Modern.az

Akif Nağı: “Mən sizi Xankəndi səfərindən imtinaya səsləyirəm” - MÜSAHİBƏ

Akif Nağı: “Mən sizi Xankəndi səfərindən imtinaya səsləyirəm” - MÜSAHİBƏ

Müsahibə

12 Mart 2012, 12:38

““İrəli”dən tutmuş “Dalğa”ya qədər gənclər təşkilatlarına baxın, görün onlar siz deyən fədəkarlığa hazır olanlara oxşayırlarmı?”

”...bütün tanınmış ictimai- siyasi fiqurların harasa bağlılığı var...”

Martın 4- də Parlament Jurnalistləri Birliyinin təşəbbüsü və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təşkilatçılığı ilə böyük bir qrupun Xocavənd rayonunun Azərbaycanın nəzarətində olan “Nərgiztəpə” adlı ərazisini ziyarət etməsi Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının ciddi narazılığına səbəb olmuşdu. QAT sədri böyük bir bəyanatla çıxış edərək səfər iştirakçılarını kobud ifadələrlə təhqir etmişdi. Doğrudur, QAT sədri sonradan üzrxahlıq etmişdi, ancaq onunla üzbəüz görüşüb söhbətləşmək, bir sıra suallara cavab istəmək zərurəti meydana çıxmışdı. Beləliklə, QAT- ın davakar sədri hüzurumuzda suallarımızı cavablandırır.

- Akif bəy, iş elə gətirib ki, bəzi məqamlarda Sizə sual verməklə kifayətlənməyərək opponentlik etməli olacam, çünki təhqirlərinizə məruz qalanlardan biri də mənəm. Tutaq ki, lap Xankəndinə getmiş olaydıq, bu, sizə bizi o cür ifadələrlə təhqir etməyə haqq verirdimi?

- Bu məsələylə bağlı bizim mövqeyimiz aydındır. Ermənistana daxili işlər naziri səfər edəndə də eyni mövqeni ifadə etmişik, deputatlar gedəndə də. Əlbəttə, ola bilər ki, bəyanatdakı ifadələr bir qədər sərt olur, amma mən sizi inandırım ki, bununla kimisə incitmək istəməmişik. Sadəcə olaraq bununla insanları bu tip səfərlərdən çəkindirməyə çalışırıq. Biz bu səfərləri bir erməni siyasətinin tərkib hissəsi hesab edirik. Ermənilər başa düşürlər ki, işğal etdikləri ərazilərdə öz mövqelərini möhkəmləndirməlidirlər. Hesab edirlər ki, artıq onlar müharibəni udublar, hakimiyyətlərini legitimləşdirmək qalıb. Onlar özləri üçün o mövqeni formalaşdılrıblar ki, Qarabağ savaşını udublar, indi həmin qələbəni möhkəmləndirmək mərhələsi gəlib. Bunun üçün də Azərbaycanla münasibətlər normallaşmalıdır. Yəni get-gəllər intensivləşməli, onlar tədricən Ermənistana da gəlməlidirlər, Dağlıq Qarabağa da. Ona görə də ermənilər bu kimi səfərlərdə maraqlıdırlar.

- Axı tale elə gətirib ki, erməniləri tamamilə qovub Qarabağdan çıxara bilməyəcəyik, ən azından orda yaşayan və gələcəkdə Azərbaycan qanunlarını tanıyan erməni əsilli vətəndaşlarımızla təmaslar qurmağa məhkumuq. Qarabağın erməni icmasıyla görüşmək, öz mədəniyyətimizi, qonaqpərvərliyimizi, bizə edilən pisliklərə baxmayaraq qisasçı olmadığımızı onların diqqətinə çatdırmaqda nə qəbahət var ki? Bəlkə bu cür təmaslarla məngənədə sıxılan yerli əhalini öz qaniçən hakimiyyətlərinə qarşı inqilaba qaldırmış olarıq.

- Mən də elə hesab edirəm ki, erməniləri qırıb qurtarmaq fikrində deyilik və onlarla yanaşı yaşamağa məhkumluğumuzu da anlayıram. “Xalq diplomatiyası” da olmalıdır, münasibətlərin yaxşılaşdırılması istiqamətində də işlər görülməlidir. Amma bunun vaxtı, məqamı var. Prinsip etibariylə biz “xalq diplomatiyası”nın əleyhinə deyilik. Ancaq müharibə əhval- ruhiyyəsi olan dövrdə buna ehtiyac yoxdur. Xatırlayıram ki, 90- 91- ci illərdə bu hadisələr yeni başlayanda Azərbaycan tərəfi “xalq diplomatiyası”na cəhd göstərirdi. Müxtəlif təmaslar da olurdu, ziyalıların da get- gəlləri təşkil edilirdi. Xankəndindəki erməniləri Bakıya dəvət edərək müəyyən görüşlər də keçirilmişdi. 1991- ci ilin iyul ayında, hadisələrin gərgin vaxtında, yəni “Çaykənd” əməliyyatından sonra Qarabağ erməniləri Azərbaycanla müəyyən yaxınlaşma yolları axtarırdılar. O dördə Azərbaycan “xalq diplomatiyası”nın müxtəlif formalarından istifadə edirdi. O zaman Valeri Qriqoryan adlı bir yüksək çinli partiya rəsmisinin başçılığı ilə  ermənilərdən ibarət böyük bir nümayəndə heyəti gəldi, burada xeyli faydalı görüşlər keçirildi. Onlar özləriylə bir sənəd də gətirmişdilər ki, “gəlin müharibəni bitirək, Azərbaycanın sərhədləri daxilində bizə veriləcək istənilən statusla razılaşırıq”. O dövrdə ermənilər başa düşürdü ki, “xalq diplomatiyası”nın vaxtı deyil, ona görə də nümayəndə heyəti Xankəndinə qayıdan kimi hamısını döydülər, Valeri Qriqoryanı isə qumbara ilə partlatdılar.

- Şəxsən mənimçün və elə hesab edirəm ki, çoxsaylı vətəndaşımız üçün də maraqlıdır ki, QAT indikindən min dəfələrlə güclü bir təşkilat olsun, sıralarında ən azı min nəfər iliyinə- qanına qədər qatı millətçi gənci birləşdirsin. Elə elə bir əzəmətdə olsun ki, hətta öz rəsmilərimiz də bəzən xahiş edib desinlər ki, amanın bir günüdür, şuluqluq salmayın. Ancaq bu gün üzr istəyirəm, QAT beş-on nəfər qoca-qoltuğun ümidinə qalmış kimi görünür və bu da bizi ağrıdır.

- QAT sıralarında on minləri birləşdirən bir təşkilatdır. Amma çox təəssüf ki, bu gün Azərbaycanda elə bir situasiyadır ki, insanlar fəal şəkildə öz mövqelərini ortaya qoymaqdan çəkinirlər. Yəni say baxımından problem yoxdur. Təəssüf ki, Siz dediyiniz fədakar insanların sayı azdır və bu çatızmazlıq təkcə QAT-a yox, bütün cəmiyyətə aiddir. Partiytaları gözünüzün qabağına gətirin, hər yerdə eyni vəziyyətdir.

- Axı siyasi partiya hakimiyyəti yıxıb yerinə keçmək istədiyindən onlara qarşı basqılar başadüşüləndir, ancaq QAT hakimiyyətin də istədiyi bir missiyanı həyata keçirir

- Fərqi yoxdur, bütün cəmiyyət bu vəziyyətdədir. Sizlər də bu sualı təkcə Akif Nağıya veriməməlisiniz. Xüsusilə işğal olunmuş rayonlardan olanlar özlərinə sual verməlidirlər ki, bu işimiz niyə axsayır. Biz sadəcə olaraq ittihamlara baxmayaraq az qüvvəylə də olsa, gücümüz çatan işləri görürük. Mən də başqaları kimi çəkilib kənarda oturaram, kənardan bir ekspert kimi, politoloq kimi başlayaram ağıllı-ağıllı məsləhətlər verməyə, mülahizələr yürütməyə. Amma biz fərqli yol seçmişik və nə bacarırıqsa, imkanımız daxilində bu işə öz töhfəmizi verməyə çalışırıq.

- Mən təşkilatınızı ittiham etmək fikrində deyiləm, sadəcə cəımiyyətdəki çoxluğun təmənnalarını dilə gətirirəm ki, QAT-ın adı gələndə istər Qarabağda, istərsə də Ermənistanda ermənilər necə deyərlər qorxularından siçan deşiyin satın alsınlar...

- Mən də rellığı sizə deyirəm, istərdim ki, elə bir güclü təşkilatımız olsun ki, hamı hesablaşsın. Amma jurnalist olaraq siz də bunu müşahidə edirsiniz ki, cəmiyyətdə bir passiv əhval- ruhiyyə var. Gənclərin böyük bir hissəsi hakimiyyətlə müəyyən ilişkilərdə olaraq Qərbə inteqrasiyaya meyllənir. Bu gənclər ya hakimiyyətdən, ya Qərbin ayrı-ayrı dairələrindən qrantlar alırlar, sanki özlərinə sakit, qayğısız həyat qurmağa çalışırlar. Siz gənclər təşkilatlarına baxın, “İrəli”dən tutmuş “Dalğa”ya qədər gənclər təşkilatlarına baxın, görün onlar siz deyən fədəkarlığa hazır olanlara oxşayırlarmı? Yəni cəmiyyətdə ümumi ruh yüksəkilyi və kütləvi vətənpərvərlik yoxdursa, o zaman Akif Nağını və onun kimi insanları qınamaq düzgün deyil.

- Yeni alyans yaratmısınız, QAT ola-ola yeni təşkilata nə ehtiyac vardı?

- İndiyə qədər Qarabağla bağlı ən radikal mövqeni QAT qoyub. Ancaq biz istəyirik ki, bu prosesi gücləndirək və biz o iddiada deyilik ki, QAT-dan başqa təşkilat yoxdur və hər şeyi biz həll edə bilərik. Əsas məqsədimiz nəticəyə-torpaqlarımızın işğaldan azad olunmasına nail olmaqdır. Biz 2007- ci ildən başlayaraq cəmiyyətdə həm siyasi, həm də ictimai qüvvələri bir araya gətirməyə cəhdlər etdik ki, bu problemə hər kəs öz payını verməlidir. Bu məqsədlə biz 2007- ci ildə ölkənin bütün nüfuzlu ictimai- siyasi təşkilatlarından, ziyalılardan və milləıt vəkillərindən ibarət bir koordinasiya şurası yaratdıq. Ancaq çox təəssüf ki, həmin qurumların və şəxslərin hamısı harasa bu və ya digər formada bağlı olduğundan bu iş yarımçıq qaldı. Biz onları ümumi mənafelər naminə birgə fəaliyyət göstərməyə səfərbər edə bilmədik. 2007- ci ildə iki tədbir keçirsək də, üçüncü tədbirimiz baş tutmadı, açıq- aşkar göründü ki, bütün tanınmış ictimai- siyasi fiqurların harasa bağlılığı var, ona görə də onların hərəsi bir bəhanə ilə aradan çıxdılar. İndi isə növbəti cəhdlərimizi edirik və ölkədəki bütün tanınnmış ictimai təşkilat rəhbərləriylə görüşərək belə bir alyansın yaradılmasını məqsəduyğun hesab elədik. Bilirsiniz, müraciət edənlər çoxdur. Ancaq biz real iş görmək istəyənlərə, milli maraqlara daha çox bağlı olanlara, başqa yerlərə nisbətən az bağlı olan təşkilatlara müraciət elədik, nəhayətdə belə bir alyans yarandı. Məqsəd də ondan ibarətdir ki, Azərbaycanda Qarabağla bağlı fəaliyyət göstərən qüvvələri cəmləşdirək. Bax siz dediyiniz həmin minləri, on minləri bir yerə toplamaq üçün belə bir cəhddə bulunmuşuq.

- Apreldə “Avronest”in Bakıda tədbiri olacaq və erməni deputatlara da dəvət göndəriləcək. Nümayəndə heyətimizin üzvləri də deyir ki, ermənilərdən fərqli olaraq biz onlara qonaqpərvərliyimizi göstərməliyik. Bu dəfə də onların gəlişinə mane olmağa çalışacaqsınız?

- Əlbəttə, biz onların da gəlməsinin əleyhinəyik. Bu səfərləri vahid bir prosesin tərkib hissəsi hesdab edirik. Yadınızdadırsa, Ermənistana gedən deputatlarımızı qarşılayan da olmamışdı, hətta görüşlərdə onlara qarşı tərbiyəsizlik də olmuşdu, erməni deputatlarından biri demişdi ki, bizim qonağımızsınız, belə olmasaydı, sizinlə başqa cür danışardıq. Yəni İrəvanda deputatlarımızı hədələmişdilər. Bunu Fərəc Quliyevin özü də mətbuata bildirmişdi. Mənim mövqeyim budur ki, işğalçıya qonaqpərvərlik göstərməzlər. Dünyanın heç bir milləti işğalçıya qarşı dözümlülük yolu tutmayıb. Bizsə özümüzü anoloqu olmayan bir millət kimi aparırıq.

- Parlament Jurnalistlər Birliyi və Qarabağın azərbaycanlı icması apreldə Xankəndinə getməyi planlaşdırır. Mənə tam səlahiyyət verilib ki, sizi də həmin səfərə dəvət edəm və gedib orda ermənilərə sözünüzü deyəsiniz, eyni zamanda öz gözlərinizlə görəsiniz ki, görüş baş tutsa, biz orda bəyanatınızda da iddia etdiyiniz kimi Azərbaycanımızın maraqlarını satmayacağıq, vətənə xəyanət etməyəcəyik, sadəcə ermənilərə təklif edəcəyik ki, filmdə olduğu kimi, bir səhvdi etmisiniz, gəlin silahı yerə qoyun, Azərbaycan qanunlarını tanıyın...

- Mən sizin o səfərinizi başa düşə bilmirəm. Mənim bu səfərdə iştirak etmək fikrim yoxdur. Məni erməni QHT nümayəndələri də dəfələrlə dəvət ediblər və çox arzulayırlar ki, QAT-ı da həmin proseslərə qoşsunlar. Sizin Xocavəndə səfərinizlə bağlı mətbuatda gedən yanlış məlumat erməniləri də çaşdırmışdı. Erməni saytları da yazmışdı ki, Dağlıq Qarabağın qondarma rejiminin rəsmiləri açıqlama verərək heç bir Azərbaycan nümayəndə heyətinin Xankəndinə səfərinə icazə verilmədiyinii bildiriblər və onların icazəsi olmadan heç kəs Xankəndinə gələ bilməz. Bildiriblər ki, “əgər gəlmək istəyirlərsə, müraciət etsinlər, bizim icazəmizlə gələ bilərlər”. Sizlər həmin qondarma rejimin icazəsiylə gedib orda iştirak etməklə münaqişənin həllinə hansı töhfə verə bilərsiniz? Mən sizi bu səfərdən imtinaya səsləyirəm.

Zülfüqar 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı