Modern.az

İranla sülh bütün sülhlərin anasıdır - TƏHLİL

İranla sülh bütün sülhlərin anasıdır - TƏHLİL

28 Noyabr 2019, 00:27

Tahir Kərimov,
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi

 

Amerika bilməlidir ki, İranla sülh bütün sülhlərin anası və İranla savaş bütün savaşların anasıdır.
(Həsən Ruhani)

Bu ilin noyabr ayının 10-da İran prezidenti Həsən Ruhani Yazd şəhərində olarkən bəyan etdi ki, Xuzestan vilayətində təsdiq olunmuş ehtiyatları 53 milyard barrel həcminə çatan yeni neft yatağı aşkar olunmuşdur, yataq 80 m dərinlikdədir və tezliklə onun inkişaf etdirilməsinə başlanacaq. Bəyənatdan 5 gün sonra Əhvaz şəhərində benzin qiymətlərinin artmasına qarşı qiyamlar başladı və tezliklə İranın digər şəhərləri də etiraz aksiyalarına qoşuldular. İndiyədək İranda baş vermiş çevrilişlərin hamısında neft faktoru və xarici qüvvələr mühüm rol oynamışlar.

Neft Faktoru

İran dünya üzrə neft ehtiyatlarının 10%, qaz ehtiyatlarının 15%-nə malikdir. Təsdiq olunmuş xam neft depozitlərinə görə dünyada dördüncü, qaz yataqlarına görə 2-ci ölkədir. Ümumi gəlirlərin 80%-i yanacaq istehsalının payına düşür. Neft və qaz yataqları əsasən Zaqros dağlarından qərbdə, Xuzestan ərazisində yerləşirlər. Dünya üzrə maye qaz təchizatının üçdə biri və qlobal neft təchizatının 25%-i ən dar nöqtəsində 21 dəniz mili təşkil edən Hörmüz boğazından keçir.  

ABŞ faktoru

1951-ci ildə Mosadeq baş nazir olduqdan sonra İran neft sənayesinin Britaniyadan asılılığına son qoymaq, İran neftini milliləşdirmək, Anglo-İran neft kampaniyasını (daha sonralar BP) milliləşdirmək, şahaməxsus torpaqları dövlətə vermək, parlamentin şahdan müstəqil və üstün olmasını təmin etmək qərarı verdi. Şahın əkiz bacısı Əşrəf baş nazirin islahatlarını əngəllədiyinə görə ölkədən xaric edildi. Bu, 2 il sonra şaha sadiq ordu generallarının ABŞ və Britaniya gizli xidmət orqanlarının iştirakı ilə baş nazirin devrilməsinə gətirdi. Tarixçi Stefen Kinzerin “Şahın adamlarının hamısı” kitabında Amerika və Britaniya kəşfiyyatının Mosadeqin devrilməsi üzrə birgə keçirdikləri “Ayaks” əməliyyatının bir hissəsi kimi Məhəmməd Reza Şah Pəhləvinin əkiz bacısı Əşrəfəbaş naziri nüfuzdan salmaq müqabilində pul və bahalı xəzlər təklif edilməsi ətraflı təsvir olunur.

Şahın devrilməsi üçün əsaslar indiki qədər qabarıq deyildi. Təhsilə böyük sərmayələr yatırılır, ölkədə savadsızlıq aradan qaldırılırdı.1978-ci ildə universitet tələbələrinin sayı 10 milyona çatdı, məktəblərin sayı 3.24 dəfə artdı. Dövlət hesabına xaricə çoxlu tələbə göndərilirdi. Əhalinin gəlirləri durmadan artırdı. Şah qadınların gündəlik həyatda fəal iştirakını təqdir edir, mühüm vəzifələrə irəli çəkilməsini istəyirdi. Qadınların ailə həyatına başlaması üçün yaş həddi 13-dən 15-ə qaldırıldı. Ölkədə yalnız qatı konservatorlardan ibarət bir təbəqə qadınlara bu qədər səlahiyyət verilməsindən narahat idi.

Qısa zaman kəsiyində, ilk baxışdan önəmli görünməyə biləcək  bir neçə hadisə 1979-cu il İran inqilabının baş verməsini şərtləndirdi. 1977-ci il dekabrın 21-i ABŞ prezidenti Cimmi Karter İrana rəsmi səfəri zamanı şahın İranın inkişafındakı rolunu təriflədi. Daha sonra Məhəmməd Reza Şah intervyularının birində bildirdi ki, tezliklə İran dünyanın ən inkişaf edən ölkərindən biri olacaq və ümumiyyətlə qonur gözlü insanların mavi gözlü insanları həyatın hər bir sahəsində üstələcəyi zaman yetişib. Regionda hansı isə ölkənin inkişaf etmiş ölkələr sırasında yer alması Qərbin Yaxın Şərq planlarına daxil deyildi. Bundan dərhal sonra Xomeyni fəallaşaraq sürgündən siyasi mesajlar göndərməyə başladı. 1978-ci il yanvarın 8-də “Ettelaat” qəzetindəki yazıda Xomeyninin Britaniya kəşfiyyatı ilə əlbir olması haqqında yazı dərc olundu. Şiəliyin mərkəzi hesab olunan Qum şəhərində şiə liderə qarşı belə bir yazının yazılması hiddət doğurdu. Dini seminariyanın tələbələri küçələrə axışdılar, tezliklə onlara dükançılar və bazardakı tacirlər qoşuldu. Polis əvvəlcə havaya, daha sonra isə kütləyə atəş açdı. Dini liderlər 20-30 adamın öldürüldüyünü bildirdilər. (İngilis yazıçısı Michael Axworthy “Revolutionary İran” kitabındaölənlərin sayının 5 olduğunu göstərir). 40 günlük matəmdən sonra hakimiyyətə qarşı yeni çıxışlar dalğası başladı. Aksiyalar Təbrizə keçdi. Yenə də polis nümayişçilərə atəş açdı və yenə də 30-a dək nümayişçinin qətlə yetirildiyi bildirildi və bu dəfə də 40 günlük matəmdən sonra yeni nümayişlər dalğası başladı. Ölkəni narazılıq aksiyaları bürüdü. Hakim ailə üzvlərinin ölkə xaricində dəbdəbəli həyat tərzi yaşaması, şah ailəsinin üzvlərinin korrupsiyaya qurşanması, hakim ailə və cah-cəlal içərisində yaşayan kiçik şahpərəst kəsimlə əhalinin qalan hissəsi arasında böyük uçurumun olduğu ölkədə bir qığılcım yetərli idi. Yalnız Abadanda nisbi sakitlik idi. 1978-ci ilin 19 avqustunda Abadanda film nümayişi zamanı Reks kinoteatrının giriş və cıxış qapıları kimlərsə tərəfindən bağlanılır və film nümayişi zalına od vurulur. Yanğının Mosadeqin devrilməsinin ildönümü gününə planlaşdırılması da təsadüf hesab edilə bilməz. Zalda 420 tamaşaçı yanır. Xomeyni şahın məxfi təhlükəsizlik xidməti SAVAKı, şah isə Xomeynini günahlandırdı. Hadisəni törətməkdə məqsəd ölkədə əmin-amanlığın olmamasını, vətəndaşların təhlükəsizliyinin təmin olunmamasını göstərmək idi. (2001-ci ildə islahatçı “Sobhe Emrooz” qəzeti yanğının Xomeyni tərəfdarları tərəfindən törədilməsi ilə bağlı faktları ortaya qoydu.) Əlbəttə ki, şah bu hadisədən heç cür yararlana bilməzdi. Artıq bu hadisədən sonra mütləqiyyətin çökməsi zaman məsələsi idi. 1979-cu il yanvarın 16-ı şah ailəsi ilə birlikdə İranı tərk etdi. 1979-cu il fevralın 1-i isə Xomeyni 14 illik sürgündən bir triumfator kimi İrana qayıtdı.  


40 il keçməsinə baxmayaraq, Amerikanın İrana qarşı taktikası dəyişməmişdir. Uran inkişafı, silah ixracı, bank əməliyyatları, ticarət və səyahət məhdudiyyətləri ilə bağlı sanksiyaların ardınca 2018-ci il iyulun 8-i ABŞ prezidenti Tramp İrana qarşı neft ixracı və bank əməliyyatlarını məhdudlaşdıran yeni sanksiyaları elan etdi. ABŞ İranla münasibətlərdə ənənəvi siyasi xəttini həyata keçirməkdə davam edir:

1)iqtisadiyyatın zəiflədilməsinə yönəlmiş sanksiyalar;

2)müxalifətin içərisinə lazımi adamların yerləşdirilməsi;

3)düşmən ölkə ilə dostluq.

Səudiyyə Ərəbistanı faktoru

Sonuncu faktor İran iqtisadiyyatının zəiflədilməsi və müvafiq olaraq narazılığın artmasında uğurla tətbiq olunur. İran-İraq müharibəsi dövründə ABŞ İraqı dəstəkləyirdisə, hal-hazırda dəstəklənən ölkə İranın digər rəqibi Səudiyyə Ərəbistanıdır.

Onsuz da Yaxın Şərqin beş ölkəsi, Liviya, İraq, Suriya, Livan və Yəmən idarə olunmayan dövlətlərdir. Eyni zamanda, iki (Suriya, Yəmən) ölkə müharibə şəraitindədir.Terrorçu təşkilatlar Hezbollah və İŞID Suriyada, Əl-QaidəYəməndə fəaliyyət göstərirlər.

Bilavasitə iştirak etməsələr də, bölgədəki bütün savaşlarda Səudiyyə Ərəbistanı və İran İslam Respublikası əks mövqedən çıxış edirlər. 1979-cu il İran inqilabından sonra Səudiyyə Ərəbistanı ciddi narahatçılıq keçirirdi ki, İrandakı inqilabçılıq və monarxı devirmək ruhu onlara da keçə bilər. 1979-cu ilədək Səudiyyə Ərəbistanı müqəddəs İslam mərkəzləri Məkkə və Mədinəyə görə İslamın mərkəzi hesab olunsa da, Xomeyni əsl İslam dəyərlərinin İranda qorunması, məhz İranın əsl müsəlman ölkəsi olması ideyasını irəli çəkirdi. İran inqilabının yayılması qonşular üçün də təhlükəyə çevrilirdi.

-1980-ci ildə İraq İrana hücum etdi və bəzi yataqları ələ keçirdi. İranın əks həmlələrindən sonra Səudiyyəlilər panika içərisində İraqa yardım etməyə, pul və silah göndərməyə başladılar.

-Ərəb baharı zamanı Tunisdə Səudiyyə Ərəbistanı prezident Ben Əlini, İran isə hökumət əleyhinə qrupları dəstəkləyirdi.

-Yəməndə Səudiyyə Ərəbistanı hakimiyyəti, İran isə hökumət əleyhinə vuruşan Hutiləri dəstəkləyir.

-Bəhreyndə Səudiyyə Ərəbistanı hakimiyyəti, İran şiəüsyançıları dəstəkləyir.

-Suriyada Səudiyyəlılər sünni qruplarını, İran isə Bəşər Əsədi Hezbollah vasitəsilə dəstəkləyir.

-Səudiyyə Ərəbistanı Qətərə İranla münasibətlərə görə hədə-qorxu gəlir.

-Səudiyyə Ərəbistanı Xuzestanın ərəb dilli əhalisini yönləndirməyə çalışır, İran Səudiyyə Ərəbistanındakı şiələri dəstəkləyir.

Yaxın Şərqdə elə vətəndaş müharibəsi yoxdur ki, Səudiyyə Ərəbistanı və İran arxa planda iştirakçı olmasınlar. Bu şəkildə iştirak böyük xərclər tələb edir və iqtisadiyyata təsirsiz ötüşmür. Təkcə Suriyaya ildə 6 milyard dollar xərcləndiyi deyilir.

Sanksiyaların təsiri. İqtisadi faktor

Hal-hazırda İranda gənclər arasında işsizlik 27% təşkil edir, işsizlərin 40%-i universitet məzunlarıdır. Rəsmi göstərilən inflyasiya 40% təşkil edir. Lakin, Reyqanın Baş İqtisadçısı kimi çalışmış Professor Henke bildirir ki, bu məqsədli şəkildə azaldılmış rəqəmdir. Əsas gündəlik tələbat mallarından ət 57%, süd, süd məhsulları və yumurta 37%, meyvə və tərəvəz 47% bahalaşıb. Ölkədə ərzaq qıtlığı hiss olunur. İran realı ABŞ dolları ilə müqayisədə 60% dəyərini itirib. Sanksiyalardan sonra Çin, Hindistan və Yaponiya kimi istehlakçı ölkələr İrandan neft təchizini kəskin azaldıblar. Türkiyə və Tayvan İrandan yanacaq təchizatını dayandırıblar.

Növbəti nədir

İran cəmiyyətindəki narazılıq yalnız sanksiyaların yaratdığı problemlərdən qaynaqlanmır. Əsas problem yeridilən siyasətin xalqın duyğularından çox uzaq olmasıdır. İranda teokrat ruhanilərin idarəçiliyi dövründə etiraz aksiyaları bunadək də olmuşdu. Lakin, əvvəlki aksiyalardan fərqli olaraq bu dəfəki aksiyalar zamanı insanlar Amerikanı yox, rejimi lənətləyirlər. Daha bir fərq də ondan ibarətdir ki, bu dəfəki aksiyalar ümumxalq etirazıdır, onların  lideri və yönləndirici şəxsi yoxdur. Amnesty İnternational-ın yaydığı məlumata əsasən noyabr etirazları zamanı İranda 106 nümayişçi öldürülmüşdür. Meyitlər dərhal basdırılır və qohumlara verilmir. Matəm yürüşünün siyasi forma almasından ehtiyat edilir.

 

 

Hal-hazırda dini lider Xamneinin 95 milyard vəsaiti olması ilə bağlı söz-söhbət dolaşır. Bu isə idarəçilikdə təmsil olunan ruhanilərlə kütlə arasında daha dərin uçurumun olduğunu göstərir. Bundan əlavə, İran inqilabından ötən 40 il ərzində dünyada baş verən texnoloji yeniliklər fonunda ruhanilərin müəyyən etdikləri çərçivədə yaşamaq tərəqqiyə meylli İran cəmiyyətinə ziddir. Rejimin içərisindən çıxan adamların ümumi siyasi xəttə qarşı çıxması halları çoxalır. Hətta, Xomeyninin nəvəsi və sabiq prezident Məhəmməd Xatəminin qardaşının xanımı Zəhra Eşraqi baş örtüklərinin məcburi olmaması məsələsini qaldırır, Xomeyninin nəticəsi Naimeh Eşraqi zamanla ayaqlaşmayan rejimdən qorxduğunu dilə gətirir. Dini rəhbərliyin, məmurların və diplomatik korpusun övladlarının xaricdəki dəbdəbəli həyat tərzi şah dövrünün şahpərəst təbəqəsinin həyatından fərqlənmir. İnternet korrupsiya və nepotizm faktları ilə doludur. Xomeyninin nəticəsi Yasəmən Eşraqi BMW maşını və Dolce & Cabana çantaları, Venesueladakı sabiq İran səfirinin oğlu Saşa ləqəbli Məhəmməd Reza SobhaniBugatti markalı maşını, siqaretini dollar dəsti ilə yandırdığı yerdə çəkdirdiyi fotolar, Danimarkadakı sabiq İran səfiri Morteza Moradianın oğlunun fotomodel Anaşidlə bahalı toy məclisindən fotolar, məmurların şah sarayına yaxın zənginlər məhəlləsindəki evlərinin fotoları sosial şəbəkələrdə yayılır və rejimə inamı sındırır. İnqilab qarşısında heç bir xidməti olmayan təbəqənin hakim mövqelər tutması da cəmiyyətdə narazılıqla qarşılanır. Nüvə reaktorları danışıqları üzrə nümayəndə, İranın xarici işlər nazirinin müavini Abbas Araqçının 39 yaşlı qardaşı oğlu Əhməd Araqçının heç bir təcrübəsi olmadan mərkəzi bankavalyuta mübadilələri bölümünə rəhbər təyin olunması İranda hiddətlə qarşılandı. İsfahandan olan Araqçı ailəsi 40 il əvvəl şahpərəstlikdən Xomeynipərəstliyə adlayaraq əlçatmaz dərəcədə varlanıb. Avqustun 5-də Əhməd Araqçının digər 12 bank əməkdaşı ilə birgə həbs edilməsi iranlıların narahatlığının əbəs olmadığını sübut etdi. Məlum oldu ki, Əhməd Araqçı qohumları və yaxınlarına güzəştli kursla külli miqdarda valyuta və qızıl almağa şərait yaradırıb.


ABŞ-ın tətbiq etdiyi sanksiyalar ağır iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Bu zamanadək baş verən hakimiyyət çevrilişlərində xarici qüvvələr milli zəmində qarşıdurmanı istifadə etməyiblər. ABŞ İranın parçalanmasını istəmir. Lakin Dövlət Departamenti İranla bağlı məsləhətləşmələr zamanı ərəb, belluci, azərbaycanlı və kürd azlığının Amerikada təmsil olunmuş nümayəndələrinin fikrini həmişə nəzərə alır və lazım olan anda bu faktor da istifadə oluna bilər.

İranda dəyişikliklərin zamanı gəldiyi bildirilir. Amma, hakimiyyət kifayət qədər güclü dayaqlara malikdir. Ona görə də inqilabi situasiyanın yetişdiyini düşünmək bir qədər tez ola bilər. Lakin inqilab öncəki vəziyyətin yarandığı aydın sezilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır