çalışan kimya elmləri namizədi Miryaqub Seyidov da iştirak edib. Həmin vaxt Məmmədquluzadə - Cavanşirilər ailəsinin adları çəkilən nümayəndələri rəsmi şəkildə Naxçıvana dəvət olunublar. Lakin bir müddət sonra Teymur Cavanşiri dünyasını dəyişdiyi üçün səfər alınmayıb.


Qeyd olunur ki, bundan sonrakı illərdə İsa Həbibbəyli Tehranda Midhət Cavanşiri, Teymur Cavanşirinin oğlanları Şahir və Bəzrinlə görüşüb.


“İsa Həbibbəyli Ənvər Məmmədquluzadənin və Teymur Cavanşirinin Tehranın Behişti Zəhra qəbiristanlığındakı məzarlarını ziyarət edib.


Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini öyrənmək sahəsində axtarışlarını davam etdirən İsa Həbibbəyli 1998-ci ildə Paris şəhərində yaşayan Ənvər Məmmədquluzadənin birinci nikahdan olan qızı Məhin Səqqətçiya ilə görüşüb. Görüşdə tanınmış diplomat Ramiz Abutalıbov da iştirak edib.


Akademik İsa Həbibbəyli əldə etdiyi materiallar əsasında «Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi» adlı elmi əsər yazıb. Həmin tədqiqat onun 1997-ci ildə çapdan çıxmış «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» adlı kitabında özünə yer alıb.


Kitabda Cəlil Məmmədquluzadənin Fransada və İrandakı nəvə-nəticələri ilə yanaşı, nəslin Polşada yaşayan davamçıları, hazırda Azərbaycana gəlmiş Martin Cavanşiri və onun İrlandiyada məskunlaşmış qardaşı Ramin Cavanşiri haqqında da məlumat verilib. Müəllif onlar haqqında məlumatları İranda dəfələrlə görüşdüyü ataları Midhət Cavanşiri vasitəsilə ilə əldə edib. İsa müəllim 2009-cu ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi qeyd edilərkən Martin Cavanşiri və hazırda İrlandiyada yaşayan qardaşı Ramin Cavanşirini Azərbaycana dəvət etmək üçün ölkəmizin Polşadakı səfiri Vilayət Quliyevə müraciət edib. Azərbaycan Respublikasının Polşadakı səfiri Vilayət Quliyev Martin Cavanşiri ilə əlaqə qurub və onlarla danışıqlar aparıb, zəruri olan digər prosedurları həyata keçirib, lakin səfər baş tutmayıb.


Midhət Cavanşiri 2013-cü ildə Tehran şəhərində vəfat etdikdən sonra onun övladları ilə əlaqə zəifləyib. «Hafiz Times» saytında 2019-cu ilin yayında Polşadakı Cavanşirilər haqqında material verildikdən sonra İsa Həbibbəyli bu saytın sahibi Hafiz Əhmədovla əlaqə yaradıb, onun vasitəsi ilə Lodz şəhərində yaşayan, orta məktəbi yenicə bitirmiş Pşemislav Cavanşirinin Facebook ünvanını əldə edib. O isə atasının razılığı olmadan göndərilən suallara cavab verməkdə çətinlik çəkdiyini bildiribr. Bundan sonra İsa müəllim Pşemislav Cavanşiri ilə yazışaraq, onun atası Martin Cavanşiri ilə əlaqə yaratmağa nail olub, onun və oğlunun Azərbaycana ulu babaları Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Milli Elmlər Akademiyasında keçiriləcək tədbirlərdə iştirak etmək üçün dəvət olunmalarına razılıq alıb”.



Bundan sonra Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənova müraciət edən İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının - Martin Cavanşirinin və oğlu Pşemislav Cavanşirinin ölkəmizə dəvət edilməsinə köməklik göstərilməsini xahiş edib.

“Həsən müəllim və Polşadakı səfirliyimizin digər əməkdaşları Məmmədquluzadə – Cavanşirilər ailəsi ilə dərhal əlaqə yaradıb, onların ulu babalarının vətəninə gəlmələri üçün zəruri addımları atıblar.


Cəlil Məmmədquluzadənin nəsil şəcərəsinin davamçıları ölkəmizin yazıçıları və alimləri ilə birlikdə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ulu babası Mirzə Cəlilin məzarlarını ziyarət edib, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində olub, ədibin 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransda, ədibin ev muzeyinin açılışında, Ədəbiyyat İnstitutda təşkil edilmiş görüşdə iştirak ediblər.

İsa Həbibbəyli 18 noyabr 2019-cu ildə təxminən saat 13.30-da «Hafiz Times» saytının rəhbəri Hafiz Əhmədova telefonla zəng edərək, Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə Azərbaycan Milli Elmlər Akademiyasında 19 noyabrda keçiriləcək tədbirlərə dəvət edib, onun səfəri ilə əlaqədar zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirib. Hansı səbəbdənsə Hafiz Əhmədov Bakıya gəlməyıb.

Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının Polşadakı ünvanlarının müəyyən edilməsində, Azərbaycana dəvət olunmasında və səfərin təşkilində xidmətləri olan ölkəmizin Polşadakı səfiri Həsən Həsənova, Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirova və «Hafiz Times» saytının sahibi Hafiz Əhmədova dərin minnətdarlığını bildirir.


İsa Həbibbəyli Hafiz Əhmədovun izləri itmiş tanınmış azərbaycanlıları axtarıb tapmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, bu faydalı işə dəstək verir və həmin istiqamətdə onunla əməkdaşlıq etməyin ölkəmiz üçün faydalı olduğunu bildirir.

Müxtəlif illərdə Cəlil Məmmədquluzadənin nəvə-nəticələri ilə Tehranda və Parisdə çəkilmiş fotoşəkillər ictimaiyyətə təqdim olunur.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin nəslinin hal-hazırda yaşayan davamçılarının ünvanlarının kim tərəfindən tapılmasından, onların ölkəmizə kim tərəfindən dəvət edilməsindən asılı olmayaraq Mirzə Cəlilin şəcərəsini təmsil edənlərin ulu babalarının vətənini ziyarət etməsi mühüm əhəmiyyətə malik ədəbi hadisədir və bu işin təşkili bizim hər birimizin borcudur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi