Modern.az

Hicran Hüseynova ağsaqqalları QINADI: “Elçiliyə gedirlər, ancaq boşanma zamanı hamı qaçır bir tərəfə”

Hicran Hüseynova ağsaqqalları QINADI: “Elçiliyə gedirlər, ancaq boşanma zamanı hamı qaçır bir tərəfə”

22 Noyabr 2019, 12:28

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda boşanma hallarının əsas səbəblərini açıqlayıb.     

 

Modern.az-ın məlumatına görə, H.Hüseynova Yeni Azərbaycan Partiyasının qərəgahında keçirilən mətbuat konfransında bildirib ki, komitə bu məsələ ilə bağlı araşdırma aparıb:     

 

“Biz digər ölkələrdəki vəziyyəti də araşdırmışıq ki, müqayisə edək. Digər ölkələrə baxanda bizdə vəziyyət o qədər də ciddi deyil. Ancaq istənilən halda bu, Azərbaycan üçün ağır problemdir. Boşanmaların bir çoxu erkən yaşda qurulan ailələrdir, çünki bu insan ailə mühitinə hazır deyil. İkinci vacib məsələ sonsuzluqdur. Çox zaman belə ailələr bizə də müraciət edirlər ki, biz kömək edək, onlar övladlığa uşaq götürsünlər və ya xüsusi tibbi prosedurla uşağa sahib olsunlar. Bilirsiniz ki, bu prosedur da hər zaman uğurlu olmur. Digər məsələ zorakılıq halları ilə bağlıdır”.     

 

H.Hüseynova bildirib ki, boşanmadan əvvəl ailələrə xüsusi vaxt ayrılmalıdır ki, ailə ilə söhbət aparılsın:     

 

“Sonradan soruşanda heç özləri də bilmirlər ki, söz-söhbət nədən başlayıb. Sadəcə hamı qoşulur bu söz-söhbətə və nəticədə boşanma halı baş verir. Biz ailə dəyərlərimizi qoruyub saxlamalıyıq. Elçilik zamanı ağsaqqallar gedirlər, ancaq boşanma zamanı hamı qaçır bir tərəfə və ya söz-söhbətlərə qoşulurlar. Biz çalışırıq ki, bu hallar aradan qaldırılsın.   Son dövrlərdə digər bir problem odur ki, nikaha girərkən insanlar bunu rəsmiləşdirmirlər. Belə hallar çox deyil, ancaq biz çalışmalıyıq ki, bu hallar da aradan qaldırılsın”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi