Modern.az

Eldar Namazov daha bir quruma sədr seçildi

Eldar Namazov daha bir quruma sədr seçildi

12 Mart 2012, 11:50

“Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti” idarə heyətinin növbəti toplantısı kecirilib. İclasda cəmiyyətin fəaliyyətdə olan sədri Nurəddin Mustafayevin görülən işlərlə bağlı hesabatı dinlənilib.

Qurumdan Modern.az-a bildirilib ki, hesabatla bağlı müzakirələr zamanı idarə heyətinin üzvləri F.Cəlilov, E.Namazov, E.Abbasov, K.Nağıbəyli,  A.Ömərov, V.Əziz, İ.Vəliyev, Ə.Ələkbərli, A.Səmədbəyli, R.Abbasov çıxış ediblər. Onlar  hesabat dövründə  təşkilatın fəaliyyətini müsbət qiymətləndiriblər.

Qeyd olunub ki, bu müddət ərzində bir sıra təşkilati məsələlər öz həllini tapıb: cəmiyyətin Ali Məclisi formalaşdırılıb və onun ilk toplantısı keçirilib. Bundan əlavə, bəzi Avropa, MDB ölkələrində, Türkiyədə təşkilatın nümayəndəlikləri yaradılıb. Həmçinin, mərkəzi qərargah  məsələsi də həll olunub, Azərbaycanın bir çox regionlarında görüşlər keçirilib. Beynəlxalq forumlar və diplomatik dairələrdəki görüşlər zamanı Qarabağ münaqişəsinin nizamlanması və deportasiya məsələləri ilə bağlı təşkilatın mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

İdarə heyətinin üzvləri görülən işlər üçün N.Mustafayevə təşəkkür ediblər. Onun sədrlik müddəti başa çatdığından, rotasiya qaydasına uyğun olaraq təşkilatı məsəsələ müzakirə olunub və  “Azərbaycan naminə” İctimai Forumunun rəhbəri, politoloq Eldar Namazov yekdilliklə cəmiyyətin fəaliyyətdə olan sədri seçilib.

Daha sonra toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və  bir sıra beynəlxalq problemlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 
      
“Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti” ölkədə siyasi məhbusların olmasından narahatlığını ifadə edib və problemi kökündən həll etmək üçün hakimiyyəti Novruz bayramı, mayda Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi  ərəfəsində geniş amnistiya tətbiq etməyə  çağırıb. Qeyd olunub ki, yerli və beynəlxalq hüquq müdafiəsi təşkilatları tərəfindən adları siyasi və vicdan məhbusu siyahısına salınanların hamısı azad edilməlidir: keçmiş nazirlər  Əli İnsanov,  Fərhad Əliyev və onların işi ilə bağlı məhküm olunmuş  şəxslər, “aprel məhbusları” və gənclər təşkilatları fəalları,  “hicab məsələsi”  ilə əlaqədar həbs edilənlər.

Cəmiyyət Qubada baş verən hadisələrin ölkə rəhbərliyi səviyyəsində   ciddi müzakirə obyektinə çevrilmədiyindən,  reaksiya verilmədiyindən narahatlığını bildirib. Bu hadisələrə lokal xarakter vermək, onun mahiyyətini yalnız Quba rayonunun problemi kimi gələmə vermək  yanlış addım kimi dəyərləndirilib. Qeyd olunub ki, korrupsiyalaşmış məmurların özbaşınalığı çoxdandır vətəndaşların haqlı narazılığına səbəb olur, cəmiyyətdə sosial gərginliyin çox təhlükəli həddə çatmasına gətirib çıxarır. Bu baxımdan, dövlət səviyyəsində təcili tədbirlər görülməli, ilk növbədə kadr siyasətində köklü dəyişiklər edilməli , vaxtı yetişmiş demokratik və sosial-iqtisadi islahatlar aparılmalıdır.

Sonda idarə heyəti üzvləri yaxın zamanlarda  cəmiyyətin Ali Məclisinin növbəti  toplantısını və bir sıra ictimai tədbirləri  keçirməyi qərara alıblar.            

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir