Modern.az

Azərbaycanla Yaponiya arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycanla Yaponiya arasında siyasi məsləhətləşmələr aparılıb

28 Noyabr 2019, 23:26

Tokioda Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Modern.az xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan Respublikasını Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Yaponiya tərəfini isə Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Hideki Uyama təmsil edib.

Məsləhətləşmələr zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyinə daxil olan bir-çox məsələlər ətrafında, o cümlədən Azərbaycan və Yaponiya arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsi, siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam edirilməsi və digər mövzular üzrə geniş müzakirələr aparıblar.

Yaponiya rəsmisi bildirib ki, Yaponiya Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir, bu da ölkəmizin Cənubi Qafqazda ən vacib dövlət olduğundan, Azərbaycanın regionda sabitliyin və sülhün bərqərar olunmasında mühüm rol oynadığından irəli gəlir. Həmçinin o, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

R.Həsənov öz növbəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir müavini iki ölkə arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğu nəzərə alaraq, kənd təsərrüfatı, turizm, sənaye, nəqliyyat, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyini qeyd edib.

Görüş zamanı, Cənubi Qafqazda davam edən münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun sabitlik və təhlükəsizliyinə təhdid olduğu qarşı tərəfin diqqətinə çatdırıldı və münaqişənin həlli prosesinin cari vəziyyəti haqqında qarşı tərəf geniş şəkildə məlumatlandırıldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparıldı və R.Həsənov ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini vurğuladı.

H.Uyama Dağlıq Qarabağ münaqişəsinin həllinin Qafqaz regionunda sülh və stabillik üçün çox vacib olduğunu, bununla əlaqədar ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bəyan etdi, məsələnin tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini arzuladı.

Səfər zamanı, nazir müavini Ramiz Həsənovun Yaponiya Xarici İşlər Nazirinin Parlament üzrə müavini Şiniçi Nakatani ilə də görüşü baş tutub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi